vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MÜBAHİSƏ  
10:34 | 28 fevral 2014 | Cümə Məqaləyə 2543 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hakimiyyət İnsanovu buraxmaq istəyir, amma...»

İntiqam Əliyev Avropa Məhkəməsi qərarlarının icrasından danışdı

E.MƏMMƏDƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün əvvəl Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə proses yekunlaşdı. Qərar verilən anadək işi izləyənlərin böyük əksəriyyət 2005-ci ildə həbs olunan sabiq nazirin azad ediləcəyini düşünürdü. Belə düşünməyə əsas verən isə işə Avropa Məhkəməsinin yenidən baxılmasına qərar verməsi idi. Bu məhkəmə instansiyası Ə.İnsanovun ədalətsiz məhkəmə hökm və qərarları ilə həbsə alınmasını tanımış, işə yenidən və ədalətlə baxılmasına qərar vermişdi. İşə baxıldı və Ə.İnsanov azadlığa çıxmadı. Bu gün sabiq nazirin həbsindən 9 il 9 ay ötür. Bu cəzanın başa çatmasına isə 1 il 3 ay qalıb. Onun barəsində verilən qərar Azərbaycanda Avropa Məhkəməsi qərarlarının icrasının hansı səviyyədə olmasını göstərir.

Yaranmış vəziyyətlə bağlı Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, tanınmış hüquqşünas İntiqam Əliyevin fikirlərini öyrəndik.  

İ.Əliyev dedi ki, ölkəmizin 2000-ci ildə ratifikasiya etdiyi Avropa Konvensiyanın 46-cı maddəsinə görə, üzv dövlətlər «Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarlarını icra etmək» öhdəliyini daşıyırlar: «Amma bu başdan onu qeyd edim ki, Avropa Məhkəməsinin nə ədliyyə polisi var, nə də top-tüfəngi. Məhkəmənin qərarının icra edilməyəcəyi təqdirdə təqsirkar dövlətə qarşı hansı məcburetmə tədbirlərinin, sanksiyaların tətbiq ediləcəyi barədə Avropa Şurasının sənədlərində demək olar ki, heç nə deyilmir. Buna ehtiyac olmayıb. Azərbaycan, Rusiya, Ermənistan və onlara oxşar ölkələr Avropa Şurasına daxil olmasından sonra vəziyyət pisliyə doğru əhəmiyyətli şəkildə dəyişib.

 

- Niyə?

Qərarların icrası dövlətlərdən pozuntunun qurbanları ilə bağlı fərdi xarakterli tədbirlərlə (kompensasiya ödənişi, işə bərpa, azadlığa buraxılma və s.) yanaşı, həm də ümumi xarakterli öhdəliklər (gələcəkdə bu cür pozuntuların baş verməsinin qarşısını alan qanunvericilikdə, onun tətbiqi praktikasında institusional dəyişikliklərin həyata keçirilməsi) də qoyur. Məhkəmənin qərarlarının icrasına nəzarəti Avropa Şurasının Nazirlər Kabineti həyata keçirir. Onun arsenalında bunun üçün yetərli qədər səmərəli mexanizmlər var: monitorinqlər, hesabatlar, dinləmələr və s.

Avropa Şurasının Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarları ilə bağlı dövlətdaxili səviyyədə işlərə yenidən baxılmasına və iş üzrə icraatın təzələnməsinə dair üzv dövlətlərə 19 yanvar 2000-ci il tarixli R (2000) 2 saylı Tövsiyələr qəbul edib. Həmin sənədə uyğun olaraq getdikcə daha çox dövlətlər Strasburq Məhkəməsinin qərarı əsasında milli səviyyədə işlərə yenidən baxılması və iş üzrə icraatın təzələnməsi imkanını müəyyən edən xüsusi qanunvericilik aktları qəbul edirlər. 

 

- Azərbaycanda belə aktlar qəbul edilib?

