vaxtlı-vaxtında oxuyun! Bazar, 10 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
08:51 | 16 dekabr 2022 | Cümə Məqaləyə 6267 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Düşmənlərimizi birləşdirən aksiya...

“Dahiyanə” öncəgörmələr bizdə xof hissi yaratmağa hesablanıb

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bizim bəzi ağıllılarımız dünən Laçın yolundakı aksiyada pafosla danışan bir qadının əlindəki göyərçini sıxıb öldürməsinə lağ edir və 4 gündür davam edən aksiyanı nəzərdə tutaraq “Bu “şou proqram” görəsən, hələ nə qədər davam edəcək?”, deyə təkəbbür qarışıq istehza dolu suallar verirlər, lakin bizə qarşı düşmən mövqeyini açıq şəkildə ortaya qoymuş Ermənistan və Rusiyanın, Fransanın və başqa ölkələrin parlamentariləri, politoloqları, hərbi ekspertləri isə məhz bu aksiyaya görə qarğa-quzğun kimi birləşərək vahid anti-Azərbaycan cəbhəsindən çıxış edir, bizi cürbəcür üsullarla hədələyirlər.

Xüsusən də rusiyalı ekspertlər özlərinə əl qatıblar. yaxalarını cırırlar. Məsələn, tanınmış fransızşünas, Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun aparıcı elmi işçisi Sergey Fyodorov bizi Fransanın sanksiyaları ilə qorxudur və deyir ki, Laçın yolunun bağlanması Avropa sülhməramlılarının regiona gətirilməsi ilə nəticələnə bilər. 

Amerikapərəst ekspert, Rusiya Elmlər Akademiyası ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Vladimir Vasilyev isə Ukrayna haqda danışarkən Amerikanı söydüyü halda Laçın yolundakı aksiya ilə bağlı açıqlamasında bizi Amerika ilə qorxutmağa çalışıb. Vasilyev deyib ki, Qarabağdakı vəziyyəti həll etmək ABŞ üçün elə də çətin deyil və Vaşinqtonun “əli” Bakıya çatacaq qədər uzundur. 

Aleksandr Skakov, Aleksey Anpiloqov kimi politoloqlar isə “uzaqgörənlik” edib bildirirlər ki, əgər Bakı sülhməramlıları sıxışdırsa, Ermənistan ilə Azərbaycan yenidən müharibə astanasına sürüklənəcək. 

Kremlə yaxın ekspertlərdən biri isə bu gün lap ağını çıxardı və “Azərbaycan rus sülhməramlılarına nə isə etmiş olsa, “Laçın dəhlizi”ndə təşəbbüsü ələ alsa Bakını raketlə vurarıq”, deyə bizi hədələdi. 

Söhbət rusiyalı hərbi-siyasi ekspert Mixail Aleksandrovdan gedir. Adam Laçın-Xankəndi yolundakı aksiyalarda sülhməramlılara qarşı güc tətbiq ediləcəyi təqdirdə Rusiya tərəfinin bu qədər radikal üsulla cavab verməyə məcbur olacağını söyləməklə heç şübhəsiz ki, ilk növbədə bizi qorxutmaq məqsədini güdürdü.

Mixail Aleksandrovun fikirləri: “Prinsipcə, Rusiyanın quru əməliyyatlar həyata keçirmədən raket zərbələri ilə Bakının neft sənayesini bombalamaq, Azərbaycan enerji sistemini tamamilə məhv etmək imkanları var. Yeri gəlmişkən, Bakının neft sənayesini bombalasaq, Qərb də bundan əziyyət çəkəcək. Çünki Qərbə neft axmayacaq, dərhal da neft qiymətləri qalxacaq”.

M.Aleksandrovun təbiri ilə desək, bəli, prinsipcə, Rusiya adlı “ayı-dövlət” Bakını, bizim neft mədənlərimizi raketlərlə bombardman edə bilər. Yəni ki, teoretik olaraq bu mümkündür. Çünki biz Rusiyanın necə vəhşi bir dövlət olduğunu həm öz təcrübəmizdən, həm də Suriya və Ukrayna təcrübəsindən yaxşı bilirik. 

Suriyaya və Ukraynaya Xəzər dənizindən raket atan Rusiya eyni qayda ilə Azərbaycanı da raket atəşinə məruz qoya bilər. Zatən, 10 noyabr Bəyanatının imzalanmasından bir neçə saat öncə Bakının yaxınlığına, Xırdalan tərəfə raket atan həmin Rusiya bu gün bu mənfur əməlini böyük məmnuniyyətlə təkrarlamaq istəyərdi. 

Lakin Rusiya bu gün bunu bacarmaz. Axı bugünkü Rusiya iki il öncəki Rusiya deyil. Hazırkı Rusiya iflic vəziyyətindədir. Ukrayna cəbhəsindəki uğursuzluqlar Rusiyanın gücünü puç edib, belini qırıb. 

Üstəgəl, bu gün bizim Şuşa Bəyannaməsi kimi sipərimiz, zirehimiz, qalxanımız var. Rusiya Azərbaycanı bombalasa, Şuşa Bəyannaməsinin məlum maddələri dərhal işə düşəcək. Və beləliklə, Azərbaycan Rusiya üçün əsl cəhənnəmə çevriləcək. Ukraynada yarımcan vəziyyətə düşən Rusiyanın qəbri Azərbaycan cəbhəsində qazılacaq. 

Rusiyanın havalı, çılğın, davakar ekspertlərindən və Zatulin kimi erməni nökərlərindən fərqli olaraq Putin bunu çox yaxşı bilir. Ona görə də, onsuz da acınacaqlı, psixoz durumda olan Putin indi də Azərbaycan-Türkiyə tandemi ilə üz-üzə gəlib Rusiyanın “fatihə”sini birdəfəlik vermək istəməz. 

