«Bizim Sizə pisliyimiz dəyməz»
Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
Aİ Macarıstanın “saqqızını oğurladı”
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
-
Aİ-nin gizli həbsxanaları
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
-
Bolqarıstandan Aİ-yə etiraz
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
-
Zaqreb üçün böyük gün
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
-
Şengen genişlənir
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
-
“Yeni iqtisadi şoklar”
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
-
“Biz birləşmiş və güclüyük”
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
-
Aİ İsrail polisi ilə əməkdaşlığı dondurur
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
-
Avropada Çin polis məntəqələri
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
-
Avropada “çirkli pul” araşdırması
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
-
İranla Aİ arasında kritik görüş
KOPE-nin son vəziyyəti və MAQATE ilə əməkdaşlıq müzakirə edilib
-
“Anlaşma Rusiyanın neft gəlirlərini azaldacaq”
Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi
-
Moskvaya növbəti zərbə
Rusiya neftinə maksimum qiymət müəyyən edildi
Avropa İttifaqı ilə Azərbaycan arasında dialoq yenidən intensivləşib. Bir il bundan əvvəl Avropa Parlamenti Azərbaycan hakimiyyətinin siyasətini tənqid edən qətnamə qəbul etdikdən sonra Bakı Brüssellə əməkdaşlığı faktiki dondurdu. Azərbaycan «Avronest»dən də çıxdı. Ancaq üstündən bir il keçdikdən sonra belə vəziyyətin nə Avropa İttifaqının, nə də Azərbaycanın maraqlarına uyğun olduğu aydınlaşdı.
Avropa Parlamentinin Bakıya gələn nümayəndə heyəti prezident İlham Əliyevlə görüşdü, Azərbaycan parlamentində müzakirələr apardı. Bundan sonra rəsmi Bakı yenidən Avropa Parlamenti ilə əlaqələrin bərpasına qərar verdi. Əslində anormal vəziyyət yaranmışdı. Azərbaycan TAP və TANAP boru xətləri ilə öz qazını Avropaya çatdırmaq istəyir, digər tərəfdən Avropa İttifaqı Rusiyadan qaz asılılığını azaltmaq istəyir və buna görə Azərbaycan qazında maraqlıdır. Ancaq Brüssellə Bakı arasında dialoq azalmışdı. Ona görə də bu gərginliyə son verildi.
Hazırda vəziyyət belədir ki, rəsmi Bakı Avropa İttifaqı əməkdaşlığın genişləndirilməsi məqsədilə Brüsselə strateji saziş layihəsi göndərib. Avropa İttifaqı Azərbaycanla Ukrayna, Gürcüstan və Moldova ilə olduğu kimi assosiativ saziş imzalamaq istəyirdi. Ancaq rəsmi Bakı assosiativ sazişə maraq göstərmədi. Rəsmi Bakı bunun əvəzinə fərqli saziş hazırladı.
Hazırda bu sənəd Brüsseldə öyrənilir. Aydındır ki, rəsmi Bakı bu sənəddə enerji və ticarət əməkdaşlığını göstərən bəndlərə üstünlük verir. Brüssel bu bəndlərdən imtina etmir. Ancaq eyni zamanda həmin sənəddə siyasi və iqtisadi islahatlar, o cümlədən vətəndaş cəmiyyəti ilə bağlı bəndlərin də yer almasını istəyir. Digər tərəfdən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü də Avropa İttifaqı ilə əməkdaşlıqda əsas şərtlərdən biridir. Buna görə də Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq sazişinin müzakirəsi xeyli vaxt aparacaq.
Avropa İttifaqı Azərbaycandakı vəziyyəti diqqətlə izləyir. Azərbaycanda 26 sentyabr referendumundan sonra Konstitusiyada dəyişikliklər edildi. Bu dəyişikliklər Azərbaycanda siyasi və iqtisadi islahatları sürətləndirməlidir. Doğrudur, referendumla bağlı Avropa İttifaqının mövqeyi Venetsiya Komissiyasının tənqidi mövqeyi ilə üst-üstə düşdü.
Buna baxmayaraq, Avropa İttifaqı referendumla bağlı kəskin tənqid səsləndirmədi, Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul etmədi. Çünki yenidən bu cür kəskin tənqid Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri birdəfəlik korlaya bilərdi. Ona görə də Brüssel sadəcə, seyrçi mövqeyində qaldı.
