vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
09:58 | 1 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1411 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı üçün növbəti çətin sınaq

Bu dəfə Azərbaycan AŞ PA-nın yaz sessiyasında Kremlin səs hüququndan məhrum edilməsi sənədinə münasibət bildirməlidir; BMT-dəki prinsipial mövqenin davamı gələcəkmi?

Siyasət şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Martın 27-də BMT Baş Məclisində Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbulundan sonra Rusiyanı indi də Avropa Şurasında ağır imtahan gözləyir. Belə ki, avropalı deputatların bir qrupu Krımın ilhaqına görə Moskvanı təşkilatda səs hüququndan məhrum etməyi nəzərdə tutan qətnamə layihəsini tələsik şəkildə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) gündəliyinə daxil ediblər. Artıq layihəyə Avropa İttifaqına üzv ölkələri təmsil edən çoxlu sayda deputat (AŞ PA üzvü) qoşulub.

Rusiya ilə bağlı cəza xarakterli daha bir sənəd layihəsi var. Həmin sənəd bu ölkənin nümayəndə heyətinin səlahiyyətlərinə təzədən baxmağı nəzərdə tutur. İstənilən halda, qutumun aprelin 7-də başlayacaq yaz sessiyasında Rusiyanın ciddi qınaq və ittiham hədəfi olacağı dəqiqdir.

Şübhəsiz ki, Azərbaycan nümayəndə heyəti də həmin qızğın müzakirələrə qatılmalı olacaq. Ən azından ona görə ki, söhbət beynəlxalq hüquqa aşıq-aşkar sayğısızlıq nümunəsi olan bir faktın - ölkələrin ərazi bütövlüyünə qəsdin mötəbər bir təşkilatın gündəminə gətirilməsindən gedir. 

Təbii ki, dost Ukraynanı, Krım tatarlarını incitməmək imperativi də Azərbaycan təmsilçilərinin kənarda qalmasını istisna edir və onlar məsələnin müzakirəsi zamanı həm münasibət bildirməli, həm də səsverməyə qatılmalıdılar. 

Elə mürəkkəblik də bundadır. Sual isə belədir ki, Azərbaycan BMT-dəki prinsipial mövqeyini AŞ PA-da da davam etdirib sivil ölkələrin yanında yer alacaq, yoxsa əyləcə basıb dayanacaq və Ermənistanla, Rusiyanın özü ilə eyni cərgədə duracaq? 

Yeri gəlmişkən, erməni mətbuatı Ermənistan nümayəndə heyətinin məsələdə hansı mövqe tutacağı ilə maraqlanıb. Bəlli olub ki, İrəvan üçün ən ideal variant səsverməyə qatılmamaq və ya bitərəf qalmaq sayılsa da, Kremlin təzyiqləri üzündən bu, mümkün olmayacaq. Necə ki, BMT Baş Məclisindəki son səsvermə zamanı Rusiya yüngül «gözağartma» ilə bitərəf qalmaq istəyən forpostunu asanca ram edə bilib...

Azərbaycanın nümayəndə heyətinə gəlincə, müzakirələr fürsət yaradır ki, ölkəmizin Ermənistan tərəfindən işğala məruz qalması, BMT-nin, elə AŞPA-nın özünün ölkəmizə qarşı təcavüzü pisləyən qətnamələrinin hələ də yerinə yetirilməməsi bir daha təşkilatın diqqətinə gətirsin. 

Yəni bu mövzudan məharətlə yararlanıb Ermənistanı növbəti dəfə qınaq hədəfi eləmək, ondan üstəlik, zəbt elədiyi Azərbaycan torpaqlarda talançılıq, süni məskunlaşma siyasəti apardığı üçün hesabat tələb eləmək olar. Və lazımdı da.

Ancaq bunun ardınca işğalçılıq hərəkətinə görə Rusiyaya qarşı cəza tədbirlərini nəzərdə tutan sənədin əleyhinə mövqe sərgiləmək, yaxud səsverməyə qatılmamaq və ya bitərəf qalmaq, əlbəttə ki, Azərbaycan adına ikili standart yanaşması, məntiqsizlik olmaqla bərabər, ölkəmizin haqlı mövqeyinin düzgün anlaşılmamasına və zəifləməsinə gətirər. Eyni zamanda Azərbaycanın BMT-dəki 27 mart səsverməsinin tarixi əhəmiyyətini aşağı salar.

Elə isə Rusiyaya görə beynəlxalq demokratik dünyanın, güclü Qərbin yanından uzaqlaşmağa dəyərmi? Üstəlik, bilə-bilə ki, Dağlıq Qarabağ probleminin ədalətli həlli perspektivi Kremlə deyil, məhz demokratik dünyaya bağlıdır. Onsuz da Rusiya bizə edəcəyi ən böyük psiliyi edib. Şimal qonşumuzun Ermənistanı atıb Azərbaycanı tutacağı da fantastik məsələdir. O ki qaldı Rusiya və ətrafındakı 1-2 «lənətlənmiş» dövlətin Dağlıq Qarabağı tanınmasına, əsas odur ki, dünya ictimaiyyəti, Qərb bu addıma getməsin.

Kəsəsi, gözlər indi də Strasburqda... («Yeni Müsavat»)