vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
20:02 | 12 mart 2017 | Bazar Məqaləyə 3098 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türklər kimdir və kimlərdən ibarətdir?

Məhəmməd Əmin Rəsulzadənin «Qafqasiya türkləri» əsəri

Nəsiman YAQUBLU, tarix elmləri doktoru

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin məşhur əsərinin adını bu yazının başlığına ona görə gətirdim ki, fikrim oxuculara daha aydın olsun. Son zamankar Azərbaycan cəmiyyətində müəyyən insanların Türkiyə və türklük əleyhinə çıxışlarına iki dahi şəxsiyyətimizin əsərlərini oxumaq tövsiyyəmlə cavablandırıram. Biri Ə.Hüseyinzadənin «Türklər kimdir və kimlərdən ibarətdir» əsəri, ikincisi isə Azərbaycan milli Qurtuluş Hərəkatının ideoloqu M.Ə.Rəsulzadənin «Qafqasiya türkləri» əsəridir. Bu əsərləri oxumadan nəinki Azərbaycan türkləri, eləcə də ümumiyyətlə türklər haqqında fikir söyləmək savadsızlıqdır.

İndi həmin əsərdən bir hissəni oxuculara təqdim edirəm.

 

1) Qafqasiya  xəritəsinə bir nəzər

 

Mövzumuzu təşkil edən Qafqasiya türklərinin tarixi müqəddəratlarını seyr etməkdən əvvəl, bunların hal-hazırda tutduqları coğrafi sahəyi səthi də olsa, nəzərdən keçirməliyiz. Bu məqsədlə qısa, fəqət zənnimcə, məxsusi bir üsula müraciət üçün müsaidənizi istərim.

Qarşımda etnoqrafik bir xəritə duruyor. Bu yetmiş iki milləti ilə məşhur və əski mühərrirlərcə Babil qülləsinə bənzədilən Qafqasiyanın xəritəsidir. Rəngarəng boyaları ilə adətən Şərq xalısını andıran bu lövhədə nəzərə çarpan hakim rəng sarı boyadır. Xəritənin bilxassə şərq və cənub qismini qaplayan bu rənglə ümumiyyətlə müsəlman millətlər işarət edilmişdir.

Bugünkü Azərbaycan Cümhuriyyəti ilə Dağıstan Cümhuriyyətini təşkil edən, Xəzər dənizinə bitişik Şərqi Qafqasiya həmən tamamilə sarıdır. Bu «sarılıq»ı xəritəcə haiz olduğu mənada deyil, qövmi mənada alırsaq belə, seyr edəcəyimiz mənzərə üzərində pək radikal bir təsir yapmaz. Şunu da əlavə etməliyik ki, «sarı boya» yalnız bu iki məmləkəti deyil, Ermənistan ilə Gürcüstandan bir qismini dəxi boyadığı kibi, Terek nəhrindən yuxarı, Şimali Qafqasiyanın da bir hissəsini tutar.

Boyaların müxəyyiləyə təlqin etdiyi hissi rəqəmlərin mühakiməyə xitab edən bəlağəti ilə qarşılaşdıralım: Xəzər dənizi ilə Qara dəniz arasında yüksək silsilələr şəklində uzanan Qafqas dağları bu qitəyi Şimali Qafqas və Mavərayi-Qafqas deyə iki qismə bölüyor. Şimali Qafqasiya, məsahəyi-səthiyyəcə 166 verst mürəbbedir. Burada 1923 istatistikinə görə, məcmui 5,5 milyon nüfus yaşamaqdadır ki, bundan təqribən 3.500.000 rus və Ukrayna kazaklarına çıxıldıqdan sonra mütəbaqi 2.000.000 qafqasiyalıdan təqribən 600.000-i türkdür. Mavərayi-Qafqasiyaya gəlincə 200 verst mürəbbe bir məsahə  üzərində yaşayan 5,7 milyon əhalidən 2,3 milyonu türk, 1,9 milyonu gürcü, 1,3 milyonu erməni, geridə qalanı da türk olmayan müsəlman millətlərlə rus və sairədir. Şu 11,2 milyonluq Qafqasiya nüfusundan, Şimali Qafqasiyada Terek, Stavropol və Kuban vilayətlərində kütlə halında yaşayan rus və ukraynalıları (3.500.000) çıxdıqdan sonra, Qafqasiya yerlisi olaraq 7,7 milyon qalıyor ki, bundan 4,8 milyonluq (63 faiz) müsəlmanlar, 2,9 milyonu (38 faiz)  də  türklər təşkil edərlər.

