Modernizmin carçısı
«Uzun müddət cəhalətdə qalmış böyük bir xalqın yenidən doğulması...»
Bu il türk dünyasının böyük fikir adamlarından və islahatçılarından biri İsmayıl bəy Qasprinskinin (Qaspıralının) haqqa qovuşmasından 100 il ötür. Bu münasibətlə UNESCO 2014-cü ili İsmayıl bəy Qaspıralı ili elan eləyib. Onun həyatı, əməlləri, yaradıcılığı barədə araşdırmalar aparılır, filmlər çəkilir, xatirəsi anılır. Bu cəhətdən ABŞ-ın İndiana Universitetinin professoru Edvard Lazzerininin qələmə aldığı məqalə diqqəti çəkir. Məqaləni ixtisarla oxucularımızın diqqətinə çatdırırıq.
Bədənə can verən ruhdur
Fridrix Şiller
Fikir və qayə yoxluğu insanın cəsarətini qırır, onu uyuşdurur və zəiflədir
İsmayıl bəy Qasprinski
…İsmayıl bəy Qasprinskinin strategiyasının mərkəzində qəzet yaratmaq və onu yaşatmaq qətiyyəti dayanırdı. Zaman-zaman Qazan, Tiflis, Daşkənd və Bakıda bu yöndə edilmiş cəhdlərə baxmayaraq, o, Rusiyanın ən uzunömürlü türkdilli qəzetinə çevriləcək mətbu orqanın nəşri üçün rəsmi icazə alana, yəni 1917-ci ilədək Qasprinskinin mədəniyyət sahəsindəki silahdaşları arasında müvəqqəti mətbuat anlayışı yox idi. O, müvəqqəti mətbuatı özünün böyük layihəsini ən təsirli formada təbliğ edən, ən geniş oxucu kütləsinə çatdıran və modernizmə müxalif olanların öhdəsindən gələ bilən bir vasitə sayırdı; bu, eyni zamanda cəhalət və səhv məlumatdan qaynaqlandığına inandığı, ruslarla müsəlmanları bir-birinə qarşı qızışdıran qərəzli ehkamı aradan qaldırmaq üçün fövqəladə gücü olan vasitəydi. Üstəlik, qəzet modernizm tərəfdarlarının proqramı üçün forum təşkil etməklə elə indidən irəliləmə yoluna qədəm qoymuş, amma hələ zəif, dağınıq olan güclərin birləşdirilməsinə və şübhəsiz, qarşıda gözləyən çətin dövr ərzində onların təşviqinə də fayda verə bilərdi.
İlk baş məqaləsində yazdığı kimi: «(Qəzet) müsəlmanlara mümkün olan qədər (rus) mədəniyyət(i) haqqında düzgün və faydalı məlumat verməyə, o biri tərəfdən də ruslara (müsəlmanların) həyatı, fikirləri və ehtiyaclarını çatdırmağa yardım göstərəcək»di.
Sonralar Qasprinski məqsədini belə izah edəcəkdi: «Çox uzun müddət cəhalət içində qalmış böyük bir xalqın yenidən doğulması üçün mətbuat açar rolunu oynayacaq».
Qasprinskinin haqqında danışdığı, bütün imkanlarını və enerjisini həsr etdiyi, himayəsində saxladığı qəzet bir çox cəhətləri ilə fərqlənirdi. Qəzetin fərqli xüsusiyyətlərindən biri ikidilli olması idi: rusca mətn və onun türk dilinə (lisani-türkə) tərcüməsi yanaşı verilirdi. Nəşr yeri, tarixi (və qiyməti) kimi lazımlı məlumatlarla yanaşı qəzet rusdilli oxucular üçün «Perevodçik», türkdilli oxucular üçün isə «Tərcüman» adlandırılmışdı.
Həm başlıq, həm də forma nəşrin əsl məqsədini üzə çıxarırdı: islam cəmiyyətinin yenidən doğuluşu, ruslarla yaxınlaşmanın təşviqi, islam və rus-Qərb mədəniyyətinə xas cəhətlərin geniş kütlə üçün aydınlaşdırılması.
Əldə edilməsi nəzərdə tutulan nəticələr bir tərəfdən müsəlmanlar arasında iqtisadi inkişafı ləngidən, ictimai etinasızlığı artıran və siyasi zəifliyi qidalandıran zehni geriliyə son qoyulması, digər tərəfdən imperiyanın daha ədalətli, daha ahəngdar və daha güclü dövlətə çevrilməsində müsəlmanlarla ruslar arasında bərabər ortaqlığın başladılması idi. Bu, tək bir adam və yenicə nəşrə başlamış qəzet üçün nəhəng iş olsa da, səy göstərildikcə və zaman keçdikcə «kiçik şeylərin böyüyəcəyi, çətinliklərin asanlaşacağı, uzaq məsafələrin qısalacağı»na dair sarsılmaz inamın hərəkətə gətirdiyi Qasprinski və «Perevodçik»/»Tərcüman» üçün belə deyildi.
