vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MÜBAHİSƏ  
16:06 | 11 iyun 2014 | Çərşənbə Məqaləyə 3367 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu saxta sənəd olub»

«Dedilər ki, imza atmasan, həmin adamları asacağıq»

Sultan LAÇIN

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dövlət aparatı özü iflic vəziyyətindədir, daha doğrusu özü rüşvətxorluqla məşğul olur. Ona görə də rüşvətxorluqla məşğul olan dövlət aparatı rüşvətxorluqla mübarizə apara bilməz və biz bu məsələnin həllini dövlətdən başlamalıyıq…». O, bu sözləri 4 iyun 1993-cü il Gəncə olaylarından cəmi 9 gün öncə Prezident Aparatında o vaxtkı dövlət başçısı Əbülfəz Elçibəyin keçirdiyi müşavirədə demişdi. Ancaq 9 gün sonra rüşvətxorları yox, Gəncədə onun özünü tutdular. Özü də Surət Hüseynovun adamları. Elə həmin məqamdan da özünün söylədiyinə görə, nə yazıldığını bilmədiyi sənədə məcburən imza atdıqdan sonra onun getdiyi «labirint»in ən qaranlıq dalanları başladı... Sabiq baş prokuror İxtiyar Şirinovla (İxtiyar Şirin) doğulduğu Kəlbəcər yaylaqlarından başlayan 62 illik ömrünün ən dolanbac «cığırlar»ından keçməyə çalışdıq...

 

- İxtiyar bəy, doğma Beyləqan, Dünyamalılar kəndi barədə hansı unudulmaz xatirələriniz var?

- Əslində mən Kəlbəcərin Ermənistanla sərhəddə yaxın yaylaqlarından birində anadan olmuşam. Kəndimizin əksər sakinləri kimi bizim ailə də yayda mal-qara sürüləri ilə dağlara köç edərdi. Və bu minvalla mən hər yay Laçının, Kəlbəcərin yaylaqlarında istirahət etmişəm. Amma həyatımın əsas hissəsi Beyləqanın Dünyamalılar kəndində keçib, orta məktəbi burada bitirmişəm. Kəndimizin hər bir sakini, hər bir qarışı mənim üçün sevimlidir. Xatirələr çoxdur. Amma kəndimiz bütövlükdə mənim üçün çox doğma və unudulmazdır... Eyni zamanda, uşaqlığımın qayğısız çağlarının keçdiyi hazırda işğal altında olan torpaqlarımız - Kəlbəcər, Laçın, Şuşa və s. də mənim üçün çox əzizdir...

 

- 1976-cı ildə BDU-nun hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarında çalışırdınız. Bəs hansı ruzigar sizi xalq hərəkatına və Xalq Cəbhəsinə gətirdi?

- Xalq hərəkatı başlayanda Qaradağ rayon prokuroru işləyirdim. O zaman birbaşa hərəkatda iştirak edə bilməsəm də, həm bir vətəndaş, həm də hüquqşünas kimi milli azadlıq ideyalarını bacardığım qədər müdafiə etməyə başladım. Bu da 1990-cı ildə Ali Sovetin deputatı olmağımla nəticələndi. 1991-ci ildə isə demokratik qüvvələrin yaratdığı Milli Şuraya qoşulanda Beyləqan rayon prokuroru vəzifəsindən istefa verdim...

 

- Qaradağda prokuror işlədiyiniz vaxtlarda hərəkat liderlərindən kimlərlə görüşürdünüz?

- Liderlərdən heç biri ilə görüşmürdüm. Əsasən sıravi hərəkatçılara dəstək verir, öz nüfuzumdan istifadə edərək milisin də hərəkat fəallarını incitməsinə imkan vermirdim.

 

- Əbülfəz Elçibəylə ilk dəfə kimin vasitəsilə yaxın ünsiyyətdə olmusunuz?

