Zəngəzur Azərbaycanın ayrılmaz parçasıdır
1919-cu ilin fevralında “Azərbaycan” qəzeti nədən yazırdı?
Xəbər verdiyimiz kimi, ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə nəşri həyata keçirilən Cümhuriyyət dövrü “Azərbaycan” qəzetinin (1918-1920) tam külliyyatının V cildi bu günlərdə çapdan çıxıb. V cild qəzetin 1919-cu il fevral ayı üzrə nüsxələrini – 103-125-ci nömrələri əhatə edir. Qəzetin mətnlərini filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya edib. Ayrı-ayrı sözlərin müasir Azərbaycan dilində qarşılığı böyük mötərizədə verilib.
Cildi vərəqlədikcə o dövrdə Azərbaycandakı ictimai-siyasi vəziyyət haqqında geniş təsəvvür formalaşır. Diqqətçəkən materiallardan biri Cümhuriyyət hökumətində xarici işlər nazirini əvəz edən Ədil xan Ziyadxanovun İrəvana, Ermənistan hökumətinin xariciyyə nazirinə ünvanladığı 31 yanvar tarixli, 176 nömrəli teleqrafıdır. Teleqrafın mətni qəzetin 1919-cu il 2 fevral tarixli 103-cü nömrəsində “Azərbaycan və Ermənistan” sərlövhəsilə dərc edilib. Teleqraf Azərbaycan hökumətinin Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını xüsusi bir general-qubernatorluğa ayırmasına qarşı çıxan Ermənistan hökumətinə cavabıdır.
Həmin cavabın mətni bu gün də aktualdır: “Azərbaycan Cümhuriyyətinin Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur uyezdlərini müvəqqət general-qubernatorluğa ayırması qərarına görə sizin hökumətinizin protestosu əsassızdır. Çünki məzkur [adıçǝkilǝn] qəzalar Azərbaycanın ayrılmaz parçalarıdır. Azərbaycan hökuməti ali idarə qanununca öz torpağında olan əhalisinin bilafərqi-millətü məzhəb [millǝt vǝ din fǝrqi olmadan] həyatını, namusunu və malını məsuliyyətsiz adamların keyfəmayeşasından [özbaşınalığından] mühafizə etməsi bir tək hüquqi deyil, hətta mənəvi vəzifəsidir. Buna görə, bizim hökumətimizin məzkur qəzalara general-qubernator təyin etməsi Ermənistan hökumətinin hüquqi-mülkiyyəsinə təcavüz deyildir. Biləks [əksinə] sizin hökumətinizin bu münasibətlə protesto etməsi bizim daxili işlərimizə müdaxilə etmək təşəbbüsü olmaq üzrə haqqi-hakimiyyətimizə təcavüz deməkdir”. (N 103, 2 fevral).
“Ermənistanın Qarabağa ümid etməsi ibtidai məntiqə sığmaz bir röyadır”
Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı dərc edilən yazılarda ermənilərin əsassız iddiaları onların öz mənbələrinə istinadla ifşa edilirdi. Əli Yusif “Məqsədləri nədir?” sərlövhəli məqalədə yazırdı: “Bugünlərdə Ermənistan hökuməti namından [adından] Ermənistan xariciyyə naziri Tiqranyanın hökumətimizə çəkdiyi protesto teleqramı zənnimcə, hamını təəccübləndirsə gərəkdir. Ələlxüsus teleqramın son cümləsindəki “Ermənistanın ərazi hüququna təcavüz” ibarəsi təəccüb deyil, heyrətimizə mövcib [heyrǝtimizǝ sǝbǝb] olur. Məsələ yenə qarabəxtli Qarabağın məsələsidir. Nüfusca [ǝhalinin sayına görǝ] müsəlman əhalisi erməni əhalisindən bir neçə kərə artıq olduğunu erməni statistikçiləri də etiraf etdiyi bir halda, mövqeyi-coğrafisi ilə Azərbaycanın təbii bir sərhədi olduğu göz qabağında ikən və indiki Azərbaycanı təşkil edən xanlıqların içində Qarabağ xanlığı tarixdə ən məşhurlarından ədd [hesab] olunarkən, bu gün erməni milləti və onun min dürlü bəla və məşəqqətlə həqqi-istiqlal qazanmış hökuməti yenə də gözlərini Qarabağdan çəkmək istəməyir və oranı idarə etmək üçün olunan təşəbbüslərə qarşı protesto edir. Bu cəsarətə artıq siyasi protesto deyil, başqa dövlətin daxili idarəsinə qarışmaq namı verilməlidir ki, buna da heç bir müstəqil hökumət təhəmmül edəmməz [dözüm nümayiş etdirǝ bilmǝz]. Ələlxüsus Ermənistan kimi yeni törəmiş, gələcək mövcudiyyəti əsaslı şübhələri mövcib olaraq, ərazi hüdudu bir işareyi-sualdan (?) ibarət olan bir dövlət, qonşusunun daxili hərəkatını xaricdən tənqidə qalxışması qətiyyən lüzumsuzdur. Ermənistan böylǝ bir təşəbbüsdə bulunarsa, açıqdan-açığa “Nə mən yaşayacağam, nə də səni yaşamağa qoyacağam” demiş olur. Ermənistanın Qarabağa ümid etməsi, deyil “samoopredeleniye” [öz müqǝddǝratını tǝyin etmǝk] əsasına, hətta ən ibtidai məntiqə belə sığmaz bir röyadır ki, bu röya təbir edirlərsə, nəticədə yenə dəhşətli mənzərələr, yenə mədəniyyət və ülfət yerinə xarabazarlar görünər”. (N 104, 3 fevral).
