«Yazılı mətbuat salnamədir»
Əflatun Amaşov: «Jurnalistlərə verilən vahid press-kartlar saxtalaşdırılmışdı»
Rufik İSMAYILOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
“İmadəddin Nəsimi və özbək ədəbiyyatı”
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
“Sosial sifariş idi”
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
-
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verdi
Layihə çərçivəsində ilk toplantı keçirilib
-
95-ci ildə «Qələbə»lik
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
-
“Jurnalistlərin Ermənistana səfəri müsbət haldır”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
-
“Prezident həssasdır”
Əflatun Amaşov: “Hər dövlət başçısı bunu bacarmır”
-
“Gələcəyimiz naminə ...”
Əflatun Amaşov: “Çap məhsulları üzərindən ƏDV götürülsün”
-
“KİVDF-dən pul ala bilərlər”
Deputatdan maliyyəsi dayandırılan qəzetlərə müraciət
-
“O, hər iki xalqın düşmənidir”
Millət vəkilindən gürcü həmkarlarına müraciət
-
Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər
Azərbaycan Mətbuat Şurası mövzusunda dəyirmi masa keçirib
-
“Üzrxahlıq əvəzinə təhrifə haqq qazandırır”
Əflatun Amaşov: “Mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-Azərbaycan adasıdır”
-
“Bunu əməli nümunələrdə göstərək”
“Biz Şərqdə ilk demokratik respublikanı quranların varisləriyik”
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, «Şöhrət» ordenli Əflatun Amaşovun bu gün 60 yaşı tamam olur. Yubilyarı bir neçə gün bundan öncə redaksiyamıza dəvət etdik. O, da dəvətimizi qəbul edərək kollektivimizlə görüşə gəldi. Görüşün əvvəlində «Kaspi» qəzetinin təsisçisi Sona xanım Vəliyeva Ə.Amaşovu təbrik etdi. Kollektiv adından yubilyara plaket və xatirə hədiyyəsi təqdim edildi, doğum günü tortu kəsildi. Ardınca isə çay süfrəsi arxasında sorğu-sual, necə deyərlər, şirin, səmimi söhbət başladı. Beləliklə,«Kaspi» qəzetinin «Bizim qonaq» rubrikasının budəfəki müsahibi millət vəkili, jurnalistlərin yaxın dostu Ə.Amaşovdur.
- «Bizim qonaq» rubrikasında Azərbaycan üçün dəyərli olan ziyalılar, şəxsiyyətlər müsahib qismində iştirak edir, səmimi ortamda kollektiv üzvlərimizin suallarını cavablandırır. Əflatun müəllim, Siz də Azərbaycan mediası üçün əziz olan, dost simalardan birisiniz. Sizcə, yaş insanı dəyişirmi? 50 yaşlı Əflatun Amaşovla 60 yaşlı Əflatun.Amaşov arasında fərq varmı?
- Sualınıza cavab verməzdən öncə mənə göstərilən bu diqqətə görə minnətdarlığımı bildirmək istəyirəm. «Kaspi» qəzeti sadəcə mənim üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün xüsusilə seçilən, öz dəsti-xətti olan mətbuat orqanlarından biridir. İnanıram ki, bu, hər zaman belə də olacaq. Sualınıza gəlincə, insan gənclikdə çox enerjili olur və hadisələrə də öz prizmasından baxır. Yaşa dolduqca isə təbiətən sakitləşir. Necə ki, axar çay dağlardan gələndə aşıb-daşır, coşur, amma məcrasına düşüb axdıqca sakitləşir, insan da belədir. Yaşa dolduqca həyatı, ətraf mühiti daha dərindən dərk edir, öz təcrübəsinə baxır, problemlərin həllini təhlil edir. Bir sözlə, insan yaşlaşdıqca ətraf mühitlə hesablaşır, razılaşmalı olur, bir qədər də təkmilləşir. Bu, təbii prosesdir. Mənim 40, 50, 60 yaş arasında olan həyat tərzimdə isə elə də dəyişiklik yoxdur. Bu yaş arasındakı fərqi təsvir edərkən müdrikləşməni də qeyd etmək istəməzdim. Fikrimcə, insan gənc yaşlarında da müdrik ola bilər. Ancaq 40, 50, 60 yaşlarında həyatı daha aydın anlayır, xeyir və şəri görür. Yaşa dolduqca insan istəsə də, istəməsə də bəzi hallarda bir sıra arzularından da imtina etmək məcburiyyətində qalır.
