vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
20:51 | 4 mart 2025 | Çərşənbə axşamı Məqaləyə 219 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Siyasi simasızlığın “Tumbler doll” mərhələsi

Söhbət xəyanət yurdundan yox, Vətən torpağından gedir

Elçin MİRZƏBƏYLİ

Təəccüblənməyi çoxdan yadırğamışam. Amma ölkəmizdə uzun illərdən bəri havaya cəfəngiyat üfürməklə məhdud dairədə olsa da belə siyasi mövcudluğunu qoruyub saxlamağa çalışan şəxslərin böşboğazlıq “məharəti” məni həmişə təəccübləndirib. Çünki hər dəfə hibrid siyasi texnologiyaların emosional təsiri altında hədəqədən çıxan gözlərin, sosial şəbəkələrin divarına su sıçradan dodaqların qısa bir zaman kəsiyindən, yəni vədlər və proqnozlar özünü doğrultmadıqdan sonra müvəqqəti “qınına çəkildiyinə” və yenidən, şizofrenik bir entuziazmla dirçəldiyinə şahidlik edirəm. Adamlar 30-35 ildir ki, dəyişmək bilmirlər. 1990-cı illərin ortalarında çeşidli “beynəlxalq” institut, fond və birliklərin alayarımçıq təlimlərində, başa düşə bildikləri qədər nə öyrəniblərsə, elə orda da qalıblar. Əzbərçi olduqları üçün hətta bir az da geriyə gediblər. Bütün bunları söz gəlişi və sözün gəlişinə yol açmaq üçün yazdım...

...Tramp – Vens – Zelenski deyişməsindən sonra, yaranmış durumun və Ağ Evin yeni mövqeyinin xroniki narazılar düşərgəsinin klassik mənsublarının münasibətinin necə olacağı, etiraf edim ki, məni maraqlandırırdı. İngilislərin “Tumbler doll”, rusların “Vanka-Vstanka”, azərbaycanlıların isə nədənsə “yatan-duran kukla” adlandırdıqları “oyuncaqları” əllərindən alınan kiçik “çaplı” avantüristlərin baş verənlərə reaksiyasını gözləyirdim. Necə deyərlər, gözləntim özünü çox gözlətmədi və elə gözlədiyim kimi də oldu...

Onlardan birinin – Əli Kərimlinin Zelenskinin bütün ümidlərini alt-üst edən Tramp və Vensin adını çəkməyə belə cəsarət etmədən Ukrayna ilə bağlı söz yığınını oxumaq və dinləmək məcburiyyətində qaldım. Adam göz önündə olanları görməzdən gəlib bəlağətlə nağıl danışır. Avropa İttifaqının liderləri, o cümlədən Böyük Britaniyanın baş naziri ABŞ-ın yardımı, xüsusilə də silah-sursat, hərbi texnika tədarükü ilə bağlı dəstəyi olmadan Ukraynanın müqavimət göstərə bilməcəyini dilə gətirir, Əli Kərimli isə Londonun ABŞ-la Avropa İttifaqı arasında körpü funksiyasını yerinə yetirəcəyini, Qərbin parçalanmasına imkan verilməyəcəyini, Aİ-nin isə Ukraynaya sahib çıxacağını deyir. Mən Kərimli də daxil olmaqla, bu gün pərdə arxasında olan bütün qaranlıq məqamları gün işığına çıxaran, siyasi marketinq elementlərindən istifadə etmədən, Vaşinqtonun maraqları və mövqeyi ilə bağlı real mənzərəni göz önünə sərgiləyən Donald Trampın adını çəkməyə belə cəsarət etməyənlərin 2004-cü ildə necə narıncı rəngə boyandıqlarını yaxşı xatırlayıram. Ukraynanın faciələrinin əhəmiyyətli hissəsi məhz bu tarixdən, Qərbin Kiyevin mərkəzində açdığı dərin yaradan başlayır. Bu adamlar eyni ssenariləri Azərbaycana da daşımaq istəyirdilər, amma özləri ilə yanaşı onları idarə edənlərin də saxta ümidlərini Azərbaycan xalqının iradəsi separatçı-terrorçularıən əski parçası kimi ayaqlar altına atdı...

İndi yenə də utanmadan, ar etmədən Ukraynanı paramparça edən, yüzminlərin ölümünə, milyonların qaçqın və köçkün düşməsinə səbəb olan qanlı ssenariləri yenidən “demokratiya” adı altında ictimai rəyə sırımağa çalışırlar. Hansı “demokratiya”dan danışır görəsən bu təpəgözlər? Bəlkə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində 30 ilə yaxın davam edən işğala son qoyan Azərbaycana qarşı səlib yürüşünə keçən soysuzların hüquqa, ədalət prinsiplərinə meydan oxuyan addımları, səngiməyən şər-böhtan, qarayaxma kampaniyalarıdır “demokratiya”? Bəlkə insan hüquq və azadlıqları deyiləndə, yalnız Azərbaycan ərazilərini könüllü şəkildə tərk edən bir ovuc erməni yada düşməlidir? Bəlkə 30 ilə yaxın öz doğma yurduna həsrət qalan bir milyon azərbaycanlının heç bir hüququ yoxdur. Yurd demişkən, Əli Kərimli, bu YURD, o “yurd”dan deyil. Söhbət xəyanət yuvasından yox, Vətən torpağından gedir.