vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
KARYERA  
13:11 | 15 yanvar 2017 | Bazar Məqaləyə 3509 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bizdə kollektivçilik ruhu varmı?

... Və ya «Mən» hər şeydən üstün olanda…

Lalə MUSAQIZI, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

«Tam əminliklə deyə bilərəm ki, bizim şagirdlər amerikalı şagirdlərdən bacarıq, qabiliyyət, riyazi təfəkkür, məntiq baxımından çox-çox irəlidədir. Əskik olan komanda ruhudur. Biz azərbaycanlılarda belə bir xüsusiyyət var ki, orta məktəbdən ta istehsalata gedənəcən adətən komanda olaraq işləməyi çox da bacarmırıq. Bizdə bircə problem komanda ruhunun olmamasıdır, amma fərdi baxımdan azərbaycanlı gənclər həm yaponiyalı, həm də amerikalı gənclərdən çox yüksəkdədir».

Bu sözləri bizimlə söhbətində «Uğur hekayə»si rubrikamızın qəhrəmanı Heydər Əliyev adına Neft Emalı Zavodunda böyük mühəndis, Xəzər Universiteti və Bakı Ali Neft Məktəbinin müəllimi və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təsisçisi Rəhman Rəsulzadə bildirdi. Qeyd edək ki, R.Rəsulzadə 10 ilə yaxın Amerikada yaşayıb və orta məktəblərdə şagirdləri robotexnika sahəsində olimpiadalara hazırlayaraq onların ən yaxşı yerləri tutmasına nail olub, həmçinin 6 ay Yaponiyada yaşayıb.

Bizim cəmiyyətdə kollektivçilik ruhunun olmaması gün kimi aydındır. Məhz buna görə kollektiv idman növlərində uğur əldə edə bilmirik. Bu problem idman sahəsində daha aydın göründüyü üçün misal çəkdik. Amma ümumiyyətlə, elə əksər sahələrdə uğur əldə edə bilməməyimizin, dünyadan ən azı bir addım geri qalmağımızın səbəbi bəlkə də insanlarımızda komanda ruhunun olmamasıdır. Niyə cəmiyyətimizdə komanda ruhu yoxdur? Bu ruhu yaratmaq üçün nə etməliyik? Suallarımızla mütəxəssislərə müraciət etdik. 


«Bunun özünün elmi əsasları var»


Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, kollektivçilik ruhunun olmamasını kiminsə fəhmi ilə izah etmək o qədər də doğru deyil: «Nəzəriyyədə deyildiyi kimi, hər hansı bir yerdə sistemin əmələ gəlməsi üçün sistem əmələ gətirmə amilləri olmalıdır. Bizdə sistem əmələgətirmə amilinə diqqət edilmir. Hansısa təşkilatda, yaxud ərazidə kollektivçiliyi yaratmağın özünün şərtləri var. O şərtlər daha çox mənəvi dəyərlərlə bağlıdır. Biz mənəvi dəyərlərə daha az diqqət verdikcə, sistem əmələgətirmə amilləri  zəifləyir. İdarəetmə elminə dərindən bələd olanlar gözəl bilir ki, belə olanda kollektivçilik yarana bilməz. İstər təşkilatda olsun, istərsə də bütün ölkədə. Həmişə deyirik ki, xalqımız hansısa məsələ, ideya ətrafında birləşsin. Bizdə Qarabağ məsələsi ilə bağlı sistem əmələgətirmə faktoru var. Camaatın hamısı torpaqlarımızın azad olunmasını istəyir. Bu, maddi deyil, ciddi mənəvi amildir. Buna görə də camaat birləşir. Harada ki, ciddi sistem əmələgətirmə mənəvi amil var, orada birlik də, kollektiv də var. Deməli, harada kollektivçilik ruhu yoxdursa, orada mənəvi dəyərlərə diqqət zəifdir». 

