vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
HƏYATIN DİBİ  
10:19 | 12 iyul 2012 | Cümə axşamı Məqaləyə 3444 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mənim valideynlərim bu küçə, bu skamyadir»

15 yaşlı bomj Emin: «Bu «mama uşaqları»nın çoxundan yaxşı uşaq olardım»

Sevinc TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

“Burda bir bomj tapmışam, tez gəlin, Sevinc xanım”. Gənc reportyor Elmin Bədəlovdan gələn telefon zənginə inansaq, "8-ci kilometr" bazarının yanında həyatdan, yaşayışından, insanlardan, bir sözlə, hamıdan və hər şeydən bezmiş səfil bir vətəndaşımız oturubmuş.

Biz də redaksiyanın növbəti layihəsi üçün onunla görüşüb bir yemək yeməli, həyatla, gələcəklə bağlı planlarından danışmalıydıq. “Bomj” deyib keçməyin və düşünməyin ki, indi hər tində onun kimiləri tapmaq olur. Düzdü, hamımız zaman-zaman şəhərin bu və ya digər tinlərində “bomj”larla qarşılaşmışıq. Amma birincisi və önəmlisi, bunların əksəriyyəti danışacaq, birgə oturacaq durumda deyillər. Aqressiv, həyatdan küsmüş, çox vaxt isə ümumiyyətlə, danışmaq qabiliyyəti olmayan.
Lakin layihə layihədir... Həyatın dibi adlandırdığımız bu kəsimin bir gününü birgə yaşayaq, dedik. Nə düşünürlər, nə yeyib nə içirlər, bir günləri neçə keçir? Arzuları, xəyalları, qorxuları... Ax, Elmin, Elmin... "8-ci kilometr bazarı"nın qarşısında, vədələşdiyimiz yerdə görüşəndə məlum olur ki, gənc reportyorun “bomj”larla bağlı anlayışı, mədəni desək, zəifdir. Çünki onun “bomj” deyib, peşinə düşdüyü şəxs yaşıl rəngdə, bir az köhnə kostyum-şalvarda yolun kənarında oturmuşdu. “Bomj”a qətiyyən bənzəmirdi. Hətta biz onu uzaqdan müşahidə etdiyimiz dəqiqələrdə (bəlkə həqiqətən “bomj”dur şübhəsini öldürmək üçün - S.T.) ədəb-ərkanla durub özünə qarpız-yemiş də aldı. Və... axtarışları davam etdirməyə məcbur olduq.
Yazar dili yüyrək olar, düz iki gün, hərəsi 4 saat olmaqla şəhərin müxtəlif bölgələrində “bomj” aradıq. Türkün sözü, Bakı qazan, biz çömçə, axtar ki, axtarasan. Parklarda ağac dibi, zibil yeşiklərinin yanı, binadakı zirzəmilər. “Bomj” gördüm deyən olmadı. Məlum oldu ki, “Eurovision” müsabiqəsi öncəsi çoxlarını şəhərdən qovub çıxarıblar. O gedən, bir daha qayıtmayıblar. Hətta "8-ci kilometr bazarı" yaxınlığında satıcıların da çox yaxşı tanıdığı bir neçə “bomj” yoxa çıxmışdı. Onları tapıb nahar, təmiz qiyafə.. təklif edəcəyimizi eşidən satıcılar hətta buna görə bizi qınadılar da. Arif adlı meyvə-tərəvəz satıcısı dedi ki, “onlara pul verməyin nə xeyri var? Bir gün yeyəcəklər, səhəri gün yenə bizi burda bezdirəcəklər. O ki belə çox yardım etmək istəyirsiz, elə biz də onların günündəyik də. Qoy yıxılım yerə, bir az da özümü sürtüm toz-torpağa, olaram ”bomj". İnanın ki, burdakıların çoxu elə o həyatı yaşayır".
“28 May”, habelə “Nizami” metro stansiyaları həndəvərində tapdığımız bir-iki “bomj” isə nəinki nahar edəcək, heç danışacaq durumda deyildi. Bir tərəfdən qızmar isti, o biri tərəfdən aclıq, halsızlıq onları elə əldən salmışdı ki, yerlərindən bir millimetr də olsa, tərpənmək fikirləri yox idi. Hətta bəzilərinin normadan artıq aqressiyası aralı dayanmağa vadar edirdi adamı. Ətrafdakı insanların dediyinə görə, “bomj”ların sevimli fəsli payız-yazdır. Yayda çox isti, qışda isə soyuq onları əldən salır. Hər iki fəsildə amansız temperatura qarşı mübarizə aparmaq çətinləşir.
Amma israrlı axtarışlardan sonra nəhayət, Bakı Apelyasiya Məhkəməsi yaxınlığında, necə deyərlər, əsl “bomj” olan birini tapırıq. Fotolardan da gördüyünüz kimi, rəsmi idarənin qapısı yaxınlığında özünə yer edib. Biz gedəndə balaca bir ocaq düzəldib, köhnə çaydanını qızdırmağa çalışırdı. Salam-kalamdan, təqdimatdan sonra birgə nahar təklif edirik, təəccüblənir: “Məni heç vaxt bu üst-başla kafeyə buraxmazlar. Gedin çörəyinizi yeyin. Ya da bu formada ora getsəm, hamı mənə lağ edəcək. Lazım deyil, mən də heç kimdən pis oğlan olmamışam, heç indi də deyiləm”.
Amma o, öz naharını hazırladı. Quru çörək, çaydan başqa nəyə desən bənzəyən maye və çirkli qənd qırıqları. Məlum oldu ki, həyat hekayəsi də özü qədər qəribədir. Alim olub (!), əsərlərini oğurlayıblar, elmi dərəcəsini əlindən alıblar və beləcə küçələrə düşüb. Bəs sonra? Bunu sorduqda aqressivləşir: “Özümə söz vermişəm, yaxın 5 gün boyunca danışmayacam”.
“Çay”ını təzələmək üçün yenidən ocaq qalayır, ətrafı tüstü bürüyür. Mədəni şəkildə bizdən uzaqlaşmağımızı rica edir. Deyir, elə bu idarənin qapısı yanında özünə ayırdığı künc onun sonuncu sığınacağıdır: “Polis görsə ki, siz də bura gəlmisiz, məni yenə qovacaqlar. Gəlin bir-birimizi incitməyək”.
Etiraz və rədd cavabındakı mədəniliyin dərəcəsi adamı utandırır az qala. Hətta dilxor olduğumuzu görüb maraqlı bir təklif də verir: “Demirsiz ki, yazaram? Təxəyyülünüz varsa, burdan da nəsə yazacaqsız. Yoxdusa, mən dastan da danışsam, sizə heç bir xeyri yoxdur”...

