vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
20:48 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 3095 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ət niyə durmadan bahalaşır?

Azərbaycanlılar normadakı qədər ət yeyə bilmirlər

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Paytaxtda, eləcə də bölgələrdə ət kəsimi məntəqələrində mal ətinin qiyməti kəskin artıb. Bakıda sümüklü mal ətinin qiyməti 12 manat -12 manat 50 qəpiyə, sümüksüz mal ətinin qiyməti 13-14 manatdır. Bölgələrdə isə mal əti paytaxtla müqayisədə 1 manat ucuzdur. Bununla yanaşı, paytaxtda süd və süd məhsulları, qatığın qiymətində də hiss ediləcək bahalaşma müşahidə olunmaqdadır. Ət satışı ilə məşğul olanlar xüsusilə Novruz bayramı ərəfəsində mal ətinin 15 manata qədər bahalaşacağını bildirirlər.


«Örüş sahələri əkinə verilib»


Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Modern.az-a bahalaşmanın gözlənilən olduğunu açıqlayıb: «Bir müddət əvvəl bizim proqnozlaşdırdığımız kimi ət və ət məhsulları, süd və süd məhsulları bahalaşıb. Çox təəssüf ki, ölkədə mal-qaranın fiziki durumunu, təminatını ödəyəcək qədər yem istehsal edilmir. Dövlət proqramına əsasən, qarışıq yemin istehsalının 2 milyon ton olacağı deyilsə də, cəmi 47 min ton yem tədarük olundu. Rəsmi rəqəmlərdə göstəricilər yüksəlsə də, realda geriləmə müşahidə edilir. Kifayət qədər yem istehsal edilmədiyi üçün həm ət, həm də süd istehsalını artırmaq mümkün deyil. 

Ölkədə 2 milyon 800 min başa qədər mal-qara, 8 milyon 800 min baş xırdabuynuzlu heyvan var, amma bu qədər heyvanı təmin edəcək qədər yem yoxdur. Digər tərəfdən, son 2-3 ildə 100 min hektardan artıq örüş sahəsi əkinə verilib. Onsuz da bizdə mal-qaranın sayına uyğun örüş sahəsi yox idi».


«Adambaşına düşən ət istehsalı çox aşağıdır»


Ekspert bildirib ki, ölkədə heyvandarlığın inkişafına ciddi fikir verilmir:

«Bu gün mövcud olan problemlər bir müddət sonra daha da qabaracaq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi normalara görə, il ərzində adambaşına düşən ətin miqdarı 84 kiloqramdır. Azərbaycanda adambaşına təminat cəmi 32 kiloqramdır. Fərq böyükdür. Yaxın illərdə isə bu fərqi aradan qaldırmaq mümkün olmayacaq. Məhz fərqin olması sahibkara əldə etdiyi əti baha satmağa fürsət verir. Bu gün heç olmasa əhalinin tələbatının 80 faizi ödənilərsə, ətin də, südün də qiyməti düşər. Necə olur ki, Gürcüstanda, Ermənistanda ətin qiyməti bizdən çox ucuzdur. Hazırda bizimlə onlar arasında 30 faiz fərq yaranıb. Bu gün Azərbaycanda 100 min ton quş əti istehsal edilir. İstehlak səbətində müəyyən olunmuş siyahıya uyğun hesablayaraq, bunun əhalinin təminatını ödəyəcək qədər olduğunu bildirirlər. Siyahı isə qüsurludur. Bizdə bütün məhsulların qiymətinin bahalı olmasının səbəbi əhali sayına uyğun mal-məhsul istehsal olunmamasıdır. Defisit yaranır, belə olan halda da mütləq bahalaşma qeydə alınır».


«Azərbaycana ət idxalı artıb»


V.Məhərrəmov Azərbaycana ət idxalının artdığını qeyd edib: «2016-cı ildə ölkəyə ət idxalı 2 dəfə, bu ilin yanvar ayında isə 2, 4 dəfədən çox artıb. Kəsim üçün idxal ediləm mal-qaranın sayı da əvvəlki ilə nisbətən 4 dəfə çoxdur. Ölkəyə idxal edilən ətin həcmi artıb və əhalinin alıcılıq qabiliyyəti aşağı düşübsə, ətin qiyməti enməli idi. Deməli, ət istehsalı kəskin səviyyədə azalıb ki, idxal belə, qiymətin ucuzlaşmasını təmin edə bilmir».


Mal-qara dollar «yemir»...


Mütəxəssis bildirib ki, ətin bahalaşması manatın dollara nisbətdə ucuzlaşması ilə əlaqəli deyil:

«Bunu tamamilə manatın dollara nisbətilə əlaqələndirmək doğru deyil. Çünki ət istehsalı üçün vasitələrin çox az hissəsi xaricdən gətirilir. Bütün bunlar təşkilatçıların buraxdığı nöqsanlarla əlaqəlidir».


«Qoyun ətində də defisit yaranacaq»


Ekspert qoyun ətinin qiymətinin nisbətən sabit qalması səbəblərinə də aydınlıq gətirib:

«Hazırda hökumət 100 min hektardan əlavə 50 min hektara yaxın örüş sahəsini də dövriyyəyə buraxır. Bu da öz növbəsində heyvandarlıqla məşğul olan sahibkarı vadar edir ki, saxladıqları heyvanları kəsimə versinlər. Bazarda qoyun-quzu ətinin təklifi artırıb. Ancaq bu da müvəqqətidir. Həmin sahibkarlara imkan yaratmasalar, bir müddətdən sonra qoyunların baş sayı azalacaq və qiyməti də bahalaşacaq».


«Novruz bayramında ətin qiyməti bir az da bahalaşacaq»


V.Məhərrəmov bayram ərəfəsində sui-istifadə hallarına yol veriləcəyini də istisna etməyib:

«Ölkə əhalisinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Ət satışı ilə məşğul olan sahibkarlar dövriyyədən əvvəlki kimi gəlir əldə edə bilmirlər. Sahibkarlar həm də itkilərini kompensasiya etmək üçün qiyməti qaldırmaq məcburiyyətində qalırlar. Qiymət artımının bir səbəbi də budur. Əhalinin imkanlı hissəsinin daha çox ətə üstünlük verəcəyini nəzərə alsaq, Novruz bayramında qiymətlər daha da artacaq. Əslində hökumət bu istiqamətdə düzgün siyasət apara bilmirsə, heyvandarlığı inkişaf etdirə bilmirsə, kəndlini də başa düşməliyik. Bu halda kəndli də hansısa yolla qazanc əldə etməyə çalışır. Bəzilər iddia edir ki, yalnız Bakıda ətin qiymətləri bahalaşıb. Amma bu, kökündən yanlış fikridir. Bölgələrlə paytaxtın müqayisəsində yalnız 1 manat fərq yarana bilər. Bu da Bakıda ət satışı məntəqələrinə gələn müxtəlif idarə nümayəndələrinə «görüm-baxım» edilməsilə bağlıdır. Burada sahibkarın günahı yoxdur. Qiymətlərə təsirlərdən biri də dövlət məmurlarının sahibkarların işinə müdaxilələri ilə bağlıdır. Yoxlamalar minimuma endirilsə, bu da müəyyən mənada qiymətlərə təsir edər».