vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TÜRK DÜNYASI  
22:22 | 22 fevral 2025 | Şənbə Məqaləyə 218 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Farsca işarə dilini yaradan türk pedaqoq

İlk uşaq kitabının müəllifi, yazıçı, Təbrizdə ilk lal-kar uşaq bağçasının yaradıcısı Cabbar Əsgərzadə

Elvüsal MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Cabbar Əsgər oğlu Əsgərzadə 1886-cı ildə İrəvanda azərbaycanlı ailəsində anadan olub. Babasının Təbrizdən İrəvana köçdüyü deyilir. Atası Əsgər həm memarlıqla, həm qənnadı işi ilə məşğul imiş. Buna baxmayaraq, mövhumatçı adam idi və rəsm çəkməyə meyilli oğlunu tez-tez tənbeh edirdi.

15 yaşında bədbəxt hadisə nəticəsində Cabbarın sağ qulağı eşitmə qabiliyyətini itirir. Atası onu həkimə yox, mollaya aparır və təbii, eşitmə bərpa olmur.

1905-ci ildə ermənilərlə toqquşmalarda iştirak edən Cabbar bir neçə ay həbs olunur. Öz xatirələrinə görə, həbsxanada Vartan adlı bir erməni ilə tanışlığı sayəsində maarifə böyük həvəsi yaranır. Həbsdən sonra özünün mollaxana təhsilini müstəqil surətdə inkişaf etdirir. Sonralar həmin həbsini böyük xoşbəxtlik hesab edirdi.

1914-cü ilin yanvarında o və Mirməhəmməd Mirfətullayev İrəvan qubernatorundan jurnal buraxmaq icazəsi alırlar. Fevralın 22-də “Lək-lək” jurnalının ilk nömrəsini buraxırlar. Ümumiyyətlə, jurnalın 8 nömrəsi çıxıb.

Birinci dünya müharibəsinin sonlarına doğru daşnak qətliamlarından xilas olmaq üçün bir müddət arvadı ilə İqdırda yaşayır, sonra İrəvana qayıdır, 1919-cu ildə yenidən buranı tərk edir və bu dəfə İrana gedir. Səfər məşəqqətli alınır, don vuran ayaq barmaqlarından bir neçəsi kəsilir.

Mərənddə məskunlaşan Cabbar Əsgərzadə burada “Əhmədiyyə” məktəbində dərs deyir. İran üçün yeni olan metodlarla işləyir, uşaqları qorxu və kötəklə deyil, sevgi və pedaqoqluqla tərbiyələndirir. Öz puluna kağız, qələm alaraq onlara rəsm çəkməyi öyrədir. Azərbaycan dilində “Xor-xor” adlı uşaq pyesi yazır və şagirdləri ilə onu səhnələşdirir.

Cabbar haqqında eşidən Əbülqasım Füyüzat onu maarif rəisi olduğu Təbrizə dəvət edir. O, 1923-cü ildə müsəlman uşaqlar üçün İranda ilk uşaq bağçası yaradır və bundan sonra özünə Bağçaban təxəllüsü götürür. Lal-kar uşaqlar üçün məktəb açılmasına çalışan, amma nail olmayan Cabbar elə uşaq bağçasında belə uşaqlara dərs deməyə başlayır.

Bu zaman Füyüzat artıq Şirazda idi və Bağçaban Tərbizdə təzyiqlə üzləşir. Maarif şöbəsinin məmuru ona irad tutaraq lal-kar uşaqlara yazıb-oxumaq öyrətməkdənsə, türklərə fars dilini öyrətməyi tövsiyə edir. Bağçaban da Füyuzatın dəvətini qəbul edərək Şiraza köçür.

1927-1932-ci illərdə Şirazda fəaliyyət göstərən Cabbar burada da uşaq bağçası yaradır, pyeslər yazır, uşaqlarla səhnələşdirir. Amma lal-kar uşaqlar üçün məktəb açmaq fikri onu rahat buraxmır. Düşünür ki, bunu ancaq Tehranda etmək mümkündür.

Paytaxta köçən Cabbar burada tütün fabrikinə işə düzəlir və kirayələdiyi evin qapısına “lal-karlar üçün məktəb” elanı vurur. Amma məktəbin heç bir avadanlığı yox idi. Bir doktor onun yanına gəlir, metodu ilə maraqlanır və inanır, Sofiya adlı lal-kar qızını məktəbə qoyur və məktəb üçün stol-stul, lövhə və başqa avadanlıq alır. Bir neçə şagird toplayandan sonra tütün fabrikində işdən çıxan Bağçaban özünü ömrünün sonuna qədər müəllimliyə həsr edir.

O, fars dilində işarə dilini yaradır, dərs vəsaitləri hazırlayır.  1942-ci ildə “Zəban” adlı pedaqoji jurnal buraxır. 1943-cü ildə “Lal və kar uşaqları himayə cəmiyyəti”ni yaradır. Uşaqlar üçün pyes, hekayə, şeir yazmaqda davam edir, üstəlik, Azərbaycan, rus dillərindəki uşaq ədəbiyyatı nümunələrini farscaya tərcümə edir.

Bir qızla başladığı məktəbi uşaq bağçası olan, yüzdən çox uşağın ibtidai və orta təhsil aldığı müəssisəyə çevirir.

Cabbar Əsgərzadə Bağçaban 1966-cı ilin noyabrında Tehranda vəfat edir.

Onun qızı Səminə Bağçaban da uşaq yazıçısıdır. Hazırda 97 yaşı var. Oğlu Səmin Bağçaban bəstəkar idi. Ankarada dövlət konservatoriyasında təhsil almış, burada Evlin adlı türk-fransız kökənli qızla evlənmişdi. Evlin İranda opera və xorun inkişafına böyük töhfə verdi. Ailə İslam inqilabından beş il sonra Türkiyəyə köçdü və Səmin 2008-ci ildə, Evlin 2010-cu ildə İstanbulda vəfat etdi.

Cabbar Bağçaban İranın ən mütərəqqi simalarından sayılsa da, aşırı mühafizəkar kəsimin ona münasibəti yaxşı deyil. Ehtimal ki, müəllim tətbiq etdiyi yeniliklərə müqavimətlə üzləşəndə mövhumat və onun daşıyıcılarına qarşı tənqidi fikirlər səsləndirib. O səbəbdən də 2-3 il əvvəl Tehrandakı kiçik bir küçəyə adının verilməsi təklifi qəbul olunmadı.