- Azərbaycan Hökuməti də həmin Tövsiyələrə uyğun olaraq Azərbaycan 2004-cü ilin iyununda mülki və cinayət prosessual və digər qanunvericilik aktlarına müvafiq dəyişikliklər edib. Belə ki, Mülki Prosessual Məcəlləyə (431-1-ci maddə) və Cinayət Prosessual Məcəlləsinə (455-ci maddəsi) əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxıla bilər. Bu əsaslardan biri də Avropa Məhkəməsinin ölkə məhkəmələri tərəfindən işlərə baxılarkən Konvensiyanın müddəalarını pozduğunu müəyyən etdiyi hallardır. Həmin normalara görə, Avropa Məhkəməsinin qərarı Ali Məhkəməsinə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə Ali Məhkəmənin Plenumu hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə əlavə kasasiya qaydasında məhkəmə aktlarına baxır. Plenum çıxarılmış qərarın və (və ya) kasasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadını tam və ya qismən ləğv edə və işin apelyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərir. Məhkəməyə müraciət etmək hüququnun pozuntusu tanındıqda isə Plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını ləğv edə, işi baxılması üçün həmin məhkəmələrə qaytara bilər.

 

- Azərbaycan öhdəlikləri icra edirmi?

- Azərbaycan bu öhdəliyi real icra etməmək üçün «min oyundan» çıxır. Azərbaycan faktiki olaraq Strasburq Məhkəməsinin qurban kimi tanıdığı şəxslərə kompensasiya verməklə işini bitmiş sayır. Həmin qərarların icrasından doğan digər öhdəliklərini – gələcəkdə bu cür pozuntuların baş verməsinin qarşısını alan qanunvericilikdə, onun tətbiqi praktikasında institusional dəyişikliklərlə bağlı hissədə icra etməkdən kateqorik imtina edir.

Məsələn, Avropa Məhkəməsi Sərdar Cəlaloğlunun işi ilə bağlı dəfələrlə bəyan etdiyi prinsipi bir daha təkrarladı: pis rəftarla bağlı daxil olan şikayətləri araşdırmaq dövlətin öhdəliyidir. Bu öhdəliyi pozduğuna görə Azərbaycan cəzalandırıldı. Bu qərardan sonra dövlətin öz hüquq sistemində, onun tətbiqi praktikasında hansı zəruri addımlar atması barədə çoxları kimi məndə də məlumat yoxdur. Amma bu sahədə vəziyyət pis olaraq qalır. Pis rəftarla bağlı halların sayı azalmayıb. Əminlik üçün təkcə elə yerli və beynəlxalq təşkilatların hesabatlarına nəzər salmaq yetərlidir. Bundan başqa, bu gün də məhkəmələrə pis rəftarla bağlı verilən şikayətlərin mütləq əksəriyyəti, S.Cəlaloğlunun işində olduğu kimi, eyni arqumentlərlə rədd edilir.

 

- Vəziyyəti dəyişmək üçün hansı addımlar atılmalıdır? 

Dövlət bu sahədə institusional dəyişiklər aparmasa, kifayət qədər böyük miqyas almış işgəncə faktlarının sayı azalmayacaq. Bu cür tədbirlərə - müstəqil ekspertiza qurumlarının yaradılması, vəkilin tutulan andan müştərisi ilə hər hansı icazə olmadan görüşmək imkanının təmin edilməsi, tutmanı həyata keçirən qurumların (vəzifəli şəxslərin) dəqiq dairəsinin, saxlama yerlərinin statusunun müəyyənləşdirilməsi, işgəncəyə yol verən şəxslər barəsində şikayətlərin səmərəli araşdırılması mexanizmlərinin yaradılması və s. daxildir. Hökumət bunları eləmirsə, deməli, qərarlar tam icra olunmayıb.

