vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
11:20 | 1 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1039 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Soçidən görünən Xankəndi

Ermənilərin son ümidi də puç oldu

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Məhz bu səbəbdən Paşinyan Soçiyə ümidli yollanmışdı, çünki o, KTMT-nin Ermənistana kömək etməyəcəyini dərk etmişdi. Onu da anlamışdı ki, KTMT-nin həmin onlayn-sessiyasında Vladimir Putinin susması, Lukaşenkonun dediklərini şərh etməməsi Rusiyanın Azərbaycana qarşı mövqe tutmaması deməkdi.

Paşinyan Soçidə Putini dilə tutmaq, fikrindən daşındırmaq, İrəvana yardım etmək və ən başlıcası, yekun sülh müqaviləsində “erməniləri narahat edən məsələlər”in əks olunmasına nail olmaq niyyətində idi.

Soçidəki danışıqlar da Vladimir Putinlə Nikol Paşinyan arasında bir saatdan azacıq artıq davam edən müzhakirələrlə başlandı.

Putin müzakirələrə Soçi görüşünün məhz Paşinyanın xahişi ilə təşkil olunduğunu xatırlatmaqla başladı.

Paşinyan isə ona verilmiş vərəqdən çıxışını oxumaqla erməni çulunu rus suyundan çıxarmağa can atdı.

“Ötən həftə siz Valday Diskussiya Klubunda çıxış edərkən Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsi məsələsinə də toxunaraq dediniz ki, erməni tərəfin qəbul etdiyi prinsiplərlə bağlı seçimi dəstəkləyirsiniz”, – vərəqdən bu cümləni rusca zorla oxuyandan sonra Paşinyan başını qaldırıb Putinə ümidlə baxdı.

Yəni Putin demişdi axı, indi sözünün üstündə durmalı, ermənilərin maraqlarını təmin etməli və Paşinyanı əliboş yola salmamalıdır.

Halbuki Putin “Valday Forumu”nda bu sözləri Paşinyanı ələ salaraq demişdi. Daha doğrusu, o, Ermənistanın və ermənilərin nəzərinə çatdırmışdı ki, əgər müharibə günlərində onlar, yəni ermənilər, Moskvanın planını qəbul etsəydilər, hər şey belə fəlakətli olmazdı.

Ermənilər üçün.

Putin əslində Paşinyana işarə vurmuşdu ki, Ermənistan indi Xankəndində, Əsgəranda, Ağdərədə və Xocalıda olan erməniləri də qəbul etməyə hazır ola bilər.

Əgər Paşinyan yenə Buridan ulağı kimi seçim qarşısında qalarsa.

Di gəl, Putinlə üzbəüz oturmuş Paşinyan xahiş və təvəqqe edəndən daha çox, meydan oxuyana və tələblər irəli sürənə bənzəyirdi.

“Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasının baza prinsipləri və parametrləri ilə bağlı Rusiyanın layihəsinin təklif etdiyi yanaşmalarla parametrlər bizə məqbuldur. Ümid edirəm ki, bugünkü mümkün üçtərəfli bəyanatda həmin sənədə istinad etmək təklifimizi dəstəkləyəcəksiniz. Ermənistan tərəfi bunu təklif edib, lakin Rusiyanın təklifimizi dəstəkləməsinin təsdiqi bizdə hələ də yoxdur”, – Paşiyan bunları deyəndən sonra bir də Putinə zəndlə baxdı.

Putin susurdu. Çünki artıq diplomatiya qaydalarını pozaraq həmişəki ampluasına düşən, yəni primitiv həyasızlıq edən Nikol Paşinyan aşkar şəkildə Rusiya prezidentinə təzyiq etməyə çalışır, ultimativ tərzdə danışırdı.

Üstəlik, o, nə dediyinin də fərqində deyildi: cümləsinin əvvəlində məhz “Rusiya variantı”ndan bəhs etsə də, sonradan “Rusiyanın bu variantı dəstəkləməsinin təsdiqinin olmadığını” söylədi.

