Ankarada regionun müzakirəsi...
Türkiyənin 2023-cü ildə Cənubi Qafqaz və Azərbaycan siyasəti necə olacaq?
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Bu müttəfiqliyi rəsmiləşdirən “Şuşa bəyannaməsi” mövcuddur. Buna görə də Türkiyədə baş verən hadisələr Azərbaycanda diqqətlə izlənilir. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri və əməkdaşı bu məqsədlə Ankarada görüşlər keçiriblər. Mərkəz Ankarada bu suallara cavab tapmağa çalışıb:
1. Türkiyədə gələn ilin iyun ayında prezident və parlament seçkilərinin nəticələri necə ola bilər?
2. Türkiyədə hakimiyyət dəyişərsə, Ankaranın Cənubi Qafqaz və Azərbaycan siyasət necə olacaq?
Türkiyədə iqtisadi vəziyyət pisləşib, inflyasiya, qiymətlər, elektrik və kirayə haqları artıb. Türkiyədə insanların alım gücü zəifləyib. Bunun bir neçə səbəbi var. Türkiyədə müstəqil ekspertlərin fikrincə, Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldiyi 2000-ci illərdə Türkiyəyə investisiyalar artdı. Ərdoğan öz nüfuzundan istifadə edərək bir sıra ərəb ölkəsinin Türkiyədə maliyyə investisiyalarını cəlb etdi. Bu proses təxminən 2012-ci ilə qədər davam etdi. 10 il ərzində insanları rifah halı yüksəldi. İnvestisiyalar yolların, körpülərin, metroların tikintisinə, digər böyük layihələrə xərcləndi. Bəzilərinin fikrincə, iqtisadi islahatların həyata keçirilməsi üçün zaman itirildi. Ərdoğan yaxın illərdə daha böyük layihəni – Kanal İstanbulu reallaşdırmaq istəyir. Bu layihənin dəyəri on milyardlarla dollardır. Türkiyə iqtisadiyyatının indiki ağır vəziyyətində Kanal İstanbulun reallaşmasının problematik olacağını vurğulayanlar var. Digər tərəfdən Rəcəb Tayyib Ərdoğan iyun ayında prezident seçkisində məğlub olarsa, yeni prezident böyük ehtimalla Kanal İstanbul layihəsindən imtina edəcək. İstanbulun indiki bələdiyyə başçısı Əkrəm İmamoğlu da bu layihənin əleyhinədir.
Buna baxmayaraq, Rəcəb Tayyib Ərdoğan Türkiyədə güclü hərbi-sənaye kompleksi yaradıb. Türkiyənin başqa ölkələrdən hərbi texnika asılılığı azalıb. Türkiyə modern pilotsuz uçuş aparatları, helikopterləri və tanklar istehsal edir və bu hərbi texnikanı müxtəlif ölkələrə satır.
Rəcəb Tayyib Ərdoğanın xarici siyasəti Ankarada müxtəlif reaksiyalara səbəb olub. Bir qisim ekspert Ərdoğanın xarici siyasətini uğurlu sayır. Misal üçün Ərdoğan həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Halbuki, Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Ərdoğan Qərb ölkələri kimi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib. Bu Türkiyənin maraqlarına ziddir. Çünki Türkiyə ilə Rusiya arasında ortaq layihələr var, Türkiyə Rusiyadan qaz alır, Türkiyə Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edir, Rusiya Türkiyədə atom elektrik stansiyası tikir, rusiyalı turistlər Türkiyədə dincəlir və bu Türkiyə iqtisadiyyatı üçün vacibdir.
Türkiyənin Ukrayna ilə də sıx münasibətləri var. Türkiyə Ukraynaya pilotsuz uçuş aparatları satıb. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə Ukrayna taxılının dünya bazarlarına daşınmasını təmin edib. Ukraynanın Türkiyədəki səfiri Vasiliy Bodnar da Ankaranın siyasətindən razı olduğunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbərinə bildirdi. Bodnar söylədi ki, rəsmi Kiyev Ankara ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.