- Siz xatirələrinzdə qeyd edirsiniz ki, vaxtilə «AzərTac»da işləyəndə Monqolustana ezam olunmusunuz və orada olduğunuz müddətdə davamlı reportajlar hazırlamısınız. Sonradan bu reportajların maraqla qarşılandığını, oxunduğunu müşahidə etdikcə bundan böyük zövq almısınız. Jurnalistikanın sərhədlərinin həddən artıq genişləndiyi bir vaxtda biz bu həzzi bəzən istədiyimiz kimi yaşaya bilmirik. Bu, jurnalistikanın sərhədlərinin genişlənməsi, yaxud jurnalistlərin sayının çoxalması ilə bağlıdırmı? Çox istərdik ki, qurunun oduna yaş yanmasın, jurnalistikadakı bəzi dəyərlər, maraqlar itməsin...
- Jurnalist də vətəndaşdır, cəmiyyətin bir nümayəndəsidir. Cəmiyyətdə baş verən proseslər jurnalistikaya da sirayət edir. Bu zaman isə sanki, mizan-tərəzi pozulur. Sovetlər dövründə biz tamam başqa mənzərə görmüşük. Jurnalistika ilə bağlı Həsən bəy Zərdabi, bir müddət sonra isə Azərbaycan mətbuatının qızıl dövrü olub. Bu, Demokratik Cümhuriyyətə qədər olan və Cümhuriyyət dövrüdür. Demokratik Respublikanın süqutundan sonra isə sovet dövrü başlayıb. Bu dövrün də özünəməxsus, spesifik xüsusiyyətləri var idi. Bəlkə də bu dövr olmasaydı dilin qorunması, şəxsiyyətin formalaşması, təhsilin kütləviliyi və sair kimi proseslər baş verməzdi. Azərbaycan ziyalılığı da zamanla formalaşdı. O ki, qaldı medianın indiki vəziyyətinə, məncə, bugünkü mənzərə o qədər də acınacaqlı deyil. Bu baxımdan, söylədiklərinizə haqq da qazandırmıram. Sadəcə, müəyyən nüanslar var ki, biz onu arzuolunmaz hal kimi qiymətləndiririk. Bu gün buna «reket jurnalistika» deyilir. Bu da günümüzün reallıqlarından biridir. Hətta bəzən elə tədbirlər olub ki, mən orada iştirak edən jurnalistlərin kimliyi ilə maraqlanmışam. Aydın olub ki, həmin tədbirdə peşəkar jurnalistika ilə məşğul 1-2 media mənsubu var. Qalanları qoltuğunda bir papka və ya jurnal olan, jurnalist adı altında gələn şəxslərdur. Cəmiyyətdə iqtisadi, siyasi formasiya dəyişərsə, həyata münasibət də dəyişir. Bu zaman dəyərlər də yenidən formalaşır. Müqayisə üçün sovetlər və indiki dövrdə olan fərqli dəyərləri misal gətirə bilərik. Hələ ki, oturuşma yoxdur. Bununla belə, mən Azərbaycan jurnalistikasının gələcəyinə inanıram. Başqa sahələrdə aktiv olan, sonradan jurnalistikaya axışan insanlar jurnalist deyillər. Bir müddətdən sonra onlar yavaş-yavaş aradan çıxacaqlar.
- Azərbaycan hüquqi dövlətdir və bizim müstəqil məhkəmə sistemimiz var. Bu baxımdan, «reket jurnalistika» ilə bağlı problemləri qanunlar çərçivəsində həll etmək mümkündür. Belə olan halda Mətbuat Şurasının Reket jurnalistika ilə mübarizə komissiyasında hüquq-mühafizə orqanlarından nümayəndələrin təmsil olunmasına aydınlıq gətirmənizi istərdim. Bu yolla «reketlərə» hansısa yolla təzyiq ediləcəkm?
