vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
13:52 | 19 noyabr 2017 | Bazar Məqaləyə 2974 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qərbin məkrli planı

Ərdoğanı bəhanə edib Türkiyənin ürəyini nişan alanlar

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə ilə indi də NATO arasında qalmaqal yaranıb. Qısaca yada salaq ki, Alyansın Norveçdə keçirilən şərti təlimləri zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün rəsmi və Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Bundan sonra Türkiyə NATO təlimlərində iştirak edən hərbçilərini geri çağırıb. Norveç və NATO olaydan dolayı Türkiyədən üzr istəyib.

Göründüyü kimi, hədəfdə əslində Türkiyə Respublikasının qurucusundan, prezident Ərdoğandan qat-qat çox, Türkiyə Cümhuriyyətinin özüdür, türk milləti və onun qüruru, dəyərləridir. Bu isə bağılanmazdır və haqlı olaraq, Ankara Cümhuriyyət Prokurorluğu üzr istənilməsinə rəğmən, məsələ ilə bağlı cinayət işi başladıb.

Bəs insidentin kökündə nə dayanır, nədən təhqir hədəfi qismində məhz Azərbaycanın 1 nömrəli müttəfiqi, NATO-nun yeganə müsəlman dövləti olan Türkiyə seçilib?

Bir səbəb artıq deyildi: müsəlman faktoru, Türkiyəni 12 ildir uğurla idarə edən, ölkənin iqtisadi və hərbi qüdrətini ilbəil böyüdüb, onu Qərbdən daha müstəqil siyasət yürüdən dövlət halına gətirmiş islamçı AKP iqtidarı. ABŞ və Avropa isə çox istərdi ki, Türkiyə «soyuq savaş» dövründəki «ikinci sort» dövlət statusuna qayıtsın. Bundan ötrü il yarım öncə qardaş ölkədə arxasında Qərbin dayandığı uğursuz hərbi çevriliş cəhdinə də getdi.

Digər motiv əlbəttə ki, Avropada Türkiyənin əzəmətli imperiya keçmişindən dolayı hələ də yaşanan və ara-sıra özünü büruzə verən böyük xofdur. 550 il əvvəl (1453) İstanbulun fəthini həzm edə bilməyənlərin siyasi varisləri beləcə, indi guya Ərdoğanı hədəf seçməklə əslində sözünün çəkisi böyüməkdə olan Türkiyənin ürəyini nişan alıblar. Lakin bu zaman onlar qardaş ölkənin hətta NATO-nun hərbi cəhətcə iki qüdrətli dövlətindən biri olmasını nədənsə unudurlar. Fəqət, türklər demiş, bunlar hamısı nafilədir.

 

***

 

Başqa səbəblər də var təbii ki. Məsələ ondadır ki, NATO qalmaqalı Ərdoğanın Putinlə Soçi görüşündən və az öncə Türkiyə prezidentinin təzədən Rusiyaya gedərək bu dəfə üçlü formatda (Ərdoğan-Putin-Ruhani) görüşə qatılacağı haqda açıqlamasından dərhal sonraya təsadüf edir. Əsas mövzu isə Suriya, Yaxın Şərq, İŞİD olacaq.

Şəksiz ki, Qərb, ələlxüsus Vaşinqton onun kürəyi arxasında Suriya böhranının çözülməsini, üstəlik, bu prosesdə NATO üzvü Türkiyənin aparıcı rol almasını yumşaq desək, həzm edə bilmir. Ankara-Moskva əməkdaşlığı isə tədricən Güney Qafqaza və bu bölgənin gələcək arxitekturasına da inikas edə bilər. Proses artıq başlayıb. Qarabağ məsələsini nəzərdə tuturuq...

 

***

 

Bu da diqqət çəkir ki, məhz Türkiyə ilə Rusiyanın yaxınlaşması, Putinin «iki ölkənin əlaqələri artıq bütün sferalarda, o cümlədən təhlükəsizlik sahəsində bərpa olunub» deməsi fonunda ABŞ-da Rza Zərraba sui-qəsd müəmması ortaya çıxıb. Belə fikirlər var ki, Azərbaycan əsilli milyarder məhbusdan məhz Ərdoğan hökuməti əleyhinə ifadə alıb rəsmi Ankaranı şantaj eləmək niyyəti var.

«Mətbuatda onun ABŞ hökuməti ilə razılaşdığı kimi bir görüntü yaradılır. Bunun həqiqət olma ehtimalı isə 90 faizdir. Türkiyəni məhkum etmək istəyirlər. FETÖ bu davadan manipulyasiya kimi istifadə edir. Bu dava Türkiyəyə qarşı dəyənək kimi istifadə edilə bilər». Gətirdiyimiiz sitat Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədr müavini Ərdal Aksüngərə məxsusdur.

Yəni, belə çıxır ki, ABŞ Ankaranın haqlı FETO tələbini qapatmaq üçün Rza Zərrab «kartı»ndan da yararlanmaq istəyir. ABŞ-ın, NATO-nun Türkiyədən narahatlığı isə həm də Ankara-Moskva hərbi əməkdaşlığının yüksələn xətlə davam etməsi ilə bağlıdır. Artıq 2 milyard dollarlıq S-400 zenit-raket kompleksinin alınması ilə bağlı qərar verilib. «Türk axını» layihəsi, Akkuyu AES-lə bağlı anlaşmalar da öz yerində.

 

***

 

Bütün bunlar əlbəttə ki, Qərbdə güclü qıcıq yaradır. Həm də o səbəbə ki, Türkiyə ABŞ və Avropanın Moskvaya qarşı maliyyə-iqtisadi sanksiyalarını xeyli kəsərsiz edir. Ancaq bunun suçu Türkiyədə, Ərdoğanda deyil ki. Türk xalqının mütləq əksəriyyətinin iradəsini ciddiyə almayan, bu ölkədə legitim hakimiyyətin mövcudluğunu qulaqardı edən, kürd və digər «kartlar»la (PKK və s.) gizli-açıq şəkildə Türkiyəni zəiflətməyə, hətta parçalamağa çalışan Qərbin özündədir.

İtirən isə əlbəttə ki, ən əvvəl Qərbin özüdür. Çünki bu gün Türkiyə Qərbə, ABŞ-a, 54 ildir qardaş ölkəni öz qapısında gözlədən Avropa Birliyinə daha çox lazımdır, nəinki əksinə. Hər halda sərt siyasi gerçəklik ortadadır.

P.S. Artıq NATO baş katibi Yens Stoltenberqi Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib. NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.