Daha bir həftəni yola saldıq. Azərbaycan yeni prezident seçkisini, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı isə illik toplantısını keçirdi. Biri ölkənin yeni rəhbərini seçdi, digəri qlobal iqtisadi artım problemlərini müzakirə etdi. Keçək geniş icmala.
Oktyabrın 11-də Vaşinqtonda (ABŞ) Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankına (DB) üzv ölkələrdən Direktorların İllik Toplantısı öz işinə başladı. Dünya iqtisadiyyatının cari vəziyyəti, problemləri və perspektivləri ilə bağlı məsələlərin müzakirə olunduğu toplantıda DB və BVF rəhbərlərinin kefi kök olub. DB rəhbəri Jim Yong Kim optimistliyini gizlətməyərək, ABŞ, Avropa və Yaponiyanın iqtisadi siyasətini mədh edib: "Məchulluqların davam etdiyi bir dövrdən keçirik. Amerikada, Avropada və Yaponiyada zəif iqtisadi artım müşahidə edirik. Amma onu da vurğulamaq lazımdır ki, uzun müddətdir ilk dəfə hər üçü birdən müsbət istiqamətdə irəliləyir."
BVF-nin rəhbəri Kristine Lagarde də zarafatlı bir şəkildə fond olaraq iqtisadi sabitliyi dəstəkləmə vəzifəsinə davam edəcəklərini vurğulayib: "Bu böhran miras olaraq bizə zəif iqtisadi artım və aşağı məşğulluğu buraxıb. Səylərimizin böyük qismi rəqabətin, iqtisadi artımın və məşğulluğun atımının təmin edilməsinə yönəlib. Bunlar əlbəttə bizim təşkilat kimi təməlimizdəki prioritetlərdir."
Böhran başladığından bəri bütün dünya iqtisadiyyatlarına tövsiyələr verən BVF və Dünya Bankı bu tövsiyələri özlərinə də tətbiq edəcəklərini bildiriblər. Məsələn, DB qarşıdakı üç il ərzində illik inzibati xərclərini 400 milyon dollar azaldacağını açıqlayıb.
Bu arada qeyd edək ki, illik toplantıdan bir neçə gün əvvəl BVF hesabatını açıqlamışdı. Həmin hesabatda dünya iqtisadiyyatının cari ildə 2,9 faiz nisbətində artacağı deyilirdi. Yəni əvvəlki proqnozdan 1 faiz az. Hesabatda o da qeyd edilirdi ki, Çin, Yaponiya və Amerika Birləşmiş Ştatları ən çox artım nümayiş etdirən dövlətlər olacaq. Avro Bölgəsi isə durğunluqdan çıxsa da ilin sonuna iqtisadiyyatı 0,4 faiz daralacaq. Fondun 2014-cü ilə aid proqnozları isə daha optimistdir. Proqnozlara görə, Çinin böyümə sürəti 7,3 faizə düşsə Amerika Birləşmiş Ştatlarının iqtisadi artım nisbəti 2,6 faizə çıxacaq. Avro Bölgəsində isə 1 faiz artım gözlənilir.
Qənaəti artırmaq və cari büdcə kəsirini kiçiltmək istəyən Türkiyə hökuməti isə daha bir çıxış yolunu kredit kartı və istehlakçı kreditləri üzrə əməliyyatları azaltmaqda tapıb. Qərara alıb ki, ağ əşyadan avtomobil kreditinə qədər bir çox sahələrdə alış-verişin taksitlə aparılması məhdudlaşdırsın. Nağd ödənişləri artırsın. Türkiyənin baş nazirini köməkçisi Əli Babacanın sözlərinə görə, ağ əşya, elektrotexnika, geyim və mebelin kredit kartı ilə alınmasında taksitlərə sərhəd qoyulması labüddür. Avtomobil kreditlərinə isə yeni nizam gətirilməlidir: “İlin sonuna Türkiyənin büdcə kəsirinin 60 milyard dollar olması gözlənilir. Makro tarazlıq baxımından önümüzdəki 3 - 4 il bütün dünyada sıxıntılı keçəcək. Göründüyü kimi normal dövrdə deyilik. Ayağı yerə daha bərk basan bir mövqe ortaya qoymalıyıq”.
