vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
13:11 | 17 mart 2025 | Bazar ertəsi Məqaləyə 57 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bonsai ordusu”

“Z nəsli” Avropa silahlı qüvvələrini gücləndirir, yoxsa zəiflədir?

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyada bu yaxınlarda keçirilən sorğu göstərdi ki, “Z nəsli” orduya qatılmaqdansa kuryer kimi işləməyə üstünlük verir. Yaşı 15-27 arasında olan 2000 gənclə aparılan sorğu nəticəsində “Z nəsli”nin illik 55.000 funt sterlinqdən çox maaş almağı xəyal etdiyi ortaya çıxıb. Bu o deməkdir ki, onlar 30 yaşına çatdıqda illik 70.000 dollardan çox maaş gözləyə bilərlər. Amma ordudakı işləri bunu onlara təmin edə bilməyə bilər.

Rəqəmlər göstərir ki, donanma gənc britaniyalılar üçün dördüncü ən cəlbedici işdir. Bu siyahıda quru qoşunları beşinci, hava qüvvələri yeddinci, çatdırılma xidməti isə altıncı yerdədir. “Google”, “Apple” və “Microsoft” texnologiya şirkətləri “Z nəsli” üçün ən cəlbedici iş siyahıları arasında ilk üçlükdə yer alıb.

Rəqəmlər Böyük Britaniya ordusunun gələn il 70.000 əsgərdən aşağı düşəcəyi gözlənildiyi bir vaxta təsadüf edir. Bu çatışmazlıq 2024-cü ildən bəri döyüş gəmilərini idarə etmək üçün təlim keçmiş hərbi personalın sayında da özünü göstərir. Dövlətin böhranı həll etmək cəhdləri əsasən də maaşlar baxımından indiyə qədər uğursuzluqla nəticələnib. Könüllülük qapısının açılmasının gecikməsi Böyük Britaniya ordusuna potensial çağırışçıların təxminən 70 faizinin itkisi ilə nəticələnib. Bir qrup çağırışçı sağlamlıq səbəbi ilə orduya qoşula bilməyib.

Böyük Britaniyada yaşayan “Z nəsli”nin orduya cəlb edilməsi problemi Avropada da dilemma kimi qiymətləndirilir. Federal Ordudan məsul Alman Bundesver üzvü Eva Högl, Almaniyanın 2031-ci ilə qədər 200.000 fəal hərbi personal hədəfinə çata bilməyəcəyini və fərarilərin sayındakı böyük artım nəticəsində son bir ildə əsgərlərin sayının əslində bir qədər azaldığını barədə xəbərdarlıq edib. 2023-cü ildə Almaniyada orduya könüllü gedən kişi və qadınların dörddə biri növbəti altı ay ərzində ordunu tərk edib.

Lakin Almaniya Silahlı Qüvvələrinin yüksək rütbəli komandiri “The Financial Times” qəzetinə deyib ki, ordunun “Z nəsli”nin üzvləri müxtəlif ideyalar və reallığa öz baxışları ilə silahlı qüvvələrə qoşulurlar. Onların kövrək olduqlarını, asanlıqla ağladıqlarını və iş-həyat tarazlığından danışdıqlarını qeyd edən alman komandir, qərarlarını ölçüb-biçmələri üçün onlara çox vaxt verməyin, onları emosional, tərəddüdlü addımlar atmağa tələsməməyin ən yaxşısı olduğunu vurğulayıb.

Berlin Rusiyanın 2022-ci ildə Ukraynaya müharibə elan etməsindən sonra Almaniya ordusunun istifadə etdiyi avadanlıq və silahların təkmilləşdirilməsi üçün təxminən 100 milyard avro xərcləyib. Ölkənin yeni baş naziri olmağa hazırlaşan Fredrix Merz müdafiə xərclərini maliyyələşdirmək üçün qeyri-məhdud borclanmaya icazə vermək planlarını açıqlayarkən, Avropada azadlıq və sülhü qorumaq üçün əlindən gələni edəcəyinə söz verib. Bu vədin bir hissəsini keçən il müdafiə naziri Boris Pistorius “Alman xalqı müharibəyə hazır olmalıdır”, – sözləri ilə açıq şəkildə bəyan etmişdi.

