vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ANALİZ  
12:29 | 7 dekabr 2016 | Çərşənbə Məqaləyə 2532 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakının gözləntiləri...

...Və ya «Türk axını»nın Qarabağa təsiri

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin baş naziri Binəli İldırım dekabrın 6-da Moskvada rəsmi səfərdə oldu. Eyni gündə Türkiyənin prezidenti Rəcəb Təyyub Ərdoğan «türx axını» layihəsini imzaladı. Ərdoğanın bu addımını Rusiya prezidenti Vladimir Putin yüksək qiymətləndirdi və bunu Binəli İldırıma da söylədi. Bununla Rusiya qazı Türkiyə üzərindən Avropaya daşınacaq. Bu Rusiyanı münasibətləri gərgin olduğu Ukrayna üzərindən tranzit asılılığından qurtaracaq.

Beləliklə, Türkiyə-Rusiya münasibətləri inkişaf edir. Bir neçə aydan sonra Türkiyə və Rusiya prezidentəri növbəti dəfə görüşəcəklər. Strareji əməkdaşlığın strtateji tərəfdaşlığa çevrilməsi ehitmalı var. Bu isə Rusiya ilə Türkiyə arasında başqa məsələlərin həllini də sürətləndirə bilər.

Bu arada, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda işgüzar səfərdə oldu. Səfəri çərçivəsində Mövlüd Çavuşoğlu Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirtdi.

Çavuşoğlu Bakıda həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsindən söz açaraq işğalçı Ermənistanın tezliklə Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini diqqətə çatdırdı.

Çavuşoğlu mətbuat konfransında bunları dedi: «Biz problemin həlli üçün əlimizdən gələni edirik. Türkiyəyə səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Türkiyə olaraq öz mövqeyimizi Lavrova bildirdik. Vurğuladım ki, tezliklə bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, tez bir zamanda münaqişə ilə bağlı nəticə əldə olunmalıdır».

Türkiyə xarici işlər nazirinin bu açıqlaması bir daha onu göstərdi ki, Mövlüd Çavuşoğlunun Bakıya budəfəki səfəri Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Moskva ilə apardığı dialoqla əlaqəlidir. Çavuşoğlu Bakıya gəlməmişdən bir gün əvvəl Lavrovla Türkiyədə görüşmüşdü. Böyük ehtimalla Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ problemi ətrafında apardığı danışıqların detallarını rəsmi Bakıya çatdırmaq üçün Azərbaycan paytaxtına gəlmişdi.

Beləliklə, Ankara Dağlıq Qarabağ problemi ilə əlaqədar Rusiya ilə danışıqları intensivləşdirib. Ankaranın məqsədi Moskvanın münaqişənin həlliylə bağlı Ermənistan hakimiyyətinə təsir etməsidir. İlk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır ki, sülh prosesinə start verilsin.

Sergey Lavrovun Mövlud Çavuşoğlunun Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı təkliflərinə cavabı bəlli deyil. Ancaq o da məlumdur ki, Ankara ilə münasibətlərini normallaşdıran Moskva Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığına etiraz etmir. Digər tərəfdən Moskva Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılmasına da etiraz etmir.

Hadisələrin bu istiqamətdə inkişafı isə Ermənistan hakimiyyətini narahat edir. Ermənistan tamamən Rusiyadan asılı vəziyyətə düşüb. Ermənistan ordusu və iqtisadiyyatı Rusiyanın nəzarəti altındadır. Hələ ki, Rusiya Ermənistan hakimiyyətini müdafiə edir və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə maraq göstərmir.

Ancaq bir gün Moskvanın mövqeyi dəyişərsə və Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edərsə, bu halda prezident Serj Sərkisyan nə edəcək? Rəsmi İrəvan Moskvaya etiraz edəcəkmi?

Bu suallar Ermənistanın siyasi dairələrində ciddi müzakirə olunur. Qərbdəki erməni lobbisi də Serj Sərkisyanın xarici siyasətindən narazıdır. Erməni lobbisinin qənaətinə görə, Ermənistan hakimiyyətinin Rusiyadan artan asılılığı Ermənistanı fəlakətə aparır. Erməni lobbisi düşünür ki, yaxın zamanda Moskva Ankara ilə razılaşaraq Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək.

Ermənistanın getdikcə kasıblaşması və əhalinin azalması faktoru bu ölkənin əhəmiyyətini azaldır. Erməni lobbisi keçmiş illərdə olduğu kimi Ermənistana pul göndərmir. Bunun qarşılığında iqtisadi çətinliklərə rəğmən, Azərbaycanın hərbi potensialı artır, əhalinin sayı isə sürətlə 10 milyon nəfərə yaxınlaşır. Yəni məntiqlə böyük dövlətlərə Cənubi Qafqazda Azərbaycanla əməkdaşlıq daha məqbuldur.

Rəsmi Bakı çox ümidlidir ki, Moskva Ermənistan hakimiyyətinə təsir edərək Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək. Hələ ki, bu baş vermir. Rəsmi Bakı həm də ona ümidlidir ki, Ankara da Moskvanı bu məsələyə inandırmağa nail olacaq. Həm Bakı, həm də Ankara Rusiyaya təklif ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli halında bölgədə regional əməkdaşlığı genişləndirmək mümkün olacaq. Bu regional əməkdaşlıq isə Rusiyanın maraqlarına cavab verəcək şəkildə inkişaf edəcək. Ancaq hələ ki, nə Bakı, nə də Ankara Moskvadan tutarlı cavab ala bilməyiblər. Moskva Ermənistan hakimiyyətinə təsir etmək istəmir. Tam əksinə, Rusiya Ermənistanı daha çox silahlandırır. Buna baxmayaraq, Rusiyanın Cənubi Qafqaz siyasətini korrektə edəcəyi istisna deyil.

Azərbaycan prezidenti İlham Əliyevi Rusiyanın siyasətinin dəyişəcəyini gözləmədən Qarabağ strategiyasını davam etdirir. Bu strategiya Azərbaycan ordusunu gücləndirmək, yeni modern silahlar almaq və bununla Ermənistanı zəiflətməkdən ibarətdir. Rəsmi Bakı Ermənistanı orduya və silah alışına daha çox pul xərcləməyə məcbur edir. Başqa sözlə İlham Əliyevin Qarabağla bağlı hazırki strategiyası Ermənistanı yormaqdan ibarətdir. Yəni əgər indiki şərtlər daxilində (Rusiya amili də nəzərə alınaraq) müharibə yolu ilə Ermənistanı məğlub etmək mümkün deyilsə, heç olmazsa işğalçının insanı və maliyyə itkilərinin artmasını sürətləndirmək lazımdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)