vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
QƏZA, FACİƏ  
09:03 | 14 fevral 2014 | Cümə Məqaləyə 2247 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nəhs günün fəlakəti

Fevralın 13-də paytaxtda yarımtikili və YDM-dəki partlayışda 2 nəfər öldü; Biləsuvarda yanacaq daşıyan maşın, Şəkidəsə transformator göyə sovruldu - yenə ölən və yaralananlar var...

F.ABDIYEVA, E.MƏMMƏDƏLİYEV, M.TÜRKMƏN

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 13-də səhər 10 radələrində metronun «Azadlıq prospekti stansiyası yaxınlığında - Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə güclü partlayış baş verib. Hadisə şahidlərinin sözlərinə görə, partlayış o qədər güclü olub ki, hətta 200 metrə yaxın ərazilərdə də bu hiss edilib. Partlayış baş verən ərazidəki 3 binaya və xeyli sayda maşına ciddi ziyan dəyib.

Rəsmi məlumata görə, partlayış ümumi sahəsi 600 kv.m olan yarımçıq tikilinin zirzəmi hissəsində baş verib. Partlayışın təsirindən tikilinin dəmir-beton konstruksiyalı sütunları dağılıb, beton tavan çöküb və bəzi yerlərdə açıq alov mənbəyi müşahidə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Qeyd edək ki, hadisədən saat yarım sonra FHN-in generalı Cahangir Qulamov da əraziyə gəlib.

Partlayış zamanı 4 nəfərin xəsarət aldığı bildirilsə də, hadisə şahidləri daha çox insanın yaralandığını söylədi. 

Bizimlə söhbət edən sakinlərdən biri dedi ki, özü 3-4 nəfərə təcili yardım maşını çağırıb. Hadisənin necə baş verdiyini görən şahidlər isə bildiriblər ki, partlayış zamanı ən azı 10 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Partlayış baş verən zaman xəsarət alanlar yaxınlıqdakı «İstanbul» klinikasına yerləşdiriliblər. Yaralıların vəziyyəti ilə bağlı məlumat verən klinikanın baş həkimi Ərşad Bağırov bildirdi ki, buraya xəsarət alan 2 qadın gətirilib:

«Onlardan biri 13 saylı marşrutda dizindən xəsarət almış 1961-ci il təvəllüdlü Səadət Ağayeva, digəri kəllə-beyin travması alan Afiyət İbadovadır. Vəziyyəti ağır olduğu üçün övladları Afiyət İbadovanı Musa Nağıyev adına Kliniki Tibbi Mərkəzə aparıb».

Dizindən yaralanan S.Ağayeva «Yeni Müsavat»a hadisə haqqında bunları dedi: «Ay bala, elə bil göydən daş yağdı. Avtobusun içinə daş töküldü. Biri də mənim ayağıma dəydi. Qismətdən hələ avtobusda çox adam yox idi». 

Xəbərlərdə o da deyilir ki, hadisə zamanı xəsarət alan 24 yaşlı Tərlan Kazımov isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Sağ budunun yumşaq toxumasının əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən Kazımov rentgen olunaraq evə göndərilib.

Hadisənin şahidlərindən olan Tanrıverdi Xəlilov partlayış baş verən zaman evdə olduğunu söylədi: «O qədər güclü silkələnmə oldu ki, elə bildik, zəlzələdir. Hamı, arvad-uşaq həyətə töküldü. Bizim binanın bütün pəncərələri sınıb».

Yaxınlıqdakı binanın sakini Teymur Quliyev də hadisəni belə xatırladı: «Hər gün səhər saat 10-da mən iynə vurdururam. Elə bu gün də iynə vurulub, qurtaran kimi bina möhkəm silkələndi. Ev sakinləri hamımız həyətə qaçdıq».

Yaxınlıqda yaşayan Təbriz Uluxanlının sözlərinə görə, keçən ildən bəri yarımçıq tikili tərəfdən daim qaz iyi gəlirmiş. Hətta keçən il bununla bağlı xüsusi qrup da gəlib ki, səbəbi müəyyən etsin. Lakin nəticə hasil olmayıb. 

Onu da bildirək ki, partlayışdan sonra yaxınlıqdakı üç binada mavi qazın verilişi dayandırılıb. 

«Partlayış baş verən ərazidə Fövqəladə Hallar Nazirliyi araşdırma aparır. İndi mən heç bir fikir söyləyə bilmərəm. Araşdırmalar başa çatdıqdan sonra onlar öz rəylərini bildirəcəklər. Mütəxəssislər tam araşdırıb rəsmi bildirəcəklər ki, səbəb nədir. Partlayışın qaz xəttində yaranan problemdən qaynaqlandığı ilkin rəydir, rəsmi deyil».

Bunu modern.az-a açıqlamasında «Azəriqaz» ASC mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib. Məlumatlara görə, bu yarımçıq tikili Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, indi isə Samux rayonuna rəhbərlik edən Alı Qocayevə məxsusdur. Xəbərlərdə o da deyilir ki, bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qərarı ilə obyektin tikintisinin tamamlanması dayandırılıb. 

Dünən Bakıda daha bir güclü partlayış olub. Paytaxtın Xətai rayonu ərazisində, Neyrocərrahiyyə Xəstəxanasının qarşısında, Ramiz Quliyev küçəsi 6 ünvanında yerləşən «LUKoyl» şirkətinə məxsus eyni adlı yanacaqdoldurma məntəqəsində də güclü partlayış baş verib. Hadisə fevralın 13-də saat 16-17 arası qeydə alınıb. 