Həmin dövrdə İrəvanı qana boyayan daşnak vəhşiliyi barədə yazılar, imdad diləyərək Bakıya qədər gəlib çıxan xalq nümayəndələrinin qəzetə verdikləri müsahibələrdə erməni qaniçənliyinin miqyası aydın olur. “İrəvan: erməni-müsəlman məsələsi” sərlövhəli məqalədə qeyd olunurdu ki, “İrəvan quberniyasının Novo-Bayǝzid mahalında ermənilər içində qalıb, erməni hökumətinə təslim olmuş olan 35 para müsəlman kəndlərinin camaatı fəcianə [faciəvi] bir hal keçirməkdədirlər. Yolları qalın qar təbəqələri basdığı üçün bir tərəfə qaçammayırlar. Binəvaların səsləri və harayları da bir yana çatmayır...
Müxatibimiz [hǝmsöhbǝtimiz, söz danışan şǝxs] burada dərin suzişli [yanıqlı] bir ah çǝkǝndǝn sonra məhzun [hüznlü] bir hal ilə sözünə davam etdi: “Daşkənd sakinlərindən bir kişi namusunu saxlamaq üçün arvadını özgə bir kəndə qaçırmaqla, erməni əsgərlərinin təcavüzündən qurtara bilmişdi. Çünki nizami erməni əsgərləri camaatdan xərc yığdıqları əsnada, müsəlman qızlarına vǝ arvadlarına da təcavüz etməkdədirlər”. (N 104, 3 fevral).
Müqəddəratını təyin eyləmək Azərbaycan xalqının müqəddəs haqqıdır
Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından doqquz ay keçmişdi, amma Rusiyapərəst qüvvələr xalqın müstəqilliyi ilə barışmırdılar. Cümhuriyyətin banisi M.Ə.Rəsulzadənin “Məclisi-Məbusan və müxaliflər” adlı məqaləsi dövrün mürəkkəbliyindən xəbər verir: “Azərbaycanın siyasi vəziyyəti nə qədər ki, müəyyən deyildi, türklərdən olmayan bütün siyasi firqələr, bolşevik ruhlu menşevikindən tutub monarxist ruhlu kadetinə qədər, Azərbaycan istiqlalı ilə Azərbaycan Parlamanına qarşı barışmaz bir vəziyyət almışlardı. Onlar bu vəziyyətləri ilə Azərbaycan türklərini bir növ mühasirəyə almış, təslimə məcbur etmək istəmişlərdi.
Zənn edirlərdi ki, xaricdən gəlmə Müttəfiqlər qüvvəti də onlara kömək olacaq, ağıllarınca türklər tərəfindən qurulmuş olan Azərbaycan hökumətini bir deyǝndǝ atacaqlardır.
Azərbaycan türkü ilə bərabər, bu türkün ruhundan doğan idealları tərvic edən [ideallara rǝvac verǝn], onun yolu ilə gedən Azərbaycan xadimləri isə qəflətən üzərlərinə atılan qüvvətlərə qarşı mətanət göstərdilər, durdular. Azərbaycan fikrinin “İstanbuldan” deyil, Bakıdan doğmuş olduğunu isbat etdilər. Bu sübutla hər kəsdən əvvəl bitərəf bir qüvvət olması həsəbilə [sǝbǝbindǝn] ilk əvvəl ingilis komandanlığı qane oldu. Onun bu qənaəti Azərbaycanın daxili müxaliflərini düşündürdü”. (N 104, 3 fevral).
