vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
17:01 | 1 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 4345 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İldırımdan necə qorunmalı?

Bu təbiət hadisəsinin yıxdığı evlər, yandırdığı təyyarələr, intihara apardığı insanlar

Sevinc TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gündür Azərbaycan ərazisini yenə də qeyri-sabit hava şəraiti, şimşək, yağış, ildırım... əsir alıb. Ötən gün bu havanın fonunda ildırımın ziyan vurduğu bir neçə hadisə baş verib. Yevlaxda güclü ildırım nəticəsində Nəbiyev Fikrət Mütəllim oğluna məxsus «Yaylaq» fermer təsərrüfatının 13 baş camışı tələf olub. Beyləqan rayonunun İkinci Aşıqlı kəndində otlaq sahəsində 45 yaşlı Müzəffər Paşayevi ildırım vurub. O, yerindəcə keçinib. Cəlilabad və Masallı rayonlarında da bənzər hadisələr baş verib.


İldırımla bağlı baş verən və insan tələfatı ilə nəticələnən hadisələr dünyada tez-tez yaşanır. Məsələn, bu il mayın 24-də Türkiyənin Batman vilayətinin Beşir və Kozluk rayonlarında ildırımın ziyan vurduğu xeyli insan olub. Belə ki, Beşir rayonunun Yontukyazı kənd sakini 11 və 15 yaşlı iki qardaş tarlada işləyərkən yağışa düşüblər. Yağışdan qorunmaq üçün yer axtaran qardaşları ildırım vurub. Yerlilər onları aşkarlayarkən 15 yaşlı qardaş artıq ölübmüş. Digər qardaş isə xəstəxanaya aparılarkən yolda ölüb.

Digər ildırım vurma hadisəsi isə Kozluk rayonuna bağlı Kahveci Karaoğlak kəndində baş verib. Kəndin yaxınlığındakı Şeyx Xəlil türbəsinə ziyarətə gedən 16 nəfəri ildırım vurub. Aralarında 7 aylıq hamilə qadının da olduğu ziyarətçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəstəxanaya çatdırılan yaralılardan hamilə Gülsümə Karabaş məruz qaldığı ildırım vurmasından sonra körpəsini vaxtından əvvəl dünyaya gətirib. Yeni doğulan körpənin vəziyyətinin normal olduğu bildirilib.

Qəribə də olsa, ildırım bəzən bir futbol komandasının oyunçularını məhv edib. İnternetdə apardığımız dəqiqləşdirmələr zamanı aydın oldu ki, 14 fevral 2012-ci ildə Afrika ölkəsi olan Konqoya düşən ildırım bütün futbol komandasının üzvlərini öldürüb. Hadisənin baş verdiyi dəqiqənin videosu internetdə ən çox izlənən videolar sırasındadır.

1998-ci ildə futbol matçı keçirən Bena Tshadi və qonaq komanda Basanganın tarixinə də ildırım yazılıb. Matç zamanı meydana düşən ildırım nəticəsində bir komandanın oyunçuları ölüb, digər komandanın oyunçularına heç bir ziyan dəyməyib.

Amma dünya tarixində qəribə ildırım rekordları da var. İldırım vurma rekordu Roy Sullivan adlı ingilisə aiddir. Onu düz 7 dəfə ildırım vurub. Bundan bezən Roy sonunda intihar edib.

İldırım quma nisbətən gil torpağa daha çox düşür. Uca və iti uclu əşyalar, nəm torpaqda bitən tək ağac ildırımı çəkir. İldırım zərbəsindən çox vaxt binalar uçur, yanğınlar əmələ gəlir, adamlar tələf olur, heyvanlar qırılır. İldırım vurmadan ildə əhalinin 10, 2 faiz insan dünyasını dəyişir. Kazanın qubernatoru S.Qolçin 1738-ci ildə ovda olarkən, Ukraynanın deputatı V.Çervonin 4 iyul 2009-cu ildə ildırım zərbəsindən dünyasını dəyişib. 25 yanvar 2013-cü ildə Türk Hava Yollarının sərnişin təyyarəsini ildırım vurub, İzmir-İstanbul reysi üzrə 114 sərnişin daşıyan təyyarədə bu zaman nasazlıq yaranıb. Təyyarə İzmirin Adnan Menderes Hava Limanında məcburi eniş edib, zərərçəkən olmayıb.

