vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ANALİZ  
11:08 | 20 iyul 2014 | Bazar Məqaləyə 2176 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa - Karl(son)lar məskəni

Astrid Linqdrenin «krışa»da yaşayan qəhrəmanının müasirləri cinayətkarları qorxuzmaqla yox, əksinə onlara «krışa»lıqla məşğuldur

Eynulla FƏTULLAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Siz Moris Dryuonun əsərlərini sevirsinizmi? Oxumağınızı məsləhət görərdim... Mən son vaxtlar Avropa dəyərlərinin aşınıb qiymətdən düşməsi barədə düşünərkən, demokratik idealların ölməzliyinə və əbədiliyinə inamın öz yerini dördüncü dünya müharibəsini törətmiş acgöz imperializmin doğurduğu məyusluq hissinə verməsinin səbəblərini təhlil edərkən lənətlənmiş kralların tarixçəsini tez-tez xatırlayıram.

Bəli, dünya yenidən o təhlükəli siyasi küfr mərhələsinə, hökmranlıq hüququnun və iddiasının ən vəhşi üsullarla dilə gətirilməsi və əldə edilməsi dövrünə qayıdıb. Bu iddiaya görə, seçilmişlər bütün dünyaya ağalıq etməlidirlər. Balaca xalqlar istila olunmağa, müstəmləkə kimi yaşamağa məhkum olmalıdır. Bu - güclülərin, seçilmiş patrisinin haqqıdır. Necə deyərlər, adi siyasi eqoizmlə, siyasi snobizmlə üz-üzəyik...

İsveçin xarici işlər naziri, özünü liberal blogger kimi sırıyan Karl Bildt ötən həftə Vaşinqtonda ali kürsüdən bugünkü Azərbaycan barədə çox xoşagəlməz fikirlər səsləndirdi.

Səbəb nə ola bilərdi? Dünyanı «başqalarının sözünə inanma, öz sözlərinə isə əhəmiyyət vermə» prinsipi ilə idarə edən qərbli (yeri gəlmişkən, həm də elə rusiyalı) liderlərin səmimiyyətinə doğrudanmı hələ də kimlərsə inanır?

Karl Bildt özünü demokrat lider və liberal blogger cildində yox, «o taylı» xalqlara öz gələcəklərini necə qurmaq barədə göstəriş verən, onlara üstdən aşağı baxan özündənrazı avtoritet cildində təqdim etməyə çalışır.

Siz hələ cənab Bildtin sözlərinə fikir verin, bunu özünüz qiymətləndirin. Adam dəhşətə gəlir: «Azərbaycan isə ayrıca tarixçədir. Onlar neft üzərində oturublar və ölkəni avtoritar siyasi inkişaf yolu ilə aparırlar. Bu da gələcəkdə bizə problemlər yaradacaq».

İttiham aktına, hökmə bənzəyən bu sözlər sanki liberal Karl Bildtin yox, orta əsrlərin vəhşi Avropa idarəçiliyi dövründəki latın imperiyasının imperatoru, orta əsrlərin lovğa və özbaşına Karl Valuasının özcə dilindən çıxıb. Liberal baxışlı ictimai xadimin, öz dövlətinin adından danışan xarici işlər nazirinin ritorikası, danışığı bəyəm belə olmalıdırmı?

«Onlar neft üzərində oturublar...» Yenə də qazan kimi qaynayan «qara qəzəb»... Cənab Bildt bununla nə demək istəyirdi? Buna hələ qayıdarıq.

İndi isə «Ermənistan əsla avtoritar dövlət deyil» deyən bu «Böyük Karl»ın məntiqinə diqqət yetirin: «Ermənilər Gömrük İttifaqına daxil olmağa məcbur oldular. Onları seçim qarşısında qoydular, məcbur etdilər».

K.Bildtin Ermənistanı ABŞ ictimaiyyətinə necə də məsum, günahsız və əzabkeş qurban kimi təqdim etməyinə baxın hələ... Azərbaycan isə onun nəzərində «ayrıca tarixçə» imiş, ona təzyiq göstərmək lazım gəlirmiş...

Əgər söhbət müasir demokratik təsisatların yanaşma və baxışlarından gedirsə, onda Bildtin məntiqinə görə, Ermənistan da «ayrıca tarixçə» kateqoriyasna aid edilməlidir.

Çünki Qərb hökumətləri, o cümlədən İsveç hökuməti tərəfindən maliyyələşdirilən hüquq müdafiə təşkilatlarının mütləq əksəriyyətinin gəldiyi qənaətə görə, erməni demokratiyası Sərkisyanın Qarabağ klanının qurduğu yarımkriminal rejimin pəncələri altında çoxdan can verib. Bu həqiqət o qədər aşkardır ki, heç kəs onun ətrafında mübahisə-müzakirə belə açmır. Bildt isə...

Avropalıların tənqidləri də çox spesifik və özünəməxsus olur - gah gözünə görünür, gah da itir; gah yaxınlaşır, gah da uzaqlaşır...

«Eurovision» mahnı müsabiqəsi 2012-ci ildə Bakıda keçiriləndə Almaniya ilə qarşıdurma zamanı da belə olmuşdu. O zaman Avropanın bu hegemon dövlətinin bütün aparıcı KİV-lərində balaca Azərbaycan barədə 400-dək məqalə dərc edilmişdi. Halbuki «Şpigel»in, yaxud «Ştern»in orta statistik oxucusu bu ölkənin nə adını eşitməmişdi, nə də onu tanımırdı. Amma «alman maşını»nın enerji ambisiyaları Bakıda təmin olunan kimi «Şpigel» də susdu, «Ştern» də. «Harda aş, orda baş» frau Merkel isə Azərbaycanı o dəqiqə Transqafqaz siyasi məkanının demokratiya və insan haqları məbədi elan etməyə tələsdi.

Yaxud başqa tarixçəyə baxaq. Çexiyanın Karl adlı bir xarici işlər naziri vardı. Bu başqa Karl əsilzadə, bohem soyadı daşıyırdı - Şvartsenberq. Boğazına qırmızı kəpənək qalstuk bağlayan bu şəxs nəcib diplomat görkəminə malik idi. Amma bu çex Karl Azərbaycan üzərinə heç bir səbəb olmadan hücuma keçmək üçün əlinə düşən ən balaca fürsəti də qaçırmamağa çalışırdı. O, Milli sayaq azərbaycanlı siyasi marginalların yığıncaqlarının daimi iştirakçısı idi.

Necə düşünürsünüz, bəs sonra oldu?! Böyük Qaşekin həmvətəni olan nazir gözlənilmədən ictimaiyyət qarşısına çıxıb Azərbaycandan rəsmən üzr istədi. Şvartsenberq ötən il iyunun 13-də xalqın qarşısına çıxıb öz tənqidlərinə görə səmimi şəkildə peşman olduğunu bəyan etdi. Buna izahı da belə oldu ki, bugünkü reallıqları və gələcəyin necə olacağını bilmədiyi üçün belə danışıb.

Bakıda isə dost Çexiyanın nazirini bağışladılar, olub-keçənləri unutdular. Kimin başına iş gəlmir ki?! Üstəlik də ki, Bakı yeni nazir Lyubomir Zaoraleklə tez dil tapıb dostlaşdı...

Avropadan gələn əbədi tənqidlərin (biz bu tənqidlərə artıq vərdiş etmişik və özümüzü onlarsız təsəvvür də etmirik) estafeti indi də isveçli Karla ötürülüb. Bu Karlın adı əksər ekstraordinar siyasi qalmaqallarda davamlı şəkildə hallanır. Azərbaycana «xüsusi ölkələr» siyahısında yer ayıran Karl Bildt az qala bütün dünyada söz və ifadə azadlığının müvəkkili kimi çıxış edir. Belə ki, bütün dünya üzrə mətbuat azadlığının ruporu sayılan və isveçlilərin uydurma ittihamlar əsasında, özü də amerikalıların tövsiyəsi ilə təqib etdiyi Culian Assancın ekstradisiyasında inadla israr edən əsas şəxslərdən biri bu gün də məhz bu isveçli nazirdir. Doğrudanmı kimsə belə bir fikri özünə yaxın buraxır ki, K.Bildt C.Assancı yalnız jurnalist Stokholmda Anna ilə sekslə məşğul olarkən prezervativdən istifadə etməyi unutduğu üçün həbsə atdırmaq istəyir?!

Yeri gəlmişkən, eynən bu sirli Anna sayaq cənab Bildt və onun hökuməti də həmin prezervativ söhbətini nəyə görəsə məhz 2010-cu il, avqustun 20-də - ABŞ hökumətinin tələb və xəbərdarlığına baxmayaraq Amerika diplomatiyasının bütün sirlərini açıb tökən WikiLeaks saytının qalmaqallı məlumatları yaymasının ən qızğın məqamında yada salmışdılar. Bu çirkin əhvalatdan sonra nə üzlə durub uzaq Azərbaycandakı hansısa avtoritarizmdən qırıldatmaq olar?!

İsveçli Karl deyir ki, Azərbaycan neft üzərində oturub. Pardon, cənab Bildtin özü də İsveçin aparıcı neft şirkəti olan «Lundin Oil»in neft iynəsinə oturub axı. İsveçin siyasi bomondu bu şirkətin Sudandakı cinayətlərini hələ də müzakirə və mühakimə edir. K.Bildtin özü isə heç bir günahı olmayan on minlərlə dinc Cənubi sudanlının ölümündə, yüz minlərlə insanın isə yurd-yuvasından deportasiya olunmasında birbaşa əli və iştirakı olmuş birisidir. Müxalifət Bildtin istefasını tələb etdi, onun adaşı kral XVI Karl da şübhələndi, amma nazir istefaya getmədi ki, getmədi. İndi görün Azərbaycanda avtoritarizmin olması barədə kimlər mühakimə yürüdür. Əli minlərlə günahsız insanın qanına bulaşmış bir adam!

Mən hələ sifarişli siyasi qətllər praktikasının (bədbəxt Ulof Palmedən zavallı Anna Lində qədərki təcrübəni deyirəm) gələcək İsveçə hansı problemlər yaratmasından danışmıram.

Baş nazirin və xarici işlər nazirinin böyük beynəlxalq rezonans doğurmuş qətllərinin günahını hansısa mifik manyakların üstünə yıxdılar. İsveç siyasi elitası üzvlərinin əksəriyyətinin adının bulaşdığı iyrənc «Geyer işi»ni - qalmaqallı pedofiliya (uşaqbazlıq) məsələsini isə burada heç yada salmaq istəməzdim...

Bu Karl Bildtdən soruşan gərək: o, isveçli nazirlərin öz iyrənc və iblisanə seksual əyləncələrinə alət etdikləri azyaşlı Yeva Benqtssonun və digər balaca qızcığazların şahid ifadələrini doğrudanmı hələ də oxumayıb?

Siz hələ buna baxın. İlham Əliyevə görün kimlər məsləhət, özü də «Molotov kokteyli» qoxuyan məsləhət vermək, yol göstərmək istəyir. Bu adamın özünün ölkəsində getdikcə böyüyən, şaxələnən, caynaqlarını bütün dövlətlərə uzadan, onların sərvətini soran məxfi cinayətkar birlik var. Bu isə...

Avropa siyasəti əvvəllər hamının inam və ümidlə baxdığı, indi isə artıq sınıb-dağılmış qaba bənzəyir. Bu cənabların bizim ölkəni də bütün yırtıcıların yeyib-dağıtmağa amadə durduğu qanlı xarabazarlığa çevirmək ehtirasına ad tapmaq da mümkün deyil.

Mən başa düşürəm, indi zəmanə elədir ki, istədiyin hər şeyi edə bilərsən, təkcə hər şeyi öz adı ilə çağırmaqdan başqa. Bildt və ona bənzər yırtıcılar, neft və təbii sərvət ovçuları Ukraynanı ölümün, qan-qada və total qorxunun hökm sürdüyü xarabalığa elə bizim gözlərimiz önündəcə çevirmədilərmi?

K.Bildt Ukraynadan sonra da Azərbaycanı özünün əsas problemi elan edib və faktiki olaraq bu ölkənin də «işini bitirməyə» açıq çağırışlar edir. Onun Vaşinqtondakı son bəyanatına başqa nə ad, nə izah vermək olar?

Amma Bildt və Azərbaycanda böyük təlatümlərin olacağına hələ də boş-boşuna ümid bəsləyən digər qərbli siyasətçilər bir məsələ üzərində dərindən düşünməli, bu suala cavab tapmalıdırlar: 2005-ci ildəki «narıncı inqilab»dan üzü bəri əksər Qərb təşkilatlarının çoxsaylı iblisanə cəhdlərinə baxmayaraq Azərbaycanda heç olmasa 10 min adamı bir yerə yığmaq niyə mümkün olmadı?

İlham Əliyevin rəqibləri və müxalifət bütün bu illər ərzində Bakı küçələrinin bir küncünə bir neçə min adamı da toplaya bilməyib. Niyə? İlham Əliyev bəyəm Qəzzafidən də despotikdir, Mübarəkdən də mürtəcedir, Əsəddən də aqressivdir? Yoxsa Azərbaycandakı rejim Ukraynadakından daha volyuntaristdir? Yoxsa Miloşeviç, yaxud Köçəryan rejimindən daha amansız və qəddardır? Yox.

Bu, heç azərbaycanlıların qorxaqlığının və ya mütiliyinin də təzahürü və nəticəsi deyil. Bunun adı xalqın iradəsidir. İstənilən hakimiyyəti xalqın iradəsi devirir. İstənilən hakimiyyəti də elə xalqın iradəsi müdafiə edib qoruyur. K.Bildt və Azərbaycandan baş çıxarmayan digər siyasətçilər isə Azərbaycan xalqının iradəsinin nə demək olduğunu hələ də başa düşməyiblər...