vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
DÜNYA  
10:32 | 3 avqust 2019 | Şənbə Məqaləyə 1974 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yeni sosialist alyansı”

Rusiya-Çin strateji əməkdaşlığı nədən xəbər verir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya ilə Çin arasında əlaqələrin inkişafda olduğu haqqında fikirlər çoxdan səslənir. İki böyük dövlətin qlobal miqyasda geosiyasi qüvvələr nisbətini dəyişə biləcək imkanlara malik olduqları sirr deyil. Si Szinpinin Rusiyaya son səfərinə də məhz bu kontekstdə nəzər saldıqda, maraqlı qənaətlər əldə etmək olar. Vladimir Putin və Si Szinpin müzakirələrdən sonra keçirdikləri mətbuat konfransında ifadə etdikləri fikirləri ilə bu nəticəni təsdiq ediblər. Onlar, faktiki olaraq, dünyada yeni böyük alyansın meydana gələ biləcəyinin işarələrini veriblər. Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqı ilə Çinin “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq layihəsi arasında qarşılıqlı əlaqələrin yaradılması və gücləndirilməsi müddəasının da nəzərə alınması çox maraqlı təsir bağışlayır. Digər razılıqları da diqqətə alanda, Rusiya-Çin münasibətlərinin yeni səviyyəyə yüksəlməsinin bütövlükdə qlobal geosiyasətdə qüvvələr nisbətini dəyişə biləcəyi proqnozunu verməyə imkan yaranır. Bu məqam üzərində daha geniş dayanmağa ehtiyac duyuruq.

Yeni dönəm: Moskva və Pekindən önəmli mesajlar

 

Çinin dövlət başçısının Rusiyaya səfərini Avropada İkinci dünya müharibəsi zamanı Normandiyaya qoşun çıxarılması ilə bağlı təşkil edilən təntənəli tədbirlər belə kölgədə qoya bilmədi. Həmin tədbirlərdə V.Putin və S.Szinpin iştirak etməyiblər. Ancaq Moskvadakı danışıqlarda müzakirə olunan məsələlərin beynəlxalq aləmdə ciddi əks-səda yaratması qlobal miqyasda əhəmiyyətli geosiyasi proseslərin vüsət ala biləcəyi üzərində düşünməyə əsas verir. Qərbin siyasi və ekspert dairələri də Rusiya və Çinin dövlət başçılarının görüşünə məhz bu aspektdə yanaşırlar. Maraqlıdır ki, Avropada dünya miqyasında yeni qüvvələr nisbətinin yarana biləcəyindən bəhs edirlər.

V.Putin və S.Szinpin müzakirələrdən sonra verdikləri bəyanatlarda maraqlı məqamlardan bəhs ediblər. Belə qənaət əldə edilir ki, bu iki böyük dövlət daha sıx və əhatəli əməkdaşlıq xəttini seçirlər. Onlar siyasi, geosiyasi, iqtisadi, enerji, maliyyə, hərbi-müdafiə, informasiya və s. istiqamətlərdə strateji xarakterli əlaqələri inkişaf etdirmək əzmində olduqlarını bəyan ediblər. Bu tezisi V.Putin və S.Szinpin ifadə ediblər.

Ekspertlər hesab edirlər ki, Rusiya və Çin dövlət başçılarının bu cür mövqe tutmalarının səbəbləri mövcuddur. Onlar, faktiki olaraq, keçən əsrin 70-80-ci illərində olan hadisələrin təkrar olunmaması üçün addımlar atırlar. O zaman Amerika diplomatiyası Moskva ilə Pekinin arasını vura bilmişdi və bundan Vaşinqton maksimum istifadə edə bildi. Belə görünür ki, Rusiya və Çin bu hadisədən nəticə çıxarıblar. V.Putin və S.Szinpinin bəyanatlarının məzmunu bu tezisi təsdiq edir.

