vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MÜƏLLİF  
09:14 | 24 avqust 2013 | Şənbə Məqaləyə 4210 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tarixdə şəxsiyyətin rolu haqqında uğursuz axtarışlar»

Problemin fəlsəfi qoyuluşu

Niyazi MEHDİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu yazıda çətin fəlsəfi məsələyə toxunacam. Tarixi kimlər və nələr dəyişdirir? Və ya başqa cür: tarixdə zərurət varsa, yəni tarixdə onsuz da olmalı olanlar olursa, mən kiməm? Olmalı olanları edənlərdən biri, yəni tarixi prosesdəki vintlərdən biri, yoxsa tarixi dəyişdirə bilən?

Sorunu bir az da kəskin cizgilərə salan örnəklər gətirmək olar. Mirzə Fətəli, Məmməd Əmin Rəsulzadə, Mirzə Cəlildən hər hansı birisi, ya hamısı olmasaydı, bugünkü Azərbaycan tamam başqa Azərbaycan olardı? Azərbaycan tamam başqa olsaydı, dünya necə, İran, Ermənistan necə, başqa cür olardılar?
Ayaz Mütəllibov prezident qalsaydı indi nə olmuşdu? Elçibəy Kələkiyə getməsəydi, indi Azərbaycan başqa cür idimi? 
Kəpənək effekti
Bu soruların dolaşığından çıxmaq üçün tarixin fəlsəfəsində (fəlsəfə tarixi yox ha) bir aforizm söylənmişdi: tarix “elə olmasaydı” tipində sualları sevmir. Niyə sevmir? Çünki “elə olmasaydı, necə olardı” cavabı saysız variantları ortaya çıxarır və heç birisinin üstündə dayanmaq olmur. Adam birindən o birisinə sürüşə-sürüşə gedib heç nə tapammır.
Bu problemi Rəy Brədberi və Edvard Lorens lap dolaşdırıb. Brədberinin “Və ildırım şaxıdı” hekayəsində zaman maşınında uzaq keçmişə ekskursiyalar edilir. Bu zaman tapşırılır ki, maşından çıxanda göstərilən cığırdan heç kim qırağa çıxmasın. Yoxsa keçmişi dəyişdirərlər və belə olanda, bütün tarix dəyişər.  Ekəls bir neçə ovçu ilə birlikdə Mezozoy çağına düşəndə dinozavrdan qorxub cığırdan çıxır və bilməzə kəpənəyi tapdalayır. Geri qayıdanda görür ki, ölkəsində başqa prezidentdir, dillərinin  orfoqrafiyası başqadır və s. Tarixlə ilgili “kəpənək effekti” termini burdan yaranıb. Sonralar Edvard Lorens xaos nəzəriyyəsində hadisələrin necə törəməsini göstərmək üçün örnək vermişdi: Ayovada qanadlarını çalan kəpənək İndoneziyada yağış sezonunda effektlər selini törədə bilər.
Dediklərimi yuvarlaşdırsam
Beləliklə, tarixin necə baş verməsi ilə ilgili üç variant alırıq. Bir variantda böyük şəxsiyyətlər tarixi öz ideyaları ilə dəyişdirirlər. O biri variantda Tanrının, nə bilim hansısa sistemin doğurduğu planı yerinə yetirirlər. Yəni, tutalım, Marks oxuduqlarından tarixin hara getməsi düşüncəsini tapıb dünyanı dəyişdirib, ya da Marks özü Tanrı iradəsinin (istəminin) aləti olub.  
Kəpənək effekti isə bildirir ki, məqamı düşsə, tarixi hər bir adamın təsadüfi sözü, addımı dəyişdirə bilər.
Bəs mən nə düşünürəm?
Götürək axar çayı. Onun axdığı məhvər elə geniş ola bilər ki, heç bir real sel, daşqın o məhvəri aşmaz. Ancaq məhvər elə də ola bilər ki, sel filan ölçünü aşanda daşqın baş verər. Kapitalizmin məhvəri elə genişdir ki, hansı prezident, hansı rəqib sistem sel yaratsa, yenə onu məhv edəmməz. Sovet sosializminin məhvəri isə Qorbaçov islahatları ilə dağıldı.
Deməli, Azərbaycan dünya məhvərinin genişliyində elə ölçüdədir ki, nə qədər aşıb-daşsa da, dünya məhvərinin içində dar axın olaraq qalır. Bu anlamda Məmməd Əmin, Mirzə Cəlil kimi parlaq adamlar nə etsəydilər də bugünkü Azərbaycan məhvərini aşıb Rusiyanı, Avropa Birliyini, Ermənistanı dəyişdirə bilməyəcəkdi. Gözünüzün qabağına gətirin insan anlayışını, onu bir qulaqlı, beş qulaqlı etsən də, anlayışın sınırlarından aşmayacaq. Yalnız ondan canlılığı və düşüncəni alsan, başqa nəsnə alınacaq.
Bəs kəpənək effekti nə zaman baş verir? Yada salın stəkan dolanda son damlanı. Dünya proseslərində son damla kimin bəxtinə düşürsə, o da zəlzələnin yaranmasında axırıncı təkan olur.
Bunları yazdım və gördüm ki, yox, başlanğıcda qoyduğum soruya cavab alınmadı. Ancaq eybi yox, cavab cəhdlərim heç də boş olmadı, nələrisə açdı. Bəlkə, bu açılanlar daha tutarlı cavab üçün son damla olacaq?!     
Post factum
Yazını bitirmişdim ki, ağlıma bunlar gəldi: bütün dünyada hər ölkə olmalı olanı (zərurəti) bir nəsnədə, bir ssenaridə görür. Aydındır ki, kim güclüdürsə, başqa ölkələrə öz olmalı olanlarını nə qədərsə diktə etməyi bacarır. Çağımızda bu məsələdə ən güclü ABŞ-dır. Ancaq o da hamı ilə bacarmır. Əvəzində ona gücü çatır ki, heç kim dünya çapına çatan zəlzələ yaratmasın. Dünyanı elə bir məhvərdə aparır ki, heç kimin etdiyi bu məhvərin sınırlarını aşa bilmir. Hətta Misirdəki xaos da aşammır.
Ermənilərlə bizim hərəmizin Qafqaz necə olmalıdır, Ermənistan, Azərbaycan necə olmalıdır soruları ilə bağlı zərurətlər, olmalı olanlar siyahımız var. Biz bu siyahılara tuşlanıb ciddi düşünməyi bacarmalıyıq.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)