«Qəbələ»nin TALEyi
«Qarabağ» çempionluğa doğru çapır, paytaxt klubları isə əyalətliləri uzağı 2 tura «üçlük»dən vurub çıxaracaq
FƏRİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Erməni futbolçu Azərbaycana gələ bilər
“Proqres”in qol ümidi “Qəbələyə” qarşı oynayacaq
-
Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə
Bakıda ən böyük “Libraff Park Akademiya” kitab mağazasının açılışı və “TEAS Press” nəşrlərinin təqdimatı keçirilib
-
Qriqorçukun, yoxsa «Qəbələ»nin nöqsanı?
«Çox eşitmişəm və burda o haqda çox danışılır»
-
«Deyirdilər ki, Qəbələ futbol bölgəsi deyil»
Nail Kərimov: «Azərbaycan üçün nümunə ola biləcək akademiya yaratmışıq»
-
«Azərbaycan həmişə ürəyimdədi»
Nika Kvekveskiri: «Mahir Mədətov məndən inciməsin...»
-
Yiyəsiz «Zirə»
Heç kim baş məşqçini müdafiə etməyi bacarmadı
-
«Qarabağ» həm xal itirdi...
... həm də pul
-
«Bu oyunda sadəcə, qol çatışmadı»
Qurban Qurbanov: «Meydanda yaxşı sürət, yaxşı mübarizə gördüm»
-
Təmkinli sürpriz
Qış transferində səs-küylü keçidlərə şahid olmayacağıq
-
Topaz Premyer Liqanın nəhs turu
Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...
-
«Bu cür hesab gözləmirdik»
«Qəbələ» klubunun prezidenti: ««Qarabağ»ın hegemonluğuna son qoymağa çalışacağıq»
-
Pulun var? Gələrsən!
Niyə Premyer Liqanın oyunlarında azarkeş olmur?
-
««Qarabağ»a qarşı daha yaxşı oynadıq, nəinki «Səbail»ə»
Roman Qriqorçuk: «İkinci qoldan sonra komandada rahatlıq yarandı»
-
«Qəbələ»dən bir oyunda 22 qol
Futbol Akademiyasının yetirmələri U-17, U-16, U-12, U-11 və U-10 çempionatlarında liderdir
-
«Yayda hər şeyi düzgün etdik»
Roman Qriqorçuk: «Tezliklə istədiyimiz səviyyəyə çatacağıq»
-
«Q» yığını
Qumar? Qruplaşma? Qiyam? Qriqorçuksuz «Qəbələ»?
Qış fasiləsinə yollananda hamı «Qəbələ»nin artıq avrokuboklara vəsiqə qazandığını düşünürdü. Bir az irəli gedənlər hətta komandanın çempionluq şanslarından da dəm vururdu. TALE quşu özü gəlib qonmuşdu çəpərin üstünə.
Ekspertləri qınamaq olmur. Axı, Yuri Syominin yetirmələri ilk «üçlük»dəki digər komandalar kimi izləyiciləri ilə əməlli-başlı fərq yaratmışdı. Əyalət klubunun transfer dövrünü boş keçirmədiyini, yetərincə tanınan isimlərlə gücləndiyini əsas götürən müşahidəçilər elə bu səbəbdən «Qəbələ»nin çempionluq üçün qırmaq atacağını düşünürdü. Ancaq hamı bir faktı unudurdu. O da bu komandanın yarandığı gündən bəxtinə yazılan nəticəsizlik sindromudur.
«Qəbələ» çox sivil rəhbərliyə malik, imkanları ölkə sərhədini aşan, ancaq ortabab statusundan çıxa bilməyən bəsit komanda təsiri bağışlayır. Klub prezidenti Tale Heydərov demək olar, komanda üçün hər şeyi edib, Azərbaycan səviyyəsində qibtə ediləcək infrastruktur qurub. Ancaq nazir oğlu fövqəladə hallarda komandanın yanğısını söndürəcək kadrları düzgün seçməyib. Əgər komandanın nəticələri yalnız yatırımın səviyyəsinə görə artırsa, deməli, cavabdeh şəxslər düzgün işləmir. Onlar yalnız ayrılan pulu ünvana çatdırmaqla məşğuldu, daha onların səmərəli sərfi ilə yox. Klub sahiblərinin ayırdığı vəsaitlə nəticələr arasındakı uçurum isə artıq TALE məsələsi deyil...
