vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 8 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
SƏNAYE, AQRAR  
Ət qiymətləri niyə bahalaşır?! 17:04 | 7 sentyabr 2025 | Bazar Məqaləyə 185 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ət qiymətləri niyə bahalaşır?!

Son 5 ildə iri və xırda buynuz heyvanları sayı ən aşağı həddə düşüb

Natiq CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər mediada, sosial şəbəkələrdə ət qiymətlərinin yenə bahalaşdığı haqqında məlumatlar çoxalıb, həftə ərzində mən də bir neçə media orqanına bu məsələ ilə bağlı açıqlama vermişəm. Düşündüm ki, geniş bir yazı yazaraq, bu məsələni izah etməyə çalışım.

İqtisadiyyatın “qızıl” qanunlarından biri odur ki, təklif azalanda, tələb isə yerində qalsa və ya artsa, mütləq qiymətlər yüksəlir.

Bunu nəzərə alaraq statistikaya baxaq: son 5 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın və keçi-qoyunların sayı hər il azalaraq ən aşağı həddə düşüb.

Rəsmi məlumata görə 2025-ci ilin yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş təşkil edib. 2020-ci il yanvarın 1-nə isə ölkədə mal-qara sayı 2 milyon 646,6 min baş olub. Yəni, son 5 ildə iribuynuzlu mal-qara sayı 181 min baş azalıb.

2025-ci il yanvarın 1-nə ölkədə olan qoyun-keçilərin sayı 6 milyon 896,5 min baş təşkil edib, 2020-ci il yanvarın 1-nə isə onların sayı 8 milyon 189,2 min baş olub. Yəni, son 5 ildə qoyun-keçi sayı 1 milyon 297 min 700 baş azalıb.

Rəsmi rəqəmlər deyir ki, ölkədə iribuynuzlu mal-qara, qoyun-keçi sayı sürətlə azalır, təbii ki, qiymətlər də eyni sürətlə artır.

Yaxşı, mal-qara, qoyun-keçi sayı niyə azalır:

1. Ölkədə yem bazası daralıb, başqa bir rəsmi statistikanı yada salım: 2015-ci ilə qədər ölkədə iribuynuzlu və xırdabuynuzlu mal-qara sayı, demək olar ki, hər il cüzi də olsa artırdı, 2015-ci ildə ölkədə 2 milyon 713 minə yaxın iribuynuzlu mal, qoyun və keçilərin 8 milyon 661 minə yaxın qoyun və keçiləri var idi. Yəni, son 10 ili götürsək, iribuynuzluların sayı 250 minə yaxın, xirdabuynuzluların sayı isə 1 milyon 770 minə yaxın azalıb. Niyə 2015-ci ilə fikir verdim – onu da deyim: hökumət neftin qiyməti dünya bazarında kəskin enəndə “qara qızıl” yerinə “ağ qızıl”, yəni, pambıq sevdasına düşdü. Örüş yerləri, yem bazasını təşkil edən torpaqlar pambıq əkininə ayrıldı. Nəticədə yem bahalaşdı, örüş yerləri azaldı, bu da mal-qara, qoyun-keçi sayına kəskin təsir etdi. Amma, “ağ qızıl” sevdası bizi “ağ genə” çıxartmadı – yəni, qazancı cüzi oldu. Beləliklə də, nə pambıqdan qazandıq, nə də ətdən doyduq.

2. Hökumətin təşviq siyasəti bərbaddır, fermerlərə, mal-qara saxlayan insanlara doğru-düzgün yardımlar edilmir, camaata guya, inək paylayırdılar, həmin mal-qara rəsmi TV kamerası çəkən yerdə yıxılırdı, sağ qalmırdı. Əksini deyirlərsə, çıxsınlar rəqəm açıqlasınlar ki, insanlara nə qədər mal-qara verilib, onlardan neçə baş indi sağdı, və ya, nə qədər artım olub.

3. Bəzi məmurların gözünü torpaq belə doydurmur, regionlarda əraziləri zəbt edir, fermerlərə, kəndlilərə normal işləmək üçün şərait yaratmırlar, ona görə də, fermer bezir, hər şeyə tüpürüb Bakıya, tikintidə işləməyə gəlir.

4. Daha bir məsələ odur ki, ölkədə hər şeyin qiyməti qalxırsa, inflyasiya yüksəkdirsə, ət satan, mal-qara saxlayan niyə qiyməti artırmamalıdır ki?! Yəni, inflyasiyaya görə onlar da qiyməti artırmağa çalışırlar.

5. Bizim hökumət “qlobalistdir”, həddindən artıq tənzimləməyə meylli, pvesdo-liberal gündəmə yaxındır. Hökumətin AQTA və s. kimi tənzimləyici (oxu – mane olan) orqanları qiymətlərin qalxmasında ciddi “paya” malikdirlər. Bundan başqa, “qlobalist elita” dünyada uzun illərdir ki, mal-qara, qoyun-keçi düşmənçiliyi edir, guya, onlarin iqlim dəyişikliklərində ciddi “payı” var, Avstraliya və Yeni Zelandiyada, Şimali Avropa ölkələrində “anti mal-qara” kompaniyası 10-15 ildir gedirdi, indi bir az səngiyib, amma, ciddi problem idi, bizim hökumət o “damardan” girib, amma, vəziyyətin indi dəyişdiyini, ağla, məntiqə söykənən əsl konservativ, sağlam baxışların yavaş-yavaş dünyada hakim olduğunu tuta bilmir, yəni, “pasa” elə girdilər ki, hələ də “qol” vururlar, “pandemiyanı” belə davam etdirir, “iqlim dəyişiklikləri” mövzusunda öndə olmağa çalışırlar.

Biz dövlət və xalq olaraq möhtəşəm iş gördük – həm də maldarlıq üçün çox uyğun, cəlbedici olan torpaqlarımızı düşməndən azad etdik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları maldarlığın inkişafı üçün yeni motor olmalıdır – amma olmur, ola bilmir, çünki, məskunlaşma və əhalinin məşğulluğu siyasəti doğru deyil. Hökumət çalışır ki, 35 ildir Sumqayıtda yaşayan qubadlılı qardaş-bacımızı öz rayonlarına köçürsün, onlar da orda inək-camış saxlasınlar. Olmur belə, bu gün 40 yaşlı (hələ cavanları demirəm) qubadlılı qardaşım onun 35 ilini asfaltda böyüyüb, camış zad görməyib, indi o bu yaşdan sonra necə maldarlıqla məşğul olan fermer olsun?! Amma, məsələn, aran Qarabağda onillərlə, bəlkə də, yüzillərlə bu işlə məşğul olan insanlar, ailələr var, kim onlardan arzu etsə, dərhal öz fermaları ilə birgə Qarabağa, Şərqi Zəngəzura köçmələrinə şərait yaradılmalıdır.

Əslində, görüləcək işlər bəllidir, sadəcə, ingilis dilində bilən məmurlarla yanaşı, xalqın dilini başa düşən idarəetmə komandası formalaşmalıdır. “İngilisdillilər” nə camış bilir, nə qoyun tanıyır, hə, kabab sevirlər, amma elə bilirlər ki, kabab üçün ət elə marketdən alınır, ora necə gəlir-gəlməlidir – bax bunu anlamırlar...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)