Yanvarın 7-də Müsavat Partiyası Milli Şuradan çıxmaqla bağlı bəyanat yayıb. Bəyanatda Müsavatın MŞ-dən çıxması belə əsaslandırılır: «2013-cü ilin prezident seçkiləri ərəfəsində ölkənin real müxalifət qüvvələrinin önəmli bir qisminin seçkilərdə iştirak etməmək mövqeyinin üstünlük təşkil etdiyi, seçkiqabağı demokratik mühit yaradılmadan seçkilərdə iştirakın məqsədəuyğun olmadığı barədə geniş siyasi kampaniyanın aparıldığı bir dövrdə Müsavat Partiyası seçkilərin boykot edilməsi taktikasının müxalifətin maraqlarına uyğun olmadığını, seçkilərin boykot ediləcəyi təqdirdə, 2008-ci il prezident seçkilərində olduğu kimi, demokratik düşərgənin faktiki olaraq siyasi prosesdən kənarda qalacağını bəyan edərək, bütün siyasətini müxalifət qüvvələrinin seçkilərdə iştirakını təmin etmək istiqamətinə yönəltdi.
Müsavat Azərbaycan cəmiyyətində populyar olan və görkəmli kinorejissor Rüstəm İbrahimbəyov tərəfindən irəli sürülmüş Milli Şura yaradılması ideyasına dərhal dəstək verdi, bu ideyaya müxalifətin seçkilərdə iştirakını təmin etmək üçün bir istinad nöqtəsi kimi yanaşaraq, Milli Şuranın yaradılmasında və sonrakı fəaliyyətində mühüm rol oynadı.
Müsavat Milli Şuranın strukturları formalaşarkən heç bir iddia irəli sürməyərək, hətta siyasi qüvvələrin bu qurumda öz güclərinə adekvat olmayaraq təmsilçiliyinə razılıq verdi, Milli Şuranın—demokratik düşərgənin seçkilərdə vahid namizədlə iştirakı təmin edildikdən sonra, Müsavat Partiyası Məclisi tərəfindən prezidentliyə namizədliyi ilin əvvəlində irəli sürülmüş İsa Qəmbərin namizədliyindən imtina etdi, Milli Şuradan asılı olmayan səbəblərdən Rüstəm İbrahimbəyovun seçkilərdə iştirak edə bilməyəcəyi aydın olduqdan sonra Milli Şurada təmsil olunan bir sıra siyasi qüvvələrin ciddi müqavimətinə və pozucu fəaliyyətinə baxmayaraq, tarix elmləri doktoru, professor Cəmil Həsənlinin prezidentliyə namizəd kimi irəli sürülməsi və dəstəklənməsi nəticəsində müxalifət qüvvələrinin seçkilərdə iştirak etmək imkanının təmin olunması Müsavat Partiyasının birmənalı və təkidli mövqeyi nəticəsində mümkün oldu.
Seçki kampaniyası dövründə professor Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsi, onun təbliğat və təşviqat kampaniyasının aparılması, seçki günü və seçkisonrası günlərdə Müsavat Partiyası bütün resurslarını səfərbər edərək, bütövlükdə seçki kampaniyasının təşkilində həlledici rol oynadı.
Beləliklə, demokratik düşərgənin toparlanması və müxalifətin seçkilərdə fəal iştirakı nəticəsində beynəlxalq təşkilatların obyektiv rəy verməsi 2013-cü ildə müxalifətin uğuru kimi qəbul edildi.
Bütün bunlara baxmayaraq, 09 oktyabr 2013-cü il prezident seçkiləri nəticəsində Azərbaycanda hakimiyyətin azad və ədalətli seçki yolu ilə dəyişdirilməsi mümkün olmadı. Cəmiyyətdə populyar olan vahid namizəd ideyasının baş tutması belə, seçicilərin seçki prosesində fəallığını artırmadı. Seçki günü seçicilərin seçkilərdə iştirak faizi əvvəlki seçkilərdə olduğundan daha artıq olmadı, əksinə, bəzi seçkilərdəkindən daha az oldu. Gözləntilərə rəğmən cəmiyyətin siyasi partiyalarda təmsil olunmayan hissəsinin siyasi prosesə kütləvi qoşulması halı baş vermədi. Ziyalıların seçki prosesində iştirak faizi, kütləvi aksiyalarda iştirak edənlərin sayı və digər amillər göstərdi ki, sadəcə demokratik qüvvələrin bir araya gəlməsi və vahid namizədin müəyyənləşməsi cəmiyyətdə köklü siyasi dəyişikliklərə nail olmaq üçün yetərli deyil, bunun üçün yeni üsullar və metodlar, fərqli mübarizə taktikasının seçilməsi zəruridir».