Kollektivçilik ruhunu yaratmaq üçün Ə.Qəşəmoğlu hesab edir ki, həmişə fikirləşməliyik ki, kollektivdə, yaxud ölkədə hamı üçün nə ümumi məqsəd ola, onları birləşdirə bilər: «Elə kollektiv ola bilər ki, onları qısa dönəmdə maddi dəyərlər də birləşdirər. Amma bu, müvəqqətidir. Qədim zamanlarda müharibələrdə döyüşçülərə deyirdilər ki, filan ölkəni zəbt edəndən sonra qənimət döyüşçülər arasında bölünəcək. Bu zaman maddi dəyər onları birləşdirir, kollektivçiliyi gücləndirir, mübarizliyi artırırdı. Amma dediyim kimi, bu cür kollektivçilik müvəqqətidir. Çünki sərvət bölünəndən sonra hamı yenidən dağılışır. Əgər biz kollektivçilik ruhunun yaranmasını istəyiriksə, mənəvi dəyərlərimizin üzərində işləməliyik. Cəmiyyətin idarə olunmasının elmi nəzəriyyəsi var. Bunu bizim ölkədə marağı olan mərkəzlər əla bilir. Biz isə onlara diqqət vermədən camaatın birləşməməsi, kollektiv olmaması barədə parıltılı cümlələr, şüarlar deyirik. Bunun özünün elmi əsasları və xüsusiyyətləri var. Sadəcə, bu məsələyə elmi baxımdan ciddi diqqət yetirmək lazımdır».         


«Kollektiv idman üzrə uğur qazana bilməməyimiz o demək deyil ki…»


Psixoloq Orxan Oruc bizdə komanda ruhunun olmaması ilə bağlı fikirlə razılaşmır. Kollektiv idman növlərində uğur qazana bilməməyimizi isə fərqli baxış bucağından dəyərləndirir: «Bütün cəmiyyətlər kollektivizm və ya individualizm üzrə qiymətləndirilib. Hansı cəmiyyətin kollektivist, hansı cəmiyyətin individualist olduğu müəyyənləşdirilib. Bizim kollektiv idman növləri üzrə uğur qazana bilməməyimiz o demək deyil ki, bizdə kollektivçilik ruhu yoxdur. Və ya hansısa ölkə kollektiv yarışlar üzrə qalib gəlirsə, bu, o demək deyil ki, həmin cəmiyyətdə kollektivçilik ruhu çox yüksəkdir. Bu, bir göstərici ola bilər. Amma çox kiçik bir göstəricidir. Cəmiyyətin kollektivçilik ruhunu ölçmək üçün, onun mədəniyyətinə, adət-ənənələrinə, folkloruna, şifahi xalq ədəbiyyatına baxmaq lazımdır. Kollektiv idman yarışlarının əksəriyyəti ənənəvi idman yarışlarımızdan fərqli olaraq, bizim üçün yenidir. Məsələn, bizim dədə-babalarımız heç vaxt futbol oynamayıblar, və ya nənələrimiz üçün heç vaxt voleybol yarışları təşkil olunmayıb. Ona görə də bizim genetik yaddaşımızda, təcrübəmizdə bu kimi oyunlar yoxdur və onun nəticəsidir ki, uğur qazanmaq ehtimalımız azalır. İdman növlərinin əksəriyyəti həyatda sağ qalmaq üçün mübarizə aparmağın nəticəsində formalaşıb. Sonradan isə bu, bir mədəniyyətə və əyləncə vasitəsinə çevrilib. Dünyəvi kollektiv oyunların əksəriyyəti sırf əyləncə vasitəsi kimi formalaşıb. Məsələn, 22 nəfərin bir topu qovmasının hansısa bir həyati əhəmiyyəti ola bilməz. Amma, daha dəqiq ox atmağın böyük həyati əhəmiyyəti olub. Çünki ox ata bilməsən, ov əldə etməyəcəksən, ov əldə etməsən, ac qalacaqsan. Bizim cəmiyyət üçün doğma olan bütün idman növlərinin hamısının məhz belə həyati əhəmiyyəti olub».


Şərq xalqlarında daha çox kollektivizm var?


