vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
HƏYATIN DİBİ  
22:19 | 7 may 2010 | Cümə Məqaləyə 3297 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milyonçunun «bomj» qardaşının ilginc hekayəti

Faiq: «Ən böyük arzum gecə yatıb səhər oyanmamaqdır, hərdən fikirləşirəm ki, bəlkə də elə burada öləcəm»

Sevinc TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Adı Faiqdir, vur-tut 45 yaşı var... Əslində elə bu qədər. Barəsində bilmək və danışmaq istədiyi bu iki cümlədən uzağa getmir. Uşaqlığı, nə vaxtsa yaşadığı firavan həyat, ailə, bacı-qardaş... Bunların hamısını keçmişin tozlu qatlarında gizlədib. Nə özü açmaq istəyir, nə də açmaq istəyənlərə imkan verir. Qapısı, pəncərəsi, divarı olmayan bu “ev” isə ona məxsusdur. Dəmir boruların üstünə atdığı nimdaş adyal “yatağı”, içi pal-paltarla dolu sellofanlar “paltar şkafı”, iri daş parçası isə “yemək masası”dır. Yay-qış, çovğunda, yağışda onu Biləcəri parkının bir küncündə, ya içkili, ya yarıayıq vəziyyətdə tapmaq olur. El arasında onun kimilərə “bomj” deyirlər. Əyyaş, səfil, evsiz-eşiksiz, yiyəsiz - sözün böyük mənasında isə bədbəxt...

***

“Sizlə danışmaq istəyirəm, olarmı?” deyə çəkinə-çəkinə yaxınlaşıram. Sanki çoxdan gözləyirmiş kimi cəld şəkildə dikəlir, salamlaşır, “mənzil”ində oturmaq üçün yer göstərir. Özü də ətrafa yayılan üfunət iyinin fərqində olduğu üçündür ki, “bir az aralı oturun, iyrənərsiniz” deyə əlavə də edir.
Dipdiri cümlələr, qıvraq reaksiyalar, dolğun cavablar. Gözlədiyimin əksinə olaraq müsahibim bir çox ayıq adamlardan daha məntiqli söhbət edir. Min ilin şairləri, yazıçıları kimi hətta. Həyat hekayəsini elə təsirli cümlələrlə ifadə edir ki, düşünürsən, yəqin “bomj” yox, aktyordur, bizi aldatmaq üçün burda oturub. İndi kimsə ağacların arxasından çıxıb “bu, bir kamera zarafatıdır, əl yelləyin” deyəcək...
Yanlış anlamayın, ondan nə qəhrəman, nə “acıların adamı” obrazı düzəltmək fikrim var. Dediklərinə də lazım olandan artıq, dərin mənalar yükləyəcək deyiləm. Sadəcə bir insan hekayəsidir oxuyacağınız. Yanından hər dəfə keçəndə turşumuş iydən, çirkdən üz-gözümüzü turşutduğumuz birinin (onun kimi yüzlərlə beləsi var) əslində bir zamanlar dəbdəbəli, cah-cəlallı bir həyatı olması və cəmi bir gündə bunlara əlvida deməsi... İlgincdir, inanın...

“Arvadım, qızlarım məni yolda görən kimi qaçır”

“3 qızım var, üçü də bir-birindən gözəl. Nağıllarda olur ey, padşahın üç gözəl qızı. Mənimkilər də elə gözəldi. Hər gün uzaqdan baxıram. Gəlirlər bazara, bazarlıq edirlər, məni görən kimi qaçırlar. Utanırlar də. Mənim onlara nə pisliyim dəyə bilər ki? Eləcə uzaqdan baxım, salamat olduqlarını bilim, bəsimdir. Arvadı da görürəm, o da başını aşağı salıb bazarlığını edir, gedir. Hiss edir ki, uzaqdan baxıram. Qısqanc olduğumu bilir deyə qorxusundan nə sağa baxır, nə sola. Bilir, Faiq dəlinin biridir. Qızım bu il instituta girəcək. Allah qoysa, yaxşı olar...”
Bu, Faiqin bugünkü qayğıları. Amma vaxt vardı, indi ondan qaçan qızlarının təmtəraqlı ad gününü keçirmək üçün özü bu bazara gəlirdi. Dediyinə görə, hər il qızlarına elə ad günü keçirirdi ki, bir ay bütün Biləcəri ondan danışırdı: “Özüm Yasamalda böyümüşəm. Anam qobulu qızı olub. Atam da ki, şamaxılı. Orta məktəbi qurtarmışam. Ali təhsilim yoxdur. Uşaqlıqda elə bir arzum olmayıb - avara olmaq istəmişəm, avara da olmuşam (gülür). Məktəbi qurtaran kimi əsgər getdim. Sonra gəlib Biləcəri dəyirmanında işlədim. Sonra da restoranda ofisiant. Yaxşı da qazanırdım. Arvadım da evdə lavaş, şirniyyat bişirib dükanlara satırdı. Pis dolanmırdıq. Amma içdiyimə görə evdə söz-söhbət olurdu. Arvad deyirdi, qızların var, içmə, ayıbdır. Bir müddət sonra da başladı ki, sən qazandıqlarını bəs hara aparırsan. O vaxt ayda 95 ”şirvan" qazanırdım. Dedim, hara aparacağam, sənə verirəm. İnanmadı, evdə hər gün qırğın başladı. Sonra başqa söhbətlər də çıxdı, aralaşdıq. Gəldim bu parka. 1 il 2 aydır ki, burada yaşayıram".