Bəyanatda daha sonra deyilir: «Müsavat bunu nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən real siyasi qüvvələrlə müttəfiqlik və əməkdaşlıq müqavilələri bağlamaq, onlarla birgə yeni siyasi şəraitə uyğun olaraq həm Milli Şura daxilində, həm Milli Şuradan kənarda funksional əməkdaşlığın səmərəli yollarını birgə müzakirə etmək təklifini irəli sürdü. Müsavatın bu xoşməramlı təklifinə bəzi siyasi qüvvələrin adekvat olmayan reaksiyası, müttəfiqlik münasibətlərinin qurulmasından imtina edilməsi, əksinə, müttəfiqlik təklif etdiyimiz bəzi qüvvələr tərəfindən Müsavata qarşı böhtan və təhqir kampaniyasına start verilməsi partiya strukturlarında böyük təəssüf və narahatçılıqla qarşılanıb.
Müsavat Partiyasının Divanı yuxarıda qeyd olunanları nəzərə alaraq, prezident seçkiləri ilində və prezident seçkiləri ilə əlaqədar yaradılan Milli Şuranın bundan sonrakı fəaliyyətində Müsavat Partiyası üzvlərinin iştirakını məqsədəuyğun saymır. Müsavat Milli Şurada fəaliyyət göstərən qüvvələrə uğurlar arzulayır və onlarla həm ikitərəfli, həm çoxtərəfli funksional əməkdaşlığa hazır olduğunu bəyan edir».
***
Eldar Namazov: «2013-cü ilin may ayında yaratdığımız Milli Şura artıq yoxdur; bunu etiraf etmək lazımdır»
Müsavatın bu qərarı MŞ daxilində şok effekti yaradıb. Qərara müxtəlif cür rəylər verilib.
EL hərəkatının sədri Eldar Namazov «Yeni Müsavat»a açıqlamasında Müsavatın Milli Şuranı tərk etməsindən təəssüfləndiyini bildirdi: «Son vaxtlar hiss olunurdu ki, Müsavat tərəfindən belə bir qərar qəbul oluna bilər. 2013-cü ilin may ayında yaratdığımız Milli Şura artıq yoxdur. Bunu etiraf etmək lazımdır. Bu fikrimin kökündə o dayanıb ki, Milli Şura təkcə bir ad deyil. Bu, bir yanaşmadır, fəlsəfədir, formatdır. Milli Şura yarananda fəlsəfəsi bundan ibarət idi ki, burada böyük və kiçik qurumlar yoxdur, burda hamı bərabərhüquqludur, qərarların qəbul olunmasında kollegiallıq olmalıdır. O vaxtdan bəri çoxlu proseslər baş verdi, formatda da dəyişikliklər baş verib. Lalə Şövkət, Rəsul Quliyev Milli Şuranı tərk elədi, Rüstəm İbrahimbəyov sədrlikdən və fəxri sədrlikdən gedib, Müsavat məlum qərarını verib. Müxalifəti həmişə parçalayan «cin»i butulkanın içinə salıb ağzın bağlamışdıq. Təəssüf ki, son aylarda cini buraxıb müxalifətin canına saldılar. Bütün bunları nəzərə alıb qeyd edirəm ki, may ayında yaradılan Milli Şura artıq yoxdur. Köhnə adla yeni bir quruma transformasiya prosesi gedir. Bu da hamı üçün məqbul ola da bilər, olmaya da bilər. Hər şey danışıqların gedişindən asılıdır».