O.Orucun fikrincə, gündəlik məişətlə bağlı adət-ənənələrimizə baxsaq, kifayət qədər kollektiv bir cəmiyyət olduğumuzu görə bilərik: «Həmişə bayramlarda, toy və yas məclislərində analarımız rahatlıqla birlikdə işləməyi, kişilər istənilən vəziyyətdə bir araya yığışmağı bacarıblar. Qobustan abidələrində əl-ələ tutmuş insanların təsvirlərindən tutmuş,  müasir dövrdə toyda yallı oynayan insanlarımıza qədər bu kollektivçilik ruhu hələ də qalır. "Tək əldən səs çıxmaz», "El bir olsa, dağ oynadar yerindən», «Baş-başa verməyincə daş yerindən qalxmaz», «Birlik harada, dirilik orda» və s. kimi atalar sözlərinin müəllifi bu xalqdır. Bu xalq necə individual xalq ola bilər ki?!. Hətta müasir dövrdə belə, ictimai qınaqların mövcudluğu kollektiv ruhunun olmasından xəbər verir. İctimai qınaq doğru istiqamətdədir, ya yox, bu, tamamilə başqa məsələdir. Ancaq biz individualist cəmiyyət olsaq, kiminsə qısa şort geyinməsi, öz istədiyi sərbəst həyatı yaşaması, sərbəst qərarlar verməsi və s. ümumi ictimai qınağa tuş gəlməzdi. İctimai qınaq tələb edir ki, sən də bizim kimi olmalısan, bizim içərimizdə yaşayırsansa, bizim kimi düşünməlisən. Bax bu, kollektivçiliyin göstəricidir».

Müsahibimiz deyir ki, Avropa ölkələrində, Amerika cəmiyyətində, əksinə şərq xalqlarına daha kollektiv ruha sahib bir millət kimi baxırlar: «Ən inkişaf etmiş hesab olunan Avropa cəmiyyətləri individualizmin nəticəsində yaranan depressiyaya düçar olurlar. Bizim kimi cəmiyyətlərdə isə, qohum-əqrəba, qonşu, dost imkan vermir ki, kimsə depressiyaya düşsün. Dərhal onu danışdırmaqla, dərdinə şərik olmaqla, yaxşı və ya pis olmasından asılı olmayaraq, tövsiyələr verməklə, çıxış yolu göstərməklə problemi həll etməyə çalışırlar. İndividualist cəmiyyətlərdə isə heç kimin vecinə deyil, evdəki qardaşı niyə 5 gündür otağından kənara çıxmır». 


Küçədə kollektiv oyunları oynayan uşaqlar görürsünüz?


Psixoloq Gülnarə Əliyeva isə həmkarından fərqli düşünür. Deyir ki, cəmiyyətimizdə Sovet dövründən fərqli olaraq, komanda ruhu yoxdur: «Əvvəllər Sovet dönəmində hər şey kollektiv şəkildə olurdu. İndi isə kapitalizmdir və bu sistemin gətirdiyi ruh budur. Fərdi əmək, fərdi uğur - bunlar isə əslində özü ilə depressiya gətirir. Sevinclər paylaşdıqca çoxalır, acılar paylaşdıqca azalır. Günümüzdə əvvəlki kimi qohumluq, qonşuluq, rəfiqəlik, dostluq əlaqələri yoxdur. Bizim uşaqlığımızda «Bənövşə», «Yaylıq salma», «Gizlən-qaç», «Qazlar», «İp dartma», «Ortada qalma», «Beş daş» və s. kimi kollektiv oyunlar oynayardıq. Bu oyunlarda həm kollektivçilik ruhu vardı, həm də komanda əzmi. Bəs indi küçədə bu oyunları oynayan uşaqlar görürsünüz? Mən görmürəm. Hər şey bax, buradan başlayır. Əgər ailədə uşaq böyüklərin qohumlarına yad olduğunu görürsə, təbii ki, o ruhda böyüyəcək. nəticədə yanlızlaşmış, depressiv insanlar get-gedə çoxalır. Araşdırmalar göstərir ki, uşaq depressiyalarının sayı əvvəlki illərlə müqayisədə qat-qat artıb. Səbəbi bax bu yalnızlıqdır, kollektivçilik ruhunun olmamasıdır. Düzdür, elmin, texnologiyanın inkişafı da buna birbaşa təsir edir. Uşaqlar kompüter qarşısında oyunlar oynayır, böyüklər bütün bayramlarda bir-birlərini internetdə təbrik edirlər. Evdə, qohumluqda bu cür fərdiliyi görən uşaqlar sabah bağçada, məktəbdə də o cür davranışlar sərgiləyir».