- Rəhmətlik Elçibəylə 1990-cı il yanvar hadisələrindən sonra bir təsadüf nəticəsində tanış olmuşam. Rəhmətlik məşhur aktyorumuz Həsən Turabovla çox yaxın idim. İşdən qayıdarkən yolum onun direktoru olduğu Dram Teatrının yanından keçdiyindən tez-tez görüşürdük. Bir gün də Həsən bəy zəng etdi ki, gələrsən, bir çay içərik. Rəhmətliyin kabinetinə girəndə gördüm Əbülfəz bəy də oradadır. Həsən bəy bizi tanış etdi. H.Turabov o vaxt SSRİ Ali Sovetinin deputatı idi. Biz Yanvar faciəsi ilə əlaqədar Moskva qarşısında qaldırıla biləcək məsələləri müzakirə etdik. Mən də öz təkliflərimi verdim və bu istiqamətdə gördüyüm işlərdən danışdım. O zaman Bakıda yalnız mən rayon prokuroru kimi Qaradağ ərazisində sovet qoşunlarının törətdiyi vəhşiliklərlə bağlı cinayət işi qaldırmışdım... Sonra xeyli müddət Elçibəylə görüşmədik. Yalnız 1990-cı ilin payızında mən deputat seçildikdən sonra Elçibəy demblokun üzvləri ilə görüşə gələndə mənimlə də görüşürdü və normal münasibətimiz var idi.

 

- 1992-ci il mayın 15-də - AXC-nin hakimiyyəti ələ keçirdiyi bir gündə siz, keçmiş Ali Məhkəmə sədri Tahir Kərimli və baş nazir Pənah Hüseynlə birgə MTN binasındakı keçmiş DTK arxivlərini möhürləmisiniz...

- Bu barədə kim nə gəldi, yazır. O zaman ölkə də hakimiyyətsizlik olduğundan parlamentdə belə bir məsələ qaldırıldı ki, kiminsə icazəsiz müdaxiləsinin qarşısını almaq üçün MTN-dəki arxivlərin qapılarını möhürləmək lazımdır. Biz də getdik, MTN-in işçiləri özləri bizə göstərdi otaqları və onların iştirakı ilə qapıları möhürlədik. Biz otaqlara daxil olmadıq və heç bir şeyə baxmadıq. 3-4 gündən sonra da MTN-ə yeni rəhbərlik təyin olunandan sonra möhürləri açıb öz işlərini davam etdirdilər.

 

- Konkret kimin göstərişi ilə getmişdiniz MTN-ə?

- Kimin göstərişi ilə olduğu yadımda deyil. Amma keçmiş prokuror kimi mənim də rəyimi soruşdular. Mən də dedim ki, orada elə bir problem yoxdur...

 

- 1992-ci ilin iyununda İsa Qəmbər prezident səlahiyyətlərini icra etdiyi bir dönəmdə haqqında ölüm hökmü olanlardan 7 nəfəri güllələndi, ancaq jurnalist Salatın Əsgərovanın qatilləri olan erməni məhkumlar güllələnmədi və məlum olduğu kimi, bir neçə il sonra onlar əfv olundu. Siz həmin dövrdə hüquq məsələləri üzrə dövlət müşaviri işləyirdiniz. Bu barədə məlumatınız var idimi?

- Vallah, Salatın Əsgərovanın qatillərinin güllələnməməsi məsələsi barədə məlumatım yoxdur. Amma bizdən əvvəlki hakimiyyət dönəmində o, 7 nəfər barəsində ölüm hökmü çıxarılmışdı, sənədlər hazırlanmışdı, yalnız hökmün icrası qalmışdı. O dövrdə hüquqi baxımdan həmin hökmü qadağan edə biləcək heç bir maneə yox idi. Sadəcə, onların əfv edilməsindən imtina edilmişdi. Bu da təbii idi, çünki çox ağır cinayətlər törətmişdilər...

 

- Bəs sonradan siz baş prokuror işlədiyiniz dövrdə də Salatın Əsgərovanın 1992-ci ilin martından ölüm kamerasında saxlanılan qatilləri barədə məlumatınız olmadı?

