vaxtlı-vaxtında oxuyun! Cümə, 14 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
18:52 | 13 mart 2025 | Cümə axşamı Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentin üç şərti

Sülh müqaviləsinin mətni üzərində razılaşma yalnız texniki mərhələdir

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması məsələsi yenidən gündəmə gəlib.

Əvvəla, mətn üzrə işin yekunlaşdırılması sülh müqaviləsinin imzalanması anlamına gəlməməlidir. Sənədin mətni üzərində razılaşma yalnız texniki mərhələdir və bu prosesin siyasi nəticə ilə eyniləşdirilməsi yanlışdır. Sənədin cəmi 15 maddədən ibarət olması onun məzmununun hərtərəfli və əhatəli şəkildə razılaşdırıldığını bildirmir. Sülh müqaviləsinin imzalanması üçün hələ mühüm siyasi və hüquqi məsələlər həll edilməlidir.

Prezident İlham Əliyev son çıxışında bu məsələyə tam aydınlıq gətirərək bəzi vacib şərtləri vurğulayıb.

Birincisi, Ermənistan konstitusiyası dəyişməli və bu sənəddə yer alan Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Hazırkı konstitusiya Ermənistanın Azərbaycana qarşı torpaq iddialarını ehtiva etdiyindən, bu sənəd qüvvədə olduğu müddətdə sülh müqaviləsinin imzalanması mümkün deyil.

İkincisi, Ermənistan Azərbaycan ərazisində törətdiyi cinayətlərə görə təzminat ödəməlidir. Bu, təkcə Xocalı soyqırımı ilə məhdudlaşmır. Ermənistan 30 ilə yaxın işğal dövründə Qarabağ və ətraf rayonlarda törətdiyi dağıntılar, mədəni və tarixi abidələrin məhv edilməsi, təbii sərvətlərin talan edilməsi kimi ağır cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan bu məsələlərdə haqqını tələb etməkdə tam haqlıdır və beynəlxalq hüquq bu tələbi dəstəkləyir.

Üçüncüsü, Ermənistan Bakıdakı məhkəmə ilə əməkdaşlıq etməli, adı insanlıq əleyhinə cinayətlərdə hallanan və hazırda Ermənistan ərazisində gizlənən şəxsləri Azərbaycan ədalət mühakiməsinə təhvil verməlidir. Bu, hüquq və ədalət prinsiplərindən irəli gəlir və Azərbaycanın bu məsələdə güzəştə getməyəcəyi açıq bəyan edilib.

Ermənistanın hazırda sülh müqaviləsinin imzalanmasına dair tələsik bəyanatlar verməsi, əslində, siyasi manipulyasiya məqsədi daşıyır. Ermənistan rəhbərliyi bu cür açıqlamalarla beynəlxalq ictimaiyyətdə Azərbaycanı guya prosesi uzadan tərəf kimi təqdim etməyə çalışır. Halbuki rəsmi Bakı sülh prosesində ardıcıl və prinsipial mövqe nümayiş etdirərək qarşı tərəfə dəqiq və konkret şərtlər irəli sürüb. Ermənistan bu şərtləri yerinə yetirmədən sənədin imzalanması mümkün deyil.

Beləliklə, sülh müqaviləsinin mətni üzrə razılaşma əldə olunması mühüm addım olsa da, bu, yekun nəticə deyil. Ermənistanın konstitusiyasında ərazi iddialarına son qoyulması, təzminat məsələsinin həlli və cinayətkarların ədalətə təhvil verilməsi kimi fundamental məsələlər həll edilmədən sülh müqaviləsinin imzalanması real deyil. Azərbaycan tərəfi ədalətli və daimi sülh üçün prinsipial mövqeyindən geri çəkilməyəcək.