«Bizdə empatiya qurmaq hissi yoxdur»


La Brosse şirkətində biznesin inkişafı üzrə menecer, uzun müddət tədris sahəsində çalışan Gülnar Qədirzadə deyir ki, təcrübə fərdi şəkildə hər hansı bir elmi işlə məşğul olmağın, nəyisə öyrənmənin, maariflənmənin daha aşağı nəticələr verdiyini göstərir, nəinki qrup şəklində: "Qrup şəklində olan dərslər, seminarlar daha effektiv olur və insanların komplekslərinin aradan qalxmasına böyük təsiri var. Bizdə isə təəssüf ki, orta məktəblərdə standart dərsliklər üzərindən, tədrisdən vaz keçə bilmirlər, əlavə vörk şoplar, şagirdlərin, tələbələrin dünyagörüşünü artıra biləcək şeylər etmirlər».

G.Qədirzadənin fikrincə, komanda şəklində toplanmaq, kollektiv olmaq üçün mütləq insanları birləşdirən dəyərlər olmalıdır: «Bizdə bu dəyərlər var. Sadəcə, bu dəyərlərə etibarlığımızmı, sədaqətliliyimizmi deyim, çox aşağıdır. O dəyərlər ətrafında birləşə bilmirik. Bu yaxınlarda Türkiyənin «Reina» klubunda baş vermiş partlayışda vəfat edən azərbaycanlı xanımı istər sosial şəbəkələrdə, istərsə də mediada çox kobud şərhlərlə qınadılar ki, xanımın klubda nə işi var? Bu məsələdə insanlar birləşdilər. Müsbət cəbhələrdə birləşə bilməməyimizin səbəbi isə bizdə mərhəmət, empatiya hissinin olmamasıdır. İnsan insanı özünü onun yerinə qoyanda, onunla empatiya quranda başa düşə bilər. Təəssüf ki, bizdə empatiya qurmaq hissi yoxdur».  

G.Qədirzadə düşünür ki, cəmiyyətdə kollektivçilik ruhunu formalaşdırmaq üçün buna uşaq yaşlarından başlamaq lazımdır: «Uşaqları elə mühitdə tərbiyə etmək lazımdır ki, onlar başa düşsünlər ki, onlar bu kainatla bir vahidlik təşkil edirlər. Yəni insan fərd kimi hər şeydən özünü təcrid edərək yaşayıb sosiallaşa, uğur qazana bilməz». 


Messi ilə Ronaldonun fərqi


Sağlam Toplum İctimai Birliyinin sədri Lalə Mehralı kollektivçilik ruhumuzun olmamasını içimizdəki eqoizmlə əlaqələndirir: «Doğrudur, bütün hallarda belə deyil, amma tutaq ki, mənim ağlıma hansısa bir cihazı ixtira etmək gəlibsə o fikrimi həyata keçirmək üçün kimisə dəstəyə çağırmaq istəmirəm, çünki ixtira reallaşanda müəllif kimi ikimizin adı yazılacaq, mənim içimdəki hiss isə buna icazə vermir. Ona görə bütün imkanlarımı, enerjimi səfərbər edərək o ixtiramı tək reallaşdırmaq istəyirəm. 

Kollektiv idman növlərinə gəlincə, bu, həm səbir, həm qrup mədəniyyəti tələb edir, həm də ümumi qələbəni əsas götürmək şərtdir. Amma çox az idmançı var ki, kollektivi üçün öz uğurunu fəda edir. Xarici mətbuatda dünya futbolunun iki ulduzu – Messi və Ronaldo haqqında bir yazı oxumuşdum. Orada deyilirdi ki, Messi ona görə milyonların qəlbini fəth edib ki, kollektivi üçün oynayır, vacib deyil ki, qolu özü vursun, buna imkanı olmayanda komanda yoldaşlarına imkan yaradır ki, qarşı komandanın qapısına qol vursun. Amma Ronaldo haqqında belə yazılmırdı. Müəllif deyirdi ki, Ronaldo qolu özü vurmaq üçün hər şey edir, hətta komandası üçün yaranmış fürsəti belə qaçıra bilər, əgər top onun ayağı ilə rəqib komandanın qapısına girməyəcəksə... Bu xüsusiyyətləri onların komandalarının qələbə sayında da özünü büruzə verir. Kollektivçilik ruhu o vaxt ölür ki, "mən» hər şeydən üstün olur. Bu ruhu yenidən dirçəltmək  üçün «mən» olmaqdan «biz» olmağa keçmək  şərtdir».