“Kim olduğumu gedin general Nəcməddin Sadıqovdan soruşun”

Faiqin sözlərinə inansaq, o, Qarabağ əlilidir. 2 il Ağdərə, Füzuli, Tərtərdə - 701-ci batalyonda vuruşduğunu deyir. İnanmadığımızı görüb əlavə edir, “gedin general Nəcməddin Sadıqovdan soruşun ki, Faiq necə oğlan olub. Məni tərifləməsə, gəlib üzümə tüpürün”.
Dediyinə görə, ona ən pis təsir edən də budur - erməninin gülləsindən canını qurtarandan sonra öz torpağında səfil həyatı yaşamaq: “Amma mən zibillikdə eşələnənlərdən deyiləm ha. Bax, o kuloklarda tərtəmiz paltarlarım var. Dostlarım evdə yudurdub gətirirlər. Pulum olanda gedib Biləcəri hamamında da çimirəm, əynimi dəyişirəm. Tərtəmiz olanda heç kəs inanmır ki, mən ”bomj"am. Parkdakı qızlar elə baxırlar ki, lap vurulurlar".
Bunu deyib gülür.

“Qardaşım milyonçudur, villası, iki maşını, iki arvadı var”

Güləndə ağzındakı ön sıranı tutan qızıl dişləri görünür. Diqqətimi cəlb etdiyini görüb deyir ki, bu dişlər ona dəbdəbəli günlərinin yadigarıdır. Hər güzgüyə baxanda keçmişini xatırlayır: “Qardaşlarım var. Biri milyonçudur, ikimərtəbəli villası, qoşa-qoşa xarici maşınları, iki arvadı var. Amma mənə baxmırlar. Hərdən çimmək üçün evinə gedirəm, qovur qapıdan. Allah bunu götürməyəcək. Qapısında saxladığı itə hər gün nə qədər ət yedirir, mənsə burada acından köpük qusuram. İstəsələr, günü bu gün mənə kömək edərlər, adam kimi yaşayaram. Amma eləmirlər. Mən xəstəyəm də, adam xəstəni heç küçəyə atar?! Xaricdə mənim kimilər üçün yerlər var, havayı yeyirlər, qalırlar. Bizi Allahın ümidinə atıblar”.
Səhər Faiq üçün saat 5-6-da açılır. Oyanan kimi parkda gəzişir, sonra isə mağazaların açılmasını, meyvə-tərəvəz satıcılarının işə başlamasını gözləyir: “Gedib xahiş edirəm - hərə bir şey verir, səhər yeməyimi yeyirəm. Özümün də dostlarım çoxdu, onlar da mənə hər gün azdan-çoxdan nəsə gətirirlər. Ömür billah zibillikdən yemək eşələmərəm”.

“Gündə 10-12 şüşə çaxır içirəm”

