vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TOP OYUNLARI  
22:02 | 9 mart 2014 | Bazar Məqaləyə 1669 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sirk»

AFFA-da mənəm, Bağdadda kor xəlifə...

Natiq MUXTARLI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Heç vaxt imkan vermərəm ki, «Sumqayıt» Premyer-Liqanı tərk etsin». Rövnəq Abdullayevin belə hikkəli açıqlamasından sonra hələ də Azərbaycanda futbolun inkişaf edəcəyinə inananlar varsa, onlar sadəcə, şizofreniklərdi.

Rövnəq Abdullayev belə açıqlama ilə bilirsiz nə demək istədi? 

Dedi ki, «Tüpürüm klublara da, onların rəhbərlərinə də. Hamısının dabbaqda gönünə bələdəm. Heç biri dədəsinin pulunu xərcləmir futbola. Hamısı neftdən ayrılan vəsaitin başına daş salır. Ona görə də mən nə desəm, elə də olacaq. AFFA-da mənəm, Bağdadda kor xəlifə. Qanun şah deyil, şah qanundu. Babam mənə kor deyib, gəlib-gedəni vur deyib». 

Rövnəq Abdullayev də vurur. Onun vurmağı sirkdəki təlimçinin əhliləşdirilmiş heyvanları qamçılamağına bənzəyir. Təlimçi qamçını şaqqıldadır, vəhşi heyvanlar halqanın ortasından hoppanırlar. Təlimçi qamçını şaqqıldadır, vəhşi heyvanlar kirimişcə büzüşürlər.
Rövnəq Abdullayev qamçısını şaqqıldadır, klub rəhbərləri, İcraiyyə Komitəsinin üzvləri barmaq qaldırırlar.

Cəmisi 5-10 gün əvvəl AFFA prezidenti deyirdi ki, hər bir komanda heyətə mütləq 21 yaşa qədər 2 futbolçu daxil etməlidir. Klub rəhbərləri neynədilər? Çıxıb dedilər ki, halal olsun, futbolumuzun inkişafı yönündə atılmış addımdı. Qərar qüvvəyə minməmiş Rövnəq Abdullayev qamçısını şaqqıldatdı ki, yox, belə olmaz, 21 yaşlı futbolçularımız yoxdu, qərarı qüvvəyə minməyə qoymuram. İK üzvləri, klub rəhbərləri neynədilər? Çıxb dedilər ki, uzaqgörən qərardı, futbolumuzun inkişafına təkan verəcək. 

Abdullayev dedi ki, Premyer-Liqada komandaların sayı 12-dən 10-a ensin. İK üzvləri, klub rəhbərləri nə dedilər? Dedilər ki, əla qərardı, çempionatda gərginlik olacaq, rəqabət artacaq. Cəmisi 5-10 gün bundan əvvəl AFFA prezidenti yenə də qamçısını şaqqıldatmış, Premyer-Liqanı mütləq hansısa komandanın tərk edəcəyini bildirmişdi. Biz inanmamışdıq. PFL prezidenti Ramin Musayevə zəng etdik, dedi ki, daha əvvəlki kimi olmayacaq, vicdanıma and içirəm ki, Premyer-Liqanı bir komanda mütləq tərk edəcək. 

2 gün əvvəl Rövnəq Abdullayev qamçısını şaqqıldatdı, dedi ki, Premyer-Liqanı heç bir komanda tərk etməyəcək, elitada klubların sayı artırılacaq. İK üzvləri, klub rəhbərləri də ağız-ağıza verdilər. Dedilər ki, fantastik qərardı, futbolun təbliğatı, kütləviliyinin artırılması baxımından əvəzsizdi. 

AFFA sirki xatırladır. Amma qeyri-peşəkar sirki. Sirk də günü-gündən inkişaf edir axı. Orda təlimçilər müxtəlif proqram yeniliklərinə əl atırlar. Rövnəq Abdullayev isə neçə ildi eyni proqramdan yararlanır. Daha camaat bezib. Onun qamçısının şaqqıltısından sonra əmrləri amiranə şəkildə yerinə yetirən İK üzvləri, klub rəsmiləri də eyniliklərdən təngə gəliblər məncə. Onlar nə qədər eyni təmrinləri icra edəcəklər, nə qədər eyni proqrama uyğun barmaq qaldırıb, fikir söyləyəcəklər? Rövnəq Abdullayevin marketoloqa, ssenaristə ehtiyacı var.  

Hər şey cəhənnəmə, siz Allah, bundan sonra Ramin Musayevdən nəsə soruşmayın. Soruşsanız da, onu nəyəsə and içməyə vadar etməyin. Yazıq bundan sonra nəyə and içəcək? (rekord.az)