- Yox, o barədə mənə heç bir məlumat daxil olmamışdı. Bu məsələ DİN və Ədliyyə Nazirliyinin səlahiyyətində idi...

 

- Bir neçə müsahibənizdə o zaman Şuşanın işğalı ilə bağlı sabiq müdafiə naziri Rəhim Qazıyevi həbs etmədiyinizə görə heyfsiləndiyinizi bildirmisiniz. R.Qazıyevi həbs etməyinizə nə, yaxud kim mane oldu?

- Bizim dövrdə Şuşanın işğalı ilə bağlı istintaq artıq yekunlaşmışdı. Bir neçə nəfər həbs edilmişdi. Və 1993-cü ilin mayında artıq yüksək vəzifəli şəxslərin də məsuliyyətə cəlb edilməsinə hazırlıq gedirdi. Lakin 4 iyun Gəncə hadisələri bu prosesi dayandırdı. Bizdən sonra isə yeni prokurorluq rəhbərliyi bizim gördüyümüz işin nəticəsini ortaya qoydu... Müdafiə naziri kimi ondan asılı olan bütün vəzifələri icra etmədiyi üçün Rəhim Qazıyevin məsuliyyətə cəlb edilməsi labüd idi. Və hesab edirəm ki, onun barəsində Ali Məhkəmənin verdiyi hökm də çox ədalətli bir qərar idi.

 

- Rəhim Qazıyev də tez-tez şikayət edir ki, o zaman yüksək vəzifəlilərdən yalnız məni həbs etdilər. Əmrim olmadan Şuşadan ordu hissələrini çıxarmağa göstəriş vermiş Baş Qərargah rəisi Şahin Musayev və briqada komandiri podpolkovnik Elbrus Orucov isə həbs edilmədi...

- Onların haqqında da məsələ müzakirə olunurdu. Yadımdadır ki, E.Orucovla bağlı müstəntiqdə tərəddüdlər var idi, çünki işğal ərəfəsində o, Şuşaya yenicə komendant təyin edilmişdi. Amma bu da onu məsuliyyətdən azad etmirdi. Çünki E.Orucov işğalın qarşısını almaq üçün ciddi tədbirlər görməli idi... Ümumiyyətlə, o vaxt məsələ qoyulmuşdu ki, kimin bu işdə məsuliyyəti varsa, hamısı istintaqa cəlb edilməlidir, o cümlədən, Rəhim Qazıyev, Şahin Musayev, Elbrus Orucov və s.

 

- 1993-cü il mayın 25-də Prezident Aparatında prezident Elçibəyin rəhbərliyi ilə keçirilmiş müşavirədəki yadda qalan çıxışınızda «Azneftyağ» zavodundakı yoxlamalar zamanı 2,5 mln dollar məbləğində yeyinti aşkar etdiyinizi göstərmişdiniz. Bəzi mənbələr eks-spiker Rəsul Quliyevin o vaxt direktoru olduğu zavoddan söhbət getdiyini vurğulayır...

- Bilirsiniz, Bakıda iki neft-yağ zavodu var: biri indiki Nobel prospektindəki, digəri isə «8-ci km»dəki. Rəsul Quliyevin rəhbərlik etdiyi müəssisə Nobel prospektindəki idi. Biz isə «8-ci km»dəki müəssisə haqqında cinayət işi qaldırmışdıq. O zaman həmin zavodun direktorunun Türkiyənin «Dənizçilər» bankına qeyri-qanuni olaraq öz adına 18 milyon dollar vəsait keçirdiyini müəyyən edərək, həmin vəsaiti oradan götürüb, dövlət xəzinəsinə qaytardıq. Direktoru isə həbs etdik. Ancaq Gəncə hadisələrindən sonra həmin direktor nədənsə həbsdən azad edildi... Onu deyim ki, bizim dövrümüzdə prokurorluq əməkdaşlarının peşəkar fəaliyyəti nəticəsində SSRİ dövründə Rusiya, digər MDB və Avropa ölkələrində Azərbaycan müəssisələrinə məxsus qanuni və ya gizlədilmiş 30 milyon dollardan artıq və təxminən 1 milyard rubla yaxın vəsait dövlət xəzinəsinə qaytarılmışdı.