Buna baxmayaraq, Türkiyə siyasətçiləri və ekspertləri arasında Ukraynaya tənqidi münasibət bəsləyənlər də var. “Atlas” Araşdırmalar Mərkəzi bunun səbəbini araşdırıb. Türkiyə siyasi dairələri və cəmiyyəti Amerika Birləşmiş Ştatlarına tənqidi yanaşır. Türkiyədə anti-amerikanizm güclüdür. Buna görə də Türkiyədə Amerikanın dostlarına da tənqidi yanaşırlar. Türkiyədə hesab edirlər ki, Ukrayna hakimiyyəti ABŞ-dan asılıdır və Vaşinqtonun təlimatlarını yerinə yetirir. Türkiyədə Ukrayna hakimiyyətinə tənqidi münasibət bununla bağlıdır. Ancaq reallıq fərqlidir. Ukraynanın Türkiyədəki səfiri Vasiliy Bodnar bir daha xatırlatdı ki, Ukrayna ABŞ-la strateji tərəfdaş olsa da, heç bir dövlətdən asılı deyil: “Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayanda biz öz gücümüz hesabına savaşırdıq, Bundan sonra müxtəlif dövlətlər bizə dəstək verməyə başladılar. Çünki Qərb ölkələri anladılar ki, Rusiya Ukraynada dayandırılmasa başqa ölkələr də işğal olunacaq”.
Türkiyənin xarici siyasət kursunda dəyişikliklər var. Rəcəb Tayyib Ərdoğan Suriyada müharibə başlayanda Bəşər Əsədlə münasibətləri kəsdi və onu uzun illər ərzində kəskin tənqid etdi. Ərdoğan silahlı Suriya müxalifətinə dəstək verdi. Ərdoğan hesab edirdi ki, Bəşər Əsəd məğlub olacaq və müxalifət Suriyada hakimiyyətə gələcək. Ancaq bu baş vermədi. Rusiya və İran Bəşər Əsəd rejiminə hərbi dəstək verdilər. Əsəd rejimi bunun hesabına hakimiyyətini gücləndirdi, silahlı müxalifət geri çəkildi. Türkiyə üçün Suriyada təhlükəli gedişat baş verdi. Radikal kürdlər Suriya ərazisinin bir hissəsini nəzarətə götürdülər. Həmin ərazilərdə terrorçu PKK və ona müttəfiq olan silahlılar yerləşdilər. Bu Türkiyə üçün ciddi təhlükə yaradırdı. Ona görə də Türkiyə ordusu Suriya ərazisində bir neçə dəfə hərbi əməliyyat keçirdi. Hazırda Ankara və Dəməşq arasında təmaslar başlayıb. Ərdoğan Əsədlə görüşməyəcək. Ancaq iki ölkənin diplomatları və təhlükəsizlik idarələrində çalışanları görüşürlər. Əlbəttə, Bəşər Əsəd diktatordur və minlərlə insanın qətlində günahkardır. Ancaq Əsəd hakimiyyətdən getməyəcək. Digər tərəfdən Əsəd Suriyanın bütövlüyünü təmin etmək istəyir. Türkiyə də Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, çünki radikal kürdlər Türkiyə üçün də ciddi təhlükədir. Ona görə də Ankaranın Dəməşqlə təmasları davam edəcək.
Ankaranın İsrail siyasəti də dəyişib. Rəcəb Tayyib Ərdoğan 2000-ci illərin ortalarında İsraillə münasibətlərini gərginləşdirdi. Ərdoğan İsraili fələstinliləri öldürməkdə ittiham edirdi. Bundan başqa İsrail hərbçiləri Türkiyənin “Mavi mərmərə” gəmisinə hücum etmişdi. Bundan sonra iki ölkə arasında diplomatik münasibətlər dayandırıldı. Bu Türkiyənin maraqlarına cavab vermirdi. Çünki, birincisi, İsrail Türkiyənin əleyhinə Misir, Yunanıstan və Kipr Respublikası ilə ittifaqa qoşuldu. İsrail öz qazını Kipr Respublikası və Yunanıstana ixrac edəcəyini bildirdi. İkincisi, ABŞ-dakı güclü yəhudi lobbisi Türkiyə əleyhinə fəaliyyət göstərməyə başladı. Bu arada, bəzi ərəb ölkələri Vaşinqtonun vasitəçiliyi ilə İsraillə münasibətləri normallaşdırdılar, səfirliklər açdılar. Ankara İsrail siyasətini dəyişdirmək məcburiyyətində qaldı. Hazırda Ankara İsrail qazını Türkiyə üzərindən Avropa ölkələrinə nəql etmək istəyir. İsrail prezidenti və müdafiə naziri Ankaraya səfər etdilər. Rəcəb Tayyib Ərdoğan Misirlə pozulan münasibətlərini də normallaşdırmağa çalışır. Ərdoğan Misir prezidenti Əbdül Fəttah Sisini sərt tənqid edirdi. Misir ərəb dünyasının və Afrika qitəsinin əsas ölkələrindən biridir. Ona görə də Misirlə gərgin münasibətlər Türkiyənin maraqlarına cavab vermir. Ərdoğan Sisi ilə görüşməsə də, Ankara ilə Qahirə arasında təmaslar başlayıb.
