vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
ANALİZ  
10:21 | 26 iyul 2014 | Şənbə Məqaləyə 3337 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lobbiçilikdən qorxmaq lazımdırmı?

400 il qeyri peşəkar siyasət kimi qəbul edilən fəaliyyət indi aparıcı qüvvədir

Hazırladı: Qəmər ƏFŞANİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Lobbiçilik termini geniş yayılsa da, bəzən tam mənasında dərk edilmir və bu da lobbizmə münasibətdə çox zaman ziddiyyətə gətirib çıxarır. «Lobbi» ingilis dilindən tərcümədə «dəhliz, vestibül, üstüörtülü gəzinti meydançası, səhnəarxası» mənalarını daşıyır. Bu anlayış 1553-cü ildə İngiltərə monastrlarında «gözətçi meydançası» kimi işlədilirdi. İlk dəfə ABŞ-da yaranmış və xeyli müddət qeyri-peşəkar siyasət kimi qiymətləndirilmişdi. Lobbiçilik yalnız XX əsrdən başlayaraq siyasi təsir vasitəsi kimi istifadə olunmağa başlandı: 1946-cı ildə Birləşmiş Ştatların Ədliyyə Nazirliyində rəsmən qeydiyyata alındı və qanunvericilik əsasında maliyyə nəzarətinə keçdi. Daha sonradan lobbiçilik siyasətdə münaqişələri azaltmaq və ya sadəcə siyasi alət kimi başqa dövlətlərdə də istifadə olunmağa başlandı.

Lobbiçilik nədir?


Lobbiçilik - dövlət və qanunvericilik orqanlarının qəbul etdikləri qərarlara təsir etməyə yönəlmiş fəaliyyətdir. Onun əsas məqsədi qəbul edilən normativ aktlarda müəyyən qrupların maraqlarını əks etdirmək, hakimiyyətə müxtəlif üsullarla təsir etməklə iqtisadi, siyasi maraqların təmin olunması üçün əlverişli hüquqi zəmin yaratmaq, yaxud dövlət siyasətini istiqamətləndirməkdir. Sivil lobbizm təkcə hər hansı qruplar marağının müdafiəsi olmayıb, həm də cəmiyyət və hakimiyyət münasibətlərinin tənzimlənmə sisteminin vacib elementidir. Tədqiqatçıların fikrincə, lobbiçilik siyasi təsir vasitəsi kimi daha səmərəli fəaliyyət növüdür. Çünki lobbist qarşısına daha uzunmüddətli məqsədlər qoyur, daha sistemli və ardıcıl fəaliyyət göstərir, əməkdaşlığa cəlb etdiyi siyasi xadim üzərindəki təsirini uzun müddət qoruyub saxlamağa çalışır.


Lobbiçilik niyə çox zaman pis başa düşülür?


Lobbizmə münasibət hər zaman ziddiyyətlidir: bir çoxları lobbizmi korrupsiyanın xüsusi bir növü hesab etməkdə davam edir. Bu nöqteyi-nəzərdən, lobbiçiliyin genişlənməsi korporasiyaların dövlət idarəçiliyi üzərində hökmranlığını gücləndirməsi kimi başa düşülür. Ən çox tənqidlərə səbəb olan məqam isə lobbiçiliyin geniş yayıldığı ölkələrdə parlamentin öz seçicilərindən çox, ayrı-ayrı şirkətlərin maraqlarına xidmət edən qanunlar qəbul etməyə meylli olmasıdır.

1990-cı ildən etibarən əvvəlcə ABŞ və Avropa İttifaqında, xüsusən də Belçikada lobbiçiliyi tənzimləyən qanunlar tərtib olundu. Bu qanunlar artıq 1950-ci ildə mövcud idi, lakin 1990-cı ildən etibarən daha sistemli və nizamlı formaya düşdü: 1995-ci ildə ABŞ konqresi lobbiçilik fəaliyyəti barədə qanunun təkmilləşmiş formasını qəbul etdi. Bu qanuna əsasən, lobbistlər Birləşmiş Ştatların Konqresi tərəfindən hər hansı qanunvericilik aktının qəbuluna və rədd edilməsinə təsir göstərmək məqsədilə fəaliyyətə başlamazdan əvvəl Nümayəndələr Palatası və Senat Katibliyinin yanında qeydiyyatdan keçdikdən sonra and içməli və yazılı ərizə təqdim etməlidirlər. Lobbistlərin fəaliyyətini tənzimləyən qanunlar içərisindən 1938-ci il «Xarici Nümayəndələrin qeydiyyatı haqqında», 1946 və 1995-ci illərdə «Lobbiçiliyin Açıq Xarakteri haqqında» sənədlərin adlarını da sadalamaq olar.