M.Ə.Rəsulzadə qətiyyətlə bildirirdi ki, “Rusiyadan ayrılmaq, Rusiyaya qoşulmaq və yaxud başqa bir şəkil ilə kəndi müqəddəratını təyin eyləmək haqqı Azərbaycan xalqının müqəddəs bir haqqıdır.
Bu haqqı ona təbiət bəxş eyləmiş. Bu haqqı o nə kadetlərin ala gözlərinə, nə də sosialistlərin yağlı dillərinə fəda edəmməz!
Müxaliflər bunu bilsinlər, qulaqlarına sırğa etsinlər və böyləcə Azərbaycan istiqlaliyyǝti əmri-vaqesinin qulami-halqa bǝguşu [qulağı sırğalı qulu] olaraq Parlamana buyursunlar.
Başqa məsələlərdə keyifləri istədiyi müxalifəti etsin, tənqidatda bulunsun, təbliğatda olsunlar. O, onların haqqı və vəzifələridir.
Biz heç bir zaman onların Parlaman firqələrinin müvafiqləri [müxalif olmayanları, hökumǝtdǝn yana olanları] cərgəsində oturacaqlarını zatən təsəvvür eyləməmişdik”. (N 104, 3 fevral).
Ticarət dəftərləri türkcə olarsa...
“Azərbaycan” qəzeti ölkə həyatının bütün sahələrini diqqətdə saxlayırdı. Kitabı vərəqlədikcə 1919-cu ilin fevralında müxtəlif sahələr üzrə problemlər göz önündə canlanır. Pedaqoq, publisist Fərhad Ağazadə “Türkcə dəftərdarlıq” [mühasibat]” məqaləsində çox mühüm məsələlərə toxunub: “Aya [bəs], millətin əsası nədən ibarətdir? Millətin əsası zəki üləmanın [alimlərin] elmi ilə, ürəfanın mərifəti ilə, ərbabi-fənnin hünəri ilə, zənginlərin malı ilə, əmələnin zəhməti ilə, əkinçinin əməyi ilə və tamam əhalinin də canı və fədakarlığı ilə sabit və bərqərar olar.
İştə hər zəhmətkeş, hər sənətkar özünəməxsus kəsbkarlığı dalınca gedərkən məşğuliyyətindən millətinə xeyir və ya zərər yetişə biləcəyini qabaqca düşünməlidir. Tacirlərimiz düşünsünlər ki, bahalığın ağırlığı millətin füqərası üçün böyük bir cəhənnəm qapısıdır. Bugünkü müsri [yoluxucu] naxoşluqlar ki, həm varlıları, həm də yoxsulları bərabərcə qırıb-çatır, bahalığın bəlası deyilmi? Məmurların rüşvətxorluğu hökumətin əsasına böyük bir sədəmədir [zərbədir]. Bunu rüşvət alanlarla bərabər rüşvət verənlər də düşünsünlər. Əkinçilər, fəhlələr anlasınlar ki, onların zəhməti və hümməti ilə vətənin övladı yaşayır, aclığın qabağı alınır. Bəs zəhmətlərini, hümmətlərini birə-beş, birə-on artırsınlar”. (N 123, 26 fevral).
Türkcə saxlanılmış dəftərlərin rus məhkəmələrində qəbul olunmadığı xatırladılan məqalədə Cümhuriyyət hökumətində buna daha ehtiyac olmadığı üçün ticarət dəftərlərinin türkcə tərtib edilməsi tövsiyə edilir və bunun faydalı olacağına diqqət çəkilir: “Ticarət dəftərləri türkcə saxlanarsa, bunun millətə faydası çox olar:
1. Ticarətxanalarımız türkləşər, milliləşər.
2. Bir çox müsəlman dəftərdarları [mühasiblǝri] iş başına dəvət olunub, çörək və güzəran sahibi olarlar.
3. Bu olarsa, məhkəmələr də mürurizamanla [vaxt ötdükcǝ] milliləşməyə məcbur olarlar”. (N 123, 26 fevral).
***
“Azərbaycan” qəzetinin 1919-cu il fevral saylarında mədəniyyət və incəsənət haqqında da materiallar dərc edilib. Qəzetdə teatr tamaşaları haqqında xəbərlər mütəmadi olaraq yer alıb.
ADA Universitetinin qəzetin külliyyatını bu şəkildə (toplu 20 cilddə nəzərdə tutulub) ərsəyə gətirməsi ali təhsil ocağının xalqımızın tarixinə, mədəniyyətinə və gələcəyinə nə qədər böyük bir xidmət etdiyinə daha bir nümunədir.