Və ya başqa bir nümunə: Avropa Məhkəməsi birləşmək hüququnun pozuntusu ilə bağlı Azərbaycana qarşı 5 qərar verib (Evsiz və məzlum bakılıların işi, Jurnalist Araşdırmaları İctimai Birliyinin işi, İnsan və Mühit İctimai Birliyinin işi və Azərbaycan Hüquqşünasları Forumunun işi): onlardan 4-ü qeydiyyat və 1-i qeydiyyatın ləğvi ilə bağlı olub. Əslində, məhkəmənin bir qərarı normal ölkə üçün yetərli olardı ki, öz qüsurlu qanunvericiliyinə və ya praktikasına əl gəzdirsin. Amma bizdə nə baş verir: birləşmək hüququnu reallaşdırmaq istəyən vətəndaşlara Ədliyyə Nazirliyi qanunsuz olaraq rədd cavabı verir, təsis sənədlərində çatışmazlıq olması əsası ilə sənədlərin təkrar-təkrar dəfələrlə geri qaytarılması kimi anormal praktika hələ də qalmaqdadır. Bu gün Bakıda, Naxçıvanda, Gəncədə, Lənkəranda və digər rayonlarda fəaliyyət göstərən onlarla təşkilat var ki, illərlədir qeydiyyata nail ola bilmirlər; onların da təsis sənədlərini Ədliyyə Nazirliyi hər dəfə yeni «çatışmazlıq» aşkar etməklə geri qaytarır. Sonra da, dövlətin günahı üzündən qeydiyyatsız fəaliyyət göstərən təşkilatın fəallarını cəzalandırmaq istəyəndə, bu faktdan ona qarşı istifadə edir. Anar Məmmədli ilə bağlı haldakı kimi. 

 

- Ədalətsiz məhkəmə hökmləri, qərarları verən hakimlərə qarşı sanksiyaların tətbiqi nə dərəcədə realdır?

Bu gün Avropa Məhkəməsinin qərarlarında vətəndaşların ədalətli məhkəmə araşdırması hüququnu pozan hakimlərin adları çəkilir ki, onlar Məhkəmə-Hüquq Şurasının üzvləridir və vətəndaşın haqqını pozduğuna görə hakimlərin intizam məsuliyyətinə cəlb olunması barədə qərarlar qəbul edirlər. Həmin hakimlərin arasında Hakimlərin Seçki Komitəsinin üzvləri var ki, imtahanlarda hakimliyə namizədlərə Avropa Məhkəməsinin işgəncələr, birləşmək, ədalətli məhkəmə araşdırması və s. hüquq və azadlıqları ilə bağlı suallar verirlər. O dövrdə Ali Məhkəmənin sədri olan, «demokratiyanı beşiyində boğmaq lazımdır» deyən, bu gün isə Konstitusiya Məhkəməsində əyləşib ümumi yurisdiksiyalı məhkəmələrin qərarlarının Konstitusiyaya və Avropa Konvensiyasına uyğunluğunu yoxlayan Südabə Həsənova da onların arasındadır. Bu özbaşınalıqları edən dövlət qurumuna – Ədliyyə Nazirliyinə rəhbərlik edən şəxs həm də hakim korpusunu formalaşdıran, hakimləri cəzalandıran, onları vəzifədə irəli çəkən Məhkəmə-Hüquq Şurasının rəhbəridir... 

 

- Avropa Məhkəməsinin qərarlarından sonra atılan addımlar adekvatdır?

- Həmin qərarların normal icrası o deməkdir ki, hökumət seçki komissiyalarının tərkibini dəyişməlidir, onlara və seçki şikayətlərinə baxan məhkəmələrə müstəqillik verməlidir, seçkiləri saxtalaşdırmaqda adları çəkilən vəzifəli şəxsləri cəzalandırmalıdır, həbsə atmalıdır. İfadə azadlığı, azad seçki hüququ, ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı AM-in qərarlarının icrası sahəsində durum da dəyişmir. 2005-ci ilin parlament seçkiləri ilə bağlı AM Azərbaycana qarşı 20-ə yaxın şikayəti təmin etdi. Həmin işlərdə seçicilərə, seçki komissiyalarının üzvlərinə basqılardan tutmuş onların pulla ələ alınmasına qədər, karuseldən tutmuş hakimiyyət qurumlarının seçki prosesinə müdaxiləsinə qədər, dairə seçki komissiyasından Ali Məhkəməyə qədər bütün komissiya və məhkəmələrdə seçki şikayətləri üzrə araşdırmanın səmərəli aparılmamasından şikayət olunurdu. Həmin şikayətlərin əksəriyyətinə Strasburq Məhkəməsi mahiyyət üzrə baxıb pozuntunu tanıdı, bir hissəsində isə hökumət özü pozuntuları tanıdı (İsa Qəmbər, Mirmahmud Fəttayev, Fuad Mustafayev, Yaqub Məmmədov və başqalarının işində). Hökumət şikayətçilərə 7-10 min avro kompensasiyaları ödədi, bununla bitmiş saydı, 2009-un bələdiyyə, 2010-un parlament, 2013-cü ilin prezident seçkiləri daha geniş miqyaslı saxtakarlıqlarla müşayiət olundu. İndi Avropa Məhkəməsi 2010-un parlament seçkiləri ilə bağlı (təəssüf ki, bələdiyyə və prezident seçkilərində pozuntularla bağlı şikayətlərə həmin məhkəmə baxmır) 60-dan çox şikayətlə bağlı kommunikasiya gedir. Bu, çox böyük rəqəmdir. Əgər hətta bunun yarısı təmin olunsa, bu, o anlama gəlir ki, ölkədə seçki olmayıb. 