Toni Adams «Qəbələ»yə baş məşqçi təyin olunanda onun bu işin öhdəsindən gələcəyinə şübhə edənlərdən biri idim. Zənnimdə yanılmadım. İngilis «Arsenal»ın əfsanəsi olsa da, çalışdırıcı kimi bişməmişdi və onunla Fariz Nəcəfovun sevimlisi Ramiz Məmmədov arasında ciddi fərq yox idi. Amma məhz Adamsın sayəsində Qəbələdə elə bir infrastruktur formalaşıb ki, Tanrı bu kluba uzun ömür və bacarıqlı idarəçilər qismət etsə, yaxın illərdə ölkə futbolunun ürəyi məhz bu şəhərdə döyünəcək.
Gəl ki, bu gün «Qəbələ»nin infrastrukturla öyünmək kimi bir arxayınlığı yoxdu. Komanda artıq neçə illərdi addım-addım irəliləmək yolunu tutub, indi isə növbə real nəticə, avrokuboka vəsiqə qazanmağa, çempion olmağa çatıb. Yuri Syominin baş məşqçi postuna gətirilməsi də TALEyin gərdişi deyil, artıq Tale Heydərovun nəticə istəməsinin göstəricisidir. Gəl ki, onun arzuları səriştəsizlərin günahı üzündən ürəyində qala bilər. Axı, 2 ay öncə çempionluğa namizəd göstərilən komanda hazırda Avropa zonasına düşməmək təhlükəsiylə üz-üzədir.
«Qəbələ» qış fasiləsindən sonra 7 oyuna çıxıb və onlardan yalnız 2-də qələbə qazanıb. «Sumqayıt» və AZAL-la səfər oyunlarındakı qələbələr hələ də komandanın liderin izləyicisi kimi qalmasının əsas səbəbidi. Daha güclü rəqiblərə sıralanan ev məğlubiyyətləri, «Rəvan»la şok bərabərlik daha sərfəli nəticəylə əvəzlənsəydi, indi başqa perspektivdən danışırdıq. Amma bunu şansızlığa yox, məhz bayaq haqqında danışdığımız bacarıqsızlığa bağlamaq lazımdı. Komanda əsas rəqiblərinə bütün oyunlarda uduzursa, deməli, Avropaya çıxartmalı kollektiv yoxdu, bu futbolçular kubokda «Qarabağ»ın əvəzedici heyətinə qalib gələcək gücdə də deyil.
Burada sual yarana bilər ki, bəs «Qəbələ»nin digər oyunlardakı qələbələrinə nə deyək? Axı, komanda hazırda 2-ci pillədədir. Hə, elə indiki idarəçilər də Syominlə birlikdə klubun himayədarlarını məhz bu faktla aldadır. «Neftçi» Ağabala Ramazanovun təxribatı üzündən Lənkəranda müdafiə xəttini büsbütün itirməsəydi, indi «Qəbələ»yə azı 8-9 xal yuxarıdan baxırdı. Qismət elə gətirdi ki, onlar da «təkərə düşdülər» və real şansı qaçırdılar. «Qırmızı-qaralar»ın digər qələbələri isə heç də yalnız Syominin məşqçi dühasının və idarəçilərin əla işinin nəticəsi deyil, Tale Heydərovun xərclədiyi milyonların yekunudur. Onun kisənin ağzını açmasına görədir ki, «Qəbələ» səviyyəli legionerlər alıb və xalları da onlar yığır. Sırf ustalıq səviyyəsinin gətirdiyi üstünlüklə - daha «Qarabağ»dakı kimi mükəmməl komanda oyununa görə yox.
Məşqçilər dəyişir, oyunçu dəstələri bir-birini əvəz edir, amma Qəbələ azarkeşləri xərclənən pulun qarşılığında rahatlıqla çempion olmalı komandanı görə bilmirlər. Bəlkə Marat İzmaylovu, Kamran Ağayevi gətirməklə klubdakı daxili əhval-ruhiyyəni pozan, meydan üzü görməyib sərvət qazanan əcnəbiləri sığallayan, futbolçulara inanılmaz mükafat paylayan idarəçilər dəyişməlidir? Qoy, indiki durum Tale Heydərovu aldatmasın, bu iş prinsipi ilə onun komandasını avrokubokdan kənar qalmaq TALEyi gözləyir. Çünki kubok əldən çıxmaq üzrədi, «Qarabağ» çempionluğa doğru çapır, «Neftçi», «Bakı» və «İnter» isə əyalət klubunu uzağı 2 tura «üçlük»dən vurub çıxaracaq.