L.Mehralının sözlərinə görə, birmənalı olaraq demək olmaz ki, bizdə kollektivçilik ruhu yoxdur: «Biz lazım olanda kollektivimiz üçün maddi-mənəvi dəstək verə bilirik. Çox olub ki, hansısa kollektivdə işləyən bir işçi ağır xəstəlikdən əziyyət çəkib, onun iş yoldaşlarının maddi dəstəyi sayəsində xaricdə əməliyyat olunub sağalıb. Bu da kollektiv ruhudur, birlikdəlik, birlikdir. Məşhur bir misal var, "birimiz hamımız, hamımız birimiz üçün». Bu  xalq lazım gələndə  milyonları bir araya yığıb meydanlarda toplaşıb, lazım gələndə kollektiv halda könüllü olaraq cəbhəyə gedib. Yəni, istəyəndə bir yumruq ola bilirik». 


«Komanda ruhunun formalaşması məktəbdən başlayır»


Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin direktoru Əhəd Kazımov Amerikada İndiana Universitetində təhsil alıb. Buna görə də sözügedən cəmiyyəti yaxından tanıyır. Deyir ki, Amerikaya gedənə qədər amerikanların individualist olduğunu düşünürmüş: «Hesab edirdim ki, bizdə daha çox kollektivçilik var. Amma orada yaşadığım müddətdə bunun tam əksini gördüm. Əgər hansısa qonşunun problemi varsa, bunu digər qonşularla paylaşır, problemdən çıxış yolunu birlikdə axtarırlar. Bizdə isə etiraf edək ki, fərqlidir. Hamı bir binada yaşayır, hərə öz mərtəbəsini super təmir etdirir, amma başqa mərtəbədən yolu düşəndə oraya zibil də atır, tüpürür də. Yaxud bizdə qonşuların bir araya gəlib hansısa qonşunun problemini həll etməsi yuxu kimi gələr. Bizdə heç kim başa düşmək istəmir ki, qonşuda problem varsa, sabahısı onun da başına gələ bilər».

Ə.Kazımovun fikrincə, kollektivçilik ruhunun formalaşması məktəbdən başlayır: «Çünki artıq məktəbdə oxuyarkən uşaqlar qrup şəklində hansısa işlər görürlər və bununla da onlarda kollektiv şəkildə işləmək vərdişi  formalaşır. Artıq uşaqlar kiçik yaşlarından başa düşürlər ki, təkbaşına uğur qazanmaları çətin olar, mütləq kollektivlə işləməli, problemin həllini bir neçə nəfərlə bölüşüb düzgün qərar verə bilərlər. Sizə başqa bir misal çəkim. İnternetdə Yaponiyada bir məktəbdə 10 yaşlı uşaqların gimnastika dərsini çəkiblər. 30 uşağın hamısı bir-bir idman qurğusunun üzərindən hoppanmalı idi. Uşaqlardan biri nə qədər cəhd etsə də, tullana bilmirdi və 20 dəqiqə 30 uşaq səbirlə sinif yoldaşlarının nə zaman tullanacağını gözləyirdi. Nəhayət 20 dəqiqədən sonra həmin uşağın cəhdi alındı və bütün uşaqlar onu qucaqlayıb təbrik etdilər. sizcə, bizim orta məktəblərdə uşaqlar yoldaşlarının 20 dəqiqə yox, beşcə dəqiqə gözləyərdimi?»

Müsahibimiz uşaqlıqdan uşaqlarda kollektivçilik ruhunun inkişaf etdirilməsini vacib sayır: «Uşaqlara paylaşmağı öyrətmək lazımdır. İki konfeti varsa, birini dostuna, iki paltarı varsa o birini dostuna verməyi öyrətməliyik. Bizdə əfsus ki, paylaşmaq, kollektiv iş görmək  mədəniyyəti sıfırdır. Bu isə bizi uçuruma aparır. Məhz buna görə cəmiyyətdə intihar halları, kriminal hadisələr çoxalır».