Bəs yaxşı, bu içkiyə aludəçilik necə başlayıb? Hər halda heç kəs dünyaya əyyaş olaraq gəlmir. Faiq danışır ki, ilk dəfə 14-15 yaşında içkinin dadına baxıb. Ondan sonra isə başlayıb aludəçilik. Yaş artdıqca içkinin dozasını da artırıb. Axırı da belə: “Elə gün olur ki, gündə 10-12 butulka ”İvanovka", “Qırmızıpapaq” içirəm. Bir dəfə fikirləşdim ki, içkini atacam. Bir neçə ay əvvəlin söhbətidir. İçmədim, soyuq dəydi, xəstələndim. Gördüm ki, məni saxlayan içkidir".
Amma o da bilir ki, bu cür həyatın axırı yoxdur. Deyir, ən çox istədiyi ailəsi ilə barışmaqdır: “Çox istəmişəm barışım. Nə vaxt evə getmişəmsə, ”naxadu" polisə zəng edirlər ki, gəlin bunu aparın. Hərdən fikirləşirəm ki, bəlkə də elə bu parkda öləcəm. Xəstəyəm, bədənim zəifdi. İş də görə bilmirəm ki, işə girim. Bir kubiki qaldırmağa gücüm çatmır, balaca uşaq kimiyəm".
Uşaq deyən kimi yadına həyat yoldaşı düşür. Deyir, vaxtilə o da balaca uşaq kimi qayğısını çəkirdi: “Sevib evlənmişəm. Bacımla kəndə getdik, bunu gördüm, bəyəndim. Oğurlayıb qaçdım. Onda ”Əfsanə" restoranında ofisiant işləyirdim. Özüm öz toyumu elədim, ZAQS-a apardım. İndi də ərə getməyib. Ömür billah elə iş tutmaz. Ərə getsə, Quran haqqı, başını kəsərəm. Bilir ki, dəlinin yekəsiyəm. Amma ondan da incimişəm, qardaşlarımdan da. Axı mən yiyəsiz deyiləm. Biri əl tutsa, mən də düzəldərəm də belimi".

“Mən öləndə qohum-qardaş utandığından basdıracaq, yas da verəcək”

Faiq inanır ki, Allah istəyəndə onun kimisini sağ saxlayır. Deyir, bu qış dəhşətli qarlar yağanda o da bir neçə gün qarın altında qalıb, qar kürəyinə yağıb. Havalar nisbətən düzələndə içki dostları parka gəlib, onu qarın altında görüblər: “Elə bildilər, ölmüşəm. Dedim, alə, qorxmayın, sağam. Məni heç nə sevindirmir bu həyatda. Ölüm istəyirəm, ölüm. Soyuq, yağış pis təsir edir. Bir də qara basır gecələr məni. Nə deyirsiz ona? Hə, quliminasiya (hallüsinasiya demək istədi-müəl.), bax ondan görürəm. Düz iki dəfə elə olmuşam. Bir dəfə gedib iynə vurdurdum. Ağacları adam kimi görürəm. Görürəm hamısı yığışıb üstümə gəlir. Özümü tox tuturam. Deyirəm, davay alə, gəlin. Mənə heç kim heç nə eləyə bilməz”.
Maraqlıdır, Faiqin Azərbaycanında nələr baş verir? Yəni yaşadığı ölkə haqqında nə bilir, nə qədər bilir? Dediyinə görə, dostları qəzetə bükülü nəsə gətirəndə mütləq qəzeti oxuyur: “Hamını tanıyıram. Bilirəm ki, Qarabağda müharibə gedir. Müxalifətlə hökumət düz gəlmir. Prezidentimiz İlham Əliyevdir. Pensiyalar azdır, camaat acından qırılır. Bilirəm ki, şəhərin harasında, nə vaxt torpaq sürüşməsi olub. Maraqlanıram hər şeylə - dostlar da danışanda qulaq asıram. Amma axırıncı dəfə nə vaxt televizora baxdığım yadıma gəlmir. Bəlkə də 1 il əvvəl, ya da daha çox”.
“Ən böyük arzun nədir?” - deyə soruşuram. Düşünmədən “ölmək” deyir: “Elə istəyirəm ki, gecə yatım, səhər oyanmayım. Bilirəm ki, ölsəm, qohum-əqrəba məni basdırar. Mərəzəlilər çoxdur bu həndəvərdə. Öldüyümdən xəbər tutacaqlar. Dost-tanış bir söz deyəcək. Utandıqlarından aparıb məni basdıracaqlar. Məclis də quracaqlar görərsiniz. 7 mərasimi də verəcəklər. Bəlkə cümə axşamı da verdilər”.

***

Düzü, bundan artıq danışmağa söz tapmıram. Bəlkə də istəmirəm. Həyatın dibindəki bu insan hekayəsi təfərrüatları ilə sarsıdır dinləyəni. Əslində o da tələsir. Yemək alması üçün verdiyim 1 manata tez-tez baxıb ayağını qaçaraq qoyub. Sağollaşırıq, mən parka, o da mağazaya - yemək almağa. Qayıdanda torbasına baxıram, yemək əvəzinə içki. Nə demək istədiyimi anlayıb, duruxur: “Dedim axı, məni saxlayan içkidir”.