Müqavilə mütləq icra olunmalıdırmı?
(tanınmış hüquqşünaslarımız belə hüququn əlifbasını bilmir!)
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Vərəsəlik hüququ alt-üst oldu
Ölkədə hüquq elminin olmaması qanunvericiliyin bərbad səviyyədə olmasının əsas səbəbidir!
-
Avtomobil alanlara dəyərli məsləhətlər
Alqı-satqı müqaviləsi, yoxsa etibarnamə?
-
5 sənəd, 2 təltif
Prezidentlər bir-birlərinə «Azadlıq ordeni» və «Heydər Əliyev ordeni» təqdim edib
-
«Harada haqq, harada hüquq»
«Haqq» və «hüquq» terminlərinin bəzi çalar fərqləri
Hüququn qədim prinsipi var: «Pacta sunt servanda», yəni «Öhdəliklər vicdanla yerinə yetirilməlidir». Loru dildə desək, söz verdinsə, müqavilə bağladınsa, əməl et! İlk baxışdan sadə məsələdir. Amma hüquqda elə də sadə deyil. Hüquq elminə və qanunvericiliyə görə yalnız etibarlı əqd, müqavilə icra olunmalıdır. Bunu çoxları bilmir. O cümlədən hüquqşünaslar da!
Dünən şahidi oldum ki, ölkədə tanınmış hüquqşünas hesab edilən, hüquqdan başqa nədən desən danışan keçmiş vəkillərdən biri insanlara təlqin etməyə çalışır ki, bağlanan hər hansı müqavilə icra olunmalıdır. Faciəmiz də budur ki, cəmiyyətimiz hüququn əsaslarını belə bilməyən, amma bütün günü insan haqlarından barbar bağıran hüquqşünasların əlində qalıb.
Məsələn, vətəndaş bankla, sığorta şirkəti ilə, mağaza ilə və s. müqavilə bağlayır. Təbii, müqaviləni ona hazır vəziyyətdə imzalamağa təqdim edirlər. Dünyanın heç bir ölkəsində belə müqavilələr müştəri tərəfindən oxunmur, amma imzalanır (hamı onları oxumağa başlasa, ticarət ləng gedər). Çünki bu halda müqavilə standart şərtlər əsasında bağlanmış hesab olunur. Bizim Mülki Məcəllənin 417-420-ci maddələrində də bu məsələ təsbit edilib (onları hər kəsə oxumağı tövsiyə edirəm). Həmin maddələrə görə bu halda müştəriyə vicdansızcasına və onun əleyhinə olan müddəalara imza etdiriblərsə, həmin müddəalar etibarsızdır və icra olunmalı deyil.
Buna görə də «Müqaviləni imzalamısan, icra et!» deyənləri yerində otuzdurun! Təbii, əgər imzaladığınız müqavilədə vicdansız müddəalar varsa. Sizə bu sözü deyənin kimliyinə də baxmayın. Lap tanınmış hüquqşünas olsa belə. Çünki həmin tanınmışlar hətta daim dəstək verdikləri Konstitusiya Məhkəməsinin qərarları ilə belə də tanış deyillər. Belə ki, həmin Məhkəmənin 2 qərarında qeyd olunur: «müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı sübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır».
Odur ki, haqlarınızı bilin və tələb edin! Bu halda vəkilsiz də məhkəmədə özünüzü müdafiə edə biləcəksiz!