vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
20:47 | 8 noyabr 2017 | Çərşənbə Məqaləyə 3561 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pulun var? Gələrsən!

Niyə Premyer Liqanın oyunlarında azarkeş olmur?

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Premyer Liqasında yarışan komandalarımız «Qarabağ»a az da olsa müqavimət göstərirlərsə, öz növbəsində «Qarabağ» da Çempionlar Liqasında superklublara müqavimət göstərə bilirsə, deməli, çempionatımızın oyun səviyyəsi pis deyil. Avropada ortabablardan saymaq olar.

Bəs niyə bizim Premyer Liqanın oyunlarına baxmağa adam demək olar ki, gəlmir?

Bunun bir çox səbəbi var. Məsələn, oyunların əksərinin Bakıda keçirilməsi, klub sayının azlığından rəngarəngliyin olmaması, komandaların gücünün eyniliyi səbəbindən görüşlərin az qollu olması, məişət qayğılarının çoxluğundan insanların əyləncəni (futbolu) ikinci plana atması, yaxud ümumiyyətlə plana salmaması... Bir çox başqa misallar da göstərmək olar. Amma elə bir səbəb var ki, bunu bir cümlə ilə yazıb keçmək olmur, çünki bir qədər mübahisəlidir. Bu səbəb oyunların pulsuz olmasıdır. Yəni oyunlara girişin pulsuz olması tamaşaçı marağını azaldır. Bir qədər qəribə göründü, deyilmi? Gəlin, detallarla baxaq.

Yadınızdadırsa, Azərbaycan çempionatında bilet satışının ləğvinədək oyunlara tamaşaçı axını normal idi. Sonra belə qərara gəlindi ki, azarkeşlərin çox gəlməsi üçün oyunları pulsuz etmək lazımdı. Yalnız «Xəzər Lənkəran» bu fikirlə razılaşmadı və öz ev oyunlarına bilet satışını davam etdirdi. Nəticədə nə baş verdi? «Xəzər Lənkəran»ın oyunlarına azarkeş gəldi, amma digər oyunlarda tamaşaçı axını tədricən azalmağa başladı. İlk baxışda təəccüblüdür, biz şüurlu şəkildə düşünsək, əslində, pulsuz olan şeyə can atmalıyıq. Yəni pulsuz oyuna tamaşaçı axını olmalıydı, pullu qarşılaşmalara tamaşaçı gəlməməliydi və ya az gəlməliydi. Amma əksi baş verdi. Niyə belə oldu?

Bu, sırf psixoloji amildir. Mən peşəkar psixoanalitik deyiləm, heç bu sahədən elə də çox biliyim yoxdur. Amma çalışacam ki, fikrimi çatdırım.

Məsələ burasındadı ki, hansısa mala ödənilən pul onun dəyərini göstərir. Tamaşaçı oyuna pul vermirsə, deməli, ona istər-istəməz dəyərsiz kimi görünür. Dəyərsiz bir şeyə də vaxt sərf etmir. Bu, şüuraltı qavrayış formasıdır. Şüurlu şəkildə əksini danışa bilər, amma şüuraltı ona hansısa maddi xərc hesabına başa gələnə dəyər verəcək. Bu mənim yox, insan psixologiyasını analiz edən dünyaca məşhur alimlərin gəldiyi nəticədir.

Ona görə də, yuxarıdakıları nəzərə alaraq deyə bilərik ki, futbolla maraqlanan hər hansı şəxs oyuna pul ödəsə, aldığı biletlə müəyyən olunmuş yerdə oturduqdan sonra baxdığı futbolu ciddi qəbul edəcək, ona dəyər verəcək və lağ obyektinə çevirməyəcək. Vacib bir iş görürmüş sayağı, qiymətli bir şey əldə edən adam kimi özünə hörmət edəcək şəkildə diqqətlə, zövq alaraq oyuna baxacaq. Bilet satışının baha qiymətə olduğu Almaniyada, İngiltərədə, İspaniyada və bir çox ölkələrin tamaşaçıları kimi... Təkrar yazıram, bu, şüuraltı prosesdir.

Ona görə də, düşünürəm ki, çempionatımızı daha ciddi hala gətirmək üçün oyunlarda (bütün yarışlarda - Premyer Liqa, birinci divizion, ölkə kuboku) bilet satışının bərpası vacibdir.

Təbii ki, bilet satışı olan kimi tamaşaçı axını başlamayacaq. Belə düşünmək sadəlövhlük olar. Tamaşaçı gəlməsi üçün bir çox səbəblər var ki, onlar da həll olunmalıdır. Amma azarkeş sayı da azalmayacaq. Gələn yenə gələcək. Oyuna baxmaq istəyən azarkeş üçün bir-iki, üç-beş manat elə də böyük məbləğ deyil və onun büdcəsinə ciddi zərər verməyəcək. Ancaq bilet satışı büdcəsi az olan komandalara müəyyən mənada müsbət təsir edəcək, müəyyən problemləri qarşılayacaq və sponsoru qismən də olsa, həvəsləndirəcək.