- Bəs Rəsul Quliyevin rəhbəri olduğu müəssisədə yoxlama aparılmamışdı?

- Rəsul Quliyevin direktoru olduğu zavodda da yoxlamalar aparılmış, xaricdə saxlanılan vəsaitlərin yeri müəyyən edilmişdi. Ancaq məndən sonrakı baş prokurorun həmin materiallarla necə davranması barədə məlumatım yoxdur.

 

- Ali Məhkəmənin sabiq sədri Tahir Kərimli də müsahibələrində deyir ki, əslində Rəsul Quliyev o vaxt həbs edilməli idi, ancaq müəyyən qüvvələr buna imkan vermədi?

- Onu deyim ki, baş prokuror işlədiyim dövrdə prokurorluğun işinə nə prezident, nə Ali Sovet sədri səviyyəsində heç bir müdaxilə olunmurdu. Yəni kiminsə həbs edilməsi, yaxud tutulmaması və ya azad edilməsi barədə sifariş-filan olmurdu. Bəlkə də bunun bir səbəbi də mənə etibar etmələri idi...

 

- Müəssisələrlə bağlı araşdırmalarınız zamanı onların rəhbərlərinin keçmiş, yaxud o vaxtkı ölkə rəhbərliyi ilə bağlantılarını aşkar etməmişdiniz ki?

- Xeyr, həmin adamların nə Ayaz Mütəllibovla, nə də Elçibəy hakimiyyəti ilə heç bir bağlantıları yox idi.

 

- Sizin «siyasi labirint»də ən qaranlıq məqam 1993-cü il 4 iyun hadisələri zamanı Surət Hüseynovun adamları tərəfindən girov kimi saxlandığınızda guya prezident Elçibəyin həbsi barədə sanksiya imzalamağınızla bağlıdır...

- Elə bir şey olmayıb. Keçmiş baş prokuror o dövrdə deputat olan Əli Ömərov Gəncə hadisələri zamanı mənim guya Elçibəyin həbsinə sanksiya verməyim barədə müsahibə vermişdi. Mən də məcbur olub onu məhkəməyə verdim. Məhkəmə də sübut etdi ki, Ə.Ömərov mənə böhtan atır. Sadəcə, mənimlə düşmənçilik edən adamlar bu cür uydurma məsələlərlə məni ləkələməyə çalışıblar.

 

- Bəs siz nəyə imza atmısınız?

- Bu, bir saxta sənəd olub. Həmin günlər mənimlə bərabər Surətin tərəfdarlarının girovluğunda olan digər vəzifəli şəxslərin (daxili işlər nazirinin müavini, milli təhlükəsizlik nazirinin müavini, kənd təsərrüfatı naziri və s.) şəxsiyyətlərinin alçaldılması və qətlinin qarşısını almaq üçün mən həmin sənədə imza atmağa məcbur oldum.

 

- Həmin sənəddə nə yazılmışdı?

- Mənim heç yadımda da deyil. Mənə heç imkan da vermədilər o sənədi oxumağa – dedilər ki, buraya imza atmasan, həmin adamların şəxsiyyətlərini alçaldaraq asacağıq, güllələyəcəyik... Mən də o insanların həyatını qurtarmaq üçün o kağıza bir yarımçıq imza atdım. Və həmin hərəkətimə həmişə bəraət qazandırmışam. Çünki mənim o imzam, o insanların həyatından qat-qat ucuz, lazımsız bir şey idi...

