vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SƏHİYYƏ, ORDU  
10:28 | 1 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 1655 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirdən əsgərlərə müraciət

Zakir Həsənov: «İstənilən döyüş tapşırığını yerinə yetirməyə qadir və hazır olan ordumuz var»

MÖVZU İLƏ ƏLAQƏLİ

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik müraciəti yayılıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təbrik müraciəti prezident İlham Əliyevin 2 iyun 2014-cü il tarixli sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə çağırılan və müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara ünvanlanıb.


Təbrikdə deyilir:

«Yoldaş hərbi qulluqçular!

Bu gün sizin hər birinizin həyatında əlamətdar və yaddaqalan gündür.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə müddətli həqiqi hərbi xidmətini başa vuran hərbi qulluqçularımız ehtiyata buraxılır, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlarımız isə ordu həyatına qədəm qoyurlar. Bu münasibətlə sizi və valideynlərinizi təbrik edirəm.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev demişdir: «Orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar».

Mən böyük qürur hissi ilə qeyd edirəm ki, siz həqiqətən xalqımızın hörmət və ehtiramını qazanmış Vətənin mübariz əsgərlərisiniz.

Xidmətini başa vuran gənclərimiz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq ölkəmizin ərazi bütövlüyünün qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi və düşmən təxribatlarının qarşısının alınmasında öz vəzifə borclarını şərəf və vicdanla yerinə yetiriblər.

Ordu həyatına yenicə qədəm qoyan gənclərimiz isə bilməlidirlər ki, əsgər həyatının özünəməxsus çətinlikləri var. Bu yol heç də hamar yol deyildir. Milli-mənəvi dəyərlərimizə yaxından bələd olan, tariximizi yaxşı bilən, Vətənimizi, torpağımızı, xalqımızı ürəkdən sevən, hərb elmini, etibar edilmiş silah və texnikanı müasir tələblər baxımından dərindən öyrənən, komandir və rəislərin əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, lakin şərəfli yolu inamla, uğurla keçəcək və xalqımızın, millətimizin, ölkə rəhbərliyinin hörmət və etibarını qazanacaq.

Siz unutmamalısınız ki, torpaqlarımızın bir hissəsi 20 ildən artıqdır ki, düşmən tapdağındadır. Bizim qarşımızda duran ən böyük vəzifə bu torpaqları işğaldan azad etməkdir. Azərbaycan Prezidenti Qarabağ məsələsinin sülh və danışıqlar yolu ilə həll olunması üçün qətiyyətli və inamlı addımlar atır. Hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, onun güclü dövləti, güclü ordusu və qətiyyətli prezidenti var. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu günlərdə keçirilən irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri bir daha təsdiq etdi ki, Azərbaycanın istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir və hazır olan ordusu var.

Mən xidmətini şərəflə başa vurmuş hərbi qulluqçulara Vətənə nümunəvi xidmət etdiklərinə görə təşəkkür edir və onlara uğurlu yol arzulayıram. Əminəm ki, gənc əsgərlərimiz xidmət keçmiş hərbi qulluqçuların ənənələrini davam etdirərək, onların layiqli davamçıları olacaq, Silahlı Qüvvələrimizin döyüş salnaməsinə yeni-yeni parlaq səhifələr yazacaq, Vətənin qalib əsgəri kimi həqiqi hərbi xidmətdən ehtiyata buraxılacaqlar.

Müstəqil dövlətimiz naminə hər birinizə müvəffəqiyyətlər arzulayıram. İnanıram ki, siz hər an Ali Baş Komandanın əmrlərinə hazır olacaqsınız».