vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ANALİZ  
21:11 | 17 fevral 2025 | Bazar ertəsi Məqaləyə 140 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp tələsir

ABŞ prezidenti biznesmen kimi təcili nəticələr əldə etməyə çalışır

Elman SADIQOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanında ABŞ-Rusiya-Ukrayna görüşü təkcə Rusiya-Ukrayna müharibəsinin taleyini deyil, bundan sonrakı dövrdə gedişatı müəyyən edəcək və ölkəmiz daxil olmaqla regiondakı bütün ölkələri maraqlandıran taleyüklü bir hadisədir.

Tramp seçki öncəsi fikirlərinə xeyli düzəliş etdi. Əvvəla, anlaşıldı ki, Rusiya-Ukrayna müharibəsi 24 saata dayandırılacaq bir müharibə deyil. İkincisi, Ukrayna düşünüldüyü qədər zəif mövqeyə malik deyil və Səudiyyə Ərəbistanında Ukraynanın taleyi təkcə ABŞ və Rusiya arasındakı görüşlə Ukraynasız həll oluna bilməz. Zelenski həmin görüşə dəvət olundu və iştirak edəcək.

Tramp Avropanı ciddi qəbul etməyə və saymaya bilər. Amma, Britaniyanı heçə saymaq və fikirlərinə hörmət etməmək çətin məsələdir. İndicə Britaniyanın Baş Naziri Ştarmerin çıxışı və bir neçə sualdan ibarət mətbuatla görüşündə də mövzu Ukrayna idi. Növbəti həftə Ştarmer Tramp ilə görüşəcək. Mesajlar açıqdır. Britaniya ilə Avropa Birliyi arasında fikir ayrılıqları olsa da, Rusiya, xüsusən təhlükəsizlik məsələsində fikir birliyi güclüdür. Ştarmer vurğulayır ki, ABŞ-ın əsas vəzifəsi Rusiyanı aqressiyadan çəkindirmək, Ukraynanın təhlükəsizliyinə qarantiya verməkdir. Qeyd edək ki, belə bir qarantiyanı 1994-cü ildə Ukraynanın əlindən nüvə silahını alanda da Rusiya daxil bütün dünya dövlətləri tərəfindən verilmişdi. Nəticəsi göz qabağındadır. Bunu Britaniya, Avropa və region dövlətləri də anladığı üçün Ukraynaya daha güclü dəstək haqqında daha çox düşünülür.

ABŞ-ın vitse-prezidenti Vensin Münhen təhlükəsizlik konfransındakı çıxışı Avropanı və Britaniyanı yuxudan ayıltdı və ciddi narazılıq formalaşdırdı. Hamı bilir ki, liberal demokratiyanı Avropaya ABŞ gətirməyib. Roma imperiyasında 2000 il öncə Respublika üsul-idarəsi olub, Britaniyada isə 1000-ci ildə parlament formalaşıb. O zamanlar ABŞ dövlət kimi mövcud deyildi. Əksinə, liberal demokratiyanı ABŞ-a Britaniya timsalında yəhudilər və anqlo-sakslar aparıb. Onu da qeyd edək ki, hətta fikirləri ilə ABŞ-a daha yaxın sayılan İtaliya baş naziri Meloni də Ukraynaya dəstəyin vacibliyini vurğulayıb.

Tramp bir neçə istiqamətdə çox sürətləndirilmiş şəkildə siyasət yürüdərək bir biznesmen kimi təcili nəticələr əldə etməyə çalışır. Çox tələsir və bu tələskənlik ciddi uğursuzluqlarla və bütün güclərin (hətta ABŞ-ın strateji müttəfiqlərinin də) ABŞ-a qarşı birləşmələri və ciddi mövqe nümayiş etdirmələri ilə nəticələnə bilər. Yaxın aylarda ABŞ-ın mövqeyində daha praqmatik və balanslı siyasətin formalaşacağı ehtimalı yüksəkdir.

***

Kriptovalyutalarla bağlı pərdə arxasında baş verən, lakin yavaş-yavaş mətbuata sızmağa başlayan xoşagəlməz faktların və manipulyasiyaların ortaya çıxması bunlardan xəbəri olan investorların (təəssüf ki, kiçik diletant investorlar burada ən çox zərər görənlərdir) inamını sarsıtdı.

Bütün ölkələrlə bərabər ticarət balansı siyasəti heç bir iqtisadiyyatda praktik olaraq mümkün deyil, iqtisad elmində də belə bir nəzəriyyə nəinki yoxdur, hətta iqtisadi reallıqlara ziddir. Bu müqayisəli üstünlük nəzəriyyəsini alt-üst edir, məhv edir. Bu isə iqtisadiyyatları ciddi bir şəkildə riskə məruz qoymaq deməkdir. Belə bir siyasətin başlaması və qarşılıqlı addımlar nəticəsində dünya ticarəti ən azı 30-40 faiz azalar. Tariflərin məqsədi də bu deyil. Tarifin məqsədi daxili istehsalı idxalın təzyiqindən qorumaqdır. Çünki hər bir ölkənin vəzifəsi istehsalının idxalla rəqabətini deyil, daxili istehsalın ölkə daxilində digər istehsalçılarla rəqabətini tənzimləməkdir. Ərazisi, iqtisadiyyatının böyüklüyü və kiçikliyindən asılı olmayaraq əgər hər hansı bir ölkə daxilində bir iri istehsalçı monopolist formalaşarsa, dövlətin vəzifəsi onu boğmaq deyil, əksinə onun dünya bazarına çıxmasına yol açmaqdır (“Apple”, “Samsung”, avtomobil markaları, “Siemens”, “Katar Airlines” (hava yolları) və sair). Hazırkı siyasət qarşılıqlı tarif siyasətlərinin tətbiqi ilə dünya ticarətinin məhz boğulması istiqamətinə doğru gedir. Ticarət balansını sıfırlamaq və ya müsbətə nail olmağın yolu isə tamamilə başqadır. Burada monetar siyasət, idxalı əvəzləmə və ixrac yönümlü siyasətlər əsas prioritetlərdir. Tarif siyasəti proteksionist siyasətin tərkib hissəsi kimi vacibdir, vazkeçilməzdir, lakin bu şəkildə tətbiqi ilə deyil. 

Siyasətdə də, iqtisadiyyatda da bir problemin həlli ilə daha böyük bir problem yaradılmaz. Bu halda həmin problemin həllinə fərqli yol axtarılar. Rusiya-Ukrayna müharibəsinin tələm-tələsik cəngəllik qanunlarını önə çıxararaq həll etməyə çalışmaq daha böyük problemlər formalaşdırar ki, bu da dünyanı ciddi bir xaosa sürükləyər. Aprel-may aylarına qədər Trampın mövqeyində Ukrayna məsələsində tədricən müəyyən populizmdən praqmatizmə doğru korreksiyaların olması davam edəcək.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)