* * *

Əməkdaşımız hadisə yerində olarkən orada Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları vardı. Məntəqənin 20 metrliyində, yolun əks tərəfində böyük bir dəmir parçası gözə dəyirdi. Ərazidə olanlar həmin dəmir parçasının partlayış zamanı yanacaqdoldurma məntəqəsindəki maşının damına dəyərək göyə qalxdığını və sonradan həmin yerə düşdüyünü dedilər. Həmin dəmir parçasının benzin nasosu olduğunu deyənlər də vardı.  

«Bu binada yaşayıram. Gurultu səsi gəldi, elə bildik ki, zəlzələ oldu. Binada kim vardısa çölə qaçdı. Sonradan dedilər ki, «zapravka»nı partladıblar» -  bunu hadisə yerində olan və yaxınlıqdakı binalardan birində yaşayan sakin söylədi. 

Hadisə yerində bir naməlum şəxsin meyiti vardı. Polis əməkdaşları müstəntiqi gözlədiklərini, bütün sualları ona verməyimizi tövsiyə etdilər. Yanacaqdoldurma məntəqəsinin operatorları bunları dedilər: «YDM-in ərazisində ustalar qaynaq işləri aparırdılar. Həmin adamlar bizim işçilər deyil. Məntəqə 1 aydan çoxdur ki, təmirə dayanıb. Ustalar məntəqənin arxa tərəfində su borularını qaynaq edirdi. Birdən partladı. Onlar benzin çənlərində işləmirdilər. Bilmirik nədən belə partlayış oldu».    

Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşovun «Yeni Müsavat»a verdiyi məlumata görə, hadisədən sonra xəstəxanaya 2 şəxs daxil olub. Hadisə  zamanı xəsarət almış Həşim Turabov ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Partlayış zamanı Həsrət İmamverdiyev həlak olub. Olay zamanı ölən Şamxal Orucovun meyiti isə xəstəxanaya daxil olmayıb.  

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov dünən günün sonunda «Yeni Müsavat»a deyib ki, «LİKoyl» yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində cinayət işi başlanıb: «İki nəfərin ölməsi, 1 nəfərin yaralanması ilə nəticələnən həmin faktla bağlı Cinayət Məcəlləsinin 162.2(əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır».

E.Sultanov «Azadlıq prospekti» metrostansiyası yaxınlığındakı kafedə baş verən partlayışla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlandığını da söylədi. Bildirdi ki, iş üzrə istintaq aparılır. 

Yanacaqdoldurma məntəqəsindəki partlayışla bağlı «LUKoyl» şirkəti də xüsusi komissiya yaradıb. Həmin komissiya partlayışın səbəbini araşdıracaq. 

13 fevral tarixində saat 17-18 radələrində daha bir partlayış Biləsuvar rayonu ərzasində olub. Partlayış rayonun Heydər Əliyev prospektində hərəkətdə olan «KAMaz»da olub. 

Naxçıvan sakini Cəfərov Şahin Həsən oğluna məxsus yanacaq daşıyan qoşqulu «KAMaz» markalı maşın naməlum səbəbdən partlayıb. Partlayışın təsirindən maşının 10 metr havaya qalxaraq parçalandığı deyilir.   

Hadisə nəticəsində «KamAZ»ın sürücü həlak olub, bir nəfər isə ağır yaralanıb 

Musavat.com-un aldığı son məlumata görə, Şəkidə də transformator partlayıb. Transformatorun hansı səbəbdən partlaması da bəlli deyil. 

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl «Yeni Müsavat»a baş verən partlayışlarla bağlı bunları deyib: «Təbii ki, ard-arda partlayışlar haqda məlumatlar hər kəsi əndişələnirir. 1 partlayış olanda hansısa səhlənkarlıqdan baş verməsini söyləmək olur. Təbii ki, partlayışların sayı 4-ə çatanda insanlarda bir şübhə yaranır. Amma nəzərə alın ki, belə hadisələr başqa günlər baş verir, amma ictimaiyyətin diqqətini cəlb etmir. Bu gün, günün sonuna 1-2 saat qalmış adi bir qığılcım olsa, o da cəmiyyətin diqqətini çəkəcək. Yəni bir-birinin ardınca baş verən partlayışlardan sonra cəmiyyətdə həssaslıq yaranıb. 1-ci partlayışdan sonra mənə jurnalistlərdən zəng edən olmamışdı. 2-ci partlayış olanda mənə bir neçə jurnalist zəng etdi. Mən ilkin olaraq bu hadisələrin nə terror, nə də təzyiq vasitəsi olmasını şərtləndirən bir şey görmədim. Adətən terror təzyiq vasitəsi kimi istifadə olunur və miqyası da bir qədər böyük olur. 3-cü və 4-cü partlayışlara isə cəmiyyətin həssaslığı daha da artdı. Cəmiyyət ətrafımızda və dünyada baş verən hadisələrdən əndişələnib və ard-arda olan hadisələri bir-biri ilə əlaqələndirməyə çalışır. Bu proseslərdə terror elementləri yoxdur. Çünki terror etmək istəyən üçün hədəf hakimiyyət, dövlətdir. Dövlət isə qaz sızması və ya qaynaq işləri zamanı baş verən partlayış təzyiq kimi qəbul etmir. Hətta bundan sonra daha bir partlayış olsa bunu təzyiq kimi qiymətləndirə bilməyəcəyəm. Əgər partlayışlar hansısa siyasi partiyanın kiçik bir obyektində olsaydı, bu 4 partlayışa bərabər hesab edilə bilərdi».