Neft qiymətinin qənimi
ABŞ Ruisya və Ərəbistanı qabaqlayıb
İqtisadi və analitik informasiyalar üzrə dünyanın ən böyük agentliklərindən olan “Bloomberg” bu yaxınlarda maraqlı araşdırma aparıb.
Araşdırmaya görə texnoloji tərəqqi və infrastrukturun inkişafı nəticəsində amerikalı şist neft hasilatçıları qiymətin 30 dollara düşəcəyi təqdirdə də gəlirlə işləməyə davam edəcək. (Hazırda Texas nefti 53-54 dollardır.) Yaxın 2 ildə Texasın neftlə zəngin Permian hövzəsindən (son 10 il ərzində burada 114 min quyu qazılıb) Meksika körfəzindəki neft emalı müəssisələrinə və tankerlərə uzanan 7 yeni boru kəməri istifadəyə veriləcək və nəticədə hasilat daha da artacaq.
OPEC və Rusiya təbii ki, hasilatı yenidən azaltmaqla qiymətin düşməsinin qarşısını ala bilər. (Dekabrın 6-da bu məsələ müzakirə olunacaq.) Amma problem budur ki, hasilatı azaldıb qiyməti qaldırmaq Amerika neft sənayesinə yatırım qoymağa bərabər addımdır. Bu halda hasilatı azaldanlar üçün bazar payını itirmək təhlükəsi var. Amerikalılar hasilatı "OPEC+" ölkələrinin azaltdığı həcmdə artırıb neft bazarındakı təklif azlığını kompensasiya etmək imkanına malikdir. Yüksək qiymətlər isə şist sənayesinə əlavə kapital qoyuluşları üçün şərait yaradır. Yəni OPEC və Rusiya çətin seçim qarşısında qalıb. Hansı addımı atsalar, qazanan ABŞ neftçiləri olur.
Digər tərəfdən, siyasi amillərin də neft bazarına ciddi təsiri var. Səudiyyə Ərəbistanı kral sarayı ilə Trampın özəl münasibətləri Ər Riyadı neftlə bağlı qərarların qəbulunda müəyyən qədər tormozlayır. Əlbəttə, qiymətin davamlı geriləməsi iqtisadiyyatı neftə bağlı olan Səudiyyə monarxiyası üçün həyəcan siqnalıdır və onlar qiyməti stabilləşdirməyə çalışacaqlar, amma Trampa dəstək vermək üçün ABŞ-dakı prezident seçkilərinə qədər qiymətin ciddi yüksəlişində də maraqlı olmayacaqlar. Çünki demokratların hakimiyyətə qayıdışını arzuolunmaz sayırlar. Zatən ABŞ şist sənayesinin dinamik inkişafı da kəskin qiymət artımını mümkünsüz edir. Hazırda ABŞ neft hasilatına görə dünyada birincidir və bu sahədə rəqibləri (Rusiya, Səudiyyə Ərəbistanı) ilə fərqi ildən-ilə açacaq.