Mirmahmud Mirəlioğlu: «Milli Şuranın bitməsi təkcə Müsavatın verdiyi qərarla bağlı deyil»
Milli Şuranın digər üzvü, KXCP sədri Mirmahmud Mirəlioğlu isə Milli Şuranın bitdiyini deyib. AzNews.az-a açıqlamasında M.Mirəlioğlu bildirib ki, Milli Şuranın bitməsi təkcə Müsavatın verdiyi qərarla bağlı deyil, buna qədər olanlara qədər də bu nəticəyə gəlmək olar. Çünki buna qədər də Milli Şuranı tərk edənlər olub.
«KXCP-nin Milli Şurada qalıb-qalmamaq məsələsi müzakirə oluna bilərmi» sualını cavablandıran M.Mirəloğlu qeyd edib ki, Milli Şuradakı yeni vəziyyət dəyərləndirilməlidir.
AXCP-dən isə Müsavatın Milli Şuradan çıxmaq qərarına ağır ittihamla münasibət bildirilib.
Fuad Qəhrəmanlı: «Görünür, Müsavata 2015-ci il parlament seçkiləri ilə bağlı hakimiyyətdən hansısa vədlər verilib...»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya deyib ki, belə görünür, Müsavata 2015-ci il parlament seçkiləri ilə bağlı hakimiyyət tərəfindən hansısa vədlər verilib və bu vədlərin qarşılığı olaraq, onlara Milli Şuradan ayrılmaq şərti qoyulub. Müsavat Partiyası da bu şərti yerinə yetirməklə məşğuldur: «Əgər belə deyilsə, buyurub açıqlasınlar ki, hansı əsasa görə Milli Şuranı tərk etdilər? Necə oldu ki, indiyədək Rüstəm İbrahimbəyovun fəxri sədrliyini əsas gətirib, buna görə Milli Şuradan ayrılacaqlarını bəyan edirdilər, Rüstəm İbrahimbəyov fəxri sədrlikdən getdikdən sonra da eyni qərarı verirlər. Deməli, bütün bunlar bəhanə idi və məqsəd hakimiyyətlə separat danışıqlara gedib, hansısa xüsusi korporativ maraqları təmin etmək müqabilində müxalifətin ən böyük birliyini dağıtmaq olub».
F.Qəhrəmanlı bildirib ki, Müsavat Partiyasının qərarı təəssüf doğurur. Onun sözlərinə görə, Müsavatın Milli Şuradan ayrılmaq qərarı onu göstərir ki, partiyanın indiyə qədər söylədikləri məhz bəhanə olaraq ortaya atılmış iddialar olub.
Müsavat Divanının üzvü Tural Abbaslı isə musavat.com-a bildirib ki, F.Qəhrəmanlının Müsavata yönəlik ittihamlarının hamısı boş və mənasız söz yığını, qarayaxmadır: «Azərbaycanda ağlı başında olan, siyasət səhnəsində cərəyan edən hadisələrdən xəbərdar hər kəs çox gözəl bilir ki, Müsavat heç vaxt hakimiyyətlə separat danışıqlarda, mandat alverində iştirak etməyib və bundan sonra da heç vaxt iştirak etməyəcək. Mən onlardan soruşmaq istəyirəm ki, əgər Müsavat hakimiyyətlə nə vaxtsa separat danışıqlar aparıbsa, onda indiyə qədər niyə Müsavatın başqanı İsa Qəmbər heç olmasa bir dəfə də olsa, parlamentə seçilənlərin sırasına düşə bilməyib? Azərbaycanda hansı partiyaların sədrlərinin vaxtaşırı hakimiyyətdən deputat mandatı ala bildiyinə diqqət yetirdikdə hər şey aydın olur. Mən Müsavata qarşı bu cür səviyyəsiz açıqlamanı AXCP-nin adına yaraşdırmadım. Yalnız onu deyə bilərəm ki, ayıb olsun. Çox təəssüf edirəm ki, AXCP-nin rəhbərliyində Fuad Qəhrəmanlı kimi adamlar təmsil olunurlar».