 

- Vetenperver. net saytındakı 14 noyabr 2012-ci il tarixli bir məqalədə guya Gəncə hadisələri zamanı 19 yaşlı sıravi əsgər olmuş Rafael adlı biri yazır ki, İxtiyar Şirinov yalan danışır. Ona «709»un qərargahında keşik çəkənlərdən biri də mən idim. İki nəfər gəlib onunla söhbət etdikdən sonra o, Elçibəyin həbsi barədə sanksiya yazmağa razılıq verib. Sonra da mən qələm gətirmişəm, İxtiyar bəy də özü sanksiyanı yazıb və imzalayıb...

- O materialı oxumamışam. Bu da bayaq dediyim adamların yalançı bir şahidinin böhtanlarından başqa bir şey deyil... Gəncə hadisələrini törədən, orada onlarla hərbçimizin ölümünə bais olanlar İxtiyar Şirinə də, o birilərə də böhtan atmaqla, özlərinə «bəraət» qazandırmaq istəyirlər. Amma onlar öz cavablarını alıblar və alacaqlar...

 

- «Azadlıq» radiosuna müsahibənizdə demisiz ki, 4 iyun hadisələrində PKK-çılar da iştirak edib...

- Bəli, həmin vaxt Gəncədə avtobusda Milli Qvardiya və MTN əməkdaşlarını güllələyib, qətlə yetirənlər Surət Hüseynovun adamları ilə birgə PKK-çılar olmuşdu...

 

- Siz özünüz yaxından görmüşdünüz onları?

- Yox. Amma həbsdə olarkən Surətin adamlarının bu barədə açıq danışdıqlarının şahidi olmuşam. Onların sözlərinə görə, PKK-çılar avtobusdakıları güllələyəndən sonra çıxıb gediblər. Onların bir hissəsi Azərbaycan vətəndaşı idi. Təəssüf ki, mənim dostum-qardaşım İsgəndər Həmidov həmin dəstənin başçısını müdafiə elədi. Və mən bunu heç cür anlaya bilmirəm...

 

- Kim idi o dəstənin başçısı?

- İsgəndər bəy yaxşı tanıyır onları. O dedi ki, onlar çox vətənpərvər oğlanlardı və s. Halbuki həmin adamlar bu barədə bir kəlmə danışıb, özlərini müdafiə etmədilər...

 

- 11 aylıq həbsdə başınıza nələr gəldi?

- Təcridxana və həbsxana əməkdaşları mənə çox hörmətlə yanaşırdılar. Amma Gəncədə saxlandığımız təcridxanaya bir dəfə Surətin adamları hücum edib mən də daxil olmaqla, bütün hökumət adamlarına fiziki xəsarətlər yetirdilər. Sonradan o vaxtkı milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər bu barədə şikayət etsə də, mən buna ehtiyac görmədim.

 

- Rəhbəri olduğunuz Milli Konqres Partiyası hansı istiqamətdə fəaliyyət göstərir?

- Biz bacardığımız qədər öz ideyalarımızı təbliğ etməyə çalışırıq. Və hesab edirik ki, Azərbaycanın problemlərinin həllinin yeganə yolu iqtidar, ya müxalifətdə olmasından, region mənsubiyyətindən asılı olmayaraq, bütün ictimai-siyasi qüvvələrin düşmənçilik və intriqaları kənara qoyaraq ümummilli barışığa, həmrəyliyə gəlməsindədir. Biz Azərbaycana xidmət etməliyik, Rusiyaya, Amerikaya, digər ölkələrə yox...

 

- İxtiyar bəy, prokurorluqda çalışdığınız 16 il ərzində imzaladığınız hansısa sənədə, yaxud verdiyiniz hansısa qərara görə vicdan əzabı çəkmirsiniz ki?

- Müstəntiq və prokuror kimi işlədiyim dövrlərdə daim insanları necə gəldi həbs etməyə yox, qanuni şəkildə, ədalət naminə onları həbsdən qurtarmağa çalışmışam. Buna görə də səhvlərim olsa da, az olubdu. Amma elə bir hüquqi səhvə yol verməmişəm ki, ondan ötrü bu gün böyük əzab çəkim. Buna rəğmən mən daim Allahdan günah və səhvlərimi bağışlamasını diləmişəm...