Bozarıb-qızaran ay gəldi...
Sabah Novruzun müjdəçilərindən ilki - Su çərşənbəsidir
Xalq təqviminə görə, fevralın 19-da Kiçik çillə 20 günlük ömrünü Boz aya bağışladı. Fevralın 20-dən Boz ay başlanıb. Dörd əlamətdar çərşənbəyə bölünən bu “ala-bəzək” ay martın 20-də qışla baharın təhvil-təslimi ilə səhnədən enəcək.
Elə bilirsiniz ki, ulularımız 30 günlük bu zaman kəsiyini təsadüfən “Boz ay” adlandırıb. El gözü tərəzidir, bir də yanmayan yerdən tüstü çıxarmı?... Çox zaman Boz ay əsib-coşmasıyla, qar-boranıyla Böyük və Kiçik çillələrin “atasına rəhmət oxutdurur”. Gah yaz günəşini andıran xoş havasından xumarlanır, gah da qar-çovğunundan daldalanmağa, isinməyə yer axtarırıq.
Qışın çətinliyindən usanıb-bezən insanlar Boz ayın gəlişi ilə ümidlənər, baharı, Novruzu sanki iplə çəkərlər. Məhz Novruzun müjdəçiləri olan dörd ilaxır çərşənbə (Su, Od, Yel-hava, Torpaq) bu ayda cəmləşdiyindən ən sevimli bayramımızın xətrinə Boz ayın bozarıb-qızaran şıltaqlığına dözürük. Necə deyərlər, yüz acını yeyərlər bir şirinin xətrinə...
Həm də fikir vermisinizsə, 2-3 gündür təbiətin, elə insanların da əhvalına xoş gələn külək əsir. Bunu külək deyil, “yel”, yaxud “meh” adlandırmaq istəyirəm. Xalq dilində “vədə yeli” ifadəsi də var ki Novruz ərəfəsində əsir. İnanca görə, bu yel qışın sərtliyini “qovub” aparır, əvəzində mülayim bahar mehini gətirir. Bu yel ələlxüsus aran yerlərində sanki ağacları “qıdıqlayıb” oyatmağa çalışır, hətta quşların “repertuar”ını dəyişdirir. Xətai babamızın “Bahariyyə” məsnəvisində yazdığı kimi:
...Quşlar
qamusu fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdi...
Bülbül oxudu
süfati-hicran,
Dəryada dürr oldu əbri-neysan.
Durna uçuban həvayə düşdü,
Laçın oluban ovayə düşdü...
Diqqət edin, heç vaxt cəlayi-vətən olmayan sərçələr artıq bahar nəğməsinin “uvertüra”sını səsləndirməyə başlayıblar. Dan yeri də sərçələrin yaşamaq həvəsimizi artıran nəğmələri sökülür... Nərgizin, novruzgülünün qarın əriməsini gözləməyə səbirləri çatmır, baharı müjdələmək üçün sanki yarışırlar...
Sabah (21 fevral) ilaxır çərşənbələrin ilki – Su çərşənbəsidir. Mifik düşüncədə su həyat, dirilik, sağlamlıq və xoşbəxtlik mənbəyi sayılır. Su çərşənbəsi xalq arasında həm də “əzəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” və s. adlandırılır. Xalqımızın inamında suyun rəmzləşməsi onun əcdad sayılması, and yeri olması ilə də əlaqələndirilir. Təsadüfi deyil ki, əski çağlardan insanlar daha çox çay qıraqlarında, vadilərdə məskən salıblar. Hazırda dünyanın bir çox böyük şəhərləri çay ətrafında, dənizlərin sahillərindədir. Atalarımız deyib ki, “Sulu el abadan, susuz el viran olar”. Bu da insan həyatında, təbiətdə suyun əhəmiyyətini dərk etməyə imkan verir.
Azərbaycan folklorunda su əzəli, əbədi həyat, ölümsüzlük, dirilik, paklıq rəmzi sayılır. Su ilə bağlı müxtəlif məzmunlu deyimlər də bunu təsdiq edir: “Sucan ömrün olsun”, “Su kimi duru olasan”, “Su kimi paka çıxasan”, “Su qədər əziz olasan” və s. Bir də su əhəmiyyətinə görə yalnız hava ilə müqayisə olunur. Təəssüf ki, şahidi olduğumuz qlobal istiləşmə şirin (içməli) su problemini də bərabərində gətirir. Hazırda su bəşəriyyətin ən ciddi problemlərindən biri, bəlkə də birincisidir...
Dədə Qorqudumuz bir alqışında dediyi kimi, “Qamən axan görklü suyumuz qurumasın”... Boz ay bizə yalnız öz mülayim, mehriban üzünü göstərsin.
Su çərşənbəniz mübarək!