Müsavatdan cavab: «Fuad Qəhrəmanlı mandat alverini Azərbaycan bazarına ilk çıxaranın kimliyini bilmirsə, öyrənsin»
Müsavat başqanının müavini Mehman Cavadoğlu da F.Qəhrəmanlının Müsavata əsassız ittihamlar irəli sürdüyünü deyib. M.Cavadoğlu «Qafqazinfo»ya açıqlamasında bildirib ki, Müsavat heç vaxt hakimiyyətlə əməkdaşlıqda iştirak etməyib. Bundan sonra da iştirak etməyəcək: «İstərdim ki, insanlar fikirlərini ifadə edərkən diqqətli olsunlar».
Müsavat Məclisinin üzvü Novella Cəfəroğlu isə bildirib ki, Müsavat AXCP ilə münasibəti pozmamaq, müttəfiq kimi qalmaq üçün bu addımı atdı: «Çox istəyərdim ki, Müsavatla AXCP birləşib bir partiya olsun. Amma AXCP-nin Müsavata qarşı facebook-da təhqirlərinə baxın. Bu hər bir müsavatçıya pis təsir edir. AXCP ilə partiyamızın müttəfiqliyi qalır, sadəcə olaraq, Milli Şuradan çıxırıq. Sosial şəbəkələrə baxın, mənim haqqımda da AXCP-dən təhqirlər yağdırırlar. Bir ideyaya xidmət edib, bir yolu gedən insanlar bir-birinə belə sözləri necə deyə bilər? Biz belə təhqirlərlə bir çatı altında qala bilmərik».
Müsavat Divanının üzvü İkram İsrafil də facebook səhifəsində AXCP sədrinin müavini F.Qəhrəmanlının ittihamlarına cavab verib: «Fuad Qəhrəmanlıya xəbərdarlıq edirəm ki, onun yaşı çatmayan vaxtlar partiyasında nələr olub - keçdiklərini bir öyrənsin, sonra danışsın. Bəlkə mandat alverini Azərbaycan bazarına ilk çıxaranın kimliyini bilmir, bilmirsə öyrənsin. Yox, bilir də özünü bilməmiş kimi göstərmək istəyirsə, onda adama deyərlər, saxla, səndən siyasətçi yox, heç cəbhəçi də olmaz».
AXCP sədrinin müavini Nurəddin Məmmədli isə moderator.az-a açıqlamasında bildirib ki, AXCP bu gün Müsavatla əməkdaşlığını davam etdirmək istəyir: «Biz hesab edirik ki, sonda bizim Müsavatla əməkdaşlığımız haqda qərar qəbul olunacaq».
Milli Şuranın sədri Cəmil Həsənli Milli Şurada yaranmış vəziyyətlə əlaqədar quruma daxil olan təşkilatların rəhbərləri ilə dünəndən təkbətək görüşlər keçirməyə başlayıb. Bu barədə Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bildirib. S.Əkbər qeyd edib ki, Müsavatın MŞ-dən çıxması ilə əlaqədar qurumda siyasi böhran yaranıb və bunun həlli istiqamətində danışıqlar başlanılıb. S. Əkbər Cəmil Həsənli ilə görüşdüyünü də bildirib. Onun sözlərinə görə, görüşdə MŞ-də yaranmış vəziyyət və ondan çıxış yolları müzakirə olunub.
C. Həsənli dünən EL hərəkatının sədri, Milli Şuranın üzvü Eldar Namazovla da görüşüb.
C.Həsənli Azvision.az-a açıqlamasında Müsavata uğurlar arzuladığını bildirib:
«Mən Müsavat Partiyasına uğurlar arzulayıram. Milli Şura toplanacaq, müzakirə edəcək və Müsavatın qurumu tərk etməyinə münasibətini bildirəcək».
Yekunda qeyd edək ki, əslində Müsavat Partiyasının Milli Şuradan çıxması daha məntiqli addımdır. Bu model hakimiyyətə gəlmək və ya ona qarşı ümumxalq mübarizəsini təşkil etmək baxımından özünü doğrultmadı. Həm də burada Müsavata qarşı açıq düşmənçilik edən ikinci bir güc - AXCP bərqərar olub. Milli Şuranın yeni sədri Cəmil Həsənlinin isə Əli Kərimlinin və AXCP-nin aşkar təsiri altına düşməsi qurumun perspektivlərini onsuz da sıfıra endirmişdi...