Məlum olub ki, Babacan kredit yoluyla daxili istehlakın artımını yavaşlatmağı düşünür: “Türkiyədə taksit kartı borcu 2011-ci ilin dekabrında 26 milyard lirə, 2012-ci ildə 38 milyard lirə olub. Bu ilin sentyabrında isə rəqəm 48 milyard lirəyə yüksəlib. Buna bir də 34 milyard TL-lik o biri borcu əlavə etdiyinizdə 82 milyard TLlik kredit kartı borcu yaranır. Kredit kartına taksit dünyada çox məşhur sistem deyil. İctimai çətinliklər gətirir və makro tarazlıqları pozur”. Babacan kartlarla bağlı planları açıqlayıb. Bildirib ki, təkcə kredit kartında və bəzi istehlakçı kreditlərində məhsul bazarında taksit sayına sərhəd qoyulmayacaq. Minimum ilkin ödənişin tətbiqi digər fərdi kredit sahələrində genişləndiriləcək.
Havalar soyuyan kimi Rusiya və Ukrayna arasında qiymət anlaşılmazlığı üzündən təbii qaz döyüşü yenidən start götürdü. Noyabr ayında Avropa Birliyi ilə sərbəst ticarət razılaşması imzalamağı planlaşdıran Kiyevlə Moskva arasında əsən soyuq küləklər, yaxınlaşan qış aylarında Türkiyə başda olmaq üzrə Avropa ölkələrində təbii qaz çətinliyinə səbəb ola bilər. Konkret olaraq Ukraynanın baş naziri Nikolay Azarov Rusiya ilə 2009-cu ildə imzalanan təbii qaz razılaşmasının yenidən nəzərdən keçirilməməsi vəziyyətində bu ölkədən təbii qaz alışını dayandıracaqlarını söyləyib.
Ukraynanın idxal təbii qaz istehlakını azaltdığını, enerji məhsuldarlığını artırmaq və alternativ enerji mənbələrinə yönəlmə proqramları olduğunu söyləyən Azarov "Ukrayna, bu qiymətlərdən daha çox təbii qaz alışı apara bilməz. Biz Rusiyadan təbii qaz alışını azaldırıq, azaltmağa da davam edəcəyik. Bu boş bir təhdid deyil. Önümüzdəki 10 illik bir dövrdə uzun olsa da Ukrayna Rusiya təbii qaz asılılığından xilas olacaq" deyə əlavə edib. Onu da bildirib ki, Rusiya müqavilənin pozulduğunu hesab edirsə məhkəməyə müraciət edə bilər: “Biz bu müqavilənin hüquqa zidd olduğunu sübut etməyə hazırıq".
Azarovun təhdidinə isə Rusiyanın cavabı gecikməyib. Ölkənin baş naziri Dmitri Medvedevin mətbuat spikeri Natalya Timakov Ukraynanın müqaviləni birtərəfli qaydada ləğv etməsinin Kiyev üçün pis nəticələnəcəyini söyləyib: "Ukraynalı ortaqlarımız belə bir şərh etməzdən əvvəl razılaşmanı tək tərəfli pozma şəraitində ortaya çıxacaq sanksiyaları nəzərdən keçirməli idilər".
Bildirək ki, 2009-cu ildə imzalanan sazişə əsasən, Ukrayna Rusiyadan hər il ən azı 33,3 milyard kubmetr təbii qaz almalıdır. Alınmayan qaza görə isə cərimə ödəməlidir. Artıq “Qazprom” Ukraynaya yanvar ayında 2012-ci ildə alınmayan təbii qaz üçün 7 milyard dollarlıq faktura göndərib.
Onu da xatırladaq ki, Rusiya 2006-cı ildə Kiyevlə təbii qaz təhcizatı problemi yaşamışdı. 2008-ci ilin mart ayında tərəflər qiymətlərlə bağlı razılaşmaya gələ bilmədiklərindən “Qazprom” ixracı 25 faiz azaltmışdı. 2009 –cu ildə isə Rusiya Ukraynaya gedən kəmərləri iki həftəliyinə bağladı. Nəticədə Türkiyə başda olmaqla Avropa ölkələri təbii qazsız qaldı.