“Atlas” Araşdırmalar Mərkəzinin əməkdaşları ilə görüşən Türkiyə İncələmələr Mərkəzinin rəhbəri Alev Kılıç Türkiyənin Şanxay Əməkdaşlığına üzvlük istəyini belə izah etdi: “Çin bölgənin əsas gücünə çevrilir. Rusiyanın dağılması və mərkəzdənqaçma meyllərinin güclənməsi Çin üçün faydalıdır. Çinin Sibirlə bağlı böyük planları var. Rusiya Zəngəzur dəhlizinin açılmasını ona görə istəyir ki, Çinin Mərkəzi Asiyadakı fəaliyyətini məhdudlaşdırsın. Çinin Mərkəzi Asiya ölkələri ilə sıx iqtisadi əlaqələri var. Türkiyə də Mərkəzi Asiyada fəaldır. Rusiya üçün Çin daha təhlükəli olduğundan türk ölkələri arasında əməkdaşlığın əleyhinə deyil və Zəngəzur dəhlizindən istifadə edilməsinin əleyhinə deyil. Pekin Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasını istəmir. Rusiya isə Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasını istəyir. Rusiya Türkiyə vasitəsilə təşkilatda Çinin hegemon mövqeyini məhdudlaşdırmaq istəyir. Rusiya türk dünyasının inteqrasiyasını Çindən daha az təhlükəli qiymətləndirir. Rusiya Çinin Mərkəzi Asiyada artan yatırımlarından narahatdır. Amerikanın yanlışı odur ki, Rusiya və Çinlə eyni zamanda düşmən olub. Rusiya Qarabağdan qüvvələrini çıxaracaq, əks halda Azərbaycan və Türkiyə ilə münasibətlər pozulacaq”.
Türkiyədə Rusiyanın Şimali Kipr Türk Cümhuriyyətini rəsmən tanıya biləcəyi haqqında fikirlər səsləndirilir. ABŞ Yunanıstanda hərbi bazalar yerləşdirib. Bu Rusiyanın xoşuna gəlmir. Yunanıstan Rusiyaya qarşı sanksiyalarda iştirak edir. Ona görə də Rusiyanın yalnız Türkiyənin tanıdığı Şimali Kipr Türk Cümhuriyyəti tanıya biləcəyindən danışırlar. Ancaq Türkiyədə Rusiyanın Kıbrısı tanımayacağını deyənlər də az deyil. Onların fikrincə, bu həm də Türkiyə üçün təhlükəlidir. Çünki Rusiya Kıbrısı (Şimali Kipr Türk Cümhuriyyəti) tanıyarsa, Türkiyədən Krımın Rusiya ərazisi kimi tanımasını istəyəcək. Bu isə Türkiyənin maraqlarına ziddir. Azərbaycanın da Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələri barədə fikirlər səslənir. Azərbaycan təkbaşına Kıbrısı tanıyarsa, Yunanıstanın Azərbaycana təzyiq edəcəyi, Qarabağ separatçılarıyla əlaqə quracağı təhlükəsi ilə bağlı fikirlər mövcuddur. Ancaq türk dövlətləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan eyni gündə Şimali Kipr Türk Cümhuriyyəti tanıyarlarsa, Yunanıstana bu dörd ölkəyə təzyiq edə bilməyəcək.
