vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
13:02 | 7 sentyabr 2015 | Bazar ertəsi Məqaləyə 1599 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bankirdən bağbana badalaq

Cahangir Hacıyev gözətçisi ilə bağbanının adına 1.5 milyon manat mənimsəyib, «Bank Technique»də isə depozitləri 20 faiz rüşvətlə qaytarılır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bank Technique»də depoziti olanlardan ya 20 faiz «şapka» istənilir, ya da Hacıyevin tikdirdiyi binalardan 2 qat baha qiymətə ev almaq təklif edilir…

«Bank Technique» Açıq Səhmdar Cəmiyyəti (ASC) ciddi maliyyə problemləri ilə üz-üzə qalıb. Bu haqda indiyədək mətbuatda çox yazılıb. Qeyd edək ki, «Bank Technique»də maliyyə vəziyyətinin pisləşməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) böhrana girməsindən sonra başladı. Bu ilin martında ABB-nin rəhbəri Cahangir Hacıyev tutduğu vəzifədən çıxarılıb.

Hacıyevin son illər nəzarət səhm paketi dövlətə məxsus bankın 6-7 milyard dollar (bəzi iddialara görə 10 milyard) məbləğində maliyyə vəsaitinin bir hissəsini kredit adı ilə öz şirkətlərinin adına yazaraq mənimsədiyi, digər hissəsi isə heç bir girovsuz bəzi şirkətlərə, iş adamlarına «peşkəş» etdiyi ortaya çıxıb. Ayrı-ayrı oliqarxlarn təlimatı ilə hətta müflis olmuş iş adamlarına yüz milyonlarla, milyardlarla manat kredit verib. Hansı ki, onların heç biri götürdüyü kreditlər geri qaytarmayıb, heç qaytarmaq fikri də olmayıb.

Məhz bu faktlar aşkarlandıqdan, C.Hacıyev və dostlarından «yediklərini» qaytarmaq tələb olunandan sonra onun nəzarətində olan «Bank Technique»də də ciddi böhran başladı. Artıq bu bank tam iflas həddindədir.

Bankın filialları müştərilərdən alınan depozitləri geri qaytara bilmir. Problemin həlli üçün isə müştərilər baş ofisə göndərilir. Bankda əsasən pul köçürmələri, ödənişlər həyata keçirilir. Bankın ödəniş terminalları əksər yerlərdə fəaliyyətini dayandırıb. Elə baş ofisdə olan ödəniş aparatı da işləmir. Ödənişlər kassalarda həyata keçirilir.

Bankın əksər ATM-lərində pul yoxdur. Müştərilər öz hesablarından pul götürə bilmirlər. Bu əməliyyatı yerinə yetirmək üçün müştərilərə limit qoyulub. Limit günlük 200-300 manatdan çox deyil.

Əmanətlərinin geri qaytarılması sual altındadır. Mərkəzi Bankdan maliyyə vəsaiti ala bilməyən bank müflis olmaq təhlükəsi qarşısındadır. Maliyyə problemi yaşayan bank xeyli sayda əməkdaşını da ixtisar edib, bir neçə filialını da bağlayıb.

Həmçinin digər məlumata görə, «Bank Technique» rəhbərliyi pulunu geri almaq istəyən fiziki və hüquqi şəxslərdən 20 faiz «şapka» istəyir. Mələn, bankda 100 min manat depoziti olan müştəriyə təklif olunur ki, məbləğin 20 min manatını rüşvət kimi bank rəhbərliyinə versə, yerdə qalan 80 min manatı ona qaytara bilərlər.

Məlumatda həmçinin bildirilir ki, «Bank Technique»dən pulu çəkmək istəyənlərə başqa variant da təklif olunur. Müştərilərə deyilir ki, pulun əvəzində Cahangir Hacıyevə məxsus şirkətlərin inşa etdiyi binalardan mənzil alsınlar. Həmin vəsait mənzilə silinsin. Bu təkliflə maraqlananlar araşdırmalar zamanı öyrəniblər ki, C.Hacıyev tikdirdiyi binalardakı mənzilləri onlara ən azı iki dəfə baha qiymətə sırımaq istəyir…

Cahangir Hacıyevlə bağlı daha bir sensasion məlumat da yayılıb. ABB-nin sabiq rəhbərini yaxından tanıyan mənbə deyib ki, C.Hacıyev villasının gözətçisini və bağbanını qəfil milyonçu «edib». Həmin gözətçi bu yaxınlarda kredit götürmək üçün bir banka müraciət edib. Məlum olub ki, onun Beynəlxalq Banka 1 milyon manat kredit borcu var. Araşdırmalar zamanı bəlli olub ki, bu krediti C.Hacıyev gözətçisinin xəbəri olmadan onun adına götürüb. Üstəlik bağbanın da adına 500 min manat kredit rəsmiləşdirib.

Gözətçi məsələni öyrənməyə çalışıb. Ona deyiblər ki, C.Hacıyevin tapşırığı ilə ondan və bağbandan şəxsiyyət vəsiqələri alınanda bu saxtakarlıq baş verib…. Sən demə, bəhanə ilə bir müddət əvvəl bağbandan və gözətçidən sənədlərini 1-2 günlüyə vermələri istənilib. Onlar da bunun hansısa prosedur üçün lazım olduğunu zənn edib etiraz bildirmədən veriblər. Həmin adamların hüquq-mühafizə orqanlarına ifadə verdikləri deyilir.

Mənbə bildirib ki, onlarla bu cür zərərçəkən şəxslər var. Bu adamların böyük əksəriyyətinin Cahangir Hacıyevin ofisində və malikanələrində işləyən sadə insanlar olduğu deyilir. Qaynağımız iddia edir ki, onlar üzləşdikləri vəziyyətlə bağlı polisə və prokurorluq orqanlarına müraciət ediblər. Ən dəhşətlisi budur ki, C.Hacıyevin belə maliyyə fırıldaqlarının qurbanı olmuş bu sadə, kasıb insanlar dərdlərini kimsəyə anlada bilmirlər. Yüz minlərlə, milyonlarla kredit borcu onların ayaqlarında qalıb.