vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
17:05 | 8 dekabr 2016 | Cümə axşamı Məqaləyə 690 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Status-kvo qəbulolunmazdır»

Nazir: «Biz bu məsələdə konstruktiv danışıqlar gözləyirik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbulolunmazdır və Bakı ümid edir ki, ATƏT bu münaqişənin həllində aparıcı rol oynayacaq. Modern.az xəbər verir ki, bunu Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi aprel ayında qoşunların təmas xəttində eskalasiyaya səbəb olub.

Nazir deyib:

«ATƏT ərazisində həll edilməmiş silahlı münaqişələr və böhranlar, Avropada və ondan kənarda terror hücumlarının yeni dalğası və münaqişələr nəticəsində insanların genişmiqyaslı məcburi köçü sülh və təhlükəsizliyə təhlükə yaratmaqda davam edən problemlər sırasındadır və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalır. Aprel gərginliyi aydın şəkildə xatırlatdı ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki bugünkü vəziyyət təhlükəlidir və istənilən vaxt gözlənilməz nəticələrə gətirib çıxaracaq potensiala malikdir.

Təqdirəlayiq haldır ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində status-kvonun qeyri-davamlılığına və onun dəyişməli olmasına dair ATƏT çərçivəsində yekdil mövqe mövcuddur. Azərbaycan hazırki status-kvonun dəyişməsində ən maraqlı tərəfdir. Bu xüsusda, biz Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndiririk. Bu məsələdə göstərdiyi səylərə görə həmsədr dövlətlərə, xüsusilə Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə təşəkkür edirik. Biz bu fürsəti davam etdirməli və həmin görüşlərdə əldə olunmuş razılaşmaları gecikdirmədən konkret tədbirlərə çevirməliyik. Biz ATƏT və Minsk Qrupunun bu məsələdə fəal rol oynamalarını gözləyirik.

Siyasi müstəvidə əsaslı konkret nəticələr vəziyyəti köklü şəkildə dəyişəcəkdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması, regional nəqliyyat və kommunikasiya xətlərinin bərpa edilməsi və müvafiq təhlükəsizlik tədbirlərini təmin edərək məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və şərəfli qayıdışından başlamaqla münaqişənin fəsadlarının mərhələli şəkildə aradan qaldırılması münaqişə dinamikasının dəyişməsinə və regionda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaqdır. Bu yanaşma BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır və xüsusilə 1994-cü il Budapeşt Sammitinin qərarı daxil olmaqla, ATƏT-in qərarlarında təsdiq olunub.

Etimad quruculuğu tədbirləri kimi, Fəaliyyətdə olan sədrin Daimi Nümayəndəlik Ofisinin genişləndirilməsi ilə bağlı əldə olunmuş razılıq bu genişlənmənin əsaslı danışıqlarla sinxronlaşdırılması və Ofisin mandat və fəaliyyət formasının dəyişməyəcəyini nəzərdə tutur. Azərbaycan bununla bağlı öz təklifini təqdim etmişdir. Bu missiyanın Azərbaycanın suveren və beynəlxalq səviyyədə tanınmış ərazilərində fəaliyyət göstərdiyini nəzərə alaraq, biz bu məsələdə konstruktiv danışıqlar gözləyirik.

Təəssüf ki, Ermənistan tərəfindən son bir neçə ay ərzində səsləndirilən bəyanatlar nikbinlik üçün əsas vermir və aydın şəkildə göstərir ki, Ermənistan tərəfi nəticə yönümlü danışıqlara konstruktiv cəlb olunmaq niyyətində deyil. Substantiv danışıqlara başlamaq üçün şərtlərin irəli sürülməsi cəhdləri Vyana və Sankt-Peterburq razılaşmalarına zərbə vurur və açıq şəkildə sülh prosesini pozmaq məqsədi daşıyır. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirmək, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişmək cəhdlərini davam etdirməsi etimadı sarsıdır və Ermənistan tərəfinin əsl niyyətini ortaya qoyur.

Qarşıdakı aylar Ermənistanın sülh üçün ciddi tərəf müqabili, münaqişənin həll edilməsi üçün substantiv danışıqlarda iştirak etməkdə həqiqətən maraqlı olmasını və ya bizim qeyri-sabitlik və münaqişənin daha da gərginləşməsinə doğru yolla getməkdə davam edəcəyimizi nümayiş etdirəcəkdir».