Bugünkü siyasi təqsimata görə Qafqasiyadakı türk ünsürü əsl kütlə olaraq Azərbaycan Cümhuriyyətini, qismən də Dağıstan Cümhuriyyətini təşkil elədiyindən, bu məqalədə bilxassə bu iki təşəkkül üzərində duracağız.

Siyasi coğrafiya nöqteyi-nəzərindən Azərbaycan «Mavərayi-Qafqas», Dağıstan «Şimali Qafqas» hökumətlərindən ədd olunuyorlarsa da türk irqinin ötədən bəri yayılış sahəsini təşkil edən Xəzər sahillərindəki Şərqi Qafqasiya qitəsi bu iki məmləkəti yekdigərinə sıxı surətdə bağlamaqdadır. Bu mərbutiyyət həm irqi, həm də iqtisadidir. Gilan sahillərindən tutaraq, türkcə Dəmir Qapı namıyla məruf Dərbənd keçidindən keçərək, Sulak nəhri hövzəsində vaqe Xassayurddan ta Astraxana qədər dayanan bu ərazinin əsas səkənəsini təşkil edən qövmlər böyük türk irqinə mənsubdurlar. Bundan maəda Azərbaycan ilə Dağıstan iqtisadən də də yekdigərlərinə mərbutdurlar. Bilxassə bunu və bunun qədər mühüm olan idari mülahizələri nəzərə alaraq, çar zamanında belə, Dağıstan vilayəti Şimali Qafqasiyadan ayrılaraq mümtaz bir vilayət şəklində olsa da, idarətən Mavərayi-Qafqas «Visruvalığı»na rəbt edilmişdi.

 

2) Türk ünsürünün qafqasiyada yerləşməsi

 

Qafqasiya türklərindən və bunların tarixi müqəddəratlarından bəhs edərkən onu Azərbaycan türklərindən ayrı olaraq tələqqi və hələ tədqiq etmək, fərzən, bəhsi Aras nəhrinin ancaq şimalına həsr eləmək imkanı qətiyyən yoxdur. Orta zaman tarixlərində Şirvan və Arran namları ilə məruf olan Şərqi Qafqasiya ilə bugünkü Azərbaycan Cümhuriyyətini təşkil edən məmləkətlərlə şimalda Dağıstan, cənubda Azərbaycan (İran Azərbaycanı) məmləkətlərinin tarixi müqəddəratları müştərək olmuşdur. Şimali Qafqasiyanın türk qövmləri tərəfindən iskanı mövzui-bəhs olunca bu bəhsin eyni zamanda Azərbaycana da şamil olacağı təbiidir. Bunun üçün də biz işbu məqaləmizdə, «Şərqi Qafqasiya və Azərbaycan»  tərkibini qullanmaq zərurətini hiss ediyoruz.

Türklərin hal-hazırda oturduqları Qafqasiya torpaqlarının ən qədim zamanlardan bəri sakinləri kimlərdir? Buranın qədim yerliləri türk irqinəmi, yoxsa başqa bir irqəmi mənsubdu? Bu suala qətiyyətlə cavab verə bilmək üçün məruf «Turan nəzəriyyəsi» tərəfindən ortaya qoyulan məsələlərin fənnən həllini bəkləməlidir. Şumerlərin, akadların, əski midiyalılarla hititlərin türk irqinə mənsubiyyətlərini iddia edənlərcə bu sualın cavabı müsbətdir. Nəzəriyyəyi şübhəli bulanlar isə bura yerlilərini akademik Marr tərəfindən irəli sürülən yafəsilərə intisab etdirirlər. Bu məktəbə görə şərqi-qərib ilə bilxassə Qafqasiyada qədim zamanda yafəsi denən müstəqil bir irqə mənsub qövmlər yaşıyormuş. Bu məsələnin həlli üçün Heredot ilə Strabonun sak, iskit, kimmeri və massacta namı ilə qeyd etdikləri qövmlərin mahiyyətləri də bilinmək lazım.