- Bu məsələ sosial şəbəkələrdə, media müstəvisində, eləcə də tədbirlərdə müzakirə olundu. Məlumat üçün xatırladım ki, Azərbaycan Mətbuat Şurasında şikayətlər üzrə komissiya var. Bu komissiyaya mütəmadi olaraq şikayətlər daxil olur. İl ərzində təxminən 500-700 arası şikayət araşdırırıq. Bu şikayətlərin bir qismində açıq-aydın reketçilik əlamətləri görünür. Məmurlarla ayrı-ayrı «jurnalistlərin», saytların, redaksiyaların əlaqələrindən də danışmaq olar. Bu komissiyaya daxil olan şikayətlər araşdırılandan sonra Reketçiliyə qarşı mübarizə komissiyasına yönəldilir. Əgər şikayətlərdə söhbət rüşvət almaqdan və ya verməkdən gedirsə, bunun iki tərəfi var. Bu, yalnız özünü jurnalistika ilə əlaqələndirən şəxslə bağlı deyil. Bunun məmur tərəfi də var. Reketçiliyə qarşı mübarizə komissiyasının da sualınızda qeyd etdiyiniz şəkildə genişləndirilməsi söylədiyim məqamların təkrarlanmasının qarşısını almağa yönəlib. Yəni, biz «reket jurnalistika» ilə mübarizədə hansısa məqamda hüquq-mühafizə orqanı əməkdaşlarının köməyindən də yararlanmalıyıq. Hiss edəndə ki, hansısa jurnalistlər qrupu hansısa məmurla əlaqəyə girib kimlərləsə bağlı yanlış rəy formalaşdırırlar, qanunun imkan verdiyi çərçivədə bunun qarşısını almaq normal haldır. Ona görə də komissiyada keçirilən müzakirələrdə daxili işlər, ədliyyə nazirliklərinin, yaxud baş prokurorluğun, dövlət təhlükəsizlik xidmətinin nümayəndələri də iştirak edə bilərlər. Bu, baş vermiş hadisəyə obyektiv qiymət verilməsi üçün zəruridir. Əsas məqsəd jurnalistikanın imicini qoruyub saxlamaqdır. Mən dünyada baş verən prosesləri izləmək üçün yerli media ilə yanaşı, xarici media qurumlarını, hətta işğalçı Ermənistanın mediasını da izləyirəm. Xarici ölkələrdə, eləcə də bizə düşmən dövlətdə proseslərə medianın necə yanaşmasına fikir verir, ardınca öz mediamız ilə müqayisələr, təhlillə aparıram. Hesab edirəm ki, komissiyanın tərkibinin genişləndirilməsi və bu qəbildən olan digər addımlar ümumilikdə Azərbaycan mediasının saflığına xidmət edəcək.
- Saytlar Mətbuat Şurasına üzv olmaq üçün ən azı 1 il fəaliyyət göstərməlidirlər. Mətbuat Şurasının üzvü olmayan və reketçiliklə məşğul olan sayt qurumun qəbul etdiyi qərarları özü üçün keçərsiz hesab edə bilər. Olmazmı bu limit aradan qalxsın, bütün saytlar Mətbuat Şurasına qeyri-formal üzv kimi fəaliyyət göstərsinlər? Belə olan halda reketçiliklə məşğul olan saytlara Şuranın nüfuz etmə imkanı daha da geniş olmazmı?
- Mətbuat Şurası ilə bağlı bütün sənədlərdə göstərilib ki, bu qurum Azərbaycanda media kimi fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələri ilə işləyir. Şuranın üzvü olub-olmamasından asılı olmayaraq, qurumun qəbul etdiyi qərarlar bütün kütləvi informasiya vasitələri üçün keçərlidir. Qeyd etdiyiniz baryeri aradan qaldırmamağımız səbəbsiz deyil. Bu gün Mətbuat Şurasında 200-dən artıq məktub var. Ayrı-ayrı saytlar müraciət ediblər ki, Mətbuat Şurasının üzvü olsunlar. Amma biz onların heç də hamısına Mətbuat Şurasının üzvü olmaq, bu statusda fəaliyyət göstərmək imkanı vermək istəmirik. Çünki bundan sui-istifadə edirlər. Jurnalistlərə vahid vəsiqələrin verilməsi, hətta avtomobillərə vəsiqələrin verilməsi məsələsi də buna görə saxlanılıb. Halbuki, biz Daxili İşlər Nazirliyinə müraciət etmişdik və onlar fövqəladə hallar zamanı xüsusi vəsiqəsi olan avtomobillərə hadisə yerinə maneəsiz getməyə imkan yaradırdılar. Bir-iki dəfə belə hal olmuşdu. Lakin sonradan biz gördük ki, həmin vəsiqələrin oxşarı çıxarılıb və ayrı-ayrı şəxslər onları öz avtomobillərinə vurublar. Hətta jurnalistlərə verilən vahid press-kartlar da saxtalaşdırılmışdı. Həmin adamlar bu vəsiqələrdən başqa məqsədlər üçün istifadə edirdilər. Ona görə də Mətbuat Şurası müvəqqəti olaraq həm jurnalistlər, həm də avtomobillər üçün xüsusi vəsiqələrin verilməsini dayandırdı.