“Mənə ata-ana verə, Ağdamdakı evimi qaytara bilərsiniz?”

Dəmir məntiq və “təxəyyül söhbəti”ndən sonra isə keçmiş alim, hazırkı “bomj”dan sürətlə uzaqlaşırıq. Bizdən içki, siqaret, pul, yemək istəməyən, mədəni şəkildə “bir-birimizi incitməməmizi” rica edən “bomj”ların varlığından duyduğumuz təəccüb hissi ilə üz tuturuq mərkəzə. Fəvvarələr meydanı yaxınlığında, skamyalardan birində uzanmış, fotolarda gördüyünüz bu balaca oğlan isə artıq “bomj”luğun bir addımlığındadır. Uzun müddət şəhərin "Memar Əcəmi" metrosu həndəvərindəki bina zirzəmilərində yaşayıb. İndi köçünü salıb bura. Adi Emindir, 15 yaşı var, dediyinə inansaq, gözünü açandan küçələrdədir. Ata-anasını Ağdamda itirib, nə bir qohumu, nə də tanışı var. Yeşilcam filmlərinin qəhrəmanları kimi, deyir ki, küçələr, bir də üstündə yatdığı skamyalardır qohumları: “Mənə ancaq onlar yer verir. İllərdir, rahat yorğan-döşək üzü görmürəm. Heç bilmirəm, adamın ata-anası necə olur, adama necə baxır. Hərdən burda görürəm, analar uşaqlarının üstünə qışqırırlar ki, qaçma, yıxılarsan, ya da qaçma, tərləyərsən. Yadıma gəlmir ki, kimsə mənim qayğıma belə qalsın”.
“Ən böyük arzun nədir?” soruşuruq. Yenə eyni üz ifadəsi ilə deyir ki, onun arzusunu biz yerinə yetirə bilmərik: “Ata-ana verə bilərsiz mənə? Ağdamdakı evimi qaytara bilərsiz? Bu ”mama uşaqları"nın çoxundan yaxşı uşaq olardım mən. Nolsun məktəbə getmirəm, amma gətirin 11-ci sinif proqramından sual verin, cavablaram".

Emin sifariş verir: “Dönər, ağ salat, kartof. Çoxdandır belə yemək yeməmişəm...”

Günorta saat 2-ni göstərir. Yandakı bahalı restoranları göstərib, “gedək nahar edək” deyirik, etiraz edir. Deyir, orda yaxşı yemək vermirlər: “Üç dənə göyərtinin üstünə bir xiyarla pomidor qoyurlar, deyirlər, salatdır, yeyin. (gülür) Axırda da 50-60 manatlıq ”şot" ödəyirsən".
Emindən bunu hardan bildiyini soruşuram. Deyir, hər gün buralarda elə mənzərələri çox görüb. Onun seçdiyi, nə çox kasıb, nə də çox dəbdəbəli olan kafelərdən birinə yollanırıq. Sifarişini ucadan deyir: “Sac dönər, kartoşka qızartması, ağ salat (paytaxt salatını nəzərdə tutur - S.T.), bir də ”Fanta". Çox keçmədən masa Eminin sifarişləri ilə bəzənir. Deyir, çoxdandı, belə nahar süfrəsi görməyib: “Gündə bir dəfə yemək mənim bəsimdi. Bir də görürsən, bir gün çox möhkəm nahar edəndə səhəri gün heç nə yemək istəmir adam”.
Nahar bitir, amma Eminin boşqabında və masanın üstündə xeyli yemək qalır. Təklif edir ki, ofisiant onu qablaşdırsın: “Axşam acanda yeyərəm də. Nolar?”
Eminin xoşbəxt günü bununla bitmir. Sonra bizi özünün tanıdığı bir əyləncə mərkəzinə aparıb, Play Station oynayır doyunca. Bir neçə saatlıq əyləncədən sonra balaca Eminin az qala rəngi də ağarır sevincdən. Bir az cib xərcliyi istəyir, susuzladığını deyir, oyun üçün əlavə pul istəyir. Bunları da edəndən sonra bizə onunla sağollaşmaq qalır.
Sonda... İddia etmirik ki, böyük bir xeyir iş gördük. Bəlkə də Emin ona verdiyimiz cib xərcliyini bir neçə dəqiqədə xərcləyib, yenidən öz səfil, Qavroş həyatına qayıdacaq. Amma hərə bir bomja bircə gün kömək etsə..., mənzərə bu qədər acınacaqlı olmaz, deyilmi?