Böyük Britaniyada yerləşən “YouGov” agentliyinin apardığı sorğu göstərib ki, almanların 58 faizi hərbi xidmətə qayıtmağın tərəfdarıdır, lakin bunu dəstəkləyənlərin yalnız üçdə biri 18-29 yaşlı gənclərdir. ABŞ-da yerləşən “The Washington Post” qəzetinin Avropa məsələləri üzrə redaktoru Li Hoxştadterin sözlərinə görə, Avropanın “Z nəsli” orduya qoşulmaq barədə danışmağa can atırlar, lakin bu qəribə görünür, çünki çox az adam kamuflyaj geyinir və ya ölkələri uğrunda döyüşmək üçün məşq edir. Hoxştadter bildirib ki, qitənin orduları keçmiş orduların miniatür versiyalarıdır və ən son silahlarla təchiz olunsa da, könüllülər və çağırışçılar azdır. Hətta tez-tez əsgərləri ilə öyünən Fransada belə, tənqidçilər ordusunu qısamüddətli missiyalar üçün ixtisaslaşdırılmış və təchiz edilmiş, lakin nisbətən uzun müddət ərzində yüksək intensivlikli münaqişəni davam etdirməyə qadir olmayan “bonsai ordusu” kimi təsvir edirlər.

Rusiyanın kiçik qonşusu Latviya bu il məcburi hərbi xidməti bərpa edəcək, artıq kişilər üçün məcburi hərbi xidmətə malik olan Danimarka isə 2026-cı ildən etibarən qadınları da əhatə edəcək və hərbi xidmət müddətini hamını əhatə edəcək şəkildə artıracaq. Norveç hərbi xidmətə çağırışların sayını 50 faiz artırmağı planlaşdırdığı halda, tarixən neytrallığı ilə fəxr edən İsveç bu il hərbi xidmətə çağırış sistemini qismən və cinsiyyətdən asılı olmayaraq dəyişdirərək hərbi personalının sayını 30 faiz artırıb.

Li Hoxştadterin sözlərinə görə, məcburi hərbi xidmətin bərpası və ya genişləndirilməsi ideyası Avropa paytaxtları arasında yayılır. Xüsusən də siyasi partiyalar bu məsələdə fikir ayrılığı varkən bunu praktikada tətbiq etmək asan olmayacaq. Bu məsələdə ölkələr daxilində və ümumilikdə Avropada daha çox siyasi təkan lazımdır.

“Z nəsli”nin əvvəlki nəsillərdən fərqli olduğu düşünülür. Çünki bu nəslin nümayəndələri informasiyadan istifadə, ünsiyyət və bir-birləri ilə əlaqə qurma üsullarını formalaşdıran texnologiyanın əhatəsində böyüyüblər. Bəzi ekspertlər qeyd ediblər ki, digər amillərlə yanaşı, bu vəziyyət “Z nəsli”nin karyera seçimi üçün motivasiyaları, təhsil və ya işin onlara nə təklif edəcəyinə dair gözləntiləri və öz ölkələrində hökumətlə necə əlaqəsi ilə bağlı fərqliliklərə gətirib çıxarır.

“RAND Europe” beyin mərkəzi və London Kral Kolleci (KCL) “Z nəsli”nin unikal xüsusiyyətlərinin hərbi təlimə təsirini təhlil etmək üçün birgə araşdırma aparıb. Tədqiqat nəticəsində məlum oldu ki, “Z nəsli”nin texnologiyaya güvənməsi onları daha introvert və psixi problemlərə daha çox meylli edib. Halbuki bu nəslin üzvləri orduya qatılmaq istəməyəcək və motivasiya olunarsa belə, hərbidə qalmaq ehtimalı daha azdır. Buna görə də tədqiqat Avropada “Z nəsli”nin uşaqları üçün hərbi təhsil və təlim proqramları tərtib edilərkən bu fərqlərin, eləcə də yaranan fiziki normaların nəzərə alınmasını tövsiyə edib.