Rusiya dövlət başçısının fikirlərinə görə, RF və ÇXR bütün istiqamətlərdə strateji əməkdaşlıq xəttini seçiblər. Bu seçimin ABŞ və Avropanın bir sıra dövlətlərinin hər iki ölkəyə qarşı atdıqları addımlara təpki olduğunu da gizlətmirlər. Məsələnin bu tərəfi qlobal geosiyasət kontekstində çox maraqlıdır. Belə çıxır ki, dünyada “soyuq müharibə”yə hazırlaşan iki böyük geosiyasi düşərgə yaranır. Bunun fonunda beynəlxalq təşkilatların öz funksiyalarını necə yerinə yetirə biləcəkləri məsələsi daha da aktuallaşır. Çünki böyük qarşıdurma reallaşarsa, onda həlledici geosiyasi problemlərin beynəlxalq hüquq çərçivəsində həlli ciddi çətinliklərlə üzləşə bilər.

Vurğulanan aspektdə Rusiya və Çinin qəbul etdiyi sənədlərdə hansı istiqamətlərdə Qərbə təpkilərin hazırlandığı, əlbəttə ki, maraq doğurur. Onların sırasında Rusiya və ÇXR-in təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün birgə təmin edilməsi bəndi var. Məsələnin bu cür qoyuluşu narahatedicidir. Çünki bu o deməkdir ki, hətta Rusiya və Çin təhlükəsizlik və ərazi bütövlüyü üçün təhdid görürlər. Bu, çox güman ki, terrorun hər iki ölkə ərazisinə yayılması ehtimalı ilə bağlıdır. Eyni zamanda, Moskva və Pekin özlərinə qarşı kibersavaşın, informasiya müharibəsinin, iqtisadi sanksiyaların və müxtəlif xarakterli təxribatların hazırlandığına əmindirlər.

Məsələn, son günlər Rusiya KİV-lərində ABŞ-ın elektrik enerjisi sektorunu sıradan çıxarmaqla bağlı konkret planlar hazırladığı barədə məlumatlar yayılır. Onları Rusiya xüsusi xidmət orqanlarındakı mənbələr də təsdiq edirlər. Təbii ki, bu kimi hadisələrin başvermə ehtimalı mövcuddursa, onda ona qarşı hansısa tədbirlərin görülməsi də gözləniləndir. Rusiya və Çinin bu istiqamətdə koordinasiyalı hərəkət etmək barədə ortaq mövqeyə gəlmələri söhbətin yeni səviyyədə və miqyasda birgə təpkidən getdiyini göstərir.

 

Alternativ düşərgə: reallaşma imkanları yüksəkdirmi?

 

Bunun fonunda iqtisadi sistemlərin inkişafında birgə praktiki addımların atılması, proqramların yaradılması, milli strategiyaların dərin inteqrasiyası və uzlaşdırılması, onların koordinasiyasının gücləndirilməsi məsələsinin qoyuluşu da son dərəcə önəmli görünür. Aydın olur ki, Rusiya və Çin iqtisadi sferada onlara qarşı atılan addımlara sıx birlik və koordinasiyalı davranmaqla uzun müddəti əhatə edən bir dönəm üçün cavab hazırlamaqdadırlar. Təbii ki, Qərbin iqtisadi sisteminin çox güclü olması qarşısında bu cür yaxınlaşma normal hal sayılır. Lakin ona nə dərəcədə nail ola biləcəklər? Demək çətindir. Burada başlıca problem kimi dünya nizamı məsələsi meydana çıxır.

Rusiya və Çin dövlət başçılarının razılaşdıqları sənəddə vurğulanır ki, həmfikir dövlətlərlə birgə dünya nizamının müdafiəsi məqsədi ilə səylərin birləşdirilməsinə nail olmaq lazımdır. Yəni Rusiya və Çin artıq dünya nizamının pozulmaqda olduğuna əmindirlər. Bunun müxtəlif aspektlərinin olduğu məlumdur. Məsələn, bir ölkənin ərazisindən digərinə qarşı fəaliyyət üçün istifadə etməyə çalışırlar. Şübhəsiz ki, Moskva bu kontekstdə Ukrayna faktorunu da nəzərdə tutur. İran məsələsinin də ona aidiyyəti olduğunu anlamaq çətin deyildir. Digər məsələ hərbi sahədə əməkdaşlığın dərinləşməsi ilə bağlıdır. Moskva və Pekin bu sferada əməli addımlar atmaqda qərarlıdırlar. Onlar hərbi strukturların birgə proqramlar həyata keçirməsi, o cümlədən informasiya təhlükəsizliyi sferasında ortaq fəaliyyətin təşkili üzərində dayanıblar.

