vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
12:27 | 17 mart 2025 | Bazar ertəsi Məqaləyə 36 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Makler-diplomat – o kimdir?

Stiv Vitkof: “Trampla Putinin arasında böyük dostluq var”

Elbəyi Həsənli. Sürix

MÖVZU İLƏ ƏLAQƏLİ

Stiv Vitkof (Steve Witkoff) bugünlərdə Moskvada Vladimir Putinlə gizli danışıqlar aparıb oradan Bakıya uçmuşdu. Aydındır ki, o, İlham Əliyevlə danışıq aparmaq üçün Azərbaycana gəlib. Özü də martın 15-i cənab Stiv Vitkofun (1957) ad günü idi.

Bu səfərlə bağlı geniş məlumat yayan İsrailin “The Jerusalem Post” yazmışdı ki, yüksək rütbəli ravvinlərin prezident D. Trampa “Avraam (İbrahim) müqaviləsi”nin (Abraham Accords) genişləndirilməsinə və İsrail, ABŞ və Azərbaycan arasında strateji müttəfiqliyin gücləndirilməsinə çağırış edib. Həmin məktubda bədnam 907-ci düzəlişin aradan qaldırlmasının vacibliyinə də toxunulub. Bu ideyanın müəllifi isə heç şübhəsiz ki, İsrailin Baş Naziri Benyamin Netanyahudur. O, Knessetdəki (parlament) çıxışında bu məsələləri gündəmə gətirmişdi.

“The Jerusalem Post” onu da yazmışdı ki, ABŞ və Rusiya prezidentləri Bakıda görüşə bilər. Amerikadakı yəhudi lobbisi və İsrail hökuməti dünyanın taleyini müəyyən edə biləcək belə bir görüşün məhz Bakıda keçirilməsi üçün hərəkətə keçib.

Bəs, Stiv Vitkof kimdir? Bu yazıda bu suala cavab verməyə çalışacağıq. O, milyarder, hüquqşünas, və diplomat kimi tanınır. O, D.Trampın Yaxın Şərq üzrə xüsusi elçisidir. Karyerasına daşınmaz əmlak üzrə vəkil kimi başlasa da tezliklə daşınmaz əmlaka investisiya qoymağa başlayıb. Cənab Vitkofun təkcə ABŞ-da deyil, həmçinin Yaxın Şərqdə də geniş biznes əlaqələri var. Nyu-Yorkdan başqa Las Veqas və London kimi şəhərlərdə çoxsaylı mülklərə sahibdir. 2024-cü ilin noyabrında yeni seçilmiş prezident Donald Tramp Vitkofu ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi təyin edəcəyini açıqlamışdı. O, rəsmi olaraq bu vəzifəyə başlamazdan əvvəl 2025-ci ilin yanvarında İsrail və “HƏMAS” arasında atəşkəs və girov mübadiləsi üzrə danışıqlarda rol oynamışdı. Yaxın Şərqdən əlavə o, de-fakto D.Trampın Rusiya üzrə də elçisi sayılır. 

Əslən yəhudi olan Vitkof Nyu-Yorkda (Bronks) anadan olub, orada böyüyüb. O, Martin və Lois Vitkofun oğludur. Onun atası Nyu-Yorkda qadın paltolarının istehsalçısı idi. O, 1983-cü ildə Hofstra Hüquq Məktəbini bitirib. 

“The Wall Street Journal” yazır ki, Stiv Vitkofun diplomatik təcrübəsi yoxdur. Ancaq “Daşınmaz əmlak dünyasındakı həmkarları həmişə Vitkofu ağıllı, diqqətçəkən və sadə davranışı olan istedadlı danışıqçı kimi təsvir edirlər”. 

1983-cü ildə hüquq fakültəsini bitirdikdən sonra Vitkof Nyu-York şəhərinin daşınmaz əmlakla bağlı olan hüquq firması” Dreyer & Traub”da işləyib, orada müştəri olan Donald Trampla tanış olub. Sonra bu tanışlıq dostluğa çevrilib.

15 sentyabr 2024-cü ildə Vitkofv Florida ştatının “West Palm Beach” şəhərindəki “Trump International Golf Club”da Trampla qolf oynayarkən, Rayan Uesli Rut Trampa sui-qəsd məqsədi ilə atəş açdı. O vaxt da onlar bir yerdə idi. 

9 noyabr 2024-cü ildə Vitkof keçmiş ABŞ senatoru Kelli Luffler ilə birlikdə Trampın ikinci prezidentliyi üçün İnauqurasiya Komitəsinin həmsədri seçilib.

Vitkofun yanaşması ənənəvi diplomatik üsullardan xeyli fərqlənir. Məsələn, o, İsrailin baş naziri Benyamin Netanyahuya “HƏMAS”la razılaşmanı yekunlaşdırmaq üçün təzyiq göstərib. D. Trampın razılaşmanın əldə olunmasını istədiyini vurğulayıb və nəticədə “HƏMAS”la anlaşma əldə olunub. 

11 fevral 2025-ci ildə Tramp Vitkofu Moskvaya göndərdi, o, prezident Vladimir Putinlə görüşdü və Rusiya vətəndaşı Aleksandr Vinnikin müqabilində ABŞ vətəndaşı Mark Fogelin Rusiya həbsxanasından azad olundu. Vitkof Putin və Trampla bağlı belə deyir: “Məncə, onların böyük dostluğu var idi və indi də bunun davam edəcəyini düşünürəm və bu, dünya üçün həqiqətən yaxşı bir şeydir”.

16 fevral 2025-ci ildə Vitkof Ukrayna və Avropanın Ukrayna danışıqları zamanı kənarda qalacağına dair narahatlıqları rədd etdi. 2025-ci il fevralın 18-də ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Amerika və Rusiya nümayəndə heyətləri Ukraynadakı müharibə ilə bağlı gələcək sülh danışıqları üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşdülər. Rubionu Stiv Vitkof və Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals müşayiət edirdi.

Hazırda da o, Tramp administrasiyası ilə Rusiya prezidentliyi arasında əsas ünsiyyət kanalı kimi gündəmdədir. 

Vitkoff Manhettenin Yuxarı Şərq tərəfində yaşayırdı. 1987-ci ildə o, hüquq firmasının əməkdaşı olan Loren Cill Rapoportla evləndi və 2019-cu ildə Nyu-Yorkdan Floridaya köçdü və Mayami-Biçdə məskunlaşdı.

Onların üç oğlu olub. 2011-ci ildə onların 22 yaşlı oğlu Endrü narkotik maddənin istifadəsi zamanı doza həddini aşdığına görə ölüb. Zak isə kriptovalyuta şirkəti olan “World Liberty Financial”ın həmtəsisçisidir. Onların kiçik oğlu Aleksander isə “Witkoff Group”un baş direktorudur.