vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
15:56 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 2976 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

GUAM-ın perspektivi varmı?

Üzv ölkələrin əməkdaşlığı artırmaqla bağlı ümumi məqsədləri var

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın paytaxtı Tiflisdə oktyabrın 9-da GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) yaranmasının 20 illiyi qeyd edildi. Bu münasibətlə toplantıya GUAM ölkələrinin xarici işlər nazirləri qatıldılar.

Nazirlər GUAM-ın əhəmiyyətindən danışdılar. Gürcüstan xarici işlər naziri Mixeil Canelidze dedi ki, GUAM dost ölkələr tərəfindən ümumi maraqlar çərçivəsində yaradılmış təşkilatdır: «20 il ərzində GUAM institutlar və müvafiq formatlar yarada bilib. Təşkilat beynəlxalq aləmdə də öz mövqeyini möhkəmləndirə və bir sıra sahələr üzrə əməkdaşlığı inkişaf etdirə bilib. Bu il təşkilatın fəaliyyəti çox aktivdir. GUAM ölkələrinin əməkdaşlığı artırmaqla bağlı ümumi məqsədləri var».

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirdi ki, GUAM ölkələrindəki münaqişələr mütləq ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: «GUAM çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. GUAM-a üzv ölkələr arasında iqtisadi, turizm, gənclər və mədəniyyət sahəsində əməkdaşlıq üçün böyük potensialdan istifadə etmək lazımdır. GUAM çərçivəsində əməkdaşlıq artıq tərəfdaşlığa keçib».

Tiflisdəki toplantıda iki təklif diqqəti çəkdi.

Birinci təklifi Gürcüstanın xarici işlər naziri səsləndirdi. Mixeil Canelidze dedi ki, GUAM çərçivəsində azad iqtisadi zonalar yaradılacaq. Gürcü nazir ilin sonuna qədər bu sahədə irəliləyişin əldə olunacağını vurğuladı.

İkinci təklifi Azərbaycanın xarici işlər naziri səsləndirdi. Elmar Məmmədyarov dedi ki, GUAM-a üzv ölkələrinin idman yarışları keçirilə bilər.

Hər iki təklif GUAM ölkələri arasındakı əməkdaşlığın inkişafına xidmət etməlidir. Son illər GUAM çərçivəsində sadəcə Azərbaycanla Gürcüstan arasındakı əməkdaşlıqdan danışmaq mümkün idi. Bu iki ölkə arasında enerji və nəqliyyat layihələri reallaşdırılır. Oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmir yolunun açılış mərasimi keçiriləcək. Azərbaycanın Gürcüstana investisiyaları da artır. Son bir ildə Ukrayna da tədricən Azərbaycan-Gürcüstan birliyinin imkanlarından istifadə etməyə başlayıb. Birincisi, Ukrayna mallarını Gürcüstan və Azərbaycan üzərindən Mərkəzi Asiya ölkələrinə və Çinə çatdırır. Bunun hesabına Ukrayna ilə Azərbaycan arasında ticarət mübadiləsi bir neçə dəfə artıb. İkincisi, Ukrayna Qara dəniz sahilindəki bir neçə limanını özəlləşdirməyi planlaşdırır. Azərbaycanın dövlət şirkətləri bu özəlləşdirmədə iştirak etmək istəyirlər. Bu baş tutarsa, Ukrayna ilə Azərbaycan arasında iqtisadi bağlılıq daha da artacaq.

GUAM-da yeganə zəif ölkə kimi Moldovanı göstərmək olar. Bu ölkə ilə Azərbaycan və Gürcüstan arasında ortaq layihələr azdır. Moldova prezidenti İqor Dodon Rusiya ilə yaxınlığa çalışır. Buna baxmayaraq, Moldova hökuməti və baş naziri Qərblə yaxınlığa üstünlük verirlər. Bu mənada Moldova hökuməti GUAM-a da maraq göstərməlidir. Ancaq hələ ki, Moldovanın regional layihələrə necə qoşulacağı aydın deyil.

Beləliklə, 2008-ci ildə Rusiya-Gürcüstan, 2014-cü ildə Ukraynada baş verən inqilabi hadisələrdən sonra passivləşən GUAM bu ildən başlayaraq fəaliyyətini gücləndirməyə qərar verib. GUAM-a müxtəlif dövlətlərin – ABŞ, Türkiyə, Yaponiya, Polşa, Çexiyanın marağı artıb. Bu mənada yazının başlığına çıxarılan suala belə cavab vermək olar: «GUAM-ın perspektivi var!».


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)