Sənəddə milli valyutalardan istifadə məsələsinin xüsusi vurğulanması ekspertlərdə maraq doğurub. Hər iki ölkə getdikcə daha böyük həcmdə rubl və yuandan qarşılıqlı istifadə barədə razılığa gəliblər. Bu prosesin asan olmadığı məlumdur. Ancaq Amerikanın sanksiyaları, ticari təxribatlar və maliyyə təzyiqləri getdikcə daha geniş vüsət alır. ABŞ dollarının dünya iqtisadiyyatı üçün, faktiki olaraq, alternativsiz dominantlığı Vaşinqtona qlobal maliyyəni istədiyi kimi dövr etdirməyə imkan verir.

Bu baxımdan Moskva və Pekin hesab edirlər ki, istənilən zaman dünya iqtisadi sistemində ciddi böhran yarana bilər. Məhz həmin gözlənilməz və xoşagəlməz hadisəyə qarşı birgə tədbirlərin görülməsindən bəhs edirlər. O cümlədən milli valyutalarla ticarətin aparılması daha dayanıqlı əlaqələr sistemi formalaşdıra bilər ki, bu da Amerika üçün problemlər yaradar. Onu da demək lazımdır ki, digər böyük dövlətlər, məsələn, Türkiyə və İran da milli valyutalarla ticarət aparılmasının tərəfdarıdırlar. Çinin dünyanın ən böyük iqtisadi güclərindən olması bu tendensiyanın dayanıqlı və davamlı olmasına əsas verir.

Sənəddə əks olunan maraqlı məsələlərdən biri də tərəflərin humanitar sferada əməkdaşlığı gücləndirməsinin ayrıca vurğulanmasıdır. İki ölkə xalqlarının qarşılıqlı surətdə mədəniyyətləri tanıtmaları və bu bağlılıqda əlaqələri inkişaf etdirməyə dair razılığın əldə olunması ciddi nəticədir. Məlumdur ki, Çin dili və mədəniyyəti Rusiyanın Uzaq Şərq hissəsində və Mərkəzi Asiyada getdikcə daha da təsirli olur. Görünür, Rusiya həm bu prosesi, həm də özünün dil və mədəniyyətini çinlilərə aşılamağı nəzarətdə saxlamaq qərarına gəlib. Ortaq proqramlarla bu prosesi tənzimləmək olar.

Bunun fonunda “Bir kəmər, bir yol” proqramı ilə Rusiyanın Avrasiyada inteqrasiya proqramının uzlaşdırılması məsələsinin də gündəmə gəlməsi olduqca maraqlıdır. Moskva, faktiki olaraq, Avrasiya İqtisadi İttifaqı ilə “Bir kəmər, bir yol” layihəsi arasında bağlantı qurmağın praktiki aspektlərinə diqqət yönəldə bilib.

Beləliklə, Çinin dövlət başçısının Rusiyaya son səfəri rəmzi olaraq “yeni sosialist düşərgəsi”nin yaranması kimi təsəvvür edilə bilər. Çin xüsusi sosializm modeli üzrə inkişaf etdiyini dəfələrlə bəyan edib. Rusiya da onunla ortaq hərəkət etmək qərarına gəlibsə, söhbət, əslində, “yeni sosialist alyansı”nın formalaşmasından gedə bilər. Bu, SSRİ-dən fərqli modeldir. SSRİ-də yeganə hakim güc Rusiya idisə, indi Rusiyanın özü sosializm sahəsində daha uğurlu görünən və çox güclü iqtisadiyyata malik Çin ilə qoşa addımlamaq niyyətindədir.

Doğrudan da, belə bir layihə varsa, bu, dünyanın simasını dəyişə bilər. O halda qlobal geosiyasi proseslər tamamilə yeni dinamika kəsb edər. Bundan bütövlükdə bəşəriyyətin qazanıb-qazanmayacağını demək çətindir. Hər bir halda dünyanın yeni nizama qovuşması üçün geniş imkan yaranmış olacaq. (newtimes.az)