***
Rusiyanın hər guşəsindən müsəlman tacirlər Nijni Novqorod yarmarkasına gəlirdilər. Mən də hər il (fikirlərimi) yaymaq üçün ora gedirdim. Amma rəsmi şübhələri üzərimə çəkməmək üçün də qəzetimə abunə toplayırdım
İsmail bəy Qasprinski
…1883-cü ilə qədər təxminən dörd il ərzində İsmayıl bəy müxtəlif alternativləri sınaqdan keçirdi. 1879-cu ildə Rusiyanın səlahiyyət sahiblərinə qəzet yaratmaq üçün icazə ərizəsilə müraciət etdi. Bu, Həsən bəy Məlikov-Zərdabinin Rusiyada ilk türkdili qəzet olan «Əkinçi»sinin bağlanmasından iki il sonraya, eyni zamanda Səid və Cəlal Ünsizadələrin Tiflisdəki «Ziya» adlı qəzet buraxmaq üçün icazə almaları ilə eyni vaxta düşmüşdü. Qasprinskinin tələbinin rədd edilməsinin səbəbi də, «iki canişinə və üç nazirə» şəxsən təqdim etdiyi ərizələrinin aqibəti də məlum deyil…
Qarşısındakı yol müvəqqəti bağlandığından o, başqa formalara əl atdı. 1881-ci ilin may ayından başlayıb, sonrakı il də davam edib, aradabir fasilələrlə çıxan, hər sayı bir-iki səhifəlik qəzet formasında olan «məqalələr toplusu» nəşr etdi. Krımda ərəb hürufatlı mətbəə tapılmadığından həmin məqalələrdən ikisi müvafiq şəkildə beş yüz və min nüsxə ilə Tiflisdə Ünsizadə qardaşları tərəfindən çap edildi. Qasprinski 1881-ci ildə mətbəə qurmağa icazə alandan sonra isə bütün məqalələri Bağçasarayda nəşr etməyə (tirajları məlum deyil) müvəffəq oldu. Aldığı icazə ilə Sankt-Peterburqa gedib nəşr planları (qiyməti üç rubl, ildə əlli nömrəsi çap ediləcək qəzet) haqqında məlumat verən sirkulyar da çap etdirdi, sonra bir neçə başqa vilayəti dolaşıb həmin sirkulyarları yaydı. 1881-ci ilin avqust ayı olduğundan və Nijni Novqorodda yarmarka davam etdiyindən ən azı bir neçə müsəlman tacir həmin elanları oradan malları ilə birgə «Avropa və Asiya Rusiyasındakı bütün vacib yerlərə» apardı.
Qasprinski vətəninə qayıdandan sonra mətbəəni qurmağa, mürəttibləri hazırlamağa və təxminən iki yüz əlli abunəçinin köməyi ilə ərsəyə gələn məqalə toplularını çap etməyə başladı…
İsmayıl bəy məqalə toplusu və kitabçalarla yanaşı qəzet nəşr etmək strategiyasından da əl çəkmədi, nəhayət, 1882-ci ilin avqustunda daxili işlər naziri knyaz Dmitri Tolstoya yazıb şəxsən Sankt-Peterburqa apardığı ərizəyə müsbət cavab aldı. Ona mətni həm rus, həm də türk dilində çap olunacaq, əvvəlcədən xüsusi senzura idarəsində yoxlanacaq həftəlik qəzetin nəşrinə başlaması üçün icazə verildi.
Qəzetin ilk nömrəsi 1883-cü il aprelin 10-da çapdan çıxdı. Mətn qismən İstanbuldan gətirilmiş ərəb hürufatı ilə, elə oradan dəvət olunmuş mürəttibin köməyilə mətbəəyə göndərilmişdi.
«Tərcüman»ın ilk bir neçə ili maliyyə cəhətdən heç də sabit deyildi. 1881-ci ildə evlənəndə arvadı Zöhrə xanımın gətirdiyi cehizin və anasından miras qalmış mülkün satılması İsmayl bəyin xeyli köməyinə çatdı, amma qəzetin uzun müddət yaşamasının açarı naşirin abunəçi cəlb etmək qabiliyyətində idi. Bu, çox çətin vəzifəydi. O, getdiyi hər yerdə ağlagəlməz laqeydlik, inamsızlıq və lağla qarşılaşırdı.