- Zaman-zaman sosial şəbəkələrdə, xəbər portallarında belə bir rəy formalaşdırılır ki, çap mediası onlayn mediadan geri qalır. Hətta sorğular keçirib çap mediasının müasir dövrdə əhəmiyyətinin itdiyini də sübut etməyə çalışırlar. Sizin bütün bunlara münasibətiniz necədir?
- Dünyanın hər bir yerində bu, belədir. Amerikada da çap mediasının tirajında azalmalar müşahidə olunur. Onlar hələ on il bundan öncə bu günü görüb müəyyən addımlar atıblar. Misal üçün, tədricən öz səhifələrində gənclər, uşaqlar üçün bölmələr açıblar, onları maraqlandıran materialların yerləşdirilməsinə başlayıblar. Ancaq nə olursa-olsun, çap mediası yaşamalıdır. Yazılı mətbuat tarixdir, salnamədir. Saytlar, agentliklər, xəbər portalları istənilən məqamda silinə bilər. Elektron medianın məlumat bazası dağıdıla, itə bilər. Ancaq çap mediası, arxiv qorunub saxlanılır. Məsələn, əgər «Əkinçi», «Kaspi» qəzeti olmasaydı biz bu gün o illərin tarixini necə öyrənərdik? Milli mətbuatımızın əsasını qoyan və ondan sonrakı müxtəlif illərdə nəşr olunan qəzetlər, jurnallar fəaliyyət göstərdikləri illərin tarixini, ictimai-siyasi hadisələrini öyrənmək baxımından qiymətli mənbədir, salnamədir, tarixdir. Jurnalistika günün tarixini yaradır. Düzdür, dünyada ictimai rəy daha çox internet üzərindən yayılan media vasitəsilə formalaşır. Hətta son zamanlar ictimai rəy daha çox sosial şəbəkələr vasitəsilə formalaşır. İnsanlar öz xəbərlərini «Tvitter», «Facebook», «İnstagram» kimi sosial şəbəkələr vasitəsilə yaymağa üstünlük verirlər. Elə adamlar var ki, günlərlə qəzet oxumurlar, amma ən məlumatlı şəxslərdirlər, gündəlik baş verən ictimai-siyasi proseslərdən xəbərləri var. Buna rəğmən, cəmiyyətdə məlumatları qəzet qoxusu ilə alan, qəzet oxuyan insanlar da yox deyil. Vaxtilə radio yarananda deyirdilər ki, artıq qəzetə ehtiyac qalmadı. Ancaq qəzet və qəzetçilik də yaşadı. Televiziya yarananda, ardınca internet meydana gələndə, eynilə yeni-yeni saytlar ortaya çıxanda da bu kimi fikirlər irəli sürüldü. Lakin çap mediası dünən də olub, bu gün də var, sabah da olacaq.
- Mətbuatın Azərbaycan mədəniyyətinə diqqəti sizi qane edirmi?
- Mətbuatın mədəniyyətə münasibəti məni qane etmir. Səbəbini izah edim. Azərbaycanda yaranan əsas mədəniyyət ocaqlarından biri də Tiflis teatrıdır. Bu teatr 1873-cü ildə yaranıb. Çox böyük dühalar o teatrda çalışıblar. Bu gün həmin teatr çox ciddi problemlərlə üzləşib. Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Gürcüstana tez-tez səfərlərim olur. Həmin səfərlərimdə bu məsələni də diqqət mərkəzində saxlamağa çalışmışam. Həmin teatrın binası bərbad vəziyyətdədir. Binanın yarısı tutulub, orada erməni qaçqınlar məskunlaşıblar. Teatrın səhnəsi olduqca yararsız vəziyyətdədir. Çox acınacaqlı haldır ki, mədəniyyətimizin bir parçası sayılan Tiflis teatrının indiki bərbad vəziyyəti Azərbaycan ziyalısında, mətbuatında narahatlıq yaratmır. Yaxud Gürcüstanda Mirzə Cəlilin ev muzeyinin vəziyyətini götürək. Muzeyin binasının zirzəmi qatında vaxtilə mətbəə olub, «Molla Nəsrəddin» jurnalı bir müddət burada çap olunub. İndi həmin mətbəə yoxdur, divarlar uçur. Amma sevindirici haldır ki, hələlik həmin muzeyi də kimsə zəbt etməyib. Məlumat üçün onu da xatırladım ki, Tiflisdə ən böyük teatrlardan biri də erməni teatrıdır. Teatrın binasına, kollektivin