Neft İxrac edən Ölkələr Birliyi (OPEC) önümüzdəki il neft təlabatının azalacağını açıqlayıb.Təşkilatın nəşr etdiyi proqnoz hesabatında deyilir ki, OPEC 2014-cü ildəki gündəlik neft tələbatının 50 milyon barel təşkil edəcəyini proqnozlaşdırsa da bu təxminini 29,6 milyon barelə endirib. İlin son rübündə isə tələbatın 30 milyon barel olması gözlənilir. Təşkilat iqtisadiyyatda düzəlmə işarələrinə baxmayaraq, tələbin zəif qalacağını bildirib.
İş dünyası
Qlobal iqtisadiyyatın artım tempi zəifləsə də dünyada sərvət qazananların sayı və varidatlarının həcmi artır. Fərdi sərvətlərin həcmi 241 trilyon dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb. İsveçrənin “Credit Suisse” bankının nəşr etdiyi hesabata əsasən, artan əmlak qiymətləri və birjalarda yaşanan yüksəlmə səbəbiylə adambaşına düşən sərvət rekord qırıb. Regional əsasda Şimali Amerikadakı sərvət 2005-ci ildən bu yana ilk dəfə Asiya-Sakit okean bölgəsi və Avropanı geridə buraxıb.
Ölkələrə görə sıralama isə olduqca fərqlidir. Siyahının ilk sıralanmasında adambaşına 380 min avroluq sərvətlə İsveçrə gəlir. İsveçrəni isə 298 min avro ilə Avstraliya izləyir. Üçüncü sırada zəngin neft ehtiyatları ilə son illərdə sürətlə yüksələn Norveç qərarlaşıb.
2013-cü ilin ortasından Amerika Birləşmiş Ştatlarında milyonerlərin sayı bir il içərisində təxminən 2 milyon nəfər artıb. Yaponiyada isə yenin dəyər itirməsi səbəbiylə varlılar 1,2 milyon nəfər azalıb.
Hesabata görə qlobal sərvət önümüzdəki beş ildə 40 faiz artaraq 334 trilyon dollara çatacaq.
Azərbaycan
Gəldik çatdıq bol-bəhrəli ölkəmizə. Bitən həftə 2014-cü ilin dövlət büdcəsi Milli Məclisə təqdim edildi. Doğrusu, bu büdcənin əvvəlkilərdən çox fərqli olması diqqətdən qaçmadı. Əvvəla, son bir neçə ildə ilk dəfə büdcəyə Neft Fondundan transfertlərin həcmi azaldılsa da, əsaslı dövlət xərcləmələri yenə kulminasiya nöqtəsinə çatdırıldı. Məlum oldu ki, Azərbaycanın xaricdən aldığı borclar üzrə öhdəliklərinin çoxunun faiz və əsas borc üzrə ödəniş müddəti yetişib. Və bu ilin büdcəsindən həmin istiqamətə kifayət qədər yüklü vəsait ayrılacaq.
Başlayaq büdcədən. 2014-cü ilin icmal büdcəsinin göstəriciləri 21 985,9 mln. manat ( 2013- cü ilin proqnozuna nisbətən 1 257, 3 mln. manat və ya 6,1 faiz çox), xərclər 24 444, 0 mln. manat (2013- cü ilin proqnozuna nisbətən 5 6, 0 mln. manat və ya 0,2 faiz az), büdcə kəsiri 2 458,1 mln. manat (ÜDM-də xüsusi çəkisi 4,2 faiz), dövlət büdcəsinin gəlirləri 18 384 ,0 mln. manat, dövlət büdcəsinin xərcləri 20 063,0 mln. manat nəzərdə tutulub. 2014 -cü ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 31, 4 faizi həcmində olmaqla, nominal ifadədə 18 384 ,0 mln. manat təşkil edəcək. Dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 34, 3 faizini təşkil etməklə 20 063,0 mln. manat həcmində proqnozlaşdırılır. Gələn ilin büdcə gəlirlərinin 9 milyard manatını və ya ümumi büdcə daxilolmalarının 50,8 faizini Dövlət Neft Fondundan transfertlər təşkil edəcək. Beləliklə, gələn il dövlət büdcəsinə ARDNF-dan olan transfertlər cari illə müqayisədə 17.7% azalacaq.
