vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
RƏY, REPLİKA  
11:04 | 19 iyun 2022 | Bazar Məqaləyə 17806 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Proporsional seçki sistemi niyə vacibdir?

Xaotik dünyada ölkəmizin çağırışlara, təhlükələrə cavab verməsi üçün bu olmazsa-olmazdır...

Natiq CƏFƏRLİ

Demokratik institutları, seçki ənənələri zəif olan ölkələrdə majoritar seçki sisteminin bir çox təhlükələri, hətta riyazi qüsurları var. Majoritar (bu gün bizdə olan seçki sistemi) seçkilər obyektiv olaraq siyasi partiyaların inkişafına, onların ideoloji platformaya oturmasına mane olur.

İnstitutsional olaraq zəif, ideoloji olaraq formalaşmayan ölkələrdə, həmçinin bizdə, majoritar qaydada hətta demokratik seçki keçirsən bunun ciddi təhlükələri ola bilər. Demokratiyanın yan təsirlərini, toksikliyini həmən görə bilərik, ola bilər ki, Bakıda rəqabətli mühitdə platformalar və ideyalar yarışsın, amma regionlarda demokratik majoritar sistem klanların, pulluların mübarizəsinə, xarici dövlətlərin müdaxiləsinə səbəb ola bilər. Regionlarda “ağsaqqalar” kimə işarə etsə nəsilliklə ona səs verəcəklər, xarici ölkələr şəxslərə (bir daha: Majoritar sistemdə şəxsə səs verirsən və bizim kimi ideoloji, demokratik ənənələri olmayan məmləkətdən söhbət gedir) maliyyə yardımı etməklə onların Parlamentə seçilməsinə nail ola bilərlər.

Majoritar sistemin riyazi qüsurları da var – sadə bir misal: Hansısa N saylı dairədə 40 min seçici var, həmin dairədən, tutalım, 10 namizəd qeydə alınır. Seçkilərə, deyək ki, 50 faiz seçici gəlir, bu da 20000 seçici deməkdir, majoritar qaydanın alqoritminə görə sadə səs çoxluğu qazanan namizəd qalib olur. Riyazi qüsur odur ki, tutalım, həmin N saylı dairədə 1-ci yeri tutub qalib olan namizəd 3000 min səs yığır, 2-ci yeri tutan namizəd 2800, 3-cü yeri tutan 2500, 4-cü yeri tutan 1700, 5-ci yeri tutan 1600, növbəti yerləri tutan namizədlər isə 100 səslə 1500 səs arasında toplayırlar. Nəticədə həmin N saylı dairədə yaşayan 40000 seçicini Parlamentdə 3000 səs yığan qalib təmsil edir, seçkilərə gələn 20000 vətəndaşın 3000 səsini alır, gələnlərin 17000 səsi isə zibil qutusuna gedir – Ölkə üzrə bunu proyeksiya etsək majoritar sistemdə seçkilərə gələn vətəndaşların, ən yaxşı halda 30 faiz səsini alan namizədlər Parlamentə düşür, yerdə qalan 70 faiz səs isə zibil qutusuna gedir. Bu anormal təmsilçilik şəraiti yaradır, majoritar sistemin qüsurunu əyani göstərir. 

Proporsional sistemdə isə seçicilər siyasi partiyalara səs verirlər, əgər, məsələn, seçki barajı 5 faiz olsa, bu səddi keçən hər bir partiya Parlamnetdə təmsilçilik qazanır, zibil qutusuna gedən səslər isə o 5 faizi keçə bilməyən partiyalara gələn səslər olur. Mələsən, barajı 6 partiya keçir, 1-ci yer 30 faiz, 2-ci yer 25 faiz, 3-cü yer 15 faiz, 4-cü yer 10 faiz, 5-ci yer 9 faiz, 6-cı yer isə 8 faiz səs toplayırsa, bu ümumi səsverməyə gələnlərin 97 faiz səsinin nəzərə alınması, təmsilçilik qazanması demək olur və cəmi 3% səs nəzərə alınmadan zibil qutusuna gedir, amma onların səsi də parlamentə keçmiş partiyalar arasında bölüşdürülür. 

Proporsional seçki partiyaların təmərküzləşməsinə və ideoloji olmasına səbəb olur – indi siyasi partiyaların hansı məzhəbə qulluq etdiklərini ayırd etmək olmur. Görürsən adına “sağ-mərkəzçi” deyir, amma “solun-solu” kimi populist ritorika ilə danışır, və ya özünə “liberal” deyir, amma “millətçi” kimi davranır. Proporsional seçki sistemi ölkədə indiki kimi bir özü, bir də qovluğunu daşıyan müavinindən ibarət onlarla partiyaların “əriməsinə” səbəb olacaq, məmləkətdə potensialı, intellektual baqajı, ideoloji dəyərləri olan bir neçə partiya ayaqda qalacaq.

Proporsional seçki sistemi xarici ölkələrin pulla, maliyyə ilə seçkilərə müdaxiləsini də minimuma endirəcək, çünki siyasi partiyalar güclü olanda zatən onların içində sağlam rəqabət (fraksiyalar) də yaranacaq ki, bu da daxili nəzarət sistemini gücləndirərək xarici təsirlərə immunitet formalaşdıracaq. 

Proporsional seçki Parlamentin daxildə də sağlam fraksiyalaşmanı təmin edəcək və hələ institutlaşmayan siyasi məkanımızda demokratiyanın yan təsirlərindən məmləkəti sığortalayacaq. 

Xülasə, məmləkətin sağlam inkişafı, indiki xaotik dünyada ölkəmizin çağırışlara, təhlükələrə cavab verməsi üçün proporsional seçki sistemi olmazsa-olmazdır...