Lakin həmin davakar ekspertləri danışdıran və onların ağzıyla Azərbaycanı hədələtdirən “dirijor” da elə Putinin özüdür. Bu isə o deməkdir ki, Putin blef edir. O, çoxsaylı ekspertlərin və Duma deputatlarının vasitəsilə Azərbaycanı söz “bombardman”ına məruz qoyur və bu yolla “nəbz”imizi yoxlayır, bizə “xox” gəlmək istəyir. İstəyir ki, biz geri çəkilək, “dinc oturaq”, haqqımızı tələb etməyək, 10 noyabr üçtərəfli Bəyanatının müddəalarının yerinə yetirilməsi üçün dirəşməyək. Bu mənada, sözügedən rusiyalı ekspertlərin bütün bu açıqlamaları, “dahiyanə” öncəgörmələri və xain hədələri bizdə xof hissi yaratmağa hesablanıb. 

Lakin Putin bir şeyi anlaya bilmir ki, artıq ox yaydan çıxıb və artıq 5-ci günə keçən aksiya tamamilə yeni reallıqlar yaradıb. Bundan sonra Azərbaycan geriyə çəkiləsi deyil. Rəsmi Bakı hiss edir ki, Qarabağımızın Xankəndi hissəsi ilə bağlı məsələ məhz indi çözülməlidir. Bunun üçün ən ideal şərait məhz indi yetişib. Əks halda, biz zaman itirsək, fürsəti qaçırsaq, Rusiya və digər qlobal yırtıcılar bir daha heç vaxt bu məsələni çözməyimizə imkan verməyəcəklər. Ona görə də Bakı məhz bu arada qəti, prinsipial mövqe tutacaq. 

Biz beynəlxalq güclərin, düşmən qüvvələrin diş qıcırtmasından, bizi sözdə raket atəşinə tutmalarından əsla çəkinməməliyik, qorxmamalıyıq. 

Başladığımız bu aksiyanın məntiqi sonluğuna çatmalıyıq. Ermənilərin və rus mediasının qərəzli təqdimatı nəticəsində hazırda dünya birliyi Laçın yolundakı aksiyanı ekoloqların aksiyası kimi qəbul etməsə də belə, lakin biz Rusiyanı məcbur etməliyik ki, bizim tələblərimizlə razılaşsın, ərazilərin monitorinqinə şərait yaratsın,  suveren ərazimiz olan Xankəndidə Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını, həmçinin, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına görə Laçın istiqamətində Ermənistanla sərhəddə DSX-nin və DGK-nin ayrıca postlarının qurulmasını təmin etsin. 

Tələblərimizin sayını bir az da artıra bilərik. O cümlədən, Xankəndi, Xocalı, Xocavənddən olan köçkünlərimizin öz ata-baba mülklərinə qayıtmaq tələbini də qaldırmaq lazımdır. 

Bütün bunlar bizim təbii haqq və hüquqlarımızdır. Biz susduqca, səsimizi çıxarmadıqca bu haqq və hüquqlarımız elə 10 noyabrda imzalanmış kağızın üzərindəcə qalacaq. Rusiya isə həmişə olduğu kimi həyasızlığına salıb bizim haqlarımıza göz yumacaq, ermənilərin maraqlarına oynamağa davam edəcək.

Odur ki, biz məhz bu anda, bu cür əlverişli məqamda, aksiyanın yaratdığı psixoloji və siyasi üstünlüklərdən istifadə edərək üçtərəfli Bəyanatdakı haqlarımızın təmin edilməsini tələb etməliyik. 

Biz bunlara nail ola bilsək, o zaman 5 gündür davam edən aksiyamız həqiqətən də baş tutmuş sayılacaq.

Artıq Rusiyanın da geri çəkilmək imkanı yoxdur. Çünki bu aksiya Rusiyanı da gözləmədiyi, əvvəllər vərdiş etmədiyi yeni bir situasiya ilə üz-üzə qoyub. Başqa sözlə desək, “sülhməramlı”lar üzdə özlərini dikbaş, ötkəm aparsalar da, ancaq əsl həqiqətdə isə bu aksiya Rusiyanı da küncə sıxışdırıb və seçim qarşısında qoyub. 

Bax, bu seçimin bizim xeyrimizə yekunlaşması məhz bizim iradəmizdən, qətiyyətimizdən, ardıcıllığımızdan və çevik, müdrik qərarlar qəbul etməyimizdən asılıdır. 

Birdəki, elə etməliyik ki, nə ruslar, nədəki öz daxilimizdəki yaramaz ünsürlər bu aksiyaları dəyərsizləşdirə bilməsinlər, urvatsız etməsinlər.

P.S.: Yeri gəlmişkən, Mixail Aleksandrov vaxtilə Suriyanın və Ukraynanın da bombalanmasını Putinə təklif edən əsas şəxslərdən biri olub. Lakin Putinin bu cür vandal təklifləri qəbul edib Ukraynada tətbiq etməsi əks-effektlə nəticələndi...

P.P.S.: Bu da heyrətamiz bir haldır ki, Ukraynaya görə Rusiyanı didib parçalamağa hazır olan Qərb, Laçın yolundakı aksiyaya görə isə Rusiya ilə eyni mövqedən çıxış edir. Kreml isə bu haldan çox məmnundur və aksiyanın nəticələrini bizim əleyhimizə çevirməyə, öz xeyrinə istifadə etməyə çalışır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)