vaxtlı-vaxtında oxuyun! Bazar, 16 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
19:16 | 16 mart 2025 | Bazar Məqaləyə 55 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ mediasında xaos

Jurnalistlər qapı dalında qaldı, yayımlar dayandırıldı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra qənaət rejiminə keçidlə bağlı ilə federal qurumlarda edilən ixtisarlarla başlayan və xaosa çevrilən proses indi mediada öz əksini tapıb.

Tramp cümə günü “Amerikanın Səsi”nin (Voice of America – VoA) və bütün dünyada ABŞ hökuməti tərəfindən maliyyələşdirilən digər KİV-lərin bağlanmasını nəzərdə tutan sərəncam imzalayıb.

Fərmana ABŞ Qlobal Media Agentliyi (USAGM) və onun tabeliyində olan agentliklər daxildir. “Amerikanın Səsi” ilə yanaşı, USAGM çərçivəsində fəaliyyət göstərən media təşkilatlarına Qlobal Media Agentliyi, Azad Avropa/Azadlıq Radiosu və Azad Asiya Radiosu daxildir.

Təxminən 270 milyon dollar büdcəsi və 2000-dən çox əməkdaşı olan təşkilat 49 dildə yayımlanır. Onun təxmini həftəlik auditoriyası 361 milyondan çoxdur.

Trampın təyin etdiyi şəxslərin rəhbərliyi altında agentlik Azad Avropa/Azadlıq Radiosu, Azad Asiya və Yaxın Şərq Yayım Şəbəkələri də daxil olmaqla bütün beynəlxalq yayımçıların müqavilələrinə xitam verib.

Bununla belə, ümumilikdə 7 təşkilatın kəsintilərdən təsirlənəcəyi gözlənilir.

***

NPR-nin xəbər verdiyi kimi, jurnalistlər səhər proqramlarını yayımlamaq üçün “Amerikanın Səsi”nə gəldikdə, onlara işdən çıxarıldıqları deyilib. Federal məmurlar media işçilərinə qeyri-müəyyən müddətə kütləvi dayandırma qərarını bildiriblər.

Daha sonra “The New York Times” (NYT) tərəfindən verilən məlumata görə, “Amerikanın Səsi”nin bir neçə jurnalistin və digər əməkdaşların elektron poçtuna inzibati məzuniyyətə göndərildikləri barədə məktib gəlib. Jurnalistlər deyirlər ki, ixtisarlar o qədər ciddidir ki, beynəlxalq mətbuatı fəaliyyətsiz hala salacaq.

Hazırda fəaliyyəti dayandırılmış “Amerikanın Səsi”nin 1300 əməkdaşı aydınlıq gələnə qədər inzibati məzuniyyətdə qala bilər.

“Amerikanın Səsi”nin direktoru Maykl Abramoviç bildirib ki, onun 1300-ə yaxın jurnalist, prodüser və köməkçidən ibarət demək olar ki, bütün heyəti inzibati məzuniyyətə buraxılıb və bu, 50-yə yaxın dildə yayımlanan media orqanının dağılmasına gətirib çıxarıb.

Abramoviç “LinkedIn”də yazıb: “83 ildə ilk dəfə olaraq məşhur “Amerikanın Səsi”nin susdurulması məni çox kədərləndirdi”.

 

“AP”, “Reuters” və “AFP” də təsirlənə bilər

 

Yayımçılara göndərilən qrantın ləğvi bildirişlərinin Trampın USAGM-dəki baş məsləhətçisi Keri Leyk tərəfindən imzalandığı öyrənilib. Bununla belə, Leykin hazırkı rolunda bu ləğvi həyata keçirmək üçün qanuni səlahiyyətinin olmadığı deyilir.

“The New York Times” qəzetinin yazdığına görə, agentlik rəsmiləri əmrə əməl etmək planlarını yeddi gün ərzində İdarəetmə Ofisi və Büdcə Direktoru Rassell Vouta təqdim etməlidirlər.

Bu arada, Trampın əvvəlki həftələrdə federal qurumlardakı bir sıra ixtisarları məhkəməyə verildi, bəzi qanunvericilər bəzi ixtisarları geri götürdülər.

USAGM-ə qarşı hüquqi tədbir görülüb-görülməyəcəyi hələlik bəlli deyil.

Leyk, USAGM-ni “Amerika vergi ödəyicisi üçün nəhəng çürük yük” adlandıran bir bəyanat verib. “X” hesabından bir paylaşımda o, USAGM-nin də bahalı və lazımsız xəbər agentliyi müqavilələrini ləğv etmək üçün hərəkətə keçdiyini söyləyib.

“Bunlara “The Associated Press” (AP), “Reuters” və “Agence France-Presse” (AFP) ilə çoxmilyonluq müqavilələr daxildir. USAGM 83 yaşlı, vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən xəbər təşkilatıdır. Bizə xəbərlərin nə olduğunu söyləmək üçün xarici xəbər şirkətlərinə pul ödəməməliyik. Onu bir milyard dollarlıq büdcə ilə özümüz hazırlamalıyıq”.

 

“Maskın gəncləri düşərgə qurub işçilərin maaşlarını ələ keçirib”

 

NPR-ə danışan məsələ ilə tanış olan bir neçə nəfərin sözlərinə görə, texnoloji milyarder İlon Maskın rəhbərlik etdiyi hökumətin xərcləri azaltma təşəbbüsü olan DOGE-nin üç əməkdaşı, agentliyin büdcəsinə, sosial mediaya və digər fəaliyyətlərinə giriş əldə etmək üçün USAGM-də yerləşib.

Başqa bir iddiaya görə, DOGE komandası “Azad Asiya” və “Azad Avropa” radiolarının işçilərinin maaşları üçün lazım olan pulu 30 gün müddətində saxlayıb. Sərbəst jurnalistlər deyirlər ki, DOGE-dən USAGM-ə təyin olunmuş şəxslər bu vəsaitlər dondurulduğu üçün keçən aydan bəri maaş almayıblar.

Keçən ay DOGE-də işləyən 20 yaşlarında bir qrup gəncin Xəzinə Nazirliyi, Milli Təhsil Nazirliyi və Səhiyyə Xidmətləri kompleksləri də daxil olmaqla bir neçə rəsmi binaya basqın edərək insanları işlərindən qovduğu və istifadəçi məlumatlarına icazəsiz daxil olduğu iddia edilmişdi. O vaxtdan bəri nazirliyin 1000-dən çox əməkdaşı ya istefa verib, ya da işdən çıxarılıb.

USAGM-ə qarşı qərar da Maskın Azad Asiya Radiosunu araşdırmaya başladığı öyrənildikdən bir neçə gün sonra gəlib.