sayına, səhnəyə qoyduğu tamaşaların sayına, büdcəsinə və sairə, eləcə də Gürcüstanda vaxtilə yaşamış tanınmış ermənilərin ev muzeylərinin vəziyyətinə baxırsan, adamın ürəyində ən azı acı bir kədər formalaşır. Bildiyim qədər erməni teatrının, eləcə də ermənilərə məxsus ev muzeylərinin yaşamasını, maliyyələşməsini əsasən Rusiyada yaşayan ermənilər təşkil edirlər. O xalq mədəni sayılır ki, onun teatrı var. Biz də hər zaman öyünürük ki, ilk teatr yaradan xalqlardan biri olmuşuq. Bu teatrları, bu mədəniyyət ocaqlarını qoruyub saxlamaq, gələcək nəsillərə çatdırmaq borcumuzdur. Amma bütün bu işləri yalnız dövlətin üzərinə atmaq da olmaz. Bizim də kifayət qədər zəngin, adlı-sanlı iş adamlarımız var. Arzu edərdik ki, onlar da əsl vətəndaşlıq nümunəsi göstərərək öz xalqının maddi-mədəniyyət abidələrinin, tarixinin, mədəniyyət ocaqlarının qorunub saxlanmasında, təmirində daha yaxından iştirak etsinlər. Bu işdə mətbuatın da xüsusi rolu olmalıdır. Arzu edirəm ki, Azərbaycan mətbuatı bu kimi problemlərin qabardılmasına, diqqətə çatdırılmasına diqqət yetirsin.
- Azərbaycan jurnalistikasında ixtisaslaşmanın aşağı səviyyədə olması da problem kimi özünü göstərməkdədir. Sizcə, bununla bağlı hansı addımların atılması zəruridirmi?
- Əslində bundan öncəki suala cavabda toxunduğum bəzi problemlərin özünü göstərməsinin bir səbəbi də jurnalistikada ixtisaslaşma ilə əlaqədardır. Azərbaycan jurnalistikasında ixtisaslaşma çox aşağı səviyyədədir. Elə redaksiyalar var ki, mədəniyyətdən yazan jurnalist eyni zamanda kriminaldan, siyasətdən, kənd təsərrüfatından da yazır. Bu faktor da ixtisaslaşmanın zəif getməsinə təsir edir. Bu, eyni zamanda təhsillə, redaksiyaların iqtisadi gücü ilə də əlaqədardır. Redaksiyalar çoxsaylı əməkdaş saxlaya bilmirlər. Təhsil məsələsinə gəlincə, ali təhsil müəssisəsi jurnalistikanın tələb etdiyi kadrları hazırlayıb təhvil verə bilmir. Elə buna görə də jurnalistika ixtisasını seçən, özünü gələcəkdə bu ixtisasda görmək istəyənlər üçün qabiliyyət imtahanının tətbiqinə start vermişik. Həmin imtahan komissiyasının sədri də mənəm. Artıq 3-cü ildir ki, qabiliyyət imtahanları keçiririk. Bu prosesə başlamazdan öncə biz araşdırma apardıq və gördük ki, jurnalistika ixtisası üzrə ali təhsil alan tələbələrin cəmi 7-10 faizi təhsili başa vurduqdan sonra öz ixtisasına maraq göstərir, bu sahədə işləməyə can atırlar. Halbuki, dövlət nə qədər vəsait xərcləyir, bu ixtisas üzrə nə qədər tələbənin təhsil almasına şərait yaradır. Bunun müqabilində 7-10 faiz heç də yaxşı nəticə deyildi. Ona görə də bu ixtisası seçmək istəyənlərin qabiliyyət imtahanı verməsini də zəruri saydıq. İndi jurnalistika ixtisası üzrə ali təhsil almaq istəyənlər ikipilləli qabiliyyət imtahanından keçir, onların yazı yazmaq qabiliyyəti yoxlanılır, şifahi olaraq fikir və düşüncələri dinlənilir. Gələcəkdə jurnalistikaya dair konfransın keçirilməsini, jurnalistika sahəsində kifayət qədər tanınan ekspertlərin bu tədbirə dəvət edilməsini düşünürük. Eyni zamanda, jurnalistika fakültələrində müəyyən islahatların aparılmasına, dərslik sahəsindəki bəzi problemlərin aradan qaldırılmasına da ehtiyac duyuruq. Bundan başqa, dünyada elmi jurnalistika var, ancaq Azərbaycanda bu, yoxdur. Düşünürəm ki, görülən və görüləcək bütün bu işlərin faydası zamanla cəmiyyətdə hiss ediləcək.