Ankarada söhbət etdiyimiz siyasətçilər və ekspertlər İran və Rusiyanın son zamanlar Azərbaycana qarşı artan təzyiqindən narahatlılqarını bildirirlər. Çıxış yolu kimi Türkiyə-Azərbaycan ittifaqının daha da gücləndirilməsi mexanizmlərinin hərəkətə gətirilməsini göstərirlər. Əlbəttə, ortada müttəfiqliyi rəsmiləşdirən Şuşa bəyannaməsi var, sənədin müddəalarını sürətlə reallaşdırmaq lazımdır. İttifaqı gücləndirmək strategiyasını daha da gücləndirməyə ehtiyac var. Rusiya və İran Azərbaycana problemlər yaradacaqlar. “Atlas” Araşdırmalar Mərkəzinin əməkdaşları Ankarada “Azərbaycanla Türkiyə arasında konfederasiya yaradıla bilərmi” sualına da cavab tapmağa çalışıblar. Bəziləri hələ ki, buna ehtiyacın olmadığını söyləsələr də, Rusiya və İranın Azərbaycana təhdidlərin artacağı halda Azərbaycanla Türkiyə arasında konfederasiya müzakirələrinin başlanacağını istisna etmirlər.
Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqaz siyasəti müsbətdir. Bu siyasəti həm Azərbaycanda, həm də Türkiyədə uğurlu sayırlar. Türkiyə İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək verdi. Azərbaycanın müharibədə qələbə qazanmasında Türkiyənin əhəmiyyətli rolu oldu. Rusiya Cənubi Qafqazda və Azərbaycanda Türkiyə faktoru ilə hesablaşır. Türkiyə şirkətləri Qarabağda geniş tikinti işləri aparırlar. Türkiyə şirkətləri Qarabağda iki hava limanı inşa etdilər. Ona görə də Azərbaycanda ən çox səslənən sual budur: “Türkiyədə hakimiyyət dəyişikliyi olarsa, Ankaranın Cənubi Qafqaz və Azərbaycan siyasəti necə olacaq?”
“Atlas” Araşdırmalar Mərkəzinin əməkdaşlarının Ankarada müxalifət nümayəndələri və müstəqil ekspertlərlə görüşlərdən gəldiyi qənaət budur ki, Türkiyədə hakimiyyət dəyişərsə, Ankaranın Cənubi Qafqaz və Azərbaycan siyasəti dəyişməyəcək. Türkiyə xalqının və ordusunun Azərbaycana böyük rəğbəti var. Bu amillə Türkiyədə istənilən hakimiyyət hesablaşacaq. Ona görə də Türkiyədə hakimiyyət dəyişsə belə Ankaranın Azərbaycan siyasətinin dəyişməyəcəyini vurğulamaq mümkündür. “Atlas” Araşdırmalar Mərkəzinin əməkdaşları Ankarada “Ortak Akıl Politika Geliştirmə Mərkəzi”ndə oldu. Mərkəzin rəhbərləri Enis Tütünçü və Hakan Akbulutla Türkiyə-Azərbaycan ittifaqının gücləndirilməsi tərəfdarı olduqlarını bildirdilər.
Türkiyədə 2023-cü ilin iyun ayında həm parlament, həm də prezident seçkisi keçiriləcək. Türkiyədə parlamentdə hakim blok – “Cumhuriyyət ittifaqı” adlanır. Bu ittifaqda Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası yer alıb. Parlamentdə müxalifət bloku isə - “Millət ittifaqı” adlanır. Bu ittifaqda Cümhuriyyət Xalq Partiyası və İyi Partiya yer alıblar. Bundan başqa müxalifətin “altılıq formatı” mövcuddur. Bu formatda 6 müxalifət partiyası yer alıb. MHP AKP-nin müttəfiqi olsa da, MHP-də hazırki durumdan narazı olanlar var. Onlar hesab edirlər ki, MHP AKP-ni dəstəkləsə də, hakimiyyət bölgüsündə yer almayıb. Bəzi MHP-lilərin prezident seçkisində Ərdoğana səs verməyəcəyi bildirilir.
