vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SOSİAL  
19:07 | 10 fevral 2017 | Cümə Məqaləyə 3376 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dollar ucuzlaşır, qiymətlər düşmür

Manat istəyir qalxsın, istəyir ensin, qiymətlər ancaq qalxır

Rauf KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər ərzində manatın başgicəlləndirən sıçrayışlarını izləyən Bakı əhalisi milli valyutanın möhkəmlənməsinə alışmağa başlayıb. Bununla bərabər, çox məntiqi olaraq, qiymətlərin də aşağı düşməsi gözlənilirdi. Axı dollar və avro ilə alınan xarici məhsulların maya dəyəri də aşağı düşür.

Virtualaz.org-un müxbirləri Bakı mağazalarını gəzərək, qiymətlərlə maraqlanıblar və bəzi supermarketlərin rəhbərliyinə suallarla müraciət ediblər. Bəri başdan deyək ki, «Neptun», «Araz», «Megamart» və s. marketlərin nümayəndələrinin cavabları mağazalardakı qiymətlərlə heç də üst-üstə düşməyib.

Əməkdaşlarımızın suallarına cavab verən marketoloqlar bildirdilər ki, hələlik xarici məhsulların qiymətləri aşağı enməyib. Onların sözlərinə görə, qiymət siyasətini supermarketlər deyil, xarici məhsulların təchizatçıları müəyyənləşdirirlər. Hələliksə, bunlardan heç biri öz məhsullarının qiymətlərini aşağı salmaq barədə düşünmür.

Qeyd edək ki, 2016-cı ilin əvvəlindən bu ilin əvvəlinə kimi dolların məzənnəsinin artması ilə yanaşı, supermarketlərdə qiymətlər də 40-45 faiz yüksəlib. Bu, dolların bahalaşması ilə izah olunurdu. Yerli istehsalçılar xarici valyuta ilə xammal alır, topdan satıcılar isə mal və məhsulları valyuta ilə əldə edir. Amma nədənsə, bu amil xarici valyutaların ucuzlaşdığı vaxt işləmir və bəlkə heç işləmədi də.

Hələlik bazarın bütün iştirakçıları dolların bahalaşmasını gözləyir və ucuz qiymətə xammal və məhsul almaqla məşğuldurlar. Əlavə gəlir dolların endiyi səviyyədə - 15-20 faiz təşkil edə bilər.

Yeri gəlmişkən, heç bir mağazanın heç bir marketoloqu ölkədə rəsmi distributoru olmayan xarici şirkətlərin məhsullarının təchizatı ilə məşğul olan firmaların adlarını açıqlamaq istəmədi. Elə təəssürat yaranır ki, supermarketlər arasında bunların adlarının gizli saxlanması ilə bağlı bir korporativ sövdələşmə var. Yerli istehsalçılarla hər şey aydındır: bunlar «Azərsun», «Bəyoğlu» və s. şirkətlərdir ki, məhsulları üçün tərkib hissələrini xaricdən gətirirlər.

Bir şey gün kimi aydındır: əgər yaxın günlərdə qiymətlər aşağı düşməsə, deməli, idxalçılar dolların bahalaşmasını gözləyirlər ki, əlavə gəlir əldə etsinlər.

İndiki vəziyyətə gəlincə, bu bəzən absurd səviyyəsinə çatır. Məsələn, 0,1 faiz yağlılığı olan «Milla» südünün 1 litrinin qiyməti iki gün əvvəl «Buta» mağazasında 1 manat 19 qəpik idi. Dünən isə həmin südün qiyməti bahalaşaraq 1 manat 30 qəpik olub.

Siqaretlərlə bağlı vəziyyət daha müəmmalıdır. Dolların ucuzlaşmasına qədər 1 manat 90 qəpiyə satılan «Rothmans» siqaretləri hazırda supermarketlərdə 2 manata, daha xırda dükanlarda 2 manat 20 qəpiyə, köşklərdə isə 2 manat 30 qəpiyə satılır. Köşk satıcıları bildirirlər ki, son günlər onlara siqaret gətirilmir və məcburən özləri supermarketlərdən alıb daimi alıcılarına xidmət edirlər.

Bir sözlə, hər şey həmişə olduğu kimidir. Manat istəyir qalxsın, istəyir ensin, qiymətlər ancaq qalxır. O ki qaldı bunun əsaslandırılmasına, ona da bir bəhanə tapılar.