vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
20:24 | 12 noyabr 2017 | Bazar Məqaləyə 3596 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yanlış sualın doğru cavabı olmur

Bolşevik İnqilabının 100-illiyi (ikinci yazı)

Erkin QƏDİRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bolşevik İnqilabı olubmu? Yersiz sualdır? Narahat olmayın, tarixi təhrif edəsi deyiləm. Faktlara qarşı getmək olmur. Bir şey olubsa, onun olmadığını söyləməyin adı nədir? Əsas sual da budur, adla bağlıdır. İntellektual provokasiyaların öz faydası vardır. Bununla bağlı hətta yeni, elmsayağı yanaşma formalaşıb - kontrfaktual tarix (counterfactual history). Tarixçilər, hansısa bilinən hadisənin baş vermədiyi, ya da onun yerinə başqa bir hadisənin baş verdiyi halda tarixin necə inkişaf edəcəyini ciddi müzakirə edir, kitab və məqalələr yazırlar (yuxarıda dediyim intellektual provokasiya üçün). «Bolşevik İnqilabı olmasaydı, sonrakı tariximiz necə olacaqdı?» sualını ən son yazımda cavablandırmağa çalışacağam. Ona qədər şərh olunası xeyli məsələ var.

(birinci yazı)

Tarix adlandırdığımız bilik sahəsi iki hissədən ibarətdir: hadisə və hekayə. Təbiət elmlərində belə bölgü olmur. Orada hesablamaların sözlə izahı olur, amma ona hekayə deməzlər. Təbiət elmlərində alim özündən heç nə əlavə etmir. «Hekayə» dediyimiz ardıcıllıq, izahdan daha çox şərhdir. Şərhçi, qaçılmaz olaraq, özündən nəsə əlavə edir, öz dünyagörüşünü və görüşdüzümünü yazır. Ona görə də «tarix dəyişirmi?», «tarixi dəyişmək olurmu?» sayağı suallar heç də yersiz olmur. Tarixin faktual tərəfi dəyişmir, orası elədir (yeni, daha öncə bilinməyən faktların üzə çıxmasını demirəm). Amma tarixin hekayə tərəfi dəyişə bilir. Dönəmdən və önəmdən asılı olaraq, dəyişir də.

1989-da, Fransa İnqilabının 200-illiyi qutlandığı ildə, o zaman Çinin rəhbəri olmuş Den Syao Pindən həmin inqilabın dünya tarixi üçün önəmini soruşdular, o da - «bu haqda danışmaq hələ çox tezdir» - demişdi. Üstündən 200 ilin keçdiyi bir hadisə haqqında danışmağın hələ çox tez olduğunu söyləmiş Çin siyasətçisinin sözlərində, heç şübhəsiz, istehzalı zarafat da vardı. Amma zarafatı qırağa qoysaq, bu sözlərdə tarixin hadisələrə və hekayələrə bölündüyü aydın görünür. Üstəlik, hekayələrin, yuxarıda yazdığım kimi, dönəmə və önəmə görə dəyişə bildiyinə işarə olunur.

«Bolşevik İnqilabı olubmu?» doğrudan da yersiz sualdır, çünki düzgün verilməyib. Düzgün verilməmiş sualların doğru cavabı ola bilməz. «Bolşeviklərin etdikləri inqilab olubmu?» sualı, bizi belə bir sual maraqlandırsaydı, yerində sayılardı, çünki düzgün verilmiş olardı. Bu cür suallar hadisələri deyil, hekayələri mübahisələndirmək üçün yararlı ola bilər. «İnqilab nə deməkdir?» sualından başlamalı olardıq. Amma bu dərəcədə uzağa getməyə gərək yoxdur. Madam ki, Bolşeviklər etdiklərini «inqilab» adlandırıblar, bizim də həmin hadisəni inqilab adlandırmağımız gərəkdir.

Bununla belə, «keçilmiş yoldan asılılıq» (path dependence) adlanan bir yanaşma var. Bolşeviklərin etdikləri bir çox işdə və o işlərin nəticələrində bunu aydın görmək olur. Örnəyi, Bolşeviklər, Vətəndaş Savaşı zamanı, Kilsənin əmlakını onun əlindən aldılar. Amma Rusiyada bunu edən ilk onlar olmayıblar. Bolşeviklərdən təxminən 100 il öncə bunu Birinci Aleksandr edib - Napoleonla savaşa pulu çatmayanda. Ondan da təxminən 100 il öncə eyni şeyi Birinci Pyotr edib - İsveçlə savaşa pulu çatmayanda. Pyotrdan da xeyli əvvəl bunu Dördüncü İvan edib (İvan Qroznıy). Bir sözlə, kilsə əmlakının dövlət tərəfindən əvəzsiz və zorla alınması Rusiya üçün yeni hadisə deyildi. Yeni olan - işin hekayə tərəfi idi.

Başqa bir örnək. Bolşeviklərin Qızıl Orduda tətbiq etdikləri üçlü məhkəmələr («troyka»lar) və döyüşdən qaçanları arxadan vurmaq (öldürmək) üçün qırıcı dəstələr («zaqradotryad»lar) da onların icadı olmayıb. Bolşeviklərdən öncə bunu Çar ordusunda tətbiq edirdilər - Birinci Dünya Savaşı dönəmində. Qızıl Orduda komissar (sonradan «zampolit») təsisatı nə idi bəs? Çar ordusundan götürülmüş və ideoloji yönü dəyişdirilmiş ordu keşişlərinin yerini doldurmaq üçün qurulmuşdu. Sonradan partiyanın özü də kilsə forma və təcrübələrinin bəzilərini təkrarlamağa başladı.

Çar dönəmindən qalmış və ləğv olunması gərəkən təkbaşınalıq və əmirlik nə oldu? Yox olmadı, Baş Katib vəzifəsi adı altında yenidən, daha sərt şəkildə quruldu. SSRİ-də kənd təsərrüfatının təşkili necə idi? İki forması vardı: sovxozlar və kolxozlar. Sovxozlar dövlətin mülkiyyətində və idarəsində olub, kolxozlar isə kooperativ təsərrüfatı idi, özünü idarə edirdi (hər halda formal belə hesab olunurdu). Kolxozlardakı kəndlilər payçı sayılır, yığılan məhsuldan özlərinə pay götürə, hətta onu kolxoz bazarlarında sata bilərdilər. Sovxoz kəndliləri bunu edə bilmirdi. Niyə belə quruldu? Çünki, bunun eynisi Çar dönəmində də vardı. Orada da kəndlilərin iki çeşidi olub: dövlət və özəl. İkincilər əvvəllər mülkədarların əmlakı sayılırdı, təhkimçiliyin ləğvindən sonra isə azad kəndlilər oldular, artel və kooperativ şəklində təsərrüfat qura bilirdilər. Təhkimçilik demişkən, o da sovet zamanında yox olmadı, formasını dəyişdi, «propiska» şəklində bərpa olundu.

Belə örnəklər çoxdur, uzatmaq istəmirəm. Yerinə düşdükcə, bundan sonrakı yazılarımda onlardan istifadə edəcəyəm. Hələlik onu deyim ki, Bolşeviklər (sonradan «kommunistlər»), heç şübhəsiz, Rusiya tarixində yeni hekayə yazdılar. Amma gördükləri işlərin bir çoxunda hadisə tərəfi heç də yeni olmayıb, keçilmiş yoldan asılılığı çox yüksək olub. Bəs inqilab nədə oldu?

(ardı olacaq)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)