“Atlas” Araşdırmalar Mərkəzinin əməkdaşları “altılıq formata” daxil olan Demokrat Partiyanın lideri Gültəkin Uysalla görüşüb. Demokrat Partiyası keçmişin iki güclü və hakim partiyası Ana Vətən və Doğru Yol Partiyasının birləşməsi nəticəsində formalaşıb. Hazırkı daxili işlər naziri Süleyman Soylu vaxtilə Demokrat Partiyasının lideri olub. Demokrat Partiyası parlamentdə iki millət vəkili ilə təmsil olunub. Onlardan biri elə partiyanın lideri Gültəkin Uysaldır. Demokrat Partiyasının hazırkı reytinqi yüksək olmasa da, altılı masada təmsilçiliyinə şərait yaradılıb. Gültəkin bəylə bölgədəki mövcud vəziyyəti, Rusiya və İranın Azərbaycan qarşı təhdidlərini və gələcəkdə Türkiyənin Azərbaycanla birgə fəaliyyət imkanlarını müzakirə etdik. Gültəik Usyal da Türkiyənin Azərbaycan siyasətinin dəyişməyəcəyini bildirdi. Eyni sözləri “Atlas” Araşdırmalar Mərkəzinin əməkdaşlarına “altılıq masanın” digər üzvü – Səadət Partiyasının sədr müavini Yılmaz Bayat dedi. O Türkiyədə hakimiyyətin dəyişəcəyi halında Ankaranın Cənubi Qafqaz və Azərbaycan siyasətinin dəyişməyəcəyini vurğuladı. Yılmaz Bayat belə bir fikir də söylədi ki, “altılı masa” hakimiyyətə gələrsə, Azərbaycanla İran arasında gərginliyin azalması üçün vasitəçi ola bilər. Halbuki, “altılı masanın” digər üzvü İyi Partiyanın üzvü Əli Dəmir müxalifətin hakimiyyətə gələcəyi halda birmənalı şəkildə Azərbaycanı dəstəkləyəcəyini bildirdi. İyi Partiyanın lideri Meral Akşener keçmiş MHP üzvüdür. Türkiyədə millətçilər Azərbaycanla sıx əməkdaşlığın tərəfdarıdırlar.
“Altılı masanın” əsas məqsədi Türkiyənin yenidən parlament sisteminə keçidi təmin etməsidir. Müxalifət Türkiyədəki hazırkı sistemi “tək adam” adlandırır, yəni bütün məsələləri bir nəfər – prezident müəyyənləşdirir. Halbuki, keçmişdə Türkiyədə parlament sistemi mövcud idi və ən çox səs qazanan partiya hökuməti formalaşdırırdı. Ancaq bəzən koalision hökumətlər yaranırdı ki, bu cür hökumətlər fəaliyyət göstərə bilmir, tez dağılırdılar. Bu mükəmməl sistem deyildi. Ancaq Türkiyə müxalifəti və cəmiyyətin bir hissəsi hesab edir ki, hazırkı “güclü prezident” sistemi də mükəmməl deyil, bir nəfərin səhvləri ölkəyə əlavə problemlər yaradır. Müxalifət parlament və prezident seçkisində qələbə qazanarsa, iki il ərzində yenidən parlament sisteminə keçiləcək.
“Altılı masada” ciddi fikir ayrılıqları var. CHP lideri Kamal Kılıçdaroğlunun son aylarda iki strateji səhvi olub. O açıqlama verərək parlamentdə hicabla bağlı qanunun qəbul olunmasını təklif etdi. Hazırda Türkiyədə hicabla bağlı problem yoxdur, qadınlar başlarını bağlamaqda sərbəstdirlər. Ərdoğan Kılıçdaroğluna başqa təklif verdi: “Hicabla bağlı Konstitusiya dəyişikliyi edək”. Kamal Kılıçdaroğlu bundan imtina etdi. Kamal Kılıçdaroğlunun ikinci səhvi onun ABŞ-a səfəri ilə bağlı idi. Belə bir səfərə ehtiyac yox idi. Türkiyədə anti-amerikanizmin güclü olduğunu bilən Ərdoğan Kamal Kılıçdaroğlunun səfərini sərt tənqid etdi, onun Vaşinqtondan məsləhət almağa getdiyini dedi. Bu doğru deyildi, çünki Kamal Kılıçdaroğlu ABŞ-da heç bir rəsmi və konqresmenlə görüşmədi. Buna baxmayaraq, cəmiyyət də Kamal Kılıçdaroğlunun Amerikaya niyə səfər etdiyini anlamadı.
Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu prezidentliyə namizəd olmaq və “altılı masanın” onun namizədliyini dəstəkləməsini istəyir. “Altılı masanın” digər üzvləri isə Ərdoğan üzərində qələbə çala biləcək siyasətçinin müxalifətin vahid namizəd olması ideyasını dəstəkləyir. Kamal Kılıçdaroğlunun Rəcəb Tayyib Ərdoğan üzərində qələbə qazana biləcəyi ehtimalı yüksək deyil. Ankara və ya İstanbul bələdiyyələrinin başçıları Mənsur Yavaş və ya Əkrəm İmamoğlunun isə prezident seçkisində Rəcəb Tayyib Ərdoğan üzərində qələbə çalmaq şansları var. “Atılıq masa” hələ qərar verməyib. Kamal Kılıçdaroğlu ilə bağlı başqa bir versiya da var. Kamal Kılıçdaroğlu namizəd olacağını bildirir və Ərdoğan onu tənqid edir. Kamal Kılıçdaroğlu bir müddət sonra prezidentliyə namizəd olmayacağını bildirir və digər namizədi dəstəkləyir. Bununla Kamal Kılıçdaroğlu Ərdoğana imkan vermir ki, o əsas namizədi hədəf götürə bilsin. Digər tərəfdən müxalifət qələbə qazanarsa gələcəkdə Türkiyə yenidən parlament sisteminə keçəcək. Kamal Kılıçdaroğlu güclü parlament sistemində güclü baş nazir olmaq istəyə bilər. Müxalifət təmsilçilər də etiraf edirlər ki, Ərdoğan güclü siyasətçidir, xarizması və güclü nitq qabiliyyəti var. Onunla yarışacaq namizəd də bu xüsusiyyətlərə malikdir. Ərdoğanın Türkiyədə 15-20 faiz arasında dəstəkçi qrupu var. Ağır iqtisadi və sosial şərtlər altında yaşamalarına baxmayaraq, bu insanlar bütün hallarda Ərdoğana səs verəcəklər. Buna baxmayaraq, Türkiyənin böyük şəhərlərində - İstanbulda, Ankarada və İzmirdə müxalifətin reytinqi daha yüksəkdir. “Altılı masa” 2 illik keçid dövrünü idarə edəcək. Keçid dövrü bitdikdən sonra “altılı masaya ehtiyac olmayacaq, hər bir partiya parlament seçkisinə müstəqil qatılacaq, yeni koalisiya parlamentdə formalaşacaq.
Türkiyədə belə bir fikir də var ki, Rəcəb Tayyib Ərdoğan prezident seçkisində məğlub olarsa siyasətdən gedəcək, bu halda Ədalət və İnkişaf Partiyası da dağılacaq. Türkiyədə 1980 və 1990-cu illərdə güclü iki partiya var idi – Ana Vətən və Doğru Yol partiyaları. Birincinin lideri keçmiş prezident Turqut Özal, ikincinin lideri keçmiş prezident Süleyman Dəmirəl idi. Turqut Özal və Süleyman Dəmirəldən sonra hər iki partiya növbəti seçkilərdə səs qazana bilmədilər və dağıldılar. Ərdoğan məğlub olarsa, Ədalət və İnkişaf Partiyasının dağılma ehtimalı haqqında fikirlər səslənir. Bu partiyanın səslərinin “Gələcək” Partiyasına keçəcəyi ehtimalı var. Bu partiyanın lideri keçmiş xarici işlər və baş nazir Əhməd Davudoğludur. Gələcək Partiyasının sədr müavini Ümit Yardım Ankarada “Atlas” Araşdırmalar Mərkəzinin əməkdaşları ilə görüşdə dedi ki, hakimiyyətə yaxın sorğu mərkəzləri “Gələcək” Partiyasının reytinqini qəsdən az göstərirlər: “Çünki “Gələcək” Partiyasının reytinqini yüksək göstərsələr, hakim Ədalət və İnkişaf Partiyasını 50 faizin altına düşəcək”. Türkiyədə müxalifət nümayəndələri başqa bir fakta da diqqət çəkirlər ki, 2000-ci illərdə Ədalət və İnkişaf Partiyasının 33 qurucu üzvü olub, bunların mütləq əksəriyyəti müxtəlif illərdə partiyanı tərk edib.
Azərbaycan siyasətçiləri, ekspertləri və cəmiyyəti Türkiyədəki siyasi prosesləri diqqətlə izləyirlər. Türkiyədə prezidentin kim olacağına və parlamentdə üstünlüyün kimlərə məxsus olacağına Türkiyə vətəndaşları qərar verəcək. Azərbaycan bu qərara hörmətlə yanaşacaq. Önəmli olan iki ölkə arasındakı hazırkı müttəfiqliyin davamı və daha da irəli aparılmasıdır.