Bəzi millətlərdə ildırım zərbəsi şamanizmin inkşafı üçün təkan sayılır. İldırım kürə şəklində olduqda özünü xüsusilə qəribə aparır. Kürəşəkilli ildırım bəzən evə daxil olur, adamlara heç bir xəsarət gətirmir. Metal əşyalardan keçir, onları əridir və buxarlandırır. Pəncərə və qapıları tamam örtdükdə belə kürəşəkilli ildırım ən xırda bir yarıqdan keçib evə daxil olur, o bəzən pəncərə şüşəsini də deşib keçə bilir.

İldırımdan qorunma qaydalarını hamı bilməlidir. İldırımlı havada hər şeydən əvvəl açıqlıq olan yerdən uzaqlaşmaq lazımdır. İldırım çaxan anda binadan uzaqda olan adam qayanın ətəyində, sıx ağaclıq olan yerdə, meşədə daldalana bilər. Hündür yerlərdə, metal konstruksiyaların yaxınlığında, tək ağacın altında, metal örtüklü yantayın altında dayanmaq çox təhlükəlidir. Tarlada traktorda işləmək də çox təhlükəlidir. Çimərlikdə olan adamın suyun içində qalması daha təhlükəsizdir. Açıq yerdə ayaq üstə durmaqdansa oturmaq və ya uzanmaq məsləhətdir.

Statistikaya görə, əksər hallarda ildırımın törətdiyi bədbəxt hadisələr kənd yerlərində olur. Açıq yerlərdə ildırım adamı tez vurur. Bina daxilində belə hallara nisbətən az, sıx meşəliklərdə isə lap az təsadüf olunur. Tonqal və közərmiş cisimlər olan yerin yaxın ətrafı da təhlükəlidir. İldırımdan yaxşı qorunan binanın içərisində də ehtiyatlı olmaq lazımdır. İldırım çaxan zaman televizoru söndürmək, radioqəbuledicidən və başqa elektrik cihazlarından istifadə etmək təhlükəlidir. Bu zaman su kəmərinə əl ilə toxunmaq, tüstüçəkənin və ya sobanın yanında dayanmaq da təhlükəlidir. Həmçinin telefondan istifadə təhlükə törədə bilər.

Binaları ildırımdan qorumaq üçün ildırım sipərindən istifadə olunur. İldırımdakı elektrik yükü insan orqanizmindən keçdikdə ani ölümlə nəticələnir. Bunun səbəbi baş beynin və onurğa beyninin termik zədələnməsidir. Bəzi hallarda tənəffüs sisteminin müvəqqəti pozulması qəflətən ölümlə nəticələnir. Bu ölüm çox vaxt aldadıcı olur. Təcili reanimasiya tədbirləri görüldükdə xəsarət çəkmiş adamı xilas etmək mümkün olur.

Bu zaman ilk yardımı ildırım vurana yerindəcə göstərmək lazımdır. İldırım vuran adam şüurunu itiribsə, tənəffüs sistemində pozulma halları yoxdursa, dərhal onun yaxasını açmalı, öz paltarından yastıq düzəldib başının altına qoymalı və özünü arxası üstə çevirməlisiniz. Bundan sonra xəstənin ağız boşluğu təmizlənməlidir. İldırım zərbəsindən ürək də dayana bilər. Bu zaman gözün bəbəyi genişlənir, o, işığın təsirini hiss etmir. Belə hallarda təcili olaraq ürəyi masaj etmək və süni tənəffüs vermək lazımdır. (musavat.com)