Fəqət biz, fənnən daha qaranlıq bulunan bu məsələyi dövri-qədim mütəxəssislərinə tərk edəlim də, elm və fənnin işığı ilə görüləcək şübhəsiz və müsbət vaqiələri seyr və müşahidə edəlim. Bu müşahidə bizə müxtəlif zamanlarda Qafqasiyaya doğru axan türk yayılışını bütün böyüklük və ehtişamı ilə göstərir və bunu yalnız kitablar və kitabələr deyil, türklərin bu gün yaşadıqları yerlərdə dağların başına çəkilən qeyri-türk qafqasiyalıların lisani-halları dəxi bizə anlatmaqdadır.

Miladi V əsr ortalarında müxtəlif türk qövmlərinin şimal steplərindən Qafqasiyaya keçərək İran üzərinə saldırdıqları məlumdur. Dərbənd ilə Daryal keçidlərində sasanilər tərəfindən vücuda gətirilmiş bulunan sədlər və bunlar ətrafında iskan olunan iranlı mühafizlər işbu axınları durdurmaq üçün təşəbbüs edilmiş çarələrdi. Cənubi Rusiya steplərində, «Don» ilə «Terek» nəhrləri hövzələrində yaşayan türk köçəbələri bəzən də yerli xalqın dəvəti üzərinə Cənubi Qafqasiyaya gəliyor, İran əleyhində zühur edən üsyanları təqviyə ediyorlardı. Şu dövrdə gələn türk qövmlərinin bir qismi də Ağ Hun və yaxud Halandürüklər, digər qismini də Attila komandasında gələn «Ağaçərilər» təşkil eləmişlərdir.

Daha qüvvətli türk axını VII əsrin ibtidalarında vüqu bulmuşdur. Bizans imperatoru II Herakliusun müttəfiqləri sifətilə Qafqasiyaya girən Xəzər türkləri Tiflisi mühasirə və zəbt eləmişlərdi. II Xosrovun düçar olduğu həzimət, Sasani imperatorluğundakı hərcü-mərc, III Yezdəgerd əsrində İran sülaləsinin inqirazı və bütün amillər, şübhəsiz, bir çox zaman Xəzər türklərinin Mavərayi-Qafqasiyaya sühulətlə enmələrinə və burada birləşmələrinə imkan vermişdir.

Ərəb istilası şimaldan gələn türk axınını durdurmuşdur. Sasanilər kibi Dərbənd istehkamlarına fövqəladə əhəmiyyət verən ərəb fatehlərinin bu məsələdəki fəaliyyətləri bütün ənənatı  ilə «Dərbəndnamə»də  zikr edilmişdir.

Fəqət məmləkətdə fars ünsürünün çoxalmasına səbəbiyət verən və eyni zamanda Xəzər axınına sədd çəkən ərəblər, cənubdan gələn türk yayılışına pək də mane olamadılar. Bağdad xəlifələri Türküstanda cəlb etdikləri əcir əsgərlərə dayanmaq zərurətinə düşmüşlərdi. Bu könüllü türk cəngavərləri sayəsində idi ki, IX əsri-miladi ibtidalarında, Bağdad xilafəti üsyan halında bulunan Qafqasiya vilayətlərini hakimiyyəti altında tuta biliyordu. Əmir Buğanın Gəncə həvalisindəki Şəmkir şəhərini ehya edərək buraya  islamiyəti qəbul etmiş Xəzər mühacirlərini yerləşdirdiyi məlumdur.