Azərbaycanın son 10 ildə kənar maliyyə yardımına ciddi ehtiyacı olmayıb. Çünki bu illərdə Azərbaycanın neft satışından əldə etdiyi gəlir bir çox iqtisadi və sosial problemi həll etməyə imkan yaradırdı. Hazırda həm neftin qiyməti, həm də Azərbaycanda neft istehsalı azalıb. Ona görə də Azərbaycanın beynəlxalq maliyyə qurumlarının kreditlərinə ehtiyacı yaranıb. Avropa İttifaqı tərəfdaşlıq etdiyi ölkələrə müxtəlif islahatlar məqsədilə maliyyə ayırır. Bu maliyyənin həcmi böyük olmur. Ancaq bu maliyyə vəsaitləri müxtəlif dövlət qurumlarında struktur islahatlarının sürətləndirilməsi üçün istifadə edilir ki, Azərbaycanın da buna ehtiyacı var. Ancaq rəsmi Bakı Avropa İttifaqından maliyyə alarkən Brüsselin də istəklərini yerinə yetirməlidir. Azərbaycan hakimiyyəti artıq bir neçə addım atıb. Bunlardan biri oktyabrın 21-də İlham Əliyevin xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda «bir pəncərə» prinsipinin tətbiqi haqqında imzaladığı fərmandır.
Sənədə əsasən, Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək, xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunu asanlaşdırmaq, bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etmək məqsədilə 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda «bir pəncərə» prinsipi tətbiq ediləcək.
Bu fərman Azərbaycandakı müstəqil qeyri-hökumət təşkilatlarının xarici donorlarla birgə fəaliyyətindəki bütün maneələri ortadan qaldırmasa da, Brüssel tərəfindən müsbət qiymətləndirilib. Məsələ burasındadır ki, mövcud qadağalar xarici qrantların daha çox digər bölgə ölkələrinə - Gürcüstana və Ermənistana yönəlməsinə şərait yaradır. Azərbaycanın müstəqil qeyri-hökumət təşkilatları xarici donorlarla əməkdaşlıqdan məhrum olarkən, Gürcüstandakı və Ermənistandakı qeyri-hökumət təşkilatları milyonlarla avro sayəsində müxtəlif layihələr həyata keçirirlər.
Rəsmi Bakı bir neçə il öncə xarici qrantlara ona görə qadağa qoydu ki, bu maliyyə vəsaitləri ilə Azərbaycanda rəngli inqilabın əsasının qoyulacağından şübhələndi. Ancaq Azərbaycanda inqilab Avropa İttifaqının maraqlarına cavab vermir. Əksinə, «ərəb baharının» yaratdığı problemlərdən sonra Avropa İttifaqı Azərbaycanda davamlı sabitlikdə maraqlıdır. Avropa İttifaqının məqsədi Azərbaycanda inqilab yox, siyasi və iqtisadi islahatların sürətləndirməsində hakimiyyət orqanlarına dəstək verməkdir. Bir sözlə Avropa İttifaqının Azərbaycana qeyri-rəsmi mesajı belədir: «Bizim Sizə pisliyimiz dəyməz».
Bu arada, Avropa İttifaqından daha bir nümayəndə heyəti Azərbaycana səfər etdi. Qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 25-də Azərbaycana səfər edərək prezident, müdafiə və xarici işlər nazirləri ilə görüşdü. Helber Salber Bakıdakı bu görüşlərdə dedi ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi zəruridir.
Aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqı ATƏT-i əvəz etməyəcək. Brüsselin belə bir istəyi də yoxdur. Buna baxmayaraq, Brüssel vəziyyəti daima nəzarət altında saxlamaq istəyir. Çünki, yaxın gələcəkdə Azərbaycan Avropa İttifaqının əsas regional tərəfdaşına çevriləcək. Bir neçə ildən sonra Azərbaycan qazı TAP və TANAP boru xətləri ilə Avropaya daşınacaq. Bu səbəbdən Avropa İttifaqı Cənubi Qafqazda sabitliyin davamlı şəkil almasında maraqlıdır.
Bölgədə mümkün müharibə Avropa İttifaqının maraqlarına ziddir. Ancaq Avropada onu da anlayırlar ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər bölgədə müharibə riski yüksəkdir. Ona görə də bu riskin azaldılması məqsədilə Brüssel həm Bakı, həm də İrəvanla dialoqu intensivləşdirməyi və bu yolla Minsk Qrupu həmsədrlərinə dəstək vermək siyasətinə üstünlük verir.