vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
20:44 | 16 may 2022 | Bazar ertəsi Məqaləyə 1600 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baltik dənizi “NATO gölü” olur

Hər nə plandırsa, onun müəllifi Putin deyil...

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Kollektiv Təhlükəsizlik haqqında Müqavilənin 30 illiyi, təşkilatın (KTMT) isə 20 illiyidir. KTMT-nin bügünkü vəziyyəti haqqında uzun-uzadı yazmağa ehtiyac yoxdur, Lukaşenkonun bəyanatı durumu anlamaq üçün yetərlidir: “Birləşməsək, ayrı-ayrılıqda bizi əzib, parçalayacaqlar...”

Təbii ki, Lukaşenkonun sözləri daha çox Belarus və Rusiyaya aiddir, çünki digər üzv ölkələr ən azından tərəfsizlik və gözləmə mövqeyi seçiblər: onlar işğalçı müharibədə hər hansı şəkildə iştirak etmir, bu savaşa dəstək vermir və Ukraynanın ərazi bütövlüyünü tanıyırlar. Hətta Belarus da indiyədək Krımı Rusiya ərazisi olaraq qəbul etməyib. Bunun özü onu göstərir ki, Rusiya nəinki qlobal miqyasda, hətta liderlik etdiyi lokal hərbi ittifaqın daxilində də dəstək almaqda çətinlik çəkir. Bu gün qəbul olunan birgə Bəyanatda Rusiyanın Ukraynaya qarşı aqressiyasına heç bir dəstək ifadə olunmayıb. 

KTMT-nin əvvəl də cazibəsi yox idi. Ukrayna savaşı və onun səbəb olduğu ilkin nəticələr - Rusiyanın total izolyasiya ilə üzləşməsi, ağır iqtisadi sanksiyalara məruz qalması, NATO-nun növbəti genişlənmə dalğası Rusiyanın hərbi-strateji gücünü aşındırmaqdadır. Bu yeni reallıq Moskvanın bayrağı altındakı inteqrativ institutlara marağı daha da azaldacaq. Əksinə, KTMT və Avrasiya İttifaqı daxilində dezinteqrativ proseslərin başlaması ehtimalı yüksəkdir.

Rusiyanın Azərbaycanı da KTMT və Avrasiya İqtisadi İttifaqına sürükləmək niyyəti sirr deyil. Bəlkə də Rusiya-Belarus-Ukrayna İttifaq Dövlətini yaratdıqdan sonra bizi və digər keçmiş sovet ölkələrini də ora cəlb edib, faktiki olaraq, SSRİ-ni bərpa edəcəkdilər. Azərbaycanın Ukraynaya hücumdan saatlar öncə Rusiya ilə müttəfiqlik sənədi imzalaması da həmin günlərin siyasi-psixoloji atmosferindən, Putinin Kiyevi qısa müddətdə ram edəcəyinə olan inamdan qaynaqlanan özünüqoruma instinktinin nəticəsi idi.

Lakin Ukraynanın əzmkar müqaviməti və Rusiyanın imperialist siyasətinin başlıca aləti olan sərt gücünü ciddi şəkildə budayıb, mifi dağıtması postsovet coğrafiyası və bütün Avropada yeni geosiyasi situasiya yaradıb. Hələ müharibə davam edir və hərb meydanındakı nəticə bəlli deyil, amma artıq məlumdur ki, Rusiya qarşısına qoyduğu siyasi məqsədlərə çatmayacaq.

Müharibənin əvvəlində Ukraynanın kapitulyasiyaya gedib-getməyəcəyi danışılırdısa, bu gün Rusiyanın ABŞ-dakı səfiri Antonov Moskvanın heç vaxt kapitulyasiya etməyəcəyini vurğulamaq ehtiyacı hiss edir, Makron “Putinin sifətini qorumağın” vacibliyindən dəm vurur. Üç ay əvvəl NATO-nun genişlənməsini “casus belli” (savaş səbəbi) sayan, NATO-dan 1997-ci il sərhədlərinə geri qayıtmağı ultimativ şəkildə tələb edən Putin bu gün Finlandiya və İsveçin transatlantik ittifaqa qoşulmasını təhdid hesab etmədiklərini bildirir. Halbuki Finlandiyanın üzvlüyü Rusiya-NATO quru sərhədini 2 dəfə uzadır, İsveçin üzvlüyü isə Rusiyanın əsrlər boyu uğrunda müharibələr apardığı Baltik dənizini “NATO gölü” halına gətirir.

Mümkündür ki, hər şey plan üzrə gedir, amma belə görünür ki, hər nə plandırsa, onun müəllifi Putin deyil...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)