İsmayıl bəy yazırdı: «...Şəhəri (Bakını – red.) qarış-qarış gəzmiş, az qala zorla bir neçə yüz nüsxə yaymışdıq, amma abunə olmaq istəyən bir nəfər də tapmamışdıq. Xalq kimi tacirlər də, şübhəsiz, bizdən qorxmağa başlamışdı, bu da səylərimizə ciddi maneə yaratmışdı. Dindarlar bizi soyğunçu saymış, təsadüfən rastlaşdığımız iki-üç intellektual isə dəli hesab etmişdi...»
Nəşrə başlayandan 1905-ci ilin sonunadək «Perevodçik»/»Tərcüman» rusca və türkcə mətnləri təxminən iki bərabər hissəyə ayrılmış dörd səhifə həcmində çıxırdı. Güman ki, Qasprinski əvvəlcə rusca yazır, sonra yazdığını türk dilinə çevirirdi. Əbdürrəşid İbrahimov İsmayıl bəyin türkcə yaza bilmədiyinə görə belə adət elədiyini vurğulayır. Çox güman ki, bunun gerçək səbəbi, 1906-cı ildə özünün də yazdığı kimi, türkcədə «ədəbi üslub ustalığı»na sahib olmaması idi. Ana dilini nə dərəcədə bilib-bilməməsi barədə günümüzə dəqiq məlumat çatmasa da, 1905-ci ilədək yazılarını türk dilinə başqaları tərcümə edirdi. 1905-ci ildən rusca mətnlər yavaş-yavaş ləğv edildi və qəzetin adı «Tərcüman-i əhval-i zaman» oldu.
Başlanğıcda həftəlik nəşr olunan «Tərcüman» 1904-cü ildən həftədə iki dəfə, 1906-cı ildən həftədə üç dəfə, 1912-ci ildən bağlandığı 1918-ci ilədək isə gündəlik çap olundu. Abunə qiyməti əvvəlcə dörd rubl olduğu halda 1907-ci ildə üç rubla düşdü, gündəlik çıxanda isə beş rubla qalxdı.
1890-cı ildən qəzetdə illüstrasiya, rəsm və fotolar da çap edilməyə başlandı. Qəzetin mətni Qasprinskinin qələmə aldığı baş məqalə və məqalələrdən, Rusiya daxilindən və xaricdən alınmış xəbərlərdən, arabir ədəbi-didaktik, arabir də birbaşa maarifləndirici materiallardan, rəsmi (əsasən müsəlmanlarla bağlı) məlumatlardan, o dövrdə Rusiyada (daha sonralar müsəlman ölkələrində) nəşr olunan mətbuat orqanlarından götürülmüş iqtibaslardan, kitablar barədə qeyd və elanlardan ibarət idi.
«Tərcüman» əvvəlcə mövzu cəhətdən bəsit təsir bağışlayırdı və bütün yenilər kimi çətin yolu vardı. Sonralar İsmayıl bəy Qasprinski yazırdı: «Üç il belə keçdi. Dördüncü il qəzetin mövzu dairəsini bir az genişləndirdim və içinə tənqidi ünsürlər qatdım. Yenə də bu işi görmək üçün əsasən abunəçilərimi etdiyim tənqidləri lağla və dedi-qodularla qarşılamamaları barədə dilə tutmalı idim...»
Digər tərəfdən o, Rusiyanın gücünə və qüdrətinə qarşı çıxmır, senzorun zopasından yayınır, 1905-ci ildə imperiyada vəziyyət dəyişənə qədər siyasətə qarışmırdı. Yenilik havası başlayanda «Tərcüman» yavaş-yavaş simvolik, hətta mənalı yazılar çap etməyə başladı. Qasprinski artıq daha geniş və xeyirxah bir fikir axınının (ənənəvi düşüncə sistemində islahat aparılması, ərəb əlifbasının sadələşdirilməsi və türk dilləri arasında fərqlərin azaldılması, başqa mədəniyyətlərlə körpü qurulmasının bir vasitəsi olaraq xarici dil təliminin vacibliyi, qabiliyyət və bacarıqlı kəslərə (xüsusilə qadınlara) yardım göstərilməsi, müsəlman dini idarəçiliyinin yenidən təşkili) yolunu açmışdı.
«Tərcüman» get-gedə modernizm simvoluna çevrildi. Buna görə də Rusiya müsəlmanlarının tarixində mühüm yer tutdu…