vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:39 | 28 may 2018 | Bazar ertəsi Məqaləyə 3258 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

23 ayda 100 ilə bərabər müstəqillik

Yaşasın Cümhuriyyət!

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Cümhuriyyət hansı tarixi, siyasi, sosial şəraitdə yarandı?

Əvvəla, o vaxta qədər Azərbaycan adında milli-inzibati ərazi vahidi olmamışdı. Qurucu atalar bu adda milli dövlət qurub, onu dünya siyasi xəritəsinə daxil etdilər. Əgər Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, bolşeviklər bu əraziləri Rusiya, Ermənistan və Gürcüstan arasında bölüşdürəcəkdilər, nəticədə SSRİ dağıldıqdan sonra da müstəqil Azərbaycan dövləti yaranmayacaqdı.

Müstəqillik ölkə xaricində elan olundu. Ərazilərin böyük hissəsi, Bakı da daxil olmaqla, bolşeviklərin əlində idi. Vətənə qayıtmaq, bu əraziləri geri almaq, orada hökumət qurmaq kimi ağır vəzifələr qarşıda dururdu. Bunu Osmanlı hökumətinin göndərdiyi Qafqaz İslam Ordusu sayəsində bacardılar. (Xilaskar ordunu hörmət və minnətdarlıqla anırıq.) Lakin Osmanlı müstəqil və dünyəvi Azərbaycanı qəbul etmirdi, Ənvər Paşa panturanizm ideyasını gerçəkləşdirmək niyyətində idi. Nuri Paşanın tələbi ilə şeyxülislam həlledici səslə hökumət iclaslarına qatılırdı və din işləri üzrə nazirlik yaradılmışdı. Sonradan hökumət bunları aradan qaldırdı.

Osmanlı 1-ci dünya savaşında məğlub olduğu üçün buranı tərk etmək zorunda qaldı və Qafqaz İslam Ordusunu Britaniya ordusu əvəz etdi. Lakin onlar da ilk mərhələdə müstəqil Azərbaycanı qəbul etmədilər. General Tomson “Rus Milli Şurası” adlı təşkilatın Biçeraxovun komandanlıq etdiyi silahlı quldurlarını da Bakıya gətirmişdi və onlar milli hökuməti rədd edərək Azərbaycanı Rusiyanın ərazisi sayırdılar. Sonra ingilislərin siyasəti dəyişdi və 1918-ci ilin son günlərində Tomson milli hökuməti tanıdı.

Başda Rusiya olmaqla, ətraf ölkələrin milli Azərbaycan dövlətinə neqativ münasibəti də vəziyyəti çətinləşdirən amil idi. Əvvəlcə şimaldan Denikin qüvvələri sərhədlərimizə yaxınlaşırdı, onlar daxildə məğlub olduqdan sonra isə bolşeviklərin aqressiv münasibəti ilə üzləşdik. Rəsulzadə İstanbuldakı İran Konsulluğuna Azərbaycanın Müstəqillik Bəyannaməsini təqdim edəndə iranlılar bu sənədi “Azərbaycan adlı dövlət tanımırıq” yazılmış “zapiska” ilə birlikdə geri qaytarmışdılar. İran XİN isə Azərbaycan hökumətinə nota göndərmişdi ki, sizin əraziləriniz əslində İran dövlətinin ayrılmaz hissəsidir. Digər qonşumuz ermənilərin münasibətini bilirsiniz, heç vaxt rahat gün göstərmədilər, bolşeviklər yaxınlaşanda isə Qarabağda üsyan qaldırıb Azərbaycan ordusunun əsas qüvvələrinin ora göndərilməsinə səbəb oldular. Yalnız gürcülərlə normal münasibətlər qurulmuş və qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanmışdı, baxmayaraq ki, hər iki tərəfin bir-birinə ərazi iddiaları vardı.

Osmanlının çöküşü və işğala məruz qalmasından sonra Qurtuluş savaşını başladan Mustafa Kamal Paşa Rusiyanın köməyinə ehtiyac duydu və bu sövdələşmədə Azərbaycan qurban getdi. Bakıdakı türk hərbçiləri (Xəlil paşanın rəhbərliyi ilə) Azərbaycanın Rusiya tərəfindən işğalına kömək göstərərək buranı XI Qızıl Ordu adlı qatil sürüsünə təhvil verib getdilər...

Ölkə daxilində isə Müsavatdan başqa müstəqillikdə sona qədər israrlı olan siyasi qüvvə yox idi. Başqa bir problem əhali arasında kütləvi savadsızlığın, cəhalətin, mövhümatın hökm sürməsi idi.

Nə qədər romantik, idealist, xəyalpərəst, modern, vizyoner olasan ki, belə bir qaranlıq yerdə, ümidsiz durumda Qərbi Avropa liberal demokratiyası əsasında parlamentli respublika qurmaq kimi bir işə girişəsən...

...Düz 100 il əvvəl bu başıbəlalı torpaqlarda zülməti aydınlatmağa başlayan bir işıq yandırıldı. Qısa müddət sonra onu fiziki olaraq söndürə bilsələr də, artıq qəlblərə, şüurlara sirayət etmiş azadlıq duyğusu nəsildən nəslə ötürüldü. 23 aylıq qısa təcrübə bizə millətləşmə və dövlətləşmə yolunu açdı. Görəcəksiniz, demokratikləşmə yolunu da açacaq.

Yaşasın Cümhuriyyət!

Bayramımız mübarək!

P. S. Yazıda Aydın Balayevin kitabındakı məlumatlardan istifadə edilib.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)