Ziyalı doktor...
... Yaxud öz fikrini azad bildirməkdən çəkinməyən əqidə adamı
Adil QEYBULLA
MÖVZU İLƏ ƏLAQƏLİ
Ziya Əsədovla Azərbaycan Tibb Universitetinin (ATU) son kursunda oxuyarkən tanış olmuşdum, zamanla da dostlaşmağa başladıq.
O bir neçə il əvvəl ATU-nu bitirmişdi, müxtəlif tibb müəssisələrində işləmişdi, sonda gələcəkdə rəhbərlik edəcəyi 5 saylı klinik xəstəxanaya cərrah kimi təyinat aldı. Mən isə Musa Nağıyev ad. Kliniki Təcili Tibbi Yardım xəstəxanasında internatura keçib Lenin təqaüdçüsü kimi M.Topçubaşov ad. Cərrahlıq İnstitutuna təyinat aldım. Həmin vaxt İnstitutun direktoru, sözün həqiqi mənasında əsil vətənpərvər ziyalı, böyük alim, milli təfəkkür sahibi, Azərbaycan tarixi və ədəbiyyatının gözəl bilicisi, professor Nurəddin Rzayev məni ürəklə işə qəbul etdi. Onun səmimiyyəti, təmənnasızlığı, yüksək intellekti və mədəniyyəti fonunda institutda mötəbər bir həkim-alim kollektivi yetişmişdi. Mən Ziyanın vasitəsilə həmin dövrlərdə böyük sənətkarımız Bəxtiyar Vahabzadə ilə tanış oldum. Böyük şair mənə bir kitabını bağışladı, kitaba xatirə sözləri yazanda mənim soyadımı “Qeybullayev” yox “Qeybulla” kimi yazmağı təklif etdi. Həmin andan mən yazılarımda Qeybulla kimi çıxış etməyə başladım. Bu SSRİ-dəki dezinteqrasiya proseslərinin işartılarının sezildiyi illər idi. 1988-ci ildə ölkədə vüsət alan və sonralar Azərbaycan istiqlalını hədəf götürən böyük xalq hərəkatı başlayırdı. Ziya da bu illərdə AXC üzvü kimi çox fədakarlıqlar göstərirdi, mən bunları bir şahid kimi təsdiq edirəm. Müxtəlif tarixi kadrlarda onun xalq hərəkatının öndəri Əbülfəz Elçibəyin yanında görünməsi də təsadüfi deyildi.
AXC hakimiyyəti zamanı o milli hökumətin səhiyyə sahəsinə rəhbərlik edirdi. Elçibəy hakimiyyəti devrildikdən sonra onu 5 saylı klinik xəstəxanaya rəhbər – baş həkim göndərdilər. Ömrünün sonuna qədər orada işlədi.
Ziya xeyirxah adam idi, insanlara daim qayğı göstərirdi. Öz cəbhədaşlarına, jurnalistlərə münasibətdə daha diqqətli idi. Xəstəxanada xeyli tikinti-təmir işləri aparmışdı, onun görkəmini xeyli dəyişə bilmişdi. Bütün mövcud çətinliklərə baxmayaraq kollektiv arasında sağlam əhval-ruhiyyə yarada bilmişdi. Təsərrüfat rəhbəri və təşkilatçı kimi özünü təsdiq etmişdi.
Ziya əqidə adamı idi, sona qədər öz fikrini azad bildirməkdən çəkinmirdi, əqidəsinə, tutduğu haqq yoluna bütün keşməkeşlərə baxmayaraq sona qədər sadiq qala bilmişdi. Mən həbsdə olarkən o bir sadiq dost kimi ailəmizi heç vaxt diqqətsiz qoymayıb. Hələ indiyə qədər o vaxt 2 yaşı olan oğlum Murad onun diqqət və qayğısını xatırlayır, evdə onu daim bir minnətdarlıq hissi ilə anmışıq.
Təəssüf ki, ömür vəfa etmədi, onun gələcək arzularını gözündə qoydu. Həyat fani və amansızdır, amansız olduğu qədər də bir məktəbdir, örnəkdir. Ziya qısa ömür yaşadı, lakin ləyaqətlə yaşadı, adını istiqlal tariximizə, milli hökumətin reyestrinə yaza bildi. Bu da çoxlarına nəsib olmayan bir bəxtdir. Onu dərin hörmət və səmimi qəlblə anırıq.
Xanımı Gülzara, qızları Adilə və Alagözə, dahi şairimiz Bəxtiyar Vahabzadənin ailəsinə ailəmiz adından başsağlığı verirəm!
Allah qəni-qəni rəhmət eləsin, ruhu şad olsun!