Gələn il ARDNF-in sərmayə xərcləri əhəmiyyətli dərəcədə azalacaq: 1 milyard 921 milyon 100 min manatadək ($ 2 milyard 453,5 milyon). Bu il isə bu məqsədlə ARDNF 6 milyard 915 milyon manat ($ 8 milyard 831 milyon) vəsait ayırmağı proqnozlaşdırıb. Sərmayələr üzrə xərclərin azaldılması 4 milyard 993,9 milyon manat təşkil edə bilər. Eyni zamanda ARDNF-ın ümumi xərcləri 2014-cü ildə 11 milyard 291 milyon manat ($14 milyard 421,2 milyon) təşkil edəcək. 2013-cü illə müqayisədə Neft Fondunun xərcləri 2 milyard 108 milyon 200 min və ya 15,7% azalacaq. Qeyd edək ki, belə bir addımı hökumət reallıqdan atır. Ona görə ki, Azərbaycanda neft hasilatı və ixracı azalır, təbii ki, Neft Fonduna daxilolmalar da buna müvafiq olaraq aşağı düşür. Ona görə də hökumət artıq özünün xərcləmə siyasətinə yenidən baxır və bunu günün tələbinə uyğunlaşdırır. Bu isə yavaş-yavaş dövlət büdcəsinin yükünün əsas hissəsinin vergilər hesabına formalaşmasına meyllənmək deməkdir.
Yeri gəlmişkən, azalan təkcə ARDNF-ın büdcəyə transfertləri və xərcləri deyil. Gələn ildən başlayaraq əməkhaqqının artım tempi də düşəcək. 2014-cü ildə orta ayliq əməkhaqqı 479,4 manat proqnozlaşdırılır. Bu da 5,4 artım deməkdir. 2012-ci illə müqayisdə 1,3 faiz azdır. Belə ki, ötən il real artım tempi 6,7 faiz olub. Hökümətin proqnozuna əsasən, Azərbaycanda orta aylıq əmək haqqının həcmi 2017-ci ilədək 618 manata çatacaq. 2015-ci ildə bu rəqəm 520,1 manat, 2016-cı ildə 560 manat nəzərdə tutulub. Göründüyü kimi növbəti ildən başlayaraq orta aylıq əmək haqqının real artım tempi düşməyə başlayacaq. 2015-ci ildə real artım tempi 4,5 faiz, 2016-cı ildə 4,7 faiz, 2016-cı ildə 4,9 faiz proqnozlaşdırılıb.
İstehlak bazarında da xəbərlər ürəkaçan deyil. Əmək haqqı artımı bazara öz təsirini göstərib. 2013-cü ilin sentyabr ayında ərzaq məhsullarının qiymətləri 0,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb. Ay ərzində çörəyin, qarabaşaq yarmasının, almanın, armudun, heyvanın, narın, üzümün, qozun, fındığın, şabalıdın, bibərin, kələmin, çuğundurun, kökün, göyərtinin, soğanın, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, mal və qoyun ətinin, toyuq ətinin, kolbasa məmulatlarının, düyünün, makaronun, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, kartofun, göy lobyanın, badımcanın, limonun qiymətlərində isə bahalaşma müşahidə olunub.
Bütün dünyada iqtisadi artım proqnozları azaldığı şəraitdə isə bizim belə dərdimiz olmayaq. İqtisadi İnkişaf Nazirliyinin hazırladığı makroiqtisadi proqnoz göstəricilərinə inansaq, gələn il Azərbaycanda real iqtisadi artım 5,2% olmaqla ÜDM istehsalı bazar qiymətləri ilə 58,569 mlrd. manat təşkil edəcək.
Proqnozlara əsasən, gələn il neft sektoru üzrə ÜDM 1,5% azalacaq, qeyri-neft sektoru üzrə isə 10,0% artacaq. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61,5%, özəl sektorun ÜDM-də payı isə 83,2% səviyyəsində olacaq.
Onu da yada salaq ki, Beynəlxalq Valyuta Fondu cari ildə Azərbaycanda iqtisadi artımın azalacağını açıqlayıb. Təşkilata görə, 2014-cü ildə ölkədə iqtisadi artım 5,6%, bu il isə 3,5% təşkil edəcək. Müqayisə üçün bildirək ki, hökumətin proqnozlara əsasən, gələn il Azərbaycanda iqtisadi artım 5,2%, bu il isə 4,5% olacaq. Statistikaya görə, cari ilin ilk 9 ayı ərzində ölkədə iqtisadi artım artıq 5,4% təşkil edib və beləliklə, həm BVF, həm də hökumət ilin qalan hissəsində artım tempinin azalacağını gözləyir.