vaxtlı-vaxtında oxuyun! Cümə, 3 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
PROBLEM  
Bakının simasına vurulan ləkə ... 18:11 | 3 aprel 2026 | Cümə Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakının simasına vurulan ləkə ...

... və ya qraffiti adı altında vandallıq

Elman BABAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Paytaxtın mərkəzində yerləşən mədəni-tarixi əhəmiyyətli bina olan Nizami Kino Mərkəzinin divarına çəkilən qraffiti əslində şəhərin yaddaşına, mədəniyyətinə və dəyərlərinə vurulan ləkə, eyni zamanda əsl vandallıq aktıdır. Bakı yalnız binalardan ibarət deyil - o, tarixdir, bir millətin yaddaşıdır, milli kimliyimizdir. Və bu kimliyə qarşı edilən hər hansı eybəcərlik, əslində, hər birimizə qarşı yönəlmiş bir hörmətsizlikdir.

Gəlin bir anlıq təsəvvür edək ki, hər kəs əlinə boya alıb şəhərin istənilən divarına istədiyini çəksə, nə baş verər? O zaman nə Bakının bugünkü səliqəsi qalar, nə də onun memarlıq harmoniyası. Şəhər qısa müddətdə xaotik, nizamsız və vizual olaraq yorucu bir məkana çevrilər. Tarixi binaların orijinal görünüşü itər, küçələrin ümumi estetikası pozular və nəticədə Bakı özünəməxsus simasını itirmə təhlükəsi ilə üz-üzə qalar. Bu kimi hallara qarşı cəmiyyətin təpkisi olmazsa, proses nəzarətsiz qalarsa, zamanında müdaxilə edilməzsə, tədricən bütöv şəhər mühitinin deqradasiyasına gətirib çıxara bilər.

Belə hərəkətləri, hansısa Qərb ölkələrini misal gətirərək “yaradıcılıq” adı altında ört-basdır etməyə çalışanların ortaya çıxması mümkündür. Amma hamı anlamalıdır ki, əsl sənət dağıtmaq deyil, qorumaq üçündür. Xüsusilə də o divar xalqın mədəni irsinin bir parçasıdırsa... Tarixi və ictimai əhəmiyyət daşıyan bir binanın üzərinə icazəsiz müdaxilə etmək, onu çirkləndirmək nə azadlıqdır, nə də ifadə forması -bu, açıq-aşkar tarixə, şəhər mədəniyyətinə qarşı eybəcər münasibətdir.

Digər tərəfdən, qraffiti Qərb ölkələrində belə xoş görünüş yaratmır. Reallıqda həmin ölkələrdə də bu “sənət” şəhər mühitinə ciddi mənfi təsirlər göstərməkdən o yana keçmir. Bir çox iri şəhərlərdə binaların divarlarının, körpülərin, ictimai nəqliyyat vasitələrinin üzərinin nəzarətsiz şəkildə yazı və rəsmlərlə örtülməsi vizual xaos yaradır, şəhərin estetik bütövlüyünü pozur. Bu, yalnız görüntü məsələsi deyil-arxitektura üslubunun məhv edilməsi, tarixi binaların orijinal görünüşünün itirilməsi və nəticədə şəhərin mədəni kimliyinin zəifləməsi deməkdir. Hətta bəzi hallarda belə müdaxilələrin aradan qaldırılması üçün böyük maliyyə vəsaitləri sərf olunur ki, bu da cəmiyyət üçün əlavə yük yaradır. Yəni, “sərbəst ifadə” adı altında edilən bu cür hərəkətlər əslində ictimai məkanın deqradasiyasına, nizam-intizamın pozulmasına və ümumi şəhər mədəniyyətinin zəifləməsinə gətirib çıxarır.


Bundan başqa, qraffitinin bəzi ölkələrdə yayılması, o demək deyil ki, həmin “ənənə” kor-koranə şəkildə hər yerdə tətbiq olunmalıdır. Bu cür yanaşma Bakıya və ümumiyyətlə Azərbaycana xas deyil. Bakı özünü başqa dəyərlərlə tanıdır; nizam-intizam, estetik zövq, təmizlik və tarixi irsə hörmət. Bu baxımdan, belə “mədəniyyətin” Azərbaycanda yayılması nəinki millət olaraq bizə yaddır, həm də qətiyyən qəbuledilməzdir.

Bakının gözəlliyi, tarixi, təmiz binaları bizim ən böyük qürur mənbəyimizdir. Bu şəhər yalnız müasir binaları ilə deyil, eyni zamanda incə memarlıq üslubu, qorunan tarixi abidələri və nümunəvi səliqə-sahmanı ilə tanınır. Dünyanın müxtəlif ölkələrindən gələn insanlar Bakını məhz bu xüsusiyyətlərinə görə yüksək qiymətləndirir. Belə bir şəhərin divarlarını mənasız, yöndəmsiz yazılarla “bəzəmək” əslində onun görkəminə vurulan zərbə, reputasiyasına atılan kölgədir.

Məlumdur ki, son illərdə Bakıda genişmiqyaslı abadlıq və bərpa işləri aparılıb. Nəticədə şəhər sözün əsl mənasında yenidən doğulub. Küçələr, parklar, binalar böyük zəhmət və maliyyə hesabına ideal vəziyyətə gətirilib. Bu zəhmətin qarşılığında isə belə vandallıq aktları ilə üzləşmək təkcə şəhərə deyil, həm də bu işə töhfə verən hər bir insanın əməyinə qarşı hörmətsizlikdir.

Daha acınacaqlı fakt isə bu cür hərəkətlərin arxasında gənclərin, məktəblilərin dayanmasıdır. Bu, məsuliyyətsizliklə yanaşı, tərbiyə boşluğunun çılpaq göstəricisidir. Müasir dövrdə gənclərin özünüifadə üçün saysız imkanları var: incəsənət, texnologiya, sosial layihələr… Amma başqasının yaratdığını dağıtmaq, şəhərin gözəlliyini korlamaq heç vaxt yaradıcılıq sayıla bilməz. Bu, sadəcə dağıdıcılıqdır və cəmiyyətə qarşı laqeyd münasibətin təzahürüdür.

Bu məsələdə valideynlərin rolu xüsusilə önə çıxır. Valideynlər övladlarının davranışına daha diqqətli yanaşmalı, onların harada və necə vaxt keçirdiyini bilməlidirlər. Uşaqlara və yeniyetmələrə vətənə sevgi, ictimai mülkiyyətə hörmət, estetik zövq və məsuliyyət hissi aşılamaq hər bir ailənin borcudur. Küçədə baş verən bu cür hadisələr yalnız fərdi məsələ deyil-bu, tərbiyənin, ailə nəzarətinin və cəmiyyətin ümumi dəyərlərinin aynasıdır.

Bakı bizim ortaq evimizdir. Bu şəhəri qorumaq, onun gözəlliyini və təmizliyini saxlamaq hər birimizin borcudur. Bu dəyərlərə qarşı edilən hər hansı mənfi hərəkət isə sadəcə bir divara deyil - bütöv bir cəmiyyətə qarşı yönəlmiş hərəkətdir...