Daha doğrusu, o, Vladimir Putinə imtinanı, yaxud hansısa dəyişikliyi nəzərdə tutmayan variantlar təklif edirdi.

Təbii ki, Putin belə bəsit və marazmatik davranış formatından razı qala bilməzdi, qalmadı da.

Azərbaycan Prezidenti İlham Əliyev isə problemin həll variantlarını bilən, təklif edən və Cənubi Qafqazda sülhlə stabilliyin bərqərar olmasını təklif edən dövlət başçısıdır.

“Qarabağ münaqişəsi artıq tarixdir, iki il əvvəl həll olunub. Ona görə də bu kontekstdə praktiki olaraq müzakirə ediləsi heç bir məsələ qalmayıb. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ciddi addım tələb edən formatdır. İki il əvvəl üçtərəfli Bəyanat imzalandı və çoxillik münaqişəyə son qoyuldu. İndi isə münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır. Azərbaycan-Ermənistan münasibətləri bu prinsiplər əsasında normallaşdırılmalıdır. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir. Düşünürəm ki, münasibətlərin normallaşdırılmasına bu əsasda nail olmaq olar”, – İlham Əliyev dedi.

Qalib ölkənin dövlət başçısı məhz belə danışır.

O, Putinlə Paşinyanın nəzərinə çox aydın və konkret şəkildə bir gerçəyi çatdırdı: Azərbaycana müqavilə, anlaşma yox - Qarabağdakı bütün ərazilərin Bakının tam nəzarətinə keçməsi gərəkdir.

Vladimir Putin isə müzakirələrdən sonra mətbuat konfransı keçirdi.

Və dedi:

Rusiya SSRİ Baş Qərargahının xəritələrini (ən dəqiq xəritələrdir) təqdim etməyə və onların əsasında Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsinə doğru irəliləməyə hazırdır”

“Hələlik İrəvanla Bakı arasında sülh müqaviləsi yoxdur, lakin Bakı ilə İrəvan arasında nizamlanma yolunun tapıldığını göstərən ilkin şərtlər var”.

“Hansı məsələlərlə bağlı razılığa gələ bilmədiyimizi açıqlaya bilmərəm”.

“Praqada Azərbaycan və Ermənistan liderlərinin görüşünün Rusiyanın iştirakı olmadan keçirilməsinin səbəbi bizə aydındır. Bunu heç kəsə izah etmək lazım deyil. Bizim avropalı tərəfdaşlarımız öz siyasətlərini elə həyata keçirirlər ki, Rusiyanı belə formatlardan istisna hesab edirlər.  Bu, bir sıra vəziyyətlərdə mümkün deyil”.

“Lakin biz öz tərəfimizdən nizamlanmaya istiqamətlənən bütün səyləri alqışlayırıq. Biz gərginliyi azaldan bütün addımları dəstəkləyirik. O ki qaldı hansı məsələləri razılaşdıra bilmədiyimizə. Bu haqda danışmaq olarmı? Olar. Amma lazım deyil. Ona görə ki, əgər bu məsələlər hələ də nizamlanmayıbsa, fikrimcə ona diqqəti cəmləmək lazım deyil. Bunlar hər iki tərəf üçün çox həssas şeylərdir. Hesab edirəm ki, onları həmkarlarımın razılığı olmadan açıqlamaq hüququm yoxdur”.

... Görünən budur ki, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün Praqada daha bir görüş keçirilməlidir.

Sonra Moskva müzakirələri də ola bilər.

Amma görüşlərin amplitudasına və intensivliyindən asılı olmayaraq, Ermənistan rəhbərliyi onun qarşısına qoyulacaq sənədi imzalamaq məcburiyyətində qalacaq.

Əgər İrəvanda rəhbərlik kimi qalmaq istəyirsə. (Milli.az)