Hökumət vəziyyəti dəyişmək istəmir. Qeyd etdiyim dəyişiklikləri etsə, oturduğu budağı baltalamış olacaq. Onu buna vadar edə biləcək nə ölkədaxili güclü siyasi partiyalar, müstəqil media, vəkillik, məhkəmə və s. yoxdur, hakimiyyət onları sıradan çıxarıb. Xarici təsir mexanizmlərinin Avropa Şurası, BMT, ATƏT və s. qurumlar da daxil olmaqla Azərbaycana oxşar ölkələrə qarşı işləmədiyi isə çoxdan bəllidir.

 

- Əli İnsanovla işində Avropa Məhkəməsinin qərarı düzgün icra edildi? 

- Bu işə yuxarıda qeyd etdiyim problemlərin kontekstində nəzər yetirmək gərək. Digər siyasi işlərdə olduğu kimi, hakimiyyətin Avropa Məhkəməsinin qərarını icra etməyəcəyi gözlənilirdi. İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, beynəlxalq təşkilatların təzyiqləri Azərbaycana qarşı keçərli deyil. Azərbaycan hakimiyyəti Avropa Birliyinin, digər beynəlxalq təşkilatların İlqar Məmmədovu, Tofiq Yaqublunu və digər siyasi məhbusların dərhal azadlığa buraxılması barədə qətnaməsini ölkədə iğtişaş yaratmaq istəyən qüvvələrə dəstək kimi qiymətləndirdiyi kimi Avropa Məhkəməsinin qərarlarını Azərbaycan siyasi təzyiq vasitəsi sayır, bundan qıcıqlanır. Çünki öyrəşib ki, məhkəmələrə göstərişi o versin. Əli İnsanovla bağlı məhkəmədə baş verənlər də həmin o siyasətin tərkib hissəsidir. Hakimiyyət Ə.İnsanovu Avropa Məhkəməsinin qərarı əsasında yox, əfv ərizəsi alıb buraxmaq istəyir. Həm «dikbaş» sabiq səhiyyə nazirini sındırmaq istəyir, həm topluma təkrar-təkrar mesaj verir ki, mən Avropa Şurasını, onun Nazirlər Komitəsini və ya sizlərin güvəndiyiniz Avropa Məhkəməsini hərləmirəm. Bu işlə bağlı məhkəmə zalında baş verən özbaşınalıqlar, əslində, həmin qurumlara, topluma, sabiq səhiyyə nazirinin özünə mesaj idi. Amma Ə.İnsanov da möhkəm dayanıb. Hər iki tərəf üçün asan olmayacaq. Azərbaycan hakimiyyəti böyük qardaşı Rusiya hökuməti kimi Avropa Məhkəməsinin qərarlarını icra etməkdən imtina edən ölkələrə aid edilir və onunla bağlı müzakirələr son dövrlərdə daha intensivləşib. 

Yeri gəlmişkən, bu yaxınlarda Avropa Şurası Nazirlər Komitəsində ifadə azadlığı və 2005-ci ilin parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsinin qərarlarının icrası durumu ilə bağlı məsələ müzakirə olunacaq.