Şərqi Qafqasiya ilə Azərbaycanın gözəl ovaları ilə mükəmməl yaylaları türk köçəbələrinin daima sevdikləri ərazini təşkil eləmiş, şimaldan gələn ellər burasını mənimsədikləri kibi, cənubdan gələnlər də burada yerləşmiş və yurd salmışlardır. XI əsrdə Azərbaycan və Qafqasiyaya girən Səlcuq türkləri buralarda ciddi bir müqavimətə uğramıyorlardı. Səlcuqilərin buralarda sühulətlə yerləşə bilmələri ancaq kəndilərindən əvvəl gəlib də buralarda yerləşmiş bulunan türk ellərinin mövcudiyəti ilə izah edilə bilir. Səlcuq imperatorluğunun əsasını təşkil edən türk köçəbələri əksəriyyətlə Türkmən-Oğuz əşirətlərindən ibarət idi. Bu aşirətlər kəndilərindən əvvəl gəlib də burada yerləşmiş bulunan digər türkmənlərlə birləşərək, qismən Şərqi Qafqasiya ilə Azərbaycanda qalmışlar və əksəriyyətlə buradan keçərək Anadoluda yerləşmişlərdir.

Bu ana qədər Azərbaycan ilə Qafqasiya məmləkətlərində yerləşən türk qövmləri arasında şimaldan gələn Qıpçaq elləri əksəriyyət təşkil ediyordu. Şöylə ki, Səlcuq imperatorluğunun parçalanması üzərinə 1146 sənəsində Azərbaycanda istiqlalını elan edən Atabəy sülaləsi bir Qıpçaq sülaləsi idi. Digər namla Pəhləvanilər sülaləsi deyə məruf olan bu sülalənin hökmran olduğu 81 sənə əsnasında Azərbaycan ilə Şərqi Qafqasiyaya yenidən bir çox türk qəbilələri cəlb və iskan edilmişlərdir.

XIII əsr ibtidalarında Pəhləvani sülaləsinin hakimiyyətinə xatimə verən Xarəzmşahilər zamanında da Azərbaycan ilə Qafqasiya məmləkətlərinə yeni türk qövmləri yerləşdirilmişdir. Xarəzmilər zamanında Aras nəhrindən çəkilən dörd böyük kanalla suvarılan Muğan səhrasında təsis olunan məmurələr münhəsirən türk zarelərlə iskan edilmiş bulunuyordu.

XIII və XIV əsr türk-moğol istilasının əsridir. Cingizin kəndisi, komandanlarının əksərisi və nəşət etdiyi qövm moğol olmaqla bərabər, moğol ordularının qismi-küllisini həmən türk elləri təşkil ediyordu. Budəfəki türk axını həm şimaldan, həm də cənubdan gəliyordu. Bu iki axın bir dəfə «Terek», sonra da Kür nəhri hövzələrində Hülakü ilə Bərəkə xan qüvvətlərinin müdhiş müsadimələri şəklində qarşılaşıyordu. Moğol istilasını mütəaqib Azərbaycanda təəssüs edən Elxanilər hökuməti əsnasında, Cəlairi sülaləsi zamanında və sonra türkmən sülalələrindən Ağqoyunlularla Qaraqoyunlular dövründə Azərbaycan ilə Qafqasiya məmləkətlərinə külliyyətli surətdə türk qövmləri gəlmiş, bu gələnlər miyanında türkmən-oğuz əşirətləri bilxassə əksəriyyət təşkil eləmişlərdir. Böyük Timur bu həvaliyə üç dəfə səfər eləmiş, bu səfərlər də Qafqasiya məmləkətləri ilə Azərbaycanda türk ünsürünün qüvvətlənməsini mucib olmuşdur. Moğol istilası müvərrixlər tərəfindən şərqdə etnoqrafik pək böyük bir inqilab dövrü kibi tələqqi edilməkdədir. Azərbaycan ilə Şərqi Qafqasiya bu dövrdə kamilən türkləşmiş və qəribi bu ki, bugünkü şiə İranın müəssisi ədd olunan Səfəvi sülaləsi Azərbaycan türk şeyxləri miyanından çıxdığı kibi, bu sülalə zamanında Azərbaycan ilə Şərqi Qafqasiya daha ziyadə türkləşmişdir. Səfəvi şahları İran ilə Anadolunun müxtəlif nöqtələrinə atılmış türk əşirətlərini mərkəzi-hökumətləri bulunan Azərbaycan ilə Arran səmtlərinə cəlb ilə birləşdiriyorlardı ki, Ərdəbil həvalisi ilə Muğanda məskun Şahsevən qəbilələri bu surətlə vücuda gəlmişlərdir.

(ardı var)