Tədqiqatçı Mişel Mayello (Michael Maiello) lobbiçilik fəaliyyətinin cəmiyyət üçün korrupsiyadan daha təhlükəli olduğunu düşünür. Onun fikrincə, rüşvət birdəfəlik olan qeyri-qanuni iş birliyidir. Lobbist isə dövlət rəsmisinin seçki kampaniyalarını maliyyələşdirmək yolu ilə və digər vasitələrlə uzun müddət onu öz təsiri altında saxlayır. Digər tərəfdən, rüşvət verəndən fərqli olaraq, lobbist hətta ictimaiyyətin razılığı olmadan qanunları dəyişə bilər və bu dəyişiklik rəyi nəzərə alınmayan çoxluğun həyatına ciddi təsir göstərə bilər (Michael Maiello - Corruption, American Style).


Niyə yaxşı başa düşülməlidir?


Keçmiş siyasətçi, Avropa Parlamentinin «Yaşıllar» partiyasından olan qurucu üzvü və hal-hazırda siyasi məsləhətçi və əlaqələndirici kimi fəaliyyətini davam etdirən Frank Şvalba-Hot düşünür ki, lobbizm barədə rüşvətlə əlaqəli bəzi neqativ konnotasiyalar hələ də mövcuddur. Onun sözlərinə görə, dövlət idarəçiliyi nöqteyi-nəzərindən korrupsiya ilə lobbiçilik arasında olan əsas fərq ondan ibarətdir ki, lobbiçilik prosesində normativ qaydada təsbit edilmiş qərar qəbuletmə prosedurası var. Bu da maraqlı tərəflərin bu prosesdə azad və qanuni iştirak etməsini təmin edir. Beləliklə, qərar qəbulunun hazırlığında iştirak edən tərəflər cəmiyyətdə mövcud olan maraq və baxışları tam həcmdə nəzərə almağa imkan verir.  

Korrupsiya isə, əksinə, qərar qəbulunda iştirak edən şəxslərin dairəsini kəskin surətdə azaldır, şəffaflığı yox dərəcəsinə salır və bu da qəbul edilmiş qanunlar ilə ictimaiyyət rəyi arasında böyük ziddiyyətə gətirib çıxarır.

Frank Şvalba-Hot hesab edir ki, lobbizm normal siyasi həyatın bir hissəsidir və hər bir ölkədə fəaliyyət göstərən diplomatik nümayəndələr və səfirliklər də lobbizm fəaliyyətinə daxildir.


Avropa Parlamentində bu necədir?


Avropa qurumları demokratiyanın keyfiyyətini qoruyub saxlamaq, cəmiyyət reallığına və ehtiyaclarına cavab verən siyasət yeritmək məqsədilə mütəmadi olaraq müxtəlif vətəndaş birlikləri, QHT-lər, biznes və professional birliklər, həmkarlar ittifaqları və s. kimi qurumlarla davamedici və qanuni münasibətlər saxlayır. Vətəndaşlar Avropa İttifaqının qərarlarına təsir edə bilən bu qurumlar barədə məlumatlara birbaşa çıxış tələb etmək hüququna malikdirlər.  

Bu məqsədlə yaranan Şəffaflıq Reyestri Avropa Parlamenti və Avropa Komissiyası tərəfindən idarə olunur və müstəqil fəaliyyət göstərən bütün təşkilatları və şəxsləri birləşdirən vahid davranış məcəlləsini təklif edir. Bu məcəllə irəli sürdüyü maddələrlə lobbistlərin qərarlara və qanun qəbul edən siyasətçilərə qeyri-qanuni təsirinin qarşısını alır. Hal-hazırda Brüsseldə 3000 lobbiçilik bürosu var